Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6991/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Səfiyeva (Hacıyeva) Aytac Məhərrəm qızına qarşı alimentin məbləğinin azaldılması tələbinə dair mülki iş üzrə (açar sözlər: alimentin məbləğinin azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Səfiyeva (Hacıyeva) Aytac Məhərrəm qızına qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(007)-3021/2025 nömrəli qətnaməsindən cavabdeh Səfiyeva (Hacıyeva) Aytac Məhərrəm qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(103)-2080/2025 nömrəli qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayəti qismən edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-3384/2024 nömrəli qətnaməsi alimentin tutulmasını məbləği və icra qaydası hissəsində dəyişdirilmiş, xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manata mütənasib 2024-cü il üçün müəyyən olunmuş (gələcək artırmalar nəzərə alınmaqla) ölkə üzrə minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir.
2. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən etibarən "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləyir, əmək haqqı 447 manatdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(103)-2080/2025 nömrəli qətnaməsi ilə uşaqlarıxx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manata mütənasib 2024-cü il üçün müəyyən olunmuş (gələcək artımlar nəzərə alınmaqla) ölkə üzrə minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamədə nəzərdə tutulmuş aliment məbləğinin azaldılaraq, onların hər birinə aylıq 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment ödənilməsinin dəyişdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(007)-3384/2024 nömrəli qətnaməsi ilə keçmiş həyat yoldaşı X1 iddiaçıya qarşı “nikahın pozulması, uşağın ananın yannda saxlanılması, aliment” tələbinə dair iddiasının qismən təmin edilməsi, aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş uşaqları xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X5 iddiaçının yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X5 üç yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq X3 ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixindən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(103)-2080/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(007)- 3384/2024 nömrəli qətnaməsinin alimentin tutulmasının məbləği və icra qaydası hissəsində dəyişdirilməsi, uşaqları - xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manata mütənasib 2024-cü il üçün müəyyən olunmuş (gələcək artımlar nəzərə alınmaqla) ölkə üzrə minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi nəzərdə tutlmuşdur. Göstərilənlərə əsasən müvafiq icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul olunmuş və tələb icraya yönəldilmişdir. 22 may 2025-ci il tarixdən etibarən ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləyir və aylıq əmək haqqının miqdarı 447 manat ,qanunvericiliklə müəyyən edilmuş tutulmalar nəzərə alınmaqla 400 manat təşkil edir. Göründüyü kimi aldığı əmək haqqının məbləği tələb olunan alimentin aylıq məbləğindən (yəni ümumilikdə 544 manatdan) aşağıdır. Heç bir gəlir gətirən başqa fəaliyyətlə məşğul olmağa imkanı yoxdur. Dolanacaq xərcləri yalnız aldığı əmək haqqı ilə məhdudlaşır. Hamıya bəlli olan haldır ki, 400 manat əmək haqqı ilə aylıq yaşayış minimumunu normal şəkildə təmin etmək qəti mümkün deyildir. Bu səbəbdən hesab edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyışdirilərək azaldılması zəruridir. Eyni zamanda, alimentin miqdarının dəyişdirilərək azaldılması əmək fəaliyyəti ilə məşğul olmağının davam etməsinə müsbət təsir göstərə bilər. Belə ki, aldığı əmək haqqını bütövlükdə aliment tələbinə ödəyəcəyi halda, hələ digər xərcləri nəzərə almasa, yaşamaq üçün zəruri qida məhsullarının alınması mümkün olmayacaqdır. Əlbəttə ki, bir valideyn kimi o da arzulayır ki, uşaqları fiziki, mənəvi və psixoloji cəhətdən normal inkişaf etsinlər. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun olaraq, onların hər birinə aylıq 130 manat olmaqla, cəmi 260 manat məbləğində alimentin ödənilməsini məqsədəmüvafiq hesab etmək olar. Həmçinin, nəzərə alınsa ki, keçmiş həyat yoldaşı əmək qabiliyyətlidir, o da münasib əmək fəaliyyəti ilə məşğul olmaqla uşaqlarının daha yaxşı şəraitdə saxlanılmasını təmin etmiş olardılar. Qeyd olunanlara uyğun olaraq hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq uşaqlarının hər birinə aylıq 130 manat olmaqla, cəmi 260 manat məbləğində alimentin ödənilməsinə dəyişdirilməlidir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(007)- 3021/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2080/2025 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının azaldılması, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
6. Qətnamənin əsaslarına görə, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. O da, nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən, ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də, qiymət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır. Belə ki, məhkəmə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, lakin uşağın saxlanması üçün müəyyən edilmiş alimentin minimum dolanacaq xərclərindən xeyli artıq olmasını, nəzərə alaraq, iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir.
7. Məhkəmə gəldiyi nəticəni “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2, 78.1, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarına, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024 cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh Səfiyeva (Hacıyeva) Aytac Məhərrəm qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətinin dəlillərinə görə, İddiaçı ilə ailə həyatı qurduqdan sonra bir müddət normal münasibətləri olsa da, lakin son vaxtlar münasibətləri pozulmağa başlamışdır. Belə ki, cavabdeh və övladları dəfələrlə iddiaçı tərəfindən zorakılığa məruz qalmışlar. İddiaçı cavabdehi və övladlarını döymüş, cavabdehin ailəsi və onun şəxsiyyətini alçaladacaq ifadələr işlətmişdir. Bütün iddialar əsassız deyildir və bunların hər birini təsdiqləyəcək səs yazıları və video qeydlər mövcuddur. Məhkəmənin tələbinə əsasən həmin sübutlar cavabdeh tərəfindən təqdim olunacaqdır (hansı ki, bundan əvvəlki məhkəmələrin tələbi ilə cavabdeh tərəfindən təqdim edilmişdir) Əvvəllər bütün bu hallar keçilsə də sonradan artıq ailənin bərpasının mümkün olmamışdır. Bu səbəblə nikahın rəsmi qaydada pozulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qərarını açıqladıqdan sonra o məhkəməyə müraciət etməməsi, uşaqların saxlanması üçün maddi təminatını həll edəcəyi barədə vəd vermişdir. Lakin bir müddət keçdikdən sonra o heç bir vədinə əməl etməyərək əvvəlki kimi öz atalıq vəzifələrini yerinə yetirməmişdir. Onun zorakılıq hərəkətləri ucbatından cavabdeh öz yaşayış yerini Bakı şəhərinə dəyişmişdir. O, övladlarına qarşı zorakılıq hərəkətləri etməklə yanaşı, onların maddi və mənəvi olaraq heç bir şəkildə təmin edilməmişdir. Cavabdeh övladlarının qayğısına qalır, lakin işsiz olduğundan övladlarının tələbatlarını maddi baxımdan təmin etməkdə çətinlik çəkir. Yetkinlik yaşına çatmamış övladları böyüdükcə onların tələbatı və müvafiq olaraq xərcləri də artır və həmin xərcləri də təkbaşına qarşılanması mümkün deyildir. Övladlarını vətənə, millətə, dövlətə laiqli bir vətəndaş kimi, gələcəyi sağlam bir gənc kimi yetişdirmək üçün məlumdur ki, bu gün onların inkişaf etməsi üçün maddi imkan mütləqdir. Maddi imkan kifayət qədər olduğu təqdirdə övladlarını müxtəlif növ məşğələlərə yazdıra, digər növ məşğuliyyətlərlə təmin edərək inkişaf etdirməsi mümkün olar. Lakin qeyd edilməsi zəruridir ki, bir neçə ay bundan öncə apellyasiya instansiya məhkəməsinin icraatında işə baxılarkən bütün hallar araşdırılmış, iddiaçının işsiz olmasına və digər amillərə qiymət verilərək minimum həddə aliment təyin edilmişdir. Bundan sonra isə hazırki iş üzrə iddiaçının rəsmi əmək haqqısının olması, ilin ikinci yarısından sonra baş vermiş inflyasiya və digər amillər nəzərə alınmayaraq mövcud qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən alimentin minimum dolanacaq xərclərindən xeyli artıq olması qənaətinə hansı şəraitdə və hansı əsasla gəlməsi belə böyük bir sual yaradır. Göründüyü kimi, qanunvericilik uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq məhkəmə tərəfindən alimentin tutulmasının müəyyən edilməsi şərtini qoymuşdur. Halbuki məhkəmənin hazırda müəyyən etdiyi məbləğ ümumiyyətlə yaşayış minimumundan da az məbləğdə və uşaqların maddi təminatı nəzərə alınmadan qərar qəbul edilmişdir. Məhkəmə qətnamə ilə alimentin məbləğini müəyyən edərkən sabit məbləğdə müəyyən edərək Plenum qərarında qeyd edilən tələbləri (alimentin artan məbləğdə təyin edilməli olmasına baxmayaraq) nəzərə almamışdır. Məhkəmə daha əvvəl apellyasiya instansiyası məhkəməsi tərəfindən alimentin məbləğinin daha da az məbləğdə təyin edilməsi tələbinin rədd edilməsi barədə qətnamə olmasına baxmayaraq, bunu nəzərə almamış və həmin qətnaməyə zidd qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının aldığı əmək haqqının məbləği tələb olunan alimentin müəyyən edilmiş aylıq məbləğindən (yəni, ümumilikdə 544 manatdan) aşağıdır. Heç bir gəlir gətirən başqa fəaliyyətlə məşğul olmağa imkanı yoxdur. Dolanacaq xərcləri yalnız aldığı əmək haqqı ilə məhdudlaşır. 400 manat əmək haqqı ilə aylıq yaşayış minimumunu normal şəkildə təmin etmək qəti mümkün deyildir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(007)-3021/2025 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilərək artırılmasına zərurət yoxdur. Eyni zamanda alimentin miqdarının dəyişdirilərək artırılması əmək fəaliyyəti ilə məşğul olmağının davam etməsinə mənfi təsir göstərə bilər. Beləliklə, iddiaçı aldığı əmək haqqını bütövlükdə aliment tələbinə ödəyəcəyi halda, digər xərclər nəzərə alınmasa, yaşamaq üşün zəruri qida məhsullarının alınması mümkün olmayacaqdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
16. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: “Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır”.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarı: “8.2. Məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.12. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
18. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir.
19. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
20. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli Qərarı: “1.2.1. 8.11-ci bəndə əsasən aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilmişdir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” 1.2.4. 8.13-cü bəndin birinci cümləsi ikinci cümlə hesab edilmiş və həmin bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilmişdir: “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.”; 1.2.5. 8.14-cü bənddə “dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən)” sözləri “azaldılarkən” sözü ilə, “dəyişdirilmiş” sözü “azaldılmış” sözü ilə əvəz edilsin”.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edildiyi hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2080/2025 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının azaldılması, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlmişdir.
24. Hazırkı iddianın hüquqi əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və əsaslı olub-olmadığını müəyyən etmək üçün bu normanın dispozisiya şərtləri nəzərdən keçirilməlidir. Həmin normanın məzmununa görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsinin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişikiliklərin baş verməsi təşkil edir.
25. Adətən bu dəyişiklik aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Ailment ödəyən şəxsin gəlirləri azaldıqda, o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxsin alimentin miqdarının artırılmasını tələb etmək hüququ əmələ gəlir. Yəni, mübahisəni həll etməli olan məhkəmə alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxılarkən, məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hansı dəyişikliklərin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
26. İşin halları ilə müəyyən olunur ki, əvvəlki qətnamə ilə alimentin məbləği müəyyən olunarkən iddiaçının gəliri olmamış, buna baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manata mütənasib 2024-cü il üçün müəyyən olunmuş (gələcək artırmalar nəzərə alınmaqla) ölkə üzrə minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir.
27. Hazırda isə iddiaçı rəsmi əmək haqqı almasına istinad edərək alimentin azaldılmasını tələb edir.
28. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı situasiyada alimentin məbləğinin azaldılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərti mövcxud deyildir, yəni, iddiaçının gəlirləri azalmamışdır. Əksinə, qətnamə çıxarıldığı vaxt iddiaçının heç bir gəliri olmadığı təqdirdə məhkəmə ondan 2024-cü il üçün müəyyən olunmuş (gələcək artırmalar nəzərə alınmaqla) ölkə üzrə minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlmişdirsə, hazırda onun əvvəlki vəziyyətdən fərqli olaraq rəsmi əmək haqqı alması alimentin miqdarının azaldılması üçün əsas ola bilməz.
29. Beləliklə məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən – iddianın təmin olunduğu hissələrdə iddianın təmin edilməsi barədə gəldiyi nəticə əsassızdır, apellyasiya şikayətinin dəlilləri işin halları ilə təsdiq olunmaqla, qətnamənin qismən ləğvinə əsas verir.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(007)- 3021/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(007)- 3021/2025 nömrəli qətnaməsi iddianın təmin olunduğu - “xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)- 2080/2025 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılsın. xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun” hissələrində ləğv edilsin və həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.