Məhkəmə qərarları › İş №2(103)-7023/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7023/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7023/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" QSC, "xxxx" QSC X11 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2583/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" QSC, "xxxx" QSC, X11 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 5000 manat hissəsinin və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində 8.220 manat dəbbə pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçının hesabına ödənilməsi, tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 1878,96 manat hissəsinin cavabdehlər Cavabdeh1 QSC-dən, ”Muğan KİTT” MMC-dən və X4 müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 29.10.2014-cü il tarixində, saat 11:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqai küçəsi ilə N.Yusifbəyli küçəsinin kəsişməsində, "xxxx"QSC-nin mülkiyyətində olan “Lexus LX 570” markalı, 99-AF399 (köhnə dövlət qeydiyyat nişanı **-GH-***) dövlət qeydiyyat nişanlı avtomobil 10.10.2014-cü il tarixli, № ET 001-178/ 2014 saylı etibarnaməyə əsasən X11 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Bakı Sığorta“ASC-də sığortalanmış “Mitsubishi ASX” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Nərimanov RPİ DYPŞ-nin 29.10.2014-cü il tarixli15546 saylı arayışına və 29.10.2014-cü il tarixli, CYP 756190 saylı inzibati xəta haqqında protokoluna və inzibati xəta haqqında iş üzrə qərarına əsasən “Lexus LX 570 ” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 hadisənin baş verməsində təqs bilinərək Azərbaycan Respublikasının İXM 151.2-ci maddəsinə əsasən 60 manat cərimə edilmişdir. Cavabdeh1 QSC-nin 02.12.2019-cu il tarixli, 179/12-20 saylı məktubuna və əlavə edilmiş sənədlərə əsasən “Lexus LX 570 ” markalı, **-AF-*** dövi qeydiyyat nişanlı avtomobil 10.10.2014-cü il tarixli, LM 178/102014 saylı daxili maliyyə lizin müqaviləsinə əsasən lizinq alan "xxxx" MMCyə lizinqə verilmişdir və avtomobil üzərində faktiki sahiblik və istifadə hüquqları lizinq alana məxsus olmuşdur. “Mitsubishi ASX” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil MİB-HO-0552-0/13 saylı sığorta şəhadətnaməsi ilə "xxxx" ASC tərəfindən 17.09.2013-cü il tarixindən 17.09.2014-cü tarixindək 26.500 manat sığorta məbləği və sığorta dəyəri olmaqla “avto kasko” qaydaları ilə tam sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi ilə hər bir sığorta hadisəsi üzrə şərtsiz azadolma məbləği tərəflər arasında 500, manat razılaşdırılmışdır. 04.12.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Mitsubishi ASX ” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 7378,96 manat məbləğində müəyyən edilmişdir. 04.12.2014-cü il tarixli, 822/14 saylı sığorta aktına və 05.12.2014 cü il tarixli, 001573 saylı kassa məxaric orderinə əsasən, zərər məbləğindən 500 manat məbləğində azadolma məbləği çıxılmaqla 6878,96 məbləğində sığorta ödənişi “Mitsubishi ASX” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və MİB-HO-0552-0/13 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı, X2 ödənilmişdir. www.isb.az saytından çıxarışa əsasən, hadisə anına X6 idarə etdiyi “Lexus LX 570 ” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. "xxxx" ASC 29.10.2014-cü il tarixli elektron və 21.11.2014-cü il tarixli, BS-C-14/0973 saylı məktubla müraciət edilərək zərər məbləğinin razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. Həmçinin 12.01.2018-ci il tarixli, BS-C-18/0047 saylı “subroqasiya tələbinə dair” məktubu ilə iddiaçı sığorta ödənişini etdikdən sonra cavabdehin idarə etdiyi avtomobil sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini sığorta etmiş “Azərsığorta” DSKŞ-yə sığorta tələbi ilə müraciət etmişdir. Lakin, lakin sığorta ödənişi bu günə kimi ödənilməmişdir. 22.04.2019-cu il tarixli, BS-C-19/0697 saylı şikayət məktubu "xxxx" ASC tərəfindən AR MBNP-na göndərildikdən sonra “Azərsığorta” DSKŞ-nin 14.05.2019-cu il tarixli 08/B-426 saylı məktubla məbləğin "xxxx" ASC-nin hesabına ödənildiyi qeyd edilmişdir. Lakin məlum olmayan səbəblərdən bu günə kimi məbləğin hesaba köçürüldüyünü təsdiq edən heç bir sənəd iddiaçıya təqdim edilməmişdir. 27.11.2019-cu il tarixli, №BS-C-19/1838 saylı və 09.12.2019-cu il tarixli, BS-C-19/1919 saylı geriyə tələb (pretenziya) məktublarından göründüyü kimi, 1878,96 manat məbləğinin geri ödənilməsi tələbi iddiaçı tərəfindən digər cavabdehlərin ünvanlarına göndərilmişdir. İddia tələbinin cavabdeh “Azərsığorta” DSKŞ-yə qarşı dəbbə pulunun hesablanması hissəsində müddətin axımının cavabdeh “Azərsığorta” DSKŞ-nin iddiaçıya təqdim etdiyi 14.05.2019-cu il tarixli, 08/B-426 saylı məktubda qeyd etdiyi ödənişin ödənildiyi tarixdən, yəni 23.06.2015-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi 24.01.2020-ci il tarixədək Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən (sığorta ödənişi 7 iş günü ərzində ödənilməli idi) 23.06.2015-ci il tarixdən 24.01.2020-ci il tarixədək cəmi 1644 gün (5000/100*0.1*1,644=8.220) 8.220 manat məbləğində gecikdirilmiş günlər üçün dəbbə pulu cavabdeh “Azərsığorta” DSKŞdən tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2583/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ödənilmiş sığorta ödənişinin 5000 manat hissəsi və 200 manat dəbbə pulu olmaqla, cəmi 5200 manatın tutularaq iddiaçı ’’Bakı Sığorta” ASC-nin xeyrinə ödənilməsi, cavabdeh X5 ödənilmiş sığorta ödənişinin 1878,96 manat hissəsinin tutularaq, iddiaçı ’’Bakı Sığorta” ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və X5 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının müştərək qaydada tutularaq, iddiaçı ’’Bakı Sığorta” ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin onlara aid hissədə rədd edilməsini xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin sübutlara düzgün qiymət vermədiyi, iddia müddətinin tətbiqi barədə ərizəni əsassız olaraq təmin etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən apellyatorun nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə hazırki tələbin müqavilədən irəli gəlmədiyini bildirərək iddia müddətinin ötürülmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər (nümayəndələri) məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə iddianın təmin olunmasına dair hissədə yoxlanılması təşkil edir. Belə ki, qətnamə iddiaçı və digər cavabdeh tərəfindən mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan və digər cavabdehə aid təmin olunan hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığortası üzrə sığortalanaraq, "xxxx" QSC-nin mülkiyyətində olan, X11 tərəfindən idarə olunan “Lexus LX 570” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni 29.10.2014-cü il tarixində, saat 11:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqai küçəsi ilə N.Yusifbəyli küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən 17.09.2013-cü il tarixindən 17.09.2014-cü tarixindək 26.500 manat sığorta məbləği və sığorta dəyəri olmaqla “avto kasko” qaydaları ilə tam sığortalanmış “Mitsubishi ASX” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “Mitsubishi ASX” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində X12 təqsirli bilinmişdir. Bu hal iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ DYPŞ-nin 29.10.2014-cü il tarixli 15546 saylı arayışı, 29.10.2014-cü il tarixli, CYP 756190 saylı inzibati xəta haqqında protokolu və inzibati xəta haqqında iş üzrə qərarı ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan 04.12.2014-cü il tarixli zərərin hesablanması akta uyğun olaraq “Mitsubishi ASX” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7378,96 manat ziyan dəymişdir. İşə əlavə olunmuş 04.12.2014-cü il tarixli, 822/14 saylı sığorta aktından və 05.12.2014 cü il tarixli, 001573 saylı kassa məxaric orderindən görünür ki, Bakı Sığorta” ASC tərəfindən zərər məbləğindən 500 manat məbləğində azadolma məbləği çıxılmaqla 6878,96 məbləğində sığorta ödənişi “Mitsubishi ASX” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və MİB-HO-0552-0/13 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı, X2 ödənilmişdir. İş materiallarında olan www.isb.az saytından çıxarışdan görünür ki, hadisə anına X7 idarə etdiyi “Lexus LX 570 ” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. İş materiallarında olan “Azərsığorta” DSKŞ-nin AR MBNP-na ünvanladığı 14.05.2019-cu il tarixli 08/B-426 saylı məktubdan görünür ki, “Mitsubishi ASX” markalı 90SJ-877 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlqədar 5000 manat sığorta ödənişinin 23.06.2015-ci il tarixli 414 saylı ödəniş tapşırığı ilə "xxxx" ASC-nin hesabına ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan 10.10.2014-cü il tarixli ET 001-178/10-2014 saylı etibarnamədən göründüyü kimi, lizinqalan ”Muğan KİTT” MMC-nin 10.10.2014-cü il tarixli məktubu nəzərə alınaraq, lizinq verən "xxxx" QSC tərəfindən “Lexus LX 570” markalı, **- AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması X8 10.05.2015-ci il tarixinədək etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə 29.10.2014-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış “Lexus LX 570 ” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən cavabdeh X12 təqsirli bilindiyindən birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə qismən təmin etməkdə haqlı olmuşdur. Kollegiya apellyatorun “iddia müddətinin tətbiq edilməli olması” dəlilini əsassız sayır; çünkü iddiaçının tələbi müqavilə münasibətlərindən deyil, deliktdən irəli gəlir və bu tələbə 3 illik iddia müddətini tətbiq etmək mümkün deyildir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2583/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar