Məhkəmə qərarları › İş №2(103)-6964/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6964/2023

11.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6964/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2500/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin bank hesabına köçürülməsi tələbinə dair iddia ərizəsi, iddia ərizəsinin dəqiqləşdirilməsinə ərizə təqdim edərək, yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 adına bankda hesab açılaraq ondan tutulan alimentin 50 faiz məbləğinin həmin həsaba köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2500/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia tələbinin qismən təmin edilərək İddiaçı 04 fevral 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment məbləğinin 40 (qırx) faizinin X1 xeyrinə, onun adına açılmış bank hesabına köçürülməsi; iddianın qalan hissədə rədd edilməsi; ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iddia ərizəsini icraata qəbul edib iddia icraatı qaydasında baxması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, iddiaçı özünün yaxud yetkinlik yaşına çatmayan övladının qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olsa da, birinci instansiya məhkəməsi tərəfindən ona bu hüququndan hansı formada istifadə etmək qaydası izah olunmamış, əksinə işə düzgün olmayan qaydada , yəni iddia icraatı qaydasında baxaraq qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, icra sənədinin icrası zamanı yaranan məsələlərlə bağlı ayrıca məhkəmə qətnaməsinin qəbul edilməsinə ehtiyac olmasada, iddia ərizəsinin məzmununda göstərilən hallar məhkəmə araşdırmasının predmeti ola bilər. Belə ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-266/2023 saylı, 06 yanvar 2023cü il tarixli qətnaməsi ilə 03 oktyabr 2022-ci ildən başlayaraq İddiaçı 04 fevral 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilib və həmin qətnamə hal-hazırda icra icraatı qaydasında icra olunur. Hazırki iş üzrə iddiaçı da Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 266/2023 saylı, 06 yanvar 2023-cü il tarixli qətnaməsi ilə ondan alınan alimentin 50 faiz məbləğinin yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 adına bankda hesab açılaraq həmin hesaba köçürülməsini tələb edir. Lakin hazırki tələbə iddia icraatı yaxud inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasa da, iddiaçının qətnamənin icrası qaydasında, yəni həmin mülki işin davamı olaraq hazırki işin predmeti olan tələbin icrasının təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququ var və onun bu ərizəsinə həmin məhkəmə tərəfindən icra qaydasında baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhz buna görə, yəni artıq məhkəmə qətnaməsinə əsasən aliment ödəyən şəxsin iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət etməsinə zərurət və lüzum yoxdur. Bu qayda, həm alimentə dair icra sənədinin düzgün icra olunmasının əlçatanlılığını və səmərələliyini təmin etmiş olur, həm də prosessual qənaət prinsipinə əməl edilməklə çoxsaylı yeni lüzumsuz iddiaların ortaya çıxmasının qarşısını alır. Demək, yaranmış hazırki mübahisə də icra icraatı çərçivəsində verilmiş ərizə qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməlidir. Çünki, fərqli vaxtlarda verilən aliment tələbi ilə bağlı çıxarılmış qətnamənin icrasının nəticəsi ilə, hazırki iddialar üzrə çıxarılacaq qətnamənin icrasının nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məzmunlu məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2500/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və hazırki tələbə mülki məhkəmədə iddia icraatı qaydasında baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.2, 384.0.5 -ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2500/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli ləğv edilsin və hazırki tələbə mülki məhkəmədə iddia icraatı qaydasında baxılmalı olmadığına görə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar