Məhkəmə qərarları › İş №2(103)-702/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-702/2024

20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-702/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil Üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin İcra məmuru X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4097/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan əsassız tələb olunan 12294 manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 anadan olmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə 2017-ci il tarixdə nikahları pozulmuş, uşaqlarının cavabdehin yanında qalması, eləcə də ondan 273,20 manat aliment tutulması qət olunmuşdur. Cavabdehin xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər İcra Şöbəsinin icra məmuru Ziya Abdullayevə ünvanladığı ərizəsinə əsasən alimentin tutulması xx.xx.2018-ci il tarixdən dayandırmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək aliment tutulmasına başlanmasını xahiş etmişdir. İcra məmuru tərəfindən ona ümumilikdə 15113 manat aliment borcu hesablanmışdır. Hesab edir ki, həmin borcun 12294 manat hissəsi əsassız hesablanmışdır. Çünki, cavabdeh şəxsən özü müraciət edərək aliment tələb etmədiyini bildirmiş, eləcə də ərizəsində aliment tutulmayan müddət ərzində yaranmış borcu tələb edəcəyini qeyd etməmişdir. Daha dəqiq, cavabdeh 2018-ci il tarixdən müvəqqəti olaraq aliment tələbini dayandırdığını, sonra lazımi olduğu təqdirdə yenidən aliment tələb etmə səlahiyyətini saxladığını bildirmişdir. O, həmin müddət ərzində cavabdehlə barışıb bir evdə yaşamış, birgə təsərüfat idarə etmişdir. Əgər o, cavabdehin və övladlarının bütün ehtiyaclarını qarşılamışdırsa, niyə yenidən aliment ödəməlidir. Belə çıxır ki, onun 4 ilə yaxın çəkdiyi xərc nəzərə alınmır. Əgər o, uşaqlarını saxlamırdısa və maddi ehtiyaclarını ödəmirdisə niyə cavabdeh xx.xx.2021-ci ilədək gözləyirdi və alimentin yenidən icraya yönəldilməsi barədə müraciət etmirdi. Buradan da bir daha görünür ki, həqiqətən də, o, uşaqlarını saxlamış, lakin icra məmuru əsassız və qanunsuz olaraq ona keçən müddət üzrə aliment borcu hesablamışdır. Bk səbəbdən də hesab edir ki, həmin aliment borcu silinməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4097/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8349/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə yaranmış aliment borcunun 1060 manat hissəsinin silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. İddiaçı qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, cavabdehlə barışaraq bir evdə yaşamaları, bu müddət ərzində övladlarının bütün ehtiyaclarını ödəməsi, bu səbəblə həmin dövr üçün aliment ödəməli olmaması, icra məmuru tərəfindən qanunsuz olaraq həmin dövr üçün aliment borcunun hesablanaraq ondan tələb olunması və s. kimi əsaslandırmışdır. Apellyasiya icraatı zamanı Sumqayıt şəhəri üzrə İcra idarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, həmçinin icra məmuru tərəfindən qanunsuz olaraq cavabdehlə barışıb bir evdə yaşadığı və uşaqlarına baxdığı dövr üçün aliment borcunun hesablanmasını, cavabdehin ərizəsinə əsasən icra vərəqəsinin məhkəməyə geri qaytarılmasını, icra məmurunun hərəkətinin qanunsuz olmasını, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini, birinci instansiya məhkəməsi tərəfindən icra məmurunun hərəkətlərindən şikayət verilməli olmasının izah edilməməsini və s. göstərmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabeh apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermişdir.. Məhkəmə iclasında iştirak edən icra məmuru X10 apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxmış, icra işinin surətini məhkəməyə kollegiyasına təqdim edərək izahatında göstərmişdir ki, icra işi əvvəllər başqa icra məmurunun icraatında olmuş, icra sənədi 2021-ci ildə məhkəmə tərəfindən yenidən icraya yönəldildikdən sonra onun icraatına verilmişdir. İcra işindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2017-ci il tarixli, 2(060)-8349/2017 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 136.60 manat olmaqla, hər ay cəmi 273.20 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, qətnaməyə icraya yönəldilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin 26 sentyabr 2017-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata başlanılmışdır. Tələbkar Cavabdeh 12 yanvar 2018-ci il tarixli ərizə ilə müraciət edərək, borclu İddiaçı ilə barışmasını göstərmiş, bu səbəbdən də 12 yanvar 2018-ci il tarixdən alimenti tələb etməməsini, icra sənədinin icrasız məhkəməyə qaytarılmasını xahiş etmişdir. Tələbkarın ərizəsi nəzərə alınmaqla, Sumqayıt şəhəri üzrə İcra idarəsinin 25 yanvar 2018-ci il tarixli qərarı ilə icra sənədi icrasız məhkəməyə qaytarılmışdır. Tələbkar 04 oktyabr 2021-ci il tarixdə ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmiş, bu səbəbdən də Sumqayıt şəhər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli məktubu ilə icra sənədi yenidən icraya yönəldilmişdir. Həmin vaxtı icra sənədi onun icraatına verilmişdir. O, tələbkarın müraciətini də nəzərə alaraq 12 yanvar 2018-ci il tarixdən etibarən aliment borcunu hesablamışdır. Hazırki vəziyyətdə borclu köçən dövr üzrə aliment borcunu ödəməmiş, həmin borcun silinməsi üçün iddia ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq qeyd edir ki, tələbkar 12 yanvar 2018-ci il tarixdən sonra alimentlə bağlı icra idarəsinə şikayət etməmiş, yalnız 04 oktyabr 2021-ci il tarixdə alimentin yenidən tutulmasını tələb etmişdir. İcra sənədi tələbkarın ərizəsinə əsasən məhkəməyə qaytarıldığından, keçək dövr üzrə ümumiyyətlə hər hansı icra tədbirləri həyata keçirilməmişdir. Məhkəmə kollegiyası, izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir. Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılması ilə bağlı qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair “ 6 oktyabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında hər kəsin hüquq və qanuni maraqlarının qorunmasında məhkəmə aidiyyətinin dəqiq müəyyən edilməsinin əhəmiyyətini vurğulamaqla yanaşı, bu qaydalara uyğun olaraq qəbul edilən qərarların icrasının ümumilikdə məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmasını da xüsusilə qeyd etmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə, işin hallarına, iddia tələbinin hüquqi təbiətinə, həmçinin aşağıdakılara əsasən hesab edir ki, hazırki məsələ icra icraatı qaydasında həll edilməli məsələ olmaqla, ona mülki mühakimə icraatı qaydasında (iddia icraatı qaydasında) baxıla bilməz. İşdən, habelə icra işi materiallarının surətindən görünür ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 136.60 manat olmaqla, hər ay cəmi 273.20 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir və qətnaməyə icraya yönəldilmişdir (əsas: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8349/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi). Sumqayıt şəhəri üzrə İcra idarəsinin 26 sentyabr 2017-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata başlanılmış, lakin tələbkar (hazırki iş üzrə cavabdeh) 12 yanvar 2018-ci il tarixli ərizə ilə icra idarəsinə müraciət edərək, borclu (hazırki iş üzrə iddiaçı) ilə barışması ilə əlaqədar alimenti 12 yanvar 2018-ci il tarixdən müvəqqəti olaraq tələb etməməsini, icra sənədinin məhkəməyə qaytarılmasını, zərurət yarandığı təqdirdə alimentin yenidən ödənilməsini tələb edəcəyini göstərmişdir. Tələbkarın qeyd edilən ərizəsi nəzərə alınmaqla, Sumqayıt şəhəri üzrə İcra idarəsinin 25 yanvar 2018-ci il tarixli qərarı ilə “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən icra sənədi icrasız məhkəməyə qaytarılmışdır (tərəflər sonradan da qeyd edilən qərarı mübahisələndirməmişlər). Tələbkar (hazırki iş üzrə cavabdeh) yalnız 04 oktyabr 2021-ci il tarixdə ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, ailə münasibətlərinin pisləşməsi səbəbindən alimentin verilməsini tələb etmiş, bu səbəbdən də Sumqayıt şəhər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli məktubu ilə icra sənədi yenidən icraya yönəldilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin 22 oktyabr 2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, eyni zamanda icra məmuru tərəfindən keçən dövrü də (12 yanvar 2018-ci il tarixdən icra sənədinin yenidən icraya yönəldiyi vaxtadək) əhatə edən aliment borcu hesablanaraq borcludan tələb olunmuşdur. Hazırda iddiaçı (borclu) məhz icra məmurunun keçən dövr üzrə hesabladığı aliment borcunu mübahisələndirərək, bununla bağlı icra məmurunun hərəkətinin qanuni olmadığını, tələbkarın ərizəsinə əsasən icra sənədinin məhkəməyə qaytarılmasını, çünki həmin dövrdə barışaraq bir ailə kimi birlikdə yaşamalarını, ailənin və uşaqlarının ehtiyaclarını qarşılamasını, buna tələbkarın hər hansı etirazının olmamasını, həmin müddət ərzində icra məmuruna müracət etməməsini və s. göstərmişdir. Ailə Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə görə, borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 106.5-ci maddəsinə əsasən, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, icra mərhələsində aliment borcları məhz icra məmuru tərəfindən müəyyən olunur və mübahisə halında tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər (çünki, bu kimi hallar alimentin ödənilməsi zamanı, yəni icra mərhələsində aşkar olunan hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır). İddiaçının hazırki tələbi də məhz qanuni qüvvədə olan məhkəmə aktının icrası sahəsində qətnamə ilə müəyyən olunmuş aliment borcunun icra məmuru tərəfindən düzgün müəyyən olunmaması və s. bu kimi hallarla bağlıdır. Həmin məsələ isə yeni iddia vermək yolu ilə deyil, yalnız icra qaydasında («İcra haqqında» Qanunun və MPM-nin 231 və əlaqəli digər maddələrinin tələbləri çərçivəsində) həll oluna bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Qeyd edilən normalardan da göründüyü kimi, məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilməklə, sonra müvafiq qərarla yekunlaşır. Eyni zamanda icra məmuru icra sənədi üzrə qalıq borc məbləğini müəyyən etməklə, icranın qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi istiqamətində hərəkətlər edir. Tərəflər isə icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) qanunla müəyyən olunmuş formada və qaydada şikayət vermək hüququna malikdirlər. Bununla yanaşı, yuxarıda qeyd edilən normada göstərildiyi kimi icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət eyni zamanda məhkəmə tərəfindən də öz səlahiyyətləri daxilində həyata keçirilir. Lakin, belə nəzarət yeni iddia vermək yolu ilə deyil, MPM-in 230,231, 232 və digər normaları, həmçinin “İcra haqqında” Qanunun tələbləri çərçivəsində həyata keçirilir. Sonda məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, bu kimi mübahisələrin icra qaydasında həll olunması, bir tərəfdən qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsi olmaqla, eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin qısa müddətdə tam və hərtərfli həllinə yönəlmişdir. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı qaydasında) qaydasında baxılmalı olmasını ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçı məhkəmə qərarının icrası zamanı yaranan müvafiq mübahisəli məsələni yeni iddia vermək yolu ilə həll etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən halları nəzərə almamış, əsassız olaraq həmin iddia ərizəsini icraata qəbul edərək, ona mahiyyəti üzrə baxmışdır. Belə olan halda isə, yəni birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, nəticədə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi qənaətinə gəldiyindən, apellyasiya şikayətinin dəlillərinə mahiyyəti üzrə baxılmasını zəruri hesab etmir. MPM-in 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4097/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4097/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddia ərizəsində göstərilən mübahisəli məsələ yalnız qanunvericiliyin tələblərinə uyğun icra qaydasında həll oluna bilər. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar