Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7032/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X10 cavabdehlər X11 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-7032/2022 (Açar sözlər: aliment) Bakı şəhəri 02 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (anası) X3, nümayəndəsi-vəkili X6 iştirakı ilə, İddiaçı X10 cavabdehlər X11 qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli e-2(002)-1680/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 02 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X17 ilə X15 ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar. Onlar arasında nikah Qaradağ Rayon Məhkəməsinın xx.xx.2017-ci il tarixli, 2(002)-2087/2017 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X2 Rəna Alik qızının himayəsində saxlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X17 cavabdeh X11 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən birgə nikahdan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün X5 14 mart 20017-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin alınaraq ona ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2007-ci ildə nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu l təvəllüdlü X16 adlı övladları dünyaya gəlmişlər. Cavabdehlə evləndikləri ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan cavabdehın ailəyə münasibəti dəyişmiş və uşaqları ilə maraqlanmamışdır. O uzun müddət uşaqların xatirinə və ailənin dağılmaması üçün bir çox şeylərə göz yumuşdur. Sonralar o, nikahın pozulması, uşaqların onun himayəsinə verilməsi və aliment tələbi üzrə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu zaman ona məlum olmuşdur ki, cavabdeh ilə nikahı Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-2087/2017 saylı qətnamə ilə pozulmuşdur. Həmin vaxt o da aliment tələb etmək niyyətində olacaqdır, lakin cavabdeh onunla yaşayayaşaya və vədlər verməklə onu aliment tələbindən yayındırmış, özü isə nikahın pozulmasına dair məhkəmədə iddia qaldırmışdır. O, isə bu illər ərzində cavabdehin anasına məxsus evdə uşaqları ilə birlikdə yaşayaraq, cavabdehin yaşlı anasının və uşaqlarının qeydinə qalmışdır. Neçə illərdir ki, qohum-əqrabanın təkidlərinə görə ailəsini saxlamış və cavabdehin bir gün geri qayıdacağına inanmışdır. Özü müəllimə işləyir. Aylıq məvacibi uşaqların saxlanmasına çatmir. Ona görə də cavabdehdən nikahın pozulduğu tarixdən aliment tutlmasını xahiş edir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 avqust 2022-ci il tarixli e-2(002)-1680/2022 saylı qətnaməsi ilə (hakim Kamran Əsədov) iddianın qismən təmin edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh X5 xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçı X10 xeyrinə hər ay iki uşağa görə - iddiaçının qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay bir uşağa görə 72 manat, iki uşağa görə cəmi 144 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməsi, aliment tələbinin ödənilmiş hissəsinə mütənasib olaraq 51 manat dövlət rüsumu cavabdeh X5 tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələri, 34-cü maddəsinin İİİ və İV hissələri Azərbaycan Respublikası Ailə Məcəllənin 75.1, 76.1.2, 78.1, 99, 100.2ci, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə iddia ərizəsində qeyd edilmiş faktlara heç bir hüquqi qiymət verməmiş, bir dəfə də, olsun məhkəmə iclasında iştirak etməmiş cavabdeh İlham Yusibovun adına olan əmək müqaviləsinə əsaslanaraq, qətnamə qəbul etmişdir. Hansı ki, qətnamə elan olunan günə qədər belə bir müqavilədən xəbərləri olmamışdır. Digər tərəfdən «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının 03 dekabr 2021-ci il tarixli Qanunu ilə Azərbaycanda 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Мəһkəmə hətta müraciət götürürdüsə, nə üçün heç olmasa uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumunu əsas götürmədi. Bu da, bir faktdır ki, əhkəmə işə qərəzli baxmışdır. Bir məsələ də, qeyd edilməlidir ki, İlham Yusibov alimentə gəlincə, ayda guya 400 manat əmək haqqı aldığını qabardır, amma maraqlıdır ki, sosial şəbəkələrdə qızıl zinət əşyaları ilə, əlində külli miqdarda ABŞ dolları ilə şəkil çəkdirir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi, nümayəndəsi-vəkili apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişlər.
10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
11. Maddə 17. 1-ci hissə. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir
12. Maddə 17. 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 13 Maddə 34. 5-ci hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
14. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
15. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
18. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
19. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
20. Maddə 18. 1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki apellyasiya baxışının predmetini iddianın təmin olunmayan hissəsi üzrə qətnamənin yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə uşaqların saxlanılmasına görə tutulacaq alimentin sabit pul məbləğinə aid hissədə dəyişdirilməlidir.
28. Cavabdehdən tutulmalı olan alimentin məbləğinə və bununla bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. Hazırki iş üzrə iş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqavilə bildirişindən görünür ki, X8 adına əmək müqaviləsi mövcuddur və əmək haqqı 400 manat təşkil edir.
30. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 2 üşağa görə cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulmasına dair düzgün nəticəyə gəlmişdir.
31. İddiaçı cavabdehin başqa gəlirləri olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
32. Kollegiya qeyd edir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022cu il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.”.
33. Kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi sabit pul məbləğində aliment göstərilən halların məcmusu baxımından ədalətli deyildir və uşaqların marağının pozulması hallarını yarada bilər.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsinin uşaqların saxlanılmasına görə tutulacaq alimentin sabit pul məbləğinə aid hissədə dəyişdirilərək uşaqların saxlanılmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 90 manat, cəmi 180 manat məbləğində alimentin alınaraq iddiaçıya verilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1680/2022 saylı iş üzrə 17 avqust 2022-ci il tarixli qətnaməsi uşaqların saxlanılmasına görə tutulacaq alimentin sabit pul məbləğinə aid hissəsi dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh X5 hər ay hər uşaq üçün 90 (doxsan) manat, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X9 verilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov