Məhkəmə qərarları › İş №2(103)-6985/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6985/2023

22.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6985/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Allahverdiyev Tural Vasif oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6985/2023 (Açar sözlər: əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi-vəkli Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1617/2023 saylı 31 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuşdur.

2. Tərəflər arasında ünvan 1 ünvanında yerləşən evdən götürülən əşyalar barədə tərtib edilmiş 13 mart 2022-ci il tarixli akta əsasən iddiaçı gəlin köçdüyü mənzildən iddiaçıya və birgə nikahdan olan uşaqlarına məxsus əşyaları götürmüşdür, “komplekt” təhvil verilməmişdir. Həmin akt təhvil verənlər qismində Allahverdiyev Vasif və Mahmudova Məlahət, təhvil alanlar qismində isə Qəhrəmanova Fikrət və Allahverdiyeva Gülayə tərəfindən imzalanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 4000 manat, ümumi çəkisi 40,09 qram olan brilyant qaşlı komplektin (1 ədəd yarpaq formalı klon, 1 ədəd yarpaq formalı üzük, 1 cüt yarpaq formalı sırğa, 1 ədəd yarpaq formalı bilərzik) cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra cavabdehlə bir müddət normal ər-arvad münasibətində olmuşdur. Lakin sonradan onların münasibətləri pozulmuş, cavabdeh və cavabdehin valideyni iddiaçını evdən qovmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Boşandıqdan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə gəlin köçdüyü mənzildən iddiaçıya və birgə nikahdan olan uşaqlarına məxsus əşyaları götürmüşdür, lakin cavabdeh iddiaçıya toyda hədiyyə edilmiş brilyant qaşlı komplekti verməmiş və onu satdığını bildirmişdir. Sözügedən komplekti iddiaçı cavabdeh və onun valideynləri ilə birilikdə almışdır. Həmin komplekt 1 ədəd yarpaq formalı klon, 1 ədəd yarpaq formalı üzük, 1 cüt yarpaq formalı sırğa, 1 ədəd yarpaq formalı bilərzikdən ibarətdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(004)- 1617/2023 saylı qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddianın təmin edilməsi, dəyəri 2100 (iki min yüz) manat məbləğində olan brilyant qaşlı komplekt - 1 ədəd yarpaq formalı klon, 1 ədəd yarpaq formalı üzük, 1 cüt yarpaq formalı sırğa, 1 ədəd yarpaq formalı bilərzik Cavabdeh alınaraq İddiaçı verilməsi, 105 (yüz beş) manat məbləğində məhkəməxətşünaslıq ekspertizasının dəyəri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, 150 manat məbləğində qiymətləndirmə ekspertizasının dəyəri Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 225.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclas zalında işlə bağlı iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli əşyaların götürülməsinə dair akt təqdim olunmuşdur. Həmin akt onun iştirakı olmadan tərtib edilmişdir. Əşyaların götürülməsində iddiaçı və onun atası, onun atası va bibisi imzalamışdır. Akt tərtib olunmasından onun xəbəri olmamışdır. Bundan başqa iddiaçının tələb etdiyi hədiyyə verilən əşyalar iddiaçının həmişə özündə olmuşdur. İddiaçının atası və xalası məhkəmədə şahid qismində ifadə verərkən qızıl zinət əşyalarının həmişə İddiaçı olmasını etiraf etmişdirlər. Bunu məhkəmə iclaslarının şahidlərin ifadə verilməsi zamanı məhkəmənin audio va video görüntüsündə də görmək mümkündür. Məhkəmə qeyd olunan aktı imzalarını doğruluğunu müəyyən etmək məqsədilə ekspertizaya göndərilən zaman cavabdeh olaraq təkliflərini dinləməmişdir. Məhkəmə baxışı mərhələsində isə onun atası Allahverdiyev Vasifin və onun Bibisinin məhkəmədə ifadə verməsi ilə bağlı vəsatərləri heç bir əsas olmadan təmin etməyərək bərabərlik prinsipinin tələblərini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi

12. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

25. Belə ki, iş materiallarında olan Tərəflər arasında ünvan 1 ünvanında yerləşən evdən götürülən əşyalar barədə tərtib edilmiş 13 mart 2022-ci il tarixli aktdan görünür ki, “komplekt” təhvil verilməmişdir. Həmin akt təhvil verənlər qismində Allahverdiyev Vasif və Mahmudova Məlahət, təhvil alanlar qismində isə Qəhrəmanova Fikrət və Allahverdiyeva Gülayə tərəfindən imzalanmışdır.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-cü il tarixli, 4/960 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 13 mart 2022-ci il tarixli aktın 2-ci vərəqəsində “Təhvil verdi” qrafasında “Allahverdiyev Vasif” adı, soyadı qarşısındakı imza - X1 tərəfindən icra olunmuşdur. Həmin aktın 2-ci vərəqəsində “Təhvil verdi” qrafasında “Mahmudova Məlahət” adı, soyadı qarşısındakı imza – X2 tərəfindən icra olunmuşdur.

27. Əmlak Ekspert Mərkəzinin 29 avqust 2023-cü il tarixli, ƏEM/A 136-695/23 saylı rəyindən görünür ki, aparılan hesablamalar və təhlillərə əsasən, qızıl-zinyət əşyalarının komplektin (1 ədəd yarpaq formalı klon, 1 ədəd yarpaq formalı üzük, 1 cüt yarpaq formalı sırğa, 1 ədəd yarpaq formalı bilərzik) bazar dəyəri 2100 manat müəyyən edilmişdir.

28. Məhkəmə kollegiyası, iş materialları ilə cavabdehin iddiaçıya hədiyyə etdiyi briliyant qaşlı komplekt nikah pozulduqdan sonra cavabdeh tərəfindən sonra iddiaçıya verilmədiyi iş materialları ilə təsdiq olunmasınıvə qanunvericiliyin tələbinə əsasən ər və arvada nikah dövründə verilən əmlakın onların hər birinin ayrıca mülkiyyəti olmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi brilyant qaşlı komplektin Cavabdeh alınaraq İddiaçı verilməsi barədə düzgün nəticəyə gəlmişdir.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “qızıl zinət əşyalarının iddiaçıda olması” barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəf bu dəlilini sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

30. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

31. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1617/2023 saylı iş üzrə 31 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar