Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6981/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X22 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X10 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü Fatimə, xx.xx.2007-ci il təvəllüdlü Leyla və xx.xx.2010-cu il təvəllüdlü Kamran adlı 3 övladları var. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(011)- 3551/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikahın pozulması, boşanmadan sonra xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X8 onun yanında qalmaları müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(006)-7075/2015 saylı qətnaməsi ilə kiçik oğlu Kamranın qayınatası Kamran Məmmədov və qayınanası Şahzadə Məmmədovanın övladlığına verilməsi qət edilmişdir. Amma faktiki olaraq hər üç övladı həmişə onunla birlikdə yaşamışdır. Cavabdehlə nikahları pozulduqdan sonra, övladlığa götürmənin ləğv edilməsi və uşağın doğum akt qeydində dəyişikliklər edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-4749/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, xx xxx 2010-cu il təvəllüdlü X11 barədə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə tərtib edilmiş 26 nömrəli övladlığa götürmə haqqında akt qeydinin ləğv edilməsi və bunun əsasında verilmiş AZ-İ seriyalı 011918 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəxs barəsində xx xxx 2010-cu il tarixdə 1147 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydində övladlığa götürmə barədə məlumatların ləğv edilməklə, ilkin məlumatların bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsinin Nəsimi rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir. Hazırda qeyd etdiyi kimi hər üç övladı onunla birgə yaşayır. Hesab edir ki, digər iki övladı kimi, X7 da saxlanması üçün cavabdehdən aliment tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 2834/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə cavabdehdən uşaqlarının saxlanması üçün tutulmalı aliment məbləği 490 manat müəyyən edilmişdir ki, bu da onun aylıq gəlirlərinin 50%-dən çoxdur. Cavabdeh polis əməkdaşıdır və hər hansı digər gəliri yoxdur. O, xidməti ilə əlaqədar Siyəzən rayonunda mənzil kirayə götürərək yaşayır və onun yaşayışını təmin etmək üçün yeganə gəliri olan əməkhaqqının 50%-nin onda qalması zəruridir. Buna görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)- 2834/2020 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən tələb edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Yeni qətnamədə Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(011)-3551/2019 saylı qətnaməsi ilə xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində cavabdehdən aliment tutulması nəzərə alınmalı və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh 97 (doxsan yeddi) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X14 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, apelyasiya şikayətinə etiraz ünvanlayaraq apelyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(011)-3551/2019 saylı qətnaməsindən görünür ki, X5 Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2004-cü il təvəllüdlü Fatimə və xx.xx.2007-ci il təvəllüdlü Leyla anaları X5 yanında qalmaları müəyyən edilmiş, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü Fatimənin və xx.xx.2007-ci il təvəllüdlü Leylanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X9 verilməsi, alimentin tutulmasına xx xxxx 2019-cu il tarixdən başlanması, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmiş, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi barədə göstəriş verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-4749/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdehlər X6, X3, Cavabdeh, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ailə, Qadın və X21 Dövlət Komitəsinə qarşı «övladlığa götürmənin ləğv edilməsi və uşağın doğum akt qeydində dəyişikliklər edilməsi» tələbinə dair iddiası təmin edilmiş, xx xxx 2010-cu il təvəllüdlü X11 barədə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib edilmiş 26 nömrəli övladlığa götürmə haqqında akt qeydi ləğv edilmiş və bunun əsasında verilmiş AZ-İ seriyalı 011918 nömrəli övladlığa götürmə haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəxs barəsində xx.xx.2010-cu il tarixdə 1147 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydində övladlığa götürmə barədə məlumatlar ləğv edilməklə, ilkin məlumatlar bərpa edilmiş və doğum haqqında yeni şəhadətnamə verilməsi Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir. Məhkəmə kollegiyası iş materiallarının araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 19-cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 183-5912-1220 nömrəli arayışından görünür ki, polis mayoru Cavabdeh Siyəzən Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir və aylıq əmək haqqı məcburi tutulmalardan sonra 834,09 manat (səkkiz yüz otuz dörd manat doqquz qəpik) təşkil edir. Bundan əlavə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan da müəyyən olunur ki, cavabdehə mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilmir. Qeyd olunanlara əsasən cavabdehin əlavə heç bir yerdə işləmədiyini, əlavə gəlir yerinin olmadığını, ailə və maddi vəziyyətini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, cavabdehdən hər ay uşaqların saxlanılması üçün, ümumilikdə 470 manat pul tutulması onun özünü maddi çətinlik qarşısında qoymuş olacaqdır. Kollegiya hesab edir ki, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə 2020-ci il üçün yaşayış minimumunun ölkə üzrə bir uşaq uşaqlar üçün 170,00 manat həddində müəyyən edilsə də, xeyrinə aliment tutulan uşaqların sayının çox olması ilə aliment ödəyən valideynin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün iki və ya daha çox uşağa görə sabit aliment məbləği tutularkən həmin məbləğ uşaqların sayına müvafiq olaraq ağlabatan həddə müəyyən edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda valideynlərdən məhkəmə tərəfindən hər ay 3 və ya daha çox uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, Cavabdeh X1 üçün hər ay 100 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 2834/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. xx xxx 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6981/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6981/2020
08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver