Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6990/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-606/2023 nömrəli, 15 may 2023cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Əliyusib qızı ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı "ASAN xidmət" X3 1205 nömrəli akt qeydi ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı “Asan xidmət” mərkəzində bağlanmış, 1205 nömrə ilə qeyd olunmuş nikahın pozulması, birgə nikahdan anadan olan uşaq xx.xx.2018-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi, yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində, yəni 193 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha dахil оlmuş, birgə nikahdan xx.xx.2018-cı təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdır. Cavabdehlə bir müddət normal ailə münasibətində olsalar da, sonradan aralarında müəyyən problemlər yaranmışdır. Hal-hazırda cavabdehlə birgə yaşamırlar. Cavabdehlə aralarında da olan nikah formal xarakter daşıyır, cаvаbdеhlə аilə münаsibətlərinin bərpаsı qеyri-mümкündür.
4. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinə münasibətdə yazılı etiraz verərək, ailələrini nəzərə alıb iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh nikahın pozulmasını aralarında müəyyən problemlərin yaranması ilə əlaqələndirməyə çalışmışdır. Əslində isə ailədə ciddi bir problem yoxdur və aralarında olan narazılıqlar iddiaçının öz səhlənkar əməlləri nəticəsində meydana çıxmışdır. O, bu narazılıqları aradan qaldırmaq əvəzinə məhkəməyə müraciət etmişdir. O, iddianı qəbul etmir və ailələrinin saxlanmasını, qız övladı Fatmanın yanımda qalmasını istəyir. İddiaçı 8 aydan çoxdur ki, getmişdir və övladını ona göstərmir. Dəfələrlə ona bildirmişdir ki, qızını onunla görüşdürsün. Lakin o, qərəzli olaraq uşağı ona göstərmir və uşağından ona qarşı bir silah kimi istifadə edir. O, 2-ci qrup əlildir və əmək qabiliyyətsizdir, ayda cəmi 190 manat pensiya alır. Uşaq vaxtı beyin pozuntusu keçirmişdir. Xəstəliyi ilə əlaqədar müalicə olunmuş və respublikanın ən təcrübəli həkimlərinin müalicəsini almışdır. Xəstəliyi artıq sabitləşmiş və səhhəti bərpa olunmağa başlanmışdır. O və Aysel 2016-cı ildə ailə qurmuşlar. Həmin vaxtı səhhəti onu daha çox narahat edirdi. Aysel və valideynləri, qohumları bunu bilmiş və onların ailə qurmalarına çox razı olmuş, onlar xəstəliyinin müalicə olunacağını, əsas məsələ isə narkotik və digər pis vərdişlərə aludə olmamağını bildirirmişlər. Ailə qurandan sonra onlar çox mehriban dolanmış və maddi imkanları da yaxşı olmuşdur. Onlar onun valideynlərinin Cəlilabad şəhərində olan evində yaşamışlar. Ayselin atası doktor X6 Kollecinin direktorudur. Aysel də həmin kollecdə işləyir və atasının bütün işini aparır. Aysel uşaq olan zaman avtomobil qəzasına düşüb, o da onun kimi mütəmadi müalicə alır və aldığı əmək haqqını dərmanlara verir. Kollecdə işlərin böyük hissəsini Aysel yerinə yetirir. O, evdə də işləyir. Daimi yüklənməsi və işləməsi onu ailəsindən soyutmuşdur. Gedib valideynlərinin evində qalmağa başlamış və sonra daha onunla yaşamaq istəmədiyini bildirmişdir. Ailələrinin dağılması həm də onun valideynlərinə çox pis təsir göstərmişdir. Atası ürəkdən cərrahiyə əməliyyatı keçirmiş, anası isə şəkər xəstəsidir. Onun aldığı 190 manat sosial müavinət heç öz dərmanlarına çatmır. Bu məbləğ ondan aliment adı ilə tutulandan sonra müalicə oluna və dərman ala bilməz və xəstəliyi yenidən şiddətlənə bilər. Ailənin dağılması azyaşlı qızları üçün də çox ağır olacaqdır.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-606/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi (hakim Əhmədova Həqiqət) ilə, iddianın təmin edilməsi, İddiaçı Əliyusib qızı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 5 saylı "ASAN xidmət" X3 bağlanılmış və 1205 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X2 anası İddiaçı Əliyusib qızının yanında saxlanılması, Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul miqdarında alimentin tutularaq İddiaçı Əliyusib qızına verilməsi, İddiaçı Əliyusib qızı tərəfindən ödənilmiş 100 manat məhkəmə xərcinin ona aid edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.2, 22.2.3, 22.2.4, 78.1, 78.2, 100.2-ci maddələrinə, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin aliment tələbi ilə bağlı hissədə dəyişdirilməsi, aliment miqdarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 2016-cı ildə ailə həyatı qurmuşdur. xx.xx.2018-ci ildə nikah rəsmiləşdirilmişdir. Rəsmi nikahdan xx.xx.2018-ci ildə Fatimə adlı bir övladları anadan olmuşdur. Özü İİ qrup əlildir və əmək qabiliyyətsizdir. 190 manat pensiya alır. Uşaq vaxtı beyin pozuntusu keçirmişdir. Atası ürək əməliyyatı olunmuş, anası isə uzun müddətdir ki, şəkərli diabet xəstəsidir. Belə ki, aldığı 190 manat müavinət dərman ləvazimatlarıma kifayət etmir. Qətnaməyə əsasən 193 manat tutulan məbləği alimentə ödəsə özünə dərman ala bilməyəcək. Həkimlərin məsləhəti ilə daima dərmanlardan asılı vəziyyətdə qalmışdır. Ailəsinin sosial iqtisadi vəziyyəti həddindən artıq ağır və acınacaqlıdır. Əlavə olaraq başqa yerdən maddi gəlir yeri yoxdur. İddiaçı isə Cəlilabad Tibb kollecində atasının yanında çalışır. Onun atası həmin kollecin direktorudur. İddiaçı kifayət qədər maddi imkana malikdir. Onun aylıq maaşı 600 manatdan artıqdır. Xüsusi ilə qeyd edir ki, məhkəmə şizofreniya xəstəsi olmağımı İİ qrup əlilliyimi nəzərə almadan 193 manat aliment təyin etmişdir. Yalnız pensiyam 193 manat təşkil edir. Həmin məbləğin 50 manatını aliment ödəyə bilər.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək qətnamənin alimentə dair hissədə dəyişdirilməsini, aliment məbləğinin 50 manata azaldılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
11. 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
12. 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
13. 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar.
14. 75.4. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
15. 78.1 valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
16. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
17. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir.
“Uşaq hüquqları haqqında” Konvensiyanın
18. 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün.
19. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun
20. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
21. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir....Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
23. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir....Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
24. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir.
25. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
26. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
27. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin aliment tələbinə dair hissədə dəyişdirilməsi xahiş edildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-606/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası tutulan alimentin məbləğinə münasibətdə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən uşağın saxlanılması hər iki valideynin vəzifəsidir.
36. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olduğu qeyd edilsə də bu təminatın bütünlüklə bir valideyndən alınmalı olması barədə qanunvercilikdə imperativ norma müəyyən edilməmişdir. Qeyd edilən Plenum Qərarında vurğulanmışdır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
37. Nəzərə alınmalıdır ki, 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
38. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, cavabdehin maddi vəziyyətinin aşağı olması halları alimentin miqdarının azaldılması və ya alimenti ödəməkdən azad edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşağı ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, cavabdehin uşaq qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşağın maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
40. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-606/2023 nömrəli, 15 may 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.