Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-699/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-699/2024 (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3636/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 31 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci il tarixində rəsmi nikah bağlamışlar. Tərəflərin birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X6 anadan olmuşdur. İddiaçı hazırda yetkinlik yaşına çatmayan övladı üçün alimentin təyin edilməsini xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olan xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsinə və aliment ödənişlərinin 26 dekabr 2022-ci ildən etibarən həyata keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 11 noyabr 2018-ci il tarixində birgə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 2604 № ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan iki övladları xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X6 anadan olmuşlar. Uzun müddətdir ki, övladları onunla bir yerdə yaşayır və faktiki olaraq onun himayəsindədirlər. Hazırda uşaqların saxlanılması və hərtərəfli inkişafının təmin edilməsi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələblərinə müvafiq olaraq, göstərilən ailə mübahisəsinin həlli üçün mediasiya sessiyasında iştirak etmiş və ona “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən, “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış verilmişdir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Eyni zamanda bildirmək istəmişdir ki, Cavabdeh 26 dekabr 2022-ci il tarixdən eyni tələblə bağlı mediasiya təklifi göndərilmişdir. Cavabdehin artıq 8 aydır ki, uşaqların saxlanılmasında və ehtiyaclarının qarşılanmasında iştirak etmədiyini məlum edərək, aliment ödənişlərinin başlanması tarixinin mediasiya təklifinin göndərildiyi tarixdən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən etiraf edərək, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində alimentin iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirdi. Lakin, alimentin tutulma müddətinin aliment tələbi ilə məhkəməyə müraciət etdiyi tarixdən müəyyən edilməsini xahiş etdi.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3636/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanaraq (müvəqqəti alimentin tutulmasına dair xx.xx.2023- cü il tarixli qərardad nəzərə alınmaqla) Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 48.33 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 100.2 və 100.3cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.5, 4.6, 124.1, 234.2.1, maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin alimentin 01 avqust 2023-cü il tarixdən, yəni iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən etibarən tutulması ilə bağlı gəldiyi nəticə uşaqların üstün mənafeyi və maraqları baxımından tamamilə qanunsuzdur. Belə ki, işin məhkəmə iclasında tədqiq olunmuş sübutlarla da öz təsdiqini tapan mühüm halı ondan ibarətdir ki, cavabdeh iddiaçının bütün təkliflərinə və gördüyü tədbirlərə baxmayaraq, cidd-cəhdlə uşaqların saxlanılmasında iştirak etməkdən yayınmışdır. Nəticə etibarilə bu dövrdə uşaqların müəyyən maddi ehtiyacları meydana çıxmışdır. İddiaçı isə bu ehtiyacların qarşılanmasının təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə heç bir əsasa istinad etmədən, görülən tədbirləri və uşaqların üstün mənafeyini, maddi və sair ehtiyaclarını nəzərə almadan alimentin tutulduğu tarixlə bağlı ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə mübahisə predmeti ilə bağlı mediasiya təklifinin göndərilməsi AR Mülki-Prosessual Məcəlləsinin 4.5 və 4.6-cı maddələrinə müvafiq olaraq həmin prosedurun məcburiliyindən irəli gəlir. İddiaçının cavabdehi aliment ödənişlərinə cəlb etmək üçün könüllü təklifini özündə ehtiva etmir. Lakin məhkəmə iş üçün əhəmiyyət kəsb edən mühüm xüsusatları nəzərə almamış və düzgün qiymətləndirməmişdir. Belə ki, İddiaçı 26 dekabr 2022-ci il tarixində cavabdehə mediasiya təklifi göndərmiş, bunun ardınca tərəflər arasında mediasiya prosesi tətbiq olunmuşdur. Eyni zamanda, iş üzrə cavabdeh, İddiaçı qarşı nikahın ləğvinə dair iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırmasının gedişində, yəni 05 iyul 2023-cü il tarixində İddiaçı nümayəndəsi aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ailə Məcəlləsinin 22ci maddəsində nikahın pozulması zamanı həll edilməsi tələb olunan məsələlər açıqlanır. Məcəllənin 22.2-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 1) boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığınımüəyyən etməli; 2) uşaqlar üçün alimentin hansı valideyndən və hansımiqdarda tutulduğunu müəyyən etməli; 3) ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 4) ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarınımüəyyən etməlidir. Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi üzrə ailə mübahisəsinə baxan zaman məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim olunmasa idi belə, hər bir halda məhkəmə uşaqların hansı valideynin yanında qalması və aliment tutulması məsələsinə baxmalı olmasına baxmayaraq, İddiaçı nümayəndəsi tərəfindən uşaqların İddiaçı himayəsində saxlanılması, iddiaçı Cavabdeh uşaqların saxlanılması üçün aliment tutulmasına dair tələblə məhkəməyə ərizə verilmişdir. Ərizədən əlavə, İddiaçı nümayəndəsi, məhkəməyə uşaqların İddiaçı himayəsində saxlanılması, iddiaçı Cavabdeh uşaqların saxlanılması üçün aliment tutulmasına dair qarşılıqlı iddia tələbi də irəli sürmüşdür. Lakin həmin iddia tələbi qanunvericiliyin nəzərdə tutulmuş müddət ərzində verilmədiyi üçün məhkəmə tərəfindən qəbul edilməmiş və geri qaytarılmışdır. Qarşılıqlı iddia tələbinin geri qaytarılması ilə bağlı qərardad iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi, 26 dekabr 2022-ci il tarixində cavabdehə aliment tələbi ilə bağlı iddiaçı tərəfindən mediasiya təklifi göndərilmiş, bununla da ondan alimentin tutulması ilə bağlı tədbirlər görülməyə başlamışdır. Eyni zamanda tədbirlər davam etdirilmiş və cavabdehlə iddiaçı arasında nikahın ləğvinə dair məhkəmə mübahisəsi başladığına görə, bu tədbirlər məhkəmə müstəvisində davam etdirilmişdir. İddiaçı nümayəndəsi məhkəmədə bununla bağlı ərizə, hətta qarşılıqlı iddia tələbi də vermişdir. Lakin onun qarşılıqlı iddia tələbi geri qaytarılmışdır. Bundan sonra isə cavabdeh nikahın ləğvinə dair iddia ərizəsini geri götürmüşdür. Bu baxımdan aliment tələbinə də baxılmamışdır. Həmin iddia ərizəsi geri götürüldükdən sonra artıq İddiaçı özü müstəqil aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, 26 dekabr 2022-ci il tarixindən başlayaraq, İddiaçı cavabdehdən aliment tələb edilməsi ilə bağlı tədbirlər görməyə başlamışdır. Əlavə olaraq, birinci instansiya məhkəməsi hazırki işə baxarkən, məhkəmə təcrübəsinin vahidliyinə də əməl etməmişdir. Belə ki, hazırda mövcud olan məhkəmə təcrübəsində alimentin məhz ilkin məcburi mediasiya sessiyası ilə bağlı təklif göndərildiyi andan tutulması halı təşəkkül tapmışdır. Məhkəməyə bu halla bağlı məhkəmə qərarı təqdim etmişlər. Buna baxmayaraq, məhkəmə, məhkəmə təcrübəsinin vahidliyinə əməl etməmişdir. İşin bu halı məhkəmənin gəldiyi nəticənin əsassız və qanunsuz olduğunu aşkara çıxarır. Şikayət olunan qətnamə ilə məhkəmə yalnız şəxsi mülahizəsinə əsasən Ailə Məcəlləsinin 100.3-cü bəndində göstərilən “tədbirlər görülməsi” anlayışını hazırki işə tətbiq etməmiş, heç bir qanuni əsaslandırma olmadan hesab etmişdir ki, cavabdehin uşaqların saxlanılmasında iştirak etməsi məqsədilə göndərilmiş aliment tələbinə dair mediasiya təklifi belə tədbirlərə aid edilməməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixində mediasiya barədə təklif göndərmiş, bundan sonra qarşı tərəf nikahın ləğvi tələbinə dair məhkəməyə müraciət etmiş, sonradan iddia tələbindən imtina etmişdir. Buna görə də ayrıca aliment tələbi ilə məhkəməyə müraciət etmək zərurəti duymamış, məsələnin nikahın pozulması ilə bağlı məhkəmə prosesində həllini tapacağını düşünmüşdür. İddiaçı tərəf alimentlə bağlı tələbini də mediasiya təklifini verən zaman bildirmişdir. Qanunvericiliyin tələblərinə əsasən tərəf aliment istəməsi ilə əlaqədar hər hansı addım atmışdırsa, bu zaman qarşı tərəf 3 il müddətindən artıq olmamaq şərti ilə əvvəlki müddət üçün aliment verməlidir. Məhkəmənin iddiaçının aliment istəyi ilə əlaqədar mediasiya təklifini atılan bir addım kimi görməməsi ilə bağlı gəldiyi nəticə ilə razı deyillər. Aliment uşağa görə alınır, məhkəmə hər bir halda uşağın valideynlər boşanmamışdan əvvəl və sonrakı həyat səviyələrini nəzərə almalıdır. Ata uşağa heç bir maddi kömək göstərməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya baxışı zamanı iştirak edən cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
12. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh nikahın pozulmasına dair mediasiya təklifini xx.xx.2022-ci il tarixdə vermişdir. Qarşı tərəf mediasiya prosesində iştirak etməmişdir və cavabdeh məhkəməyə müraciət etmişdir. Hətta məhkəmə prosessinin gedişində işə sədrlik edən hakim iddiaçıya telefonla zəng etmiş və onun nikahın pozulmasına dair fikrink öyrənmək isdədikdə qarşı tərəf buna razı olmadığını bildirmişdir. Bu vaxta qədər heç bir müraciət edilməmiş, yalnız 25 iyun 2023-cü il tarixində qarşı tərəfin vəkili alimentlə əlaqədar ərizə təqdim etmişdir. Məhkəməyə bank hesablarından çıxarışlar təqdim olunmuşdur, onlardan da göründüyü kimi cavabdeh evin kommunal xərclərini qarşılamış, ev əşyaları ilə bağlı kredit borclarını belə ödəmiş, iddiaçının kartına mütəmadi olaraq müəyyən miqdarda məbləğlər köçürmüşdür. Qarşı tərəf 26 dekabr 2022-ci il tarixində mediasiya barədə təklif göndərsə də, həmin təklif cavabdehə çatdırılmamış, şəxsin belə bir təklifdən xəbəri olmamışdır. Həmin təklifin cavabdehə çatdırılmasının sübutetmə yükü iddiaçının üzərinə düşür. Cavabdeh nikahın pozulması barədə verdiyi iddia ərizəsini ailəsinin dağılmaması üçün xx.xx.2023-cü il tarixdə geri götürmüş və qarşı tərəf də buna etiraz etməmişdir. Lakin sonradan xx.xx.2023cü il tarixində yenidən mediasiya barədə təklif göndərmiş, cavabdeh tərəf də aliment ödəməyə razı olduğunu bildirmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
13. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
14. Maddə 100.3 Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisənin əhatə etdiyi dövrdə qüvvədə olan redaksiyası)
15. Maddə 3.2. Kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
16. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
17. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
18. Maddə 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (mübahisənin əhatə etdiyi dövrdə qüvvədə olan redaksiyası)
19. Maddə 4.6. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki iş üzrə qətnamə yalnız iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, apellyasiya baxışının predmetini həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulma tarixi hissəsində dəyişdirilməlidir.
27. Birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində yanlışlığa yol verərək alimentin tutulma tarixinin başlanğıcının müəyyənləşdirilməsində düzgün qənaətə gəlməmişdir.
28. Kollegiya hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanması üçün cavabdehdən tutulmalı olan aliment xx.xx.2023-cü il tarixdən, yəni iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən öncə keçirilmiş mediasiya sessiyası ilə bağlı tərəflərə bildirişin göndərildiyi tarixdən hesablanmalıdır.
29. Belə ki, iddia tələbindən və apelyasiya şikayətindən görünür ki, iddiaçı tələb etdiyi alimentin 26 dekabr 2022-ci ildən etibarən cavabdehdən tutulmasını xahiş etmişdir. Tələbini həmin hissədə belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə hazırki mübahisəsinin mediasiya çərçivəsində həll edilməsi ilə bağlı ona 26 dekabr 2022-ci il tarixində mediasiya təklifi göndərmişdir. Bununla da cavabdehin artıq həmin vaxtdan uşaqların saxlanılmasında və ehtiyaclarının qarşılanmasında iştirak etmədiyini məlum edərək, aliment ödənişlərinin başlanması tarixinin mediasiya təklifinin göndərildiyi tarixdən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Hazırda qeyd olunan iddiaya hüquqi qiymət verilməsi üçün Ailə Məcəlləsinin 100.2 və 100.3-cü maddələri, o cümlədən “Mediasiya haqqında” Qanunun müvafiq müddəaları nəzərdən keçirilməlidir.
31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda qeyd edilən normalarının tələblərinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Alimentin həmin vaxtdan əvvəlki dövr üçün də verilməsinə o halda yol verilir ki, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görsün, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığı müəyyən olunsun.
32. İş materiallarından görünür ki, iddiaçı ilk dəfə xx.xx.2022-ci il tarixdə uşaqların ana ilə qalmaları, əmlak bölgüsü və aliment tələbi ilə bağlı qanunvericiliyin tələblərinə görə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməsi üçün cavabdehə bununla bağlı təklif göndərmişdir. Lakin iş materiallarında olan poçt qəbzindən görünür ki, həmin təklif xx.xx.2023-cü il tarixində ünvana aparılsa da, “ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bu da o deməkdir ki, cavabdehin iddiaçı tərəfindən alimentin təyin edilməsi ilə bağlı təklifindən cavabdehin məlumatı olmamışdır.
33. “Mediasiya haqqında” Qanunun 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir.
34. Yuxarıda qeyd edilən normanın məzmunundan da göründüyü kimi əgər göndərilən təklifə 10 gün ərzində cavab gəlməzsə, artıq şəxs prosedurun davam etdirilməsi ilə bağlı növbəti addımları atmalı, yəni mediasiya prosesinin keçirilməsi üçün müəyyən etdiyi mediatora və ya mediasiya təşkilatına müraciət etməli idi.
35. Lakin iş materiallarına nəzər yetirdikdə iddiaçının növbəti prosesləri həyata keçirməsi, sessiyanın keçirilməsi üçün müvafiq şəxsə və ya təşkilata müraciət etməsi, yəni dolayısı ilə cavabdehdən alimentin ödənilməsini tələb etməsinə davam etməsi ilə bağlı hər hansı sənəd görünmür. Bu halda artıq proseslərin davam etdiriləcəyi halda cavabdeh tərəfindən alimentin ödənilməsini təmin edilib-edilməyəcəyini bilmək qeyri-mümkündür.
36. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, yuxarıda göstərilən halları cavabdehin “alimenti verməkdən boyun qaçırması” kimi qiymətləndirmək və alimentin tutulması vaxtını məhz təklifin göndərildiyi xx.xx.2022-ci il tarixdən qiymətləndirmək qanuni və əsaslı olmazdı.
37. Kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı tərəflər daha öncə hazırki iş üzrə Cavabdeh hazırki iş üzrə İddiaçı qarşı nikahın pozulması tələbinə dair Binəqədi Rayon Məhkəməsinin icraatında iddia ərizəsinin olduğunu və iddianın baxılmamış saxlanıldığını bildirmiş, həmin prosesin gedişatında alimentin tutulması ilə bağlı hazırki işin həlli üçün mühüm məqamların olduğunu qeyd etmişlər.
38. Buna görə də işin hərtərəfli araşdırılması və bütün zəruri məqamlara aydınlıq gətirilməsi məqsədilə iş materiallarına baxış keçirmək üçün Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş və Cavabdeh İddiaçı qarşı nikahın pozulmasına dair iddia tələbi ilə bağlı sözügedən e- 2(001)-1798/2023 saylı məhkəmə işinin təqdim edilməsi xahiş olunmuş, Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
39. Həmin iş materiallarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, hazırki iş üzrə Cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələblərinə görə ilk öncə xx.xx.2023-cü il tarixdə hazırki iş üzrə İddiaçı mediasiya prosesi barədə təkliflə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə 11 saylı Mediasiya təşkilatı tərəfindən iddiaçı və cavabdehə sessiyanın keçirilmə tarixi və yeri barədə bildirişlər göndərilmiş və həmin tarixdə də tərəflər bildirişləri qəbul etmişlər. xx.xx.2023-cü il tarixdə İddiaçı ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış tərtib olunmuşdur.
40. İş materiallarından görünür ki, bundan sonra Cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, həmin məhkəmə prosesi zamanı İddiaçı tərəfindən alimentin təyin olunmasına dair qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-1798/2023 saylı qərardadı ilə sonuncunun qarşılıqlı iddia ərizəsi onun verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. İş materiallarından həmin qərardaddan hansısa şikayətin verilməsi aşkar olunmamışdır.
41. Daha sonra həmin iş üzrə iddiaçı Cavabdeh iddia ərizəsinin geri qaytarılması və işin baxılmamış saxlanılması barədə məhkəməyə müraciət etmiş, məhkəmə prosesində cavabdehin iddianın baxılmamış saxlanılmasına dair münasibəti öyrənilmiş, cavabdehin nümayəndəsi və vəkili etiraz etməyərək işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Sözügedən qərardaddan da iş materiallarına əsasən hansısa şikayətin verilməsi aşkar olunmamışdır.
42. Qeyd edilən iş materiallarından da görünür ki, hazırki iş üzrə İddiaçı aliment tələbi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət etsə də, onun ərizəsi geri qaytarılmış, sonuncu tərəfindən bu geri qaytarılma mübahisələndirilməmişdir. Ona görə də hazırki iş üzrə cavabdehin yenə də həmin qarşılıqlı iddia ərizəsinə və dolayısı ilə aliment tələbinə münasibət bildirməsi üçün imkanı olmamışdır. Bu zaman yenə də cavabdehin öz aliment öhdəliklərindən qeyd edilən mərhələ boyun qaçırdığını demək üçün hər hansı hüquqi əsas mövcud deyildir.
43. İddiaçı o cümlədən qeyd edir ki, qanunvericiliyin tələblərinə görə tərəflər arasında nikah pozularkən onsuz da alimentin ödənilməsi məsələsinə məhkəmə qiymət verəcəyindən aliment tələbi ilə bağlı mediasiyaya etdiyi müraciətdən sonra növbəti hərəkətlərin edilməsinə və qarşılıqlı iddia ərizəsinin geri qaytarılması ilə bağlı məhkəmə aktını mübahisələndirməsinə lüzum görməmişdir. Lakin kollegiya qeyd edir ki, iddiaçı qeyd etdiyi nikahın pozulmasına dair məhkəmə işi baxılmamış saxlanılarkən də buna etiraz etməmiş, o cümlədən bu qərarı mübahisələndirməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının alimentin tutulması ilə bağlı mövqeyi və istəyi qəti olmamışdır və bu hadisələrin təbii təzahürü olaraq cavabdehin alimentin ödənilməsinə mənfi və ya müsbət mənada münasibət bildirməsinə imkanı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının başlanma tarixi kimi yuxarıda qeyd olunan tarixlər də əsas götürülə bilməz.
44. Hazırki işin materiallarına baxdıqda görmək olur ki, bundan sonra iddiaçı yalnız 2023-cü ilin iyun ayında aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmək niyyətində olmuş və mediasiya prosesində iştirakı təmin edilmişdir. İş materiallarında olan, 14 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflərə mediasiyanın keçiriləcəyi yer və vaxt barədə bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmiş, arayışın müvafiq xanasında bildirişlərin çatdırılmamasına dair hansısa qeyd mövcud olmamışdır. xx.xx.2023-cü il tarixdə mediasiya sessiyası keçirilmiş, tərəflər arasında barışıq əldə olunmadığından bu barədə arayış təqdim olunmuşdur.
45. Göründüyü kimi cavabdehə artıq xx.xx.2023-cü il tarixdə iddiaçının aliment tələbi ilə bağlı niyyəti məlum olmuş, lakin mediasiya sessiyasında və ondan sonrakı məhkəmə proseslərində tələbin qəbul edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaçının məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etməsi səbəbindən alimentin tutulmasının həmin tarixdən başlanmalı olduğunu qeyd etsə də, məhkəmədən öncə artıq mediasiya prosesi barədə bildiriş göndərilməsini iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş “aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi” kimi qiymətləndirməmiş və bununla da yanlış nəticəyə gəlmişdir.
46. Kollegiya həm mülki prosessual qanunvericiliyin, həm də “Mediasiya haqqında” qanunun tələblərini nəzərə alaraq hesab edir ki, alimentin tutulmasına dair mediasiya təklifinin göndərilməsi qanunvericiliyin göstərişlərinə əməl olunaraq ailə mübahisələri üzrə məhkəməyə müraciət etməzdən öncə ilkin mediasiya sessiyasının keçirilməsinin məcburiliyin təmin edilməsi üçün iddiaçının yerinə yetirməli olduğu prossedur olmuş və prossedurun nəticəsində artıq cavabdeh ona qarşı olan tələbdən xəbərdar olsa da, alimentin ödənilməsindən boyun qaçırmağa davam etmişdir.
47. Bu fakt onu deməyə əsas verir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsində qeyd olunan əsaslar hazırki mübahisəli halda xx.xx.2023-cü il tarixdən etibarən öz əksini tapdığından, aliment ödənişlərinin tutulmağa başladığı müddət də məhz həmin tarixdən hesablanmalıdır.
48. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
49. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
51. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
52. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3636/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - alimentin tutulma tarixinin müəyyən olunması hissəsində dəyişdirilsin. xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin tutulması xx.xx.2023-cü il tarixindən hesablansın. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova