Məhkəmə qərarları › İş №2(103)-703/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-703/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-703/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sirməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Lənkəran rayon İcra və Probasiya şöbəsi, X7 və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi tələbinə dair” iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(005)-1994/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi əvvəllər 245.3 kv.metr (hazırda isə faktiki olaraq 650 kv.metr) olan qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı “Muğanbank" ASC-nin cavabdehlər İddiaçı və Vaqif İsayevə qarşı borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın boşaldılması və borcun satılmış əmlakın vəsaiti hesabına ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı ödəniş günü milli manat nəzənnəsində 15 dekabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 169945,37 ABŞ dolları, faiz borcuna görə 8141,10 ABŞ dolları, cəmi 178086,47 ABŞ dolları məbləğdə pulun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın digər cavabdeh Vaqif İsayevin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 245.3 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən tərəfindən apellyasiya şikayəti verilsə də, Şirvan Apellyasiya Məhkəməsinin 29 fevral 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Lənkəran Rayon Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən kassasiya şikayəti verilsə də, kassasiya şikayəti də təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Lənkəran rayon İcra şöbəsinə göndərilmiş və icra söbəsində icraatda olduğu zaman ipotekaya qoyulmuş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 245.3 kv.m olan qeyri-yaşayış binasının qiymətləndirilməsi üçün “Tərəqqi" MMC-yə müraciət edilmiş və Cavabdeh MMC tərəfindən verilmiş 16 dekabr 2016-cı il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmetinin qiyməti 400000 manat dəyərində müəyyən edilmişdir. Həmin qiymətlə razılaşmaq mümkün deyildir. Belə ki, hazırda həmin qeyri-yaşayış binasının qiyməti 400000 manat deyildir. Həmin bina keçən 5 il müddətində əsaslı təmir və əlavələr edilməklə ümumi sahəsi hesabatdan sonra 245,3 kv metr deyil, 650 kv.metrdən də çoxdur. Həmin qeyri-yaşayış binasının qiyməti hazırda təqribən 2000***-******* manat təşkil etdiyi halda “Tərəqqi" MMC tərəfindən 400000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh MMC tərəfindən ipoteka predmeti qiymətləndirilərkən əmlakın qiymətləndirilməsi barədə hesabatda qeyd edilmiş qiymətin müəyyən edilməsi meyarları pozulmuşdur. Belə ki, əmlak qiymətləndirilərkən analoji əmlakların bazar dəyəri təhlil edilməmiş, uyğun əmlakların müqayisəli təhlili aparılmamış, onun iştirakı təmin edilməmiş, başqa obyektin şəkili çəkilib, qiymətləndirməyə təqdim edilmiş, ona xəbərdarlıq edilməmişdir. Eyni zamanda qiymətləndirmə zamanı əmlakın dəyərinə təsir göstərən aşağıdakı faktorlar tədqiq edilməmişdir. Qiymətləndirmə zamanı əmlakın yerləşidiyi rayon və yerləməsi, nəqliyyat magistrlərinə münasibliyi, kommersiya cazibədarlığı və aşınma (fiziki, mənəvi, funksional) kimi faktorlar nəzərə alınmamışdır. Belə ki, həmin obyekt şəhərin mərkəzində yerləşir, yolun kənarındadır, cəlbedici yerdə yerləşir. Eyni zamanda qiymətləndirmə zamanı qiymətləndirmə metodlarından tam və qismən istifadə olunmamışdır. Belə ki, iddiaçının həmin obyektə çəkdiyi xərc 400000 manatdan dəfələrlə çoxdur. Belə olan halda necə olur ki, həmin obyektə 400000 manat qiymət qoyulur. Həmin qiymətləndirmədən uzun müddət keçsə də hərrac keçirilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(005)- 1994/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh, digər üçüncü şəxslər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehin, digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Lənkəran Rayon Məhkəməsinin 28.09.2015-ci il tarixli, 2(049)-3365/2015 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı 15.12.2011-ci il tarixli 3141/KTN saylı kredit müqaviləsi üzrə əsas kredit borcu kimi 169945,37 ABŞ dolları, faiz borcu kimi 8141,10 ABŞ dolları, cəmi 178086,47 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh İddiaçı tutulacaq 178086 ABŞ dolları 47 sent məbləğində kredit borcunun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması, cavabdeh İddiaçı tutulmalı olan cəmi 178086.47 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu üzrə tutma məbləğinin "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan Lənkəran şəhəri, Qala Xiyabanı, 13a ünvanında yerləşən ümumi sahəsi 245.3 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. Qətnamənin icrasını təmin etmək məqsədi ilə Lənkəran rayon İcra şöbəsinin 22.06.2016-cı il tarixli, 5543/03 saylı sifariş məktubuna və Lənkəran Rayon Məhkəməsinin 28.09.2015-cı il tarixli, 2(049)-3365/2015 saylı icra vərəqəsinə əsasən Cavabdeh MMC tərəfindən X5 məxsus Lənkəran şəhəri, Qala Xiyabani 13a ünvanda yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 400000 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC-nin 16.08.2021-ci il tarixli, ƏEM/A 53-819/21 nömrəli ekspet rəyinə əsasən aparılmış hesablamalara və təkliflərə əsasən İddiaçı məxsus Lənkəran şəhəri, Qala Xiyabani 13a ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 16.08.2021-ci il tarixinə bazar qiyməti 420000 manat, likvid dəyəri 380000 manat təşkil etdiyi göstərilmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ümumi sahəsi 245,3 kv.m olan 2 mərtəbəli Lənkəran şəhəri, Qala Xiyabanı, 13a saylı qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyət hüququ kimi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 20.10.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 28.09.2015-ci il tarixli, 2(049)-3365/2015 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və X5 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın açıq hərracdan satılması, əmlakın boşaldılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı 15.12.2011-ci il tarixli 3141/KTN saylı kredit müqaviləsi üzrə əsas kredit borcu kimi 169945,37 ABŞ dolları, faiz borcu kimi 8141,10 ABŞ dolları, cəmi 178086,47 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh İddiaçı tutulacaq 178086 ABŞ dolları 47 sent məbləğində kredit borcunun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması, cavabdeh İddiaçı tutulmalı olan cəmi 178086,47 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu üzrə tutma məbləğinin "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan Lənkəran şəhəri, Qala Xiyabanı, 13a ünvanında yerləşən ümumi sahəsi 245.3 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. X2 Məhkəməsinin Mülki Kollegiyasının 29.02.2016-cı il tarixli, 2(106)-171/2016 saylı qətnaməsinin surətinə əsasən 2(049)-3365/2015 saylı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 28.09.2015-ci il tarixli, 2(049)-3365/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli, 2(005)- 568/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Respubiik Xammal və Əmtəə Birjası Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəii sürən üçüncü şəxs "Muğanbank” Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair ilk, iddiaçı “Muğanbank" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X5 qarşı “borcun tutulması tələbinə dair” qarşılıqlı iddia ərizələri təmin edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli, 2(005)- 568/2018 saylı qətnaməsindən görünür ki, həmin mülki iş üzrə «X4» Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.07.2018-ci il tarixli 164/LBC nömrəli rəyinə əsasən, ünvan 4 ünvanda yerıəşən ümumi sahəsi 245.3 kv.metr elan qeyri-yaşayış binasının 2016-cı il tarixə olan orta bazar qiyməti 405000 (dörd yüz beş min) manat, hazırki dövrə olan orta bazar qiyməti isə 400000 (dörd yüz min) manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh MMC-nin 16.12.2016-cı il tarixli, 258 saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ının surətindən görünür ki, Lənkəran rayon İcra şöbəsinin 22.06.2016-cı il tarixli, 5543/03 saylı sifariş məktubuna və Lənkəran Rayon Məhkəməsinin 28.09.2015-cı il tarixli, 2(049)- 3365/2015 saylı icra vərəqəsinə əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən Cavabdeh MMC tərəfindən X5 məxsus Lənkəran şəhəri, Qala Xiyabani 13a ünvanda yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 400000 manat təşkil edir. "xxxx" MMC-nin 16.08.2021-ci il tarixli, ƏEM/A 53-819/21 nömrəli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən İddiaçı məxsus Lənkəran şəhəri, Qala Xiyabani 13a ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 16.08.2021-ci il tarixinə bazar qiyməti 420000 manat, likvid dəyəri 380000 manat təşkil edir. 01.03.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır; 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-nin 16.08.2021-ci il tarixli, ƏEM/A 53- 819/21 nömrəli ekspert rəyində əmlakın təsviri, təmiri haqqında məlumat verilmiş, müxtəlif profillərdən şəkilləri çəkilmiş, obyektə uyğun satış və təkliflər tapılaraq təhlil olunmuşdur. Araşdırılmış qiymətlər arasındakı fərq faiz nisbəti ilə müəyyənləşdirilmiş, bazar qiyməti müəyyən edilmişdir. Qiymətləndirmə zamanı həmin qiymətləndirmə obyektinə dair qiymətin hansı meyarlara əsasən təyin olunduğu göstərilmişdir. Mübahisələndirilən Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh MMC-nin 258 saylı 16.12.2016-cı il tarixli və "xxxx" MMC-nin 16.08.2021-ci il tarixli, ƏEM/A 53-819/21 nömrəli rəyləri ilə əmlaka dair müəyyən edilmiş qiymətlər arasında 20 min manat məbləğində fərq mövcuddur. Göründüyü kimi, mübahisələndirilən hesabatda göstərilmiş qiymətlərin açıq-aşkar əsassız olduğunu təsdiq edən sübutlar məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi hər iki ekspert rəyi ilə müəyyən edilmiş qiymətləri müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlmişdir ki, Cavabdeh MMC tərəfindən iddiaçının əmlakı qiymətləndirilərkən, qeyri-yaşayış sahəsinin texniki göstəricilərinə dair düzgün məlumatlar yazılmış və əmlakın bazar dəyəri təyin edilərkən ekspert rəyləri ilə müəyyən edilmiş qiymətlər arasında fərqlər digər rəyin əsassız və ya qeyri-obyektiv olması üçün əsas yaratmır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən qiymətləndiricinin hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. İcra icraatı zamanı isə tələbkarın hüququnun pozuntusunun yarandığı an qiymətləndirmənin aparılaraq hər hansı bir qiymətin müəyyən edildiyi an deyildir. Həmin an müəyyən edilmiş qiymətləndirmə əsasında əmlakın tələbkara təklif olunaraq onun tərəfindən qəbul edildiyi və yaxud yenə müəyyən edilmiş qiymətləndirmə əsasında icra məmurunun sifarişi üzrə hərracın keçirilməsi nəticəsində əmlakın satıldığı andır. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndirilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini təmin etməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Bu səbəbdən iddianın təmin edilməməsi barədə qətnamə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(005)- 1994/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar