Məhkəmə qərarları › İş №2(103)-6976/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6976/2020

14.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6976/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü qızları Elmira, xx.xx.2011-ci il təvəllüdlü qızları Duyğu və xx.xx.2013-cü il təvəllüdlü oğulları Faiqin saxlanması üçün uşaqların hər birinə görə onlar 18 yaşına çatanadək 160 manat olmaqla, cəmi 480 manat alimentin tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü Elmira Qəhrəmanova, xx.xx.2011-ci il təvəllüdlü Duyğu Qəhrəmanlı və xx.xx.2013-cü il təvəllüdlü Faiq Qəhrəmanlının yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay, hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı ərizəsində qeyd edir ki, guya aralarında razılıq olmuşdur ki, cavabdeh uşaq tələbi irəli sürməsə, o da uşaqlara görə aliment tələb etməyəcək. Həqiqətdə isə, belə razılıq ümumiyyətlə olmamışdır. Əksinə, nikahları məhkəmə qaydasında pozulanda, aralarındakı qarşılıqlı razılığa əsasən o, iddia tələblərininin bir qismindən imtina etməli, əvəzində isə iddiaçı onun uşaqları ilə birgə vaxt keçirməsinə, həmçinin onlarla sərbəst şəkildə mütəmadi görüşməsinə maneə törətməməli və buna icazə verməli idi. Nəticə etibarı ilə, cavabdehin iddia tələblərinin bir qisminə (yəni, uşaqların yanımda saxlanılması və aliment tələbi) məhkəmənin qərardadı ilə xitam verilmişdir. Həmin iş üzrə qətnamə qəbul olunaraq, nikah ləğv olunmuş, həmçinin iddiaçının qarşılıqlı iddia tələblərin bir qismi təmin olunaraq birgə nikahdan olan azyaşlı uşaqların onunla saxlanılması qət edilmişdir. Barışıq sazişinin şərtlərinə uyğun olaraq, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmiş, hətta müvafiq razılıq ərizəsini notariat kontorunda təsdiq etdirirək, azyaşlı övladının iddiaçı ilə xarici ölkələrə səfər etməsinə icazə vermişdir. Lakin qətnamə qəbul olunduqdan sonra sazişin şərtləri iddiaçı tərəfindən qərəzli olaraq pozulmuş, o, azyaşlı uşaqlarından müxtəlif yollarla uzaqlaşdıraraq onlarla nəinki ünsiyyət saxlanılmasına imkan verilməmiş, ümumiyyətlə onları görməyə və telefonla eşitməyə belə qadağa qoyulmuşdur. Bununla əlaqədar iddiaçı aralarında olan razılığın şərtlərini pozduğuna görə, uşaqların ona qaytarılmasına dair iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddiası təmin edilməmiş və hazırda həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi Yasamal Rayon Məhkəməsinin qərardadı ilə həmin tələblər üzrə icraata xitam verildiyini belə nəzərə almamış, qətnamədə nikahın pozulması haqqında məhkəmə işinin əsası təşkil edən Yasamal Rayon Məhkəməsinin qərardadı ümumiyyətlə qeyd edilməmişdir. Belə olan halda, iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbi ümumiyyətlə məhkəmə icraatına qəbul olunmalı deyildi. Çünki, MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanııni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onunın iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2008-ci ildə Elmira Qəhrəmanova, xx.xx.2011-ci ildə Duyğu Qəhrəmanlı və xx.xx.2013-cü ildə Faiq Qəhrəmanlı adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə, ...İddiaçı qarşılıqlı iddia tələbinin “tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün hər uşağa görə sabit pul məbləğində alimentin tutulması” hissəsində icraata xitam verilmiş, Məhkəmənin eyni tarixli qətnaməsi ilə isə, tərəflər arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaqların ataları İddiaçı yanında qalması qət edilmişdir. Qeyd edilənlər iddia ərizəsi, doğum və nikahın pozulması haqqında şəhadətnamələr,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1044/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadının və qətnaməsinin surətləri və işdə olan digər sənədlərlə təsdiqlənir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə, dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarı da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Kollegiya nəzərə alır ki, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 160 manatdır. Birinci instansiya məhkəməsi, iddianı qismən təmin edərkən, gəldiyi qənaəti belə əsaslandımışdır ki, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, habelə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini və uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq belə bir nəticəyə gəlir ki, Cavabdeh birgə nikahdan doğlumuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh, qətnaməni mübahisələndirərək, bildirir ki, iddiaçının birgə nikahlarından doğulmuş uşaqlara görə aliment tələbindən imtina etməsi və bu hissədə icraata xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı vardır. Belə olan halda, MPM-in tələbinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməli, icraata qəbul etdikdə isə iş üzrə icraata xitam verməlidir. Kollegiya, cavabdehin bu dəlilləri ilə razılaşmır, ona görə ki,aliment tələbi ilə bağlı münasibətlər bilavasitə uşaqların mənafeyi ilə bağlı olduğundan və dəyişə bilən xarakterdə olduğundan bu məzmunda tələbə yenidən baxılması mümkündür. Əks yanaşma, uşaqların mənafeyi baxımından qəbul edilməzdir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Kollegiya, cavabdehin uşaqlarının ananın himayəsinə verilməsi ilə bağlı məhkəmə prosesinin olması barədə dəlilinə münasibətdə isə bildirir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, Cavabdeh “övladları xx.xx.2008-ci il təvəllüdlü Elmira Qəhrəmanova, xx.xx.2011-ci il təvəllüdlü Duyğu Qəhrəmanlı və xx.xx.2013-cü il təvəllüdlü Faiq Qəhrəmanlının onun yanında saxlanılması” tələbinə dair iddiası rıdd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, Cavabdeh apellyasiya şikayəti təmin edilmədən, şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəsini almışdır. Odur ki, qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7350/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar