Məhkəmə qərarları › İş №2(103)-6971/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6971/2022

12.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6971/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ödənilməmiş əmək haqqı və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(010)-4142/2021 saylı qərardadından cavabdehin şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi olaraq ümumilikdə 9720 manat pulun, mənəvi zərərə görə 3000 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-4142/2011 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməklə, cavabdehdən ödənilməmiş əmək haqqının və məzuniyyət haqqı qismində 1935,20, gecikdirilmiş əmək haqqı üzrə ödənc 735 manat, ümumilikdə 2670,20 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən qətnamə xx.xx.2022-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə isə iddiaçı apelyasiya şikayətini E&R Express surətli poçt xidmətinə vermiş, xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti müddət ötürülməklə verilməsi səbəbi ilə geri qaytarılmışdır. İddiaçı tərəf xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti və “prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə” ərizə vermiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli qərardadı ilə qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilmiş, iddiaçı tərəfindən apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini yoxlamaq üçün mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin 15 iyul 2022-ci il tarixli qərardadı ilə 09 mart 2022-ci il tarixli və 20 aprel 2022-ci il tarixli qərardadları ləğv edilmiş və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən yenidən apelyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət bərpa olunmuş və həmin apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilərək apellyasiya qaydasında baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan cavabdeh tərəf şikayət verərək, ləğv edilməsini, vəsatətin rədd edilməsini və apelyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassızdır. Göründüyü kimi iddiaçı qətnamənin surətini xx.xx.2022-ci il tarixdə əlbəəl almış, apelyasiya şikayətini isə birinci dəfə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət daxilində xx.xx.2022-ci il tarixdə poçt xidməti vasitəsi ilə vermiş, məhkəmə tərəfindən isə müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Bundan sonra isə elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə müraciət edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının hərəkəti prosessual hüquqlardan sui-istifadəyə yox, barələrində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(010)- 4142/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar