Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7002/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: müqavilənin ləğv edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Kontakt Home mağazasından 399 manat dəyərində olan “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirəni 3 ay müddətində hissə-hissə ödənilməsi şərti ilə İddiaçı nisyə satmışdır. Cavabdeh MMC xx.xx.2023-cü il tarixdə çörək bişirəni İddiaçı təhvil vermişdir.
2. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən nisyə aldığı “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirəni xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə məxsus olan Kontakt Home mağazasına qaytarmışdır. Aktda çörək bişirənin istifadə olunduğu, içərisindən qoxu gəldiyi və yanlarında cızıqlar var iç tərəfindən. Yaxşı bişirmədiyi qeyd edilmişdir.
3. “Panasonic” servis mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli MT-23-1286 nömrəli texniki rəydən görünür ki, “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirən xx.xx.2023-cü il tarixdə sevisə verilmiş, sifarişçi yanıq qoxusu olduğunu bildirmişdir. Mal xx.xx.2023-cü il tarixdə alınmışdır, malın sahibi İddiaçıdur. Servis mərkəzinin rəyi: Texniki baxış keçirildi. Cihaz yoxlanıldı, spiralın qızma dərəcəsi normaldır. Cihazın daxilindən heç bir qeyri-adi qoxu aşkarlanmadı. Tam qaydasındadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, “Panasonic SD- 2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirənin alınması üçün onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsini və cavabdehin hesabına ödədiyi 20 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən kontakt home mağazasından 399 manat dəyərində olan “Panasonic SD2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirəni 3 ay müddətində hissəhissə ödənilməsi şərti ilə nisyə almışdır və 20 manat rüsum ödəmişdir. xx.xx.2023-cü il tarixdə çörək bişirəni gətirib ona təhvil vermişlər. O, çörək bişirəni cərəyana qoşmuş, proqramını işlədə bilməmişdir və içərisindən yanıq iyi gəldiyinə görə xx.xx.2023-cü il tarixdə çörək bişirəni aparıb mağazaya qaytarmışdır. Mağazada ona bildirmişlər ki, 15 gün ərzində malı yoxlayıb cavab verəcəklər. 15 gün ərzində mağaza malı ona qaytarmamışdır. Bu səbəbdən o, özünə başqa yerdən çörək bişirən almışdır. Çünki o, şəkərli diabet xəstəsidir və evdə bişmə çörəklə qidalanır. Cavabdeh xx.xx.2023-cü il tarixli bildiriş göndərmiş və qeyd etmişdir ki, mal qiymətləndirilmiş və 170 manat onun borcundan çıxılacaq, qalan 230 manat borcu ondan tələb edir. O, malı geri cavabdehə geri qaytardığına görə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddianın qismən təmin edilməsi, “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirənin alınması üçün İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilməsi, iddia tələbinin iddiaçının ödədiyi 20 manat pulun geri qaytarılması hissəsində rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 421.3, 567, 568.1, 570.1.1, 600.1, 623.1, 623.2, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7.1, 26-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mübahisə üzrə müqavilənin ləğvinin 3 hüquqi əsasla etmək mümkündür ki, bu hüquqi əsaslar Mülki Məcəllənin 421-ci maddəsi, Məcəllənin 423-cü maddəsi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanunun 7.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Bu səbəbdən Mülki Məcəllənin 421-ci maddəsi ilə müqavilənin ləğvi üçün məhkəmə tərəfindən satıcının müqavilənin hansı şərtinin əhəməyyətli dərəcədə pozulması və bu pozuntu nəticəsində alıcıya hansı zərər vurulması müəyyənləşdirilməli idi. Lakin işin faktiki halından göründüyü kimi alınan məhsul çörək bişirəndi, alıcı tərəfindən özbaşına olaraq ona məxsus məhsul mağazaya atılıb getmişdir, həmin məhsulun Servisə verilməsi müştəri tərəfindən icra edilməli olduğu halda bunu etməmiş və nəticə etibarı ilə məhsulun yoxlanışa gec getməsi alıcının təqsirindən olmuşdur. Lakin Servis tərəfindən 14 günlük müddət ötürülməmişdir. Yuxarıda qeyd olunan maddələrdən göründüyü kimi müqavilənin ləğv edilməsi üçün alıcı tərəfindən satıcıya hər hansı bir bildiriş xəbərdarlıq göndərilməmişdir. Qüsurlu olan mal satılırkən istehlakçının hüquqları adlanan maddəyə əsasən mal qüsurlu olduqda istehlakçının 1) malı dəyişdirmək 2) satış qiymətini azaltmaq 3) qüsurların aradan qaldırılmasnı və ya həmin qüsurların aradan qaldırılması üçün çəkilən xərclərin əvəzinin ödənilməsini tələb etmək 4) malın, həmin mala uyğun digər modelli mal ilə əvəz edilməsini tələb etmək 5) müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüquqları vardır. Müqavilənin ləğv edilməsi və istehlakçının çəkdiyi zərərinin əvəzinin ödənilməsi tələbini yalnız məhsul qüsurlu olduqda tələb edə bilər. Hazırki iş üzrə məhkəmə tərəfindən müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarmışdır. Göründüyü kimi məhkəmə məhsulun qüsurlu olması barədə texniki rəy(servis rəyi) mövcud olmadığı halda, xüsusi bilik tələb edən məsələ üzrə mütəxəssis və ekspert kimi çıxış edərək məhsulun istehsaldan irəli gələn qüsurunun olması qənaətinə gəlmişdir. Lakin iş üzrə məhsulun qüsurlu olmasını təsdiq edən bir sübut, dəlil mövcud olmadığı halda, məhkəmə müqaviləni qanunsuz, əsassız və ədalətsiz olaraq ləğv etmişdir. Əksinə iş materiallarında rəsmi servisin rəyi olmuşdur ki, bu rəyə əsasən malda qüsur olmamışdır. Bununla da məhkəmə İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Qanunun 7.1-ci maddəsinə səhvən istinad etmişdir. İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Qanunun 7.6-ci maddəsinə əsasən istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. Belə ki, 7.6-cı maddədən görünür ki, malın qüsurunun aradan qaldırılması barədə tələbi irəli sürmək üçün məhsul ilk növbədə qüsurlu olmalıdır, yuxarıda qeyd etdiyimiz kimi qanunda qüsur dedikdə məhsulun istehsal, normativ, məlumat və s uyğunsuzluğu nəzərdə tutulur. İstehlakçının təqsiri ilə yaranan qüsur və eləcə də qüsuru olmayan məhsul bu qanunun əhatə dairəsinə düşmür və tətbiq oluna bilməz. Dolayısı ilə hazırki hal üzrə də, bu maddədəki 14 günlük müddət tətbiq oluna bilməz. Məhkəmə tərəfindən satıcının müqavilənin hansı şərtinin əhəmiyyətli dərəcədə pozulması araşdırılmamış, sadəcə olaraq bu hala istinad olunmuşdur. Eyni zamanda əgər satıcının (cavabdehin) belə bir pozuntusu mövcud olmuşsa, bu pozuntu nəticəsində alıcıya hansı mühüm zərər vurulduğu qeyri-müəyyən olaraq qalmışdır. Bu isə məhkəmə tərəfindən hüquqi və faktiki əsas olmadan, qanunsuz və əsassız olaraq tərəflər arasındakı müqaviləni pozulması barədə gəldiyi nəticənin səhv olmasına səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh MMC nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
13. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
14. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır .
15. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
17. 570.1.1-ci maddəsinə əsasən müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır.
18. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir
19. 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər.
20. 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun
21. 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdir.
22. 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
23. 26-cı maddəsinə əsasən İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda, cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, iddia tələbinin təmin edilməyən hissəsi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Satıcı müqavilənin predmetini təşkil edən çörək bişirəni alıcıya xx.xx.2023-cü il tarixdə təhvil vermiş, alıcı xx.xx.2023- cü il tarixdə əşyanı geri qaytarmışdır. Satıcı əşyanı xx.xx.2023-cü il tarixdə təhvil almış, xx.xx.2023-cü il tarixdə yoxlanması üçün texniki servisə vermişdir. Texniki servisin xx.xx.2023-cü il tarixli rəyi ilə əşyanın saz vəziyyətdə olduğu və heç bir problemi olmadığı təsdiq edilmişdir. Alıcı əşyadan təyinatı üzrə istifadə edə bilmədiyinə və cərəyana qoşanda qoğu gəldiyinə görə əşyanı yoxlanması üçün satıcıya təhvil vermişdir. Satıcı əşyanı xx.xx.2023-cü il tarixdə təhvil aldıqdan sonra 14 gün ərzində alıcıya qaytarmadığına görə alıcının həmin əşyaya olan marağı itmişdir. Satıcı xx.xx.2023-cü il tarixdə alıcıya məktub ünvanlamaqla, məhsulun nasaz olmadığı barədə məlumat vermişdir. Məhsulun dəyərinin qiymətləndirilməsi yolu ilə geri qaytarılmasını təklif etmişdir. Alıcı aldığı məhsulu istifadə etmədiyi və aldığı günün növbəti günü əşyanı olduğu kimi satıcıya qaytardığına görə, müqaviləni ləğv etmək istəmişdir. Lakin satıcı müqaviləni ləğv etmək istəmədiyi üçün alıcı haqlı olaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər diqqətəlayiq halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə aid edilməlidir.
38. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.