Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6986/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)- 246/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddiaçıya məxsus fərdi yaşayış evinə dair Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş eskiz layihəsində göstərilən sahə, yəni 194,05 m2 və həmin sahənin üzərinə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 1.2-ci bəndinə uyğun olaraq 15% əlavə sahə gəlməklə, ümumilikdə 223,16 m2 sahədən ibarət təmirli mənzilin iddiaçıya təhvil verilməsi və xx.xx.2020-ci il tarixdən etibarən mənzil təhvil verilənədək ayda 700 manat kirəyə haqqının verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarına müvafiq olaraq Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən cəlb edilmiş cavabdeh şirkət ilə podrat münasibətləri yaranmış və həmin müqaviləyə əsasən cavabdeh Nəsimi rayonu, Azadlıq prospekti, İ.Həmidov küçəsi ev 16-da yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 3 mərtəbəli binanın 1-ci, 2-ci və 3-cü mərtəbəsində 7 otaqlı mənzilin olduğu yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, tikiləcək yeni binana söküntüsü nəzərdə tutulmuş binada «Mülkiyyəçi»nin mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 47,6 m2 olduğu halda, faktiki ümumi sahəsi 177,97 m2 həddində olmaqla, binanın «B» girişi, 13-cü mərtəbəsində 73,47 m2 3 otaqlı orta təmirli mənzili, «A» girişi 11-ci mərtəbəsində E.Tağızadə küçəsinə baxan istiqamətdə 64,55 m2 2 otaqlı orta təmirli mənzili və «A» girişi 12-ci mərtəbəsində İ.Həmidov küçəsinə baxan istiqamətdə 64,55 m2 təmirsiz uyğun mənzilin inşasını təmin edəcəkdir. Cavabdehlə ilk xx.xx.2017-ci il tarixdə bağlanan podrat müqaviləsində podratçı şirkət iddiaçının mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 47,6 m2 olduğu halda, faktiki ümumi sahəsi 177,97 m2 həddində olmaqla, cavabdeh 185 m2 uyğun mənzilin inşasını və orta səviyyədə təmirini təmin edəcək, Sifarişçi isə inşa edilmiş bu mənzili Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilələr ikisi də eyni vaxtda, eyni tarixdə bağlansa da, məzmunca ayrı-ayrı sahələr göstərilir və ziddiyyət yaradır. Həmin müqavilələr üzrə cavabdeh podratçı olaraq öz öhdəliklərini icra etmir və vəd etdiyi kimi müqavilədə nəzərdə tutulan smeta üzrə mənzilləri təmir etmir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-246/2020 saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin olunmuş, Nəsimi Rayon İcra Hakimiyyəti, İddiaçı, Cavabdeh MMC arasında, habelə İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilələrə müvafiq olaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi ərazidə Cavabdeh MMC tərəfindən inşa edilmiş binada 185 m2 uyğun olaraq bu sahəyə 15% əlavə edilməklə, ümumilidə 212,75 m2 sahədən ibarət orta təmirli mənzilin İddiaçı verilməsi, həmçinin 700 manat məbləğində pulun Cavabdeh MMCdən tutularaq İddiaçı verilməsi, iddia digər hissələrdə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, qarşılıqlı razılığa əsasən xx xxxxx 2017-ci il tarixli müqavilələrin bağlanması, ilk müqavilədə iddiaçıya məxsus yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sahəsinin 47,6 m2 olduğu halda faktiki sahənin 177,97 m2 nəzərə alınması və onun da üzərinə əlavə faizlər gəlinməklə (15 faizədək) 185 m2 mənzilin inşası və orta səviyyədə təmirinin göstərilməsi, lakin iddiaçının həmin sahədə ayrı-ayrı mənzillərin verilməsi istəyinə uyğun eyni tarixli digər müqavilənin bağlanması və 3 ədəd mənzilin iddiaçıya 2020-ci ilin yanvar ayında təhvil verilməsi, müqavilənin şərtinə əsasən mənzillərdən ikisinin təmirli olması, cavabdeh tərəfindən öhdəliyin tam icra olunması, iddiaçının müqaviləni imzalayarkən bu şərtlərə razı olması, birinci isntansiya məhkəməsi tərəfindən də müqavilənin etibarlı sayılması, buna baxmayaraq məhkəmə tərəfindən səhv nəticəyə gəlinməsi, 185 m2 faktiki sahəsinin üzərinə 15 faiz əlavə sahə gəlinməsi, halbuki Nəsimi rayon İcra Hakimiyyəti və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə əlavə sahənin 15 faiz deyil, 15 faizədək verilməsinin öz əksini tapması, tərəflər arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli müqavilədə də iddiaçının ümumilikdə (əlavə faizlərlə birlikdə) 185 m2 sahə ilə razılaşması, bununla yanaşı qətnamənin 700 manat kirayə haqqının ödənilməsi hissəsində də əsassız olması, mənzillərin iddiaçıya 2020-ci ilin fevral ayında deyil, yanvar ayında təhvil verilməsi, bu səbəbdən də cavabdehdən bir ay üçün 700 manat pulun tutulmasının əsassız olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, yalnız iki otağı (ümumi sahə 47,6 m2) iddiaçının paylı mülkiyyətində olmuşdur. Digər paylı mülkiyyətçilərdən X6 və X7 iddiaçının övladları oğmaqla onlara ayrıca mənzillər verilmişdir. İddiaçıya isə payına uyğun 3 əddə mənzil verilmişdir ki, onlardan ikisi tam təmir olunmuşdur. Cavabdeh iddiaçı ilə bağladğı müqavilə şərtlərinə riayət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ümumiyyətlə əsassızdır. Məhkəmə demək olar ki, iddiaçının tələbləri ilə razılaşmamış (müqavilənin etibarsızlığı və s.), lakin 185 m2 sahənin üzərinə əlavə 15 faiz gəlməklə cavabdehin üzərinə iddiaçıya 212,75 m2 sahədən ibarət orta təmirli mənzilin verilməsi vəzifəsini qoymuşdur. İlkin olaraq bildirir ki, cavabdehlə Nəsimi rayon İH arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı müqavilənin 3.4-cü bəndində əlavə 15 faiz deyil, 15 faizədək sövləri yazılmışdır və müqavilədə göstərilən 185 m2 sahə əlavə faizlər gəlinməklə yaranan sahədir. Bununla yanaşı, qeyd etdiyi kimi cavabdeh eyni tarixli ikinci müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş və 3 ədəd mənzili iddiaçıya təhvil vermiş, iddiaçı da onları qəbul etmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qeyd etdiyi 212,75 m2 sahənin hansı qaydada verilməli olması aqlaşılmazdır. Həqiqətdə iddiaçının məqsədi üçüncü mənzilin də təmir olunmasıdır, lakin müqavilədə yalnız iki mənzilin təmir olunması razılaşdırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, həqiqətən cavabdeh tərəfindən 3 ədəd mənzil iddiaçıya təhvil verilmişdir ki, onlardan da ikisi təmirli vəziyyətdə olmuşdur. Lakin, hesab edirlər ki, cavabdeh üçüncü mənzili də təmir etməli idi. Bununla yanaşı, evin sahəsi düzgün ölçülməmiş, sahə müqavilədə daha az göstərilmişdir. Həmçinin, mənzillər iddiaçıya 2020-ci ilin fevral ayında təhvil verilmiş, iddiaçı məhz həmin vaxtdan etibarən mənzillərdən istifadə etməyə başlamışdır. Mənzillər hazırda da iddiaçının istifadəsindədir. Bu səbəbdən də hesab edirlər ki, cavabdeh fevral ayınadək iddiaçıya 700 manat kirayə haqqı ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Nəsimi rayon İcra Hakimiyyətinə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təimn olunan hissələrində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv olunmalı, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2012-ci il tarixli, ******* saylı (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, İ.Həmidov küçəsi ev 16-da yerləşən ev – X3 (1 otaqdan, 15,2 m2 sahədən ibarət), X3 (1 otaqdan, 19,5 m2 sahədən ibarət), İddiaçı (2 otaqdan, 47,6 m2 sahədən ibarət) və X5 (1 otaqdan ibarət) paylı mülkiyyətindədir. İşdə olan, tərəflər arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Nəsimi rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlərlə bağlı qəbul etdiyi xx.xx.2016-cı il tarixli, 86 saylı Qərarına müvafiq olaraq cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi ərazidə İzzət Həmidov küçəsi ev 16-da yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 3 mərtəbəli binanın 1-ci, 2-ci və 3-cü mərtəbəsində 7 otaqlı mənzilin olduğu yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, tikiləcək yeni binada iddiaçının söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 47,6 m2 olduğu halda, faktiki ümumi sahəsi 177,97 m2 həddində olmaqla, 185 m2-ə uyğun məzilin inşasını və orta səviyyədə təmirini təmin etməyi öhdəsinə götürmüşdür. İşdə olan tərəflər arasında bağlanmış eyni tarixli digər müqavilədən görünür ki, iddiaçıya məxsus yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sahəsi 47,6 m2 olduğu halda, qarşılıqlı razılıqla faktiki sahə 177,97 m2 nəzərə alınmış və cavabdeh binanın «B» girişi 13-cü mərtəbəsində 73,47 m2 3 otaqlı orta təmirli mənzilin, «A» girişi 11-ci mərtəbəsində E.Tağızadə küçəsinə baxan istiqamətdə 64,55 m2 2 otaqlı orta təmirli mənzilin və «A» girişi 12-ci mərtəbəsində İ.Həmidov küçəsinə baxan istiqamətdə 64,55 m2 təmirsiz mənzilin inşasını təmin etməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçının sifarişi əsasında «X9» MMC tərəfindən 2015-ci il tarixdə tərtib edilmiş Eskiz layihəsi ilə 193,14 m2, habelə sözügedən ünvanın əhatə etdiyi ərazidə yerləşən qəzalı vəziyyətdə olan mənzilin 2017-ci il tarixdə tərtib edilmiş 08 nömrəli inventarlaşma Aktı ilə yaşayış evinin 1-ci, 2-ci və 3-cü (mansard) mərtəbəsində yerləşən mənzillərin plan əsasında ölçülərinin 184,94 m2, rəy əsasında fakt üzrə isə 168,605 m2 olması müəyyən edilir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki hallarına əsasən – Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2016-cı il tarixdə 86 saylı Qərar qəbul etmişdir. Qərarda mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması ilə bağlı məsələlər öz əksini tapmışdır. Qeyd edilən qərarda nəzərdə tutulan tələblərdən irəli gələrək, Nəsimi rayon İcra Hakimiyyəti və cavabdeh arasında xx.xx.2017-ci il tarixdə qəzalı vəziyyətdə olan binanın sökülərək yenidən qurulması barədə 01 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmetini cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi ərazidə (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülərək yenidən tikintisi üçün NK-nin Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İH tərəfindən bunun üçün həmin ünvanda tikiləcək bina (yaşayış və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsinin, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi təşkil edir. Sözügedən qərarın icrası ilə əlaqədar olaraq, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısı yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında xx.xx.2016-cı il tarixli, 244 saylı Sərəncam qəbul etmiş və həmin Sərəncamla Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Daha sonra, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 97 saylı Sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2016-cı il tarixli, xx/xx-1175 saylı məktubu ilə razılaşdırılmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi məhəllədə yerləşən, qəzalı vəziyyətdə olan 1, 2 və 3 mərtəbəli yaşayış və qeyri-yaşayış binalarının sökülərək yerində cavabdeh tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla, sözügedən ünvanın ərazi planlaşdırma sənədləri təsdiq edilmiş, eləcə də, xx.xx.2017-ci il tarixli 198 saylı Sərəncamı ilə cavabdehin müraciəti nəzərə alınaraq, ona qeyd edilən ünvanda qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verimişdir. Adı çəkilən sərəncamlarının icrası ilə əlaqədar olaraq, Nəsimi rayon İcra Hakimiyyəti, iddiaçı və cavabdeh arasında, habelə iddiaçı ilə cavabdeh arasında qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair xx.xx.2017-ci il tarixdə 2 müqavilə bağlanmışdır. Hər iki müqavilənin mövzusu cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi məhəllədə yerləşən qəzalı vəziyyətdə olan iddiaçıya məxsus 7 otaqlı, 3 mərtəbəli yaşayış binasının sökülməsi və yerində yeni yaşayış binasının tikilməsi, təhvil verilməsi, bununla bağlı daşınma və kirəyə xərclərinin və s. məsələlərin həlli ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı müqavilənin etibarsız hesab edilməsi hissədə rədd edərkən göstərmişdir ki, müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Əvvəla, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək qanunvericiliyə uyğun bağlanmış müqavilələrdə mümkündür. İkincisi, müqavilənin etibarsız hesab edilməsi ilə müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi fərqli hüquqi nəticələrlə bağlıdır. Müqavilə etibarsız hesab edildiyi halda, tərəflərin bir-biri qarşısında öhdəlikləri aldıqlarını digər tərəfə qaytarmaq, yaxud etibarsızlıqla bağlı digər öhdəliklərdən ibarət olduğu halda, müqavilə üzrə öhdəliyini yerinə yetirilməsini tələb etmək isə müqavilənin icrası ilə bağlı məsələləri əhatə edir və bu zaman bağlanmış müqavilə qanunauyğun olur. Digər bir tərəfdən, qanunvericilik müqavilənin etibarsız hesab edilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün konkret müddət müəyyən etmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət keçdikdən sonra müqavilənin etibarsızlığı barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə bağlanmış müqaviləni şəxsən imzalamış və müqavilənin şərtlərindən məlumatlı olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış əqdi (müqaviləni) etibarlı saymış, bu səbəbdən də iddianı qeyd edilən hissədə rədd etmiş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli müqavilədən görünür ki, iddiaçıya məxsus evin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sahəsi 47,6 m2 olduğu halda qarşılıqlı razılıqla faktiki sahə 177,97 m2 nəzərə alınmış və onun da üzərinə əlavə faizlər gəlinməklə ümumi sahə 185 m2 olaraq razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış eyni tarixli digər müqavilədən isə görünür ki, iddiaçıya məxsus evin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sahəsi 47,6 m2 olduğu halda, qarşılıqlı razılıqla faktiki sahə 177,97 m2 nəzərə alınmış və cavabdeh binanın «B» girişi 13-cü mərtəbəsində 73,47 m2 3 otaqlı orta təmirli mənzilin, «A» girişi 11ci mərtəbəsində E.Tağızadə küçəsinə baxan istiqamətdə 64,55 m2 2 otaqlı orta təmirli mənzilin və «A» girişi 12-ci mərtəbəsində İ.Həmidov küçəsinə baxan istiqamətdə 64,55 m2 təmirsiz mənzilin inşasını təmin etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, hər iki müqavilə iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi ilə bağlı məsələləri (yaşayış sahəsinin ölçüsü, veriləcək mənzillərin sayı, sahəsi, təmiri və s.) tənzimləmişdir. Eyni zamanda, müqavilələrdə birinin digərini qüvvədən salması ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamış, əksinə müqavilələr bir-birini tamamlamış, daha detallı tənzimləmə müəyyən etmişdir (iddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir). Həmçinin, işdə olan ekspertiza rəyinə (Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 28423 nömrəli rəyi) əsasən – qeyd edilən ünvanların əhatə etdiyi ərazidə cavabdeh tərəfindən inşa edilmiş binanın «B» girişi, 13-cü mərtəbəsində 3 otaqlı mənzilin ümumi sahəsi 70,65 m2 olmaqla təmirli (müqavilədə həmin mənzilin sahəsi 73,47 m2 olmaqla, orta təmirli olması nəzərdə tutulmuşdur), «A» girişi 11-ci mərtəbəsində yerləşən (E.Tağızadə küçəsinə baxan istiqamətdə) 2 otaqlı mənzilin ümumi sahəsi 63,9 m2 olmaqla təmirsiz (müqavilədə həmin mənzilin sahəsi 64,55 m2 olmaqla, orta təmirli olması nəzərdə tutulmuşdur) və «A» girişi 12-ci mərtəbəsində (İ.Həmidov küçəsinə baxan istiqamətdə) yerləşən mənzilin ümumi sahəsi 65,05 m2 olmaqla təmirli (müqavilədə həmin mənzilin sahəsi 64,55 m2 olmaqla, təmirsiz olması nəzərdə tutulmuşdur) olduğu müəyyən edilmişdir. Həmçinin, ekspertiza tərəfindən tədqiq olunan iki mənzilin təmirli, bir mənzilin təmirsiz vəziyyətdə olmaqla, onların vəziyyətinin xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə uyğun olduğu müəyyən edilmişdir. Lakin müqavilədə binanın «A» girişi 11-ci mərtəbəsində yerləşən mənzilin təmirli, 12-ci mərtəbədə yerləşən mənzilin təmirsiz olduğu göstərilsə də, baxış zamanı 11-ci mərtəbədə yerləşən mənzilin təmirsiz, 12-ci mərtəbədə yerləşən mənzilin isə təmirli olduğu müəyyən olunmuşdur. Beləliklə, işin halları və araşdırılmış sübutlarla ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 3 ədəd mənzil (ikisi təmir olunmaqla) iddiaçıya təhvil verilmiş, iddiaçı da həmin mənzilləri qəbul etmişdir. Eyni zamanda, ekspertiza rəyinə əsasən mənzillərin ümumi sahəsi 199,6 m2 təşkil etmişdir k, bu da tərəflərin qarşılıqlı razılığı ilə müqavilədə ümumi müəyyən olunmuş 185 m2 sahəni əhatə edir. Həmçinin, qeyd edilməldir ki, iddiaçının mənzilləri qəbul etməsi və s. hərəktləri həyata keçirməsi (əşyaların daşınması, mənzillər üzərində sahiblik və istifadənin həyata keçirilməsi və s.) özü-özlüyündə analoji müqaviləyə bağlı olmasını ehtiva edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki, Nəsimi rayon İcra Hakimiyyəti və cavabdeh arasında qəzalı vəziyyətdə olan binanın sökülərək yenidən qurulması barədə xx.xx.2017-ci il tarixdə bağlanmış 01 saylı müqavilənin 3.4-cü bəndində binaların tikintisi üçün zəruri ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzillərin sahəsindən onların yaşayış sahəsi həddində və əlavə bu sahənin 15%-dək artıq sahəsi olan, müəyyən edilmiş səviyyədə orta təmirli həmin mərtəbə səviyyəsində mənzil sahəsi ilə təmin etmək cavabdehin öhdəliyi kimi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin məzmunundan da göründüyü kimi, cavabdeh sifarişçi qarşısında iddiaçıya məxsus dövlət reyestrindən çıxarışda göstərilmiş 47,6 m2 olduğu halda, faktiki ümumi sahəsi 177,97 m2 həddində olmaqla, 185 m2-ə uyğun məzilin orta təmirli səviyyədə inşasını öhdəsinə götürmüşdür. Göründüyü kimi, cavabdeh həm xx.xx.2017-ci il tarixli, həm də xx.xx.2017-ci il tarixli müqavilə (iddiaçı, cavabdeh və Nəsimi RİH arasında bağlanmış müqavilə) üzrə iddiaçıya 185 m2-ə uyğun və bu sahəyə 15% əlavə edilməklə orta təmirli məzilin verilməsi barədə sifarişçi və iddiaçı qarşısında öhdəlik götürsə də, öhdəliyini tam yerinə yetirməyərək iddiaçıya yalnız 3 mənzildən ibarət olmaqla, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyinə əsasən, ümumilikdə 199,6 m2, həmçinin, bir mənzili təmirsiz vəziyyətdə vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Nəsimi rayon İcra Hakimiyyəti və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı müqavilənin 3.4-cü bəndini səhv təfsir etmiş, əlavə veriləcək sahənin 15 faizədək olmasının qeyd edilməsinə baxmayaraq, məhkəmə bunu 15 faiz kimi nəzərə almışdır. Yəni, əlavə sahənin 15 faizədək artırılması mümkündür ki, bu hal tərəflərin qarşılıqlı razılığı ilə xx xxxxx 2017-ci il tarixli müqavilədə müəyyən olunmuşdur. Belə olan halda isə, birinci instansiya məhkəməsinin cavabdehin iddiaçıya münasibətdə Nəsimi RİH arasında bağlanmış xx.xx.2017 və xx.xx.2017-ci il tarixli müqavilələrdə əks olunan öhdəlikləri pozması, yəni əlavə 15 faiz sahənin verilməməsi, bu səbəbdən də 185 m2 sahənin üzərinə 15 faiz əlavə sahə gəlməsi və ümumi sahənin 212,75 m2 verilməli olması barədə gəldiyi nəticə anlışılmaz olmaqla, əsaslandırılmamışdır. Qeyd edilməlidir ki, Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalamasıdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını tam və hərtərəfli araşdırmamış, iddianı qeyd edilən hissədə təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə olan halda isə, qətnamə həmin hissədə qanuni və əsaslı sayıla bilməz. Apellyasiya şikayətinin dəlilləri MPM-nin 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin qeyd edilən hissədə ləğvi üçün tam əsasdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, qətnamə «700 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması» hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi həmin hissədə haqlı olaraq qeyd etmişdir ki, Nəsimi rayon İcra Hakimiyyəti, iddiaçı və cavabdeh arasında, habelə iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış hər iki müqavilədə iddiaçının yeni binanın mülkiyyətçilərinə aid hissənin tikintisi başa çatanadək müəvəqqəti yaşayış məqsədi ilə 7 otaqlı mənzil üçün 700 manat kirayə haqqı tələb etmək hüququ nəzərdə tutulmuşdur. Müqavilədə nəzərdə tutulmuş bu müddəalar isə Nəsimi rayon İH-nin xx.xx.2016-cı il tarixli Sərəncamından irəli gəlmişdir. Həmin Sərəncamda yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunverciliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi cavabdehə həvalə edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin kirayə qaldıqları mənzillərdə kirayə haqqının dənilməsi də cavabdehin öhdəliklərinə aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2020-ci ilin yanvar ayından sonra iddiaçıya ödənilən kirayə haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehin nümayəndəsi bunu mənzillərin iddiaçıya təhvil verilməsi ilə izah etmişdir. İddiaçı məhkəmə baxışı zamanı verdiyi izahatında isə bildirmişdir ki, 2020-ci ilin fevral ayından mənzillərin açarlarını almışdır. İddiaçı mənzili 2020-ci ilin fevral ayından təhvil aldığından (məhkəmə baxışı zamanı özünün də bildirdiyinə görə, bir təmirli mənzilə özünə məxsus, digər təmirli mənzilə isə gəlininin əşyalarını yığmışdır), həmçinin yeni tikilmiş binanın mülkiyyətçiyə aid hissəsinin tikintisi başa çatanadək kirayə haqqının verilməsi cavabdehin öhdəliyi olduğundan və həmin mənzillər 2020-ci ilin fevral ayından iddiaçıya təhvil verildiyindən, 2020-ci ilin yanvar ayı üzrə 700 manat kirayə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, cavabdeh qeyd edilən hissədə apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni iddia həmin hissədə rədd olunmalı, qətnamə apellyasiya şikayətinə əsasən yalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)- 246/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-246/2020 saylı qətnaməsi qismən (yəni, «Nəsimi Rayon İcra Hakimiyyəti, İddiaçı, Cavabdeh MMC arasında, habelə İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilələrə müvafiq olaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi ərazidə Cavabdeh MMC tərəfindən inşa edilmiş binada 185 m2 uyğun olaraq bu sahəyə 15% əlavə edilməklə, ümumilidə 212,75 m2 sahədən ibarət orta təmirli mənzilin İddiaçı verilməsi» hissədə) ləğv edilsin, iddia həmin hissədə təmin olunmasın. Qətnamə apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6986/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6986/2020
03.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver