Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7002/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə (Musayeva Şöhrət Hidayət qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-226/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız edilməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli 304 saylı ona məxsus əmlakın qiymətləndirmə rəyinin etibarsız barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-226/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi ilə onun iddiası rədd edilərkən dəyəri 16000 manat olan torpağını 1600 manata tələbkar Musayeva Şöhrət Hidayət qızına təklif edilməsinə və sonuncunun bu təklifi qəbul etməsinə heç bir hüquqi qiymət verməmişdir. Ona məxsus 0.04 ha torpağın dəyərindən çox-çox aşağı qiymətləndirilməsi onun mülkü Məcəllənin 152.1-ci və Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə qətnaməsində xx.xx.2002-ci il tarixli 6-118 saylı “xxxxxxxxxxxxxxx” MMC-nin qiymətləndirmə rəyi qeyd edilmişdir. Bu rəylə də ona məxsus Gəncə şəhəri. Nizami rayonu Gülüstan qəsəbəsində yerləşən Musayeva Şöhrət Hidayət qızının mülkiyyətində olan 0.04 torpaq sahəsinin hazırki real bazar qiymətinin 16000 manat təşkil etdiyi göstərilmişdir. Belə olan halda məhkəmənin onun iddisını rədd etməsinin hüquqi əsası yoxdur. Ona görə də həm maddi həm də prosesual hüquq normaları ilə qət edilmiş qətnamə ləğv edilməli iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qət edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki,xx.xx.2007-ci il tarixli, 2-1254/07 saylı X5 Rayon Məhkəməsinin icra vərəqəsinə görə İddiaçı 5200 ABŞ dolları ödənilən günə manatın məzənnəsi ilə tutularaq Musayeva Şöhrət Hidayət qızına verilməlidir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Maxsud Nəcəfovun xx.xx.2013cü il tarixli qərarına əsasən X5 Rayon Məhkəməsinin 2-1254/07 nömrəli, xx.xx.2007-ci il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmişdir.Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Maxsud Nəcəfovun xx.xx.2013-cü tarixli, 6251/2013 nömrəli məktubuna əsasən İddiaçı tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir.Azərbaycan Respublikası ƏMDK DƏDRX-in RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu, Quşçu kəndində yerləşən torpaq sahəsi İddiaçı adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.xx.xx.2015-ci il tarixli Cavabdeh MMC-nin İddiaçı məxsus Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0,04 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 1600 manat (0,01 ha - 400 manat) təşkil edir.“xxxxx” MMC-nin xx.xx.2016-cı il tarixli məktubunun surətindən görünür ki, X5 rayon Məhkəməsinin № 22-1254/07 saylı, xx.xx.2007-ci il tarixli icra vərəqəsinə və Daşkəsən rayon İcra şöbəsinin 495 saylı, xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0,04 ha torpaq sahəsinin qiyməti - 1600 (min altı yüz) manat olmaqla mövcud qanunvericiliyə əsasən xx.xx.2016cı il tarixdə "Birja yenilikləri” qəzetində elanı çıxmış və xx.xx.2016-cı il tarixə, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, l56 (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11:00-a hərracı təyin olunmuşdur.“xxxxx” MMC-nin xx.xx.2016-cı il tarixli məktubunun surətindən görünür ki, X5 rayon Məhkəməsinin № 22-1254/07 saylı, xx.xx.2007-ci il tarixli icra vərəqəsinə və Daşkəsən rayon İcra şöbəsinin 495 saylı, xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0,04 ha torpaq sahəsinin qiyməti - 1600 (min altı yüz) manat olmaqla mövcud qanunvericiliyə əsasən xx.xx.2016-cı il tarixdə “Birja yenilikləri” qəzetində elanı çıxmış və xx.xx.2016-cı il tarixə, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11:00-a hərracı təyin olunmuşdur.“xxxxx” MMC-nin xx.xx.2016-cı il tarixli Daşkəsən icra şöbəsinə ünvanlanmış məktubunun surətindən görünür ki, İddiaçı məxsus Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0,04 ha torpaq sahəsinin mövcud qanunvericiliyinə uyğun olaraq hərracları keçirilmiş və yekun haqqında məlumat verilmişdir. İcra müddəti başa çatdığı üçün sənədlər icra olunmadan geri qaytarılmışdır.Gəncə şəhəri üzrə İcra İdarəsinin rəisi Nizami Qocayevin xx.xx.2017-ci il tarixli, 6251/2013 saylı məktubuna əsasən X5 rayon məhkəməsi tərəfindən verilmiş 2-1254/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin icrası ilə bağlı borclu İddiaçı məxsus Quşçu kəndində yerləşən torpaq sahəsi sifariş əsasənda açıq hərrac vasitəsilə satılmamışdır. 1600 manat olan 0,04 ha torpaq sahəsi “icra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsi ilə 1600 manata tələbkara təklif edilmişdir.Musayeva Şöhrət Hidayət qızının Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlandığı xx.xx.2017-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətinə əsasən ona təklif edilən Quşçu kəndində yerləşən 1600 manat olan 0,04 ha torpaq sahəsini qəbul etmişdir.Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Cahid Qasımovun xx.xx.2017-ci il tarixli qərarından görünür ki, X5 Rayon Məhkəməsi tərəfindən verilmiş 2-1254/2007 saylı xx.xx.2007-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün iş üzrə tələbkar Musayeva Şöhrət Hidayət qızının borclu İddiaçı adına qeydə alınmış Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0,04 ha torpaq sahəsinin qəbul etməsi barədə müraciəti nəzərə alınaraq, borclu İddiaçı adına qeydə alınmış Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0,04 ha torpaq sahəsini qanunvericiliyin tələblərinə əsasən tələbkar Musayeva Şöhrət Hidayət qızının adına rəsmiləşdirilməsi üçün zəruri sənədlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Teyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə göndərilmşdi. Bundan başqa iş materiallarında olan xx.xx.2018-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu, Quşçu kəndində yerləşən (Gəncə şəhəri, Gülüstan qəsəbəsinin ərazisində yerləşməklə hazırda Gəncə şəhərinin ərazisi hesab olunan) 0,04 ha həyətyanı torpaq sahəsinin bazar qiyməti təxminən 6000 manat təşkil edir. xx.xx.2020-ci il tarixli, Ç-118 saylı Heba Consulting MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən, Musayeva Şöhrət Hidayət qızının mülkiyyətində olan, **********85 reyestr nömrəli, 0,04 ha torpaq sahəsinin hazırki real bazar qiməti 16000 manat təşkil edir. Kollegiya qeyd edir ki, iş materiallarında olan X5 Rayon Məhkəməsinin 2(044)-809/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Musayeva Şöhrət Hidayət qızı və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı “çıxarışın və qərarın ləğv edilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(104)-630/2019 saylı qətnaməsi ilə dəyişdirilədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki,iddiaçının hazırki tələbi üzrə əldə etmək istədiyi nəticə mahiyyət etibarilə əmlakın özgəninkiləşdirilməsinə dair əqdin etibarsızlığına nail olmaqdır. Belə ki, əmlakın qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi eyni zamanda həmin hesabat əsasında bağlanmış daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdin etibarsızlığına səbəb olur. Ona görə də hazirki mübahisəyə qanunun analogiyasına əsasən Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən normaları tətbiq edilməklə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.» Həmin məcəllənin 337.2-ci madəsinə görə «Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.» Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən «Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.» Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. X3 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Kollegiya qeyd edir ki, iddiaçı artıq mübahisə predmetin dair mülkiyyət hüququna dair çıxarışın mötəbərliyini mübahisələndirmiş və məhkmə tərəfindən onun iddia ərizəsi rədd edilmişdir. Göründüyü kimi, iddiaçı hərracın keçirilməsindən məlumatlı olmuş və hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, hesab edir ki, iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən apellyasiya şikayətində göstərilən hallar üzrə əlavə araşdırmanın aparılması işin nəticəsinə təsir etməyəcək və iş üzrə icraatın uzanmasına səbəb olacaq. Bu isə prosessual qənaət prinsipinə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-nin 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-226/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7002/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7002/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver