Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-7040/2025 19.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh “xxxx”MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx”MMC-yə qarşı “nəqliyyat vasitəsinin məhdudiyyətdən azad olunması, cərimənin aid edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh “xxxx” MMC-yə (bundan sonra, cavabdeh) qarşı “nəqliyyat vasitəsinin məhdudiyyətdən azad olunması, cərimənin aid edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “DAF FTXF 105 yük” markalı, (köhnə nömrəsi ** ZP ***, yeni nömrəsi ** EB ***) dövlət qeydiyyat nişanlı və “Krone SDR 27 Yarımqoşqu” markalı, (köhnə nömrəsi ** ZH ***) dövlət qeydiyyat nişanlı (yeni nömrəsi ** ZA ***) olan nəqliyyat vasitələrinin cavabdehlər “xxxx” MMC-nin hesabına tranzit yükün boşaldılaraq məhdudiyyətdən azad olunması, nəqliyyat vasitələrinə hesablanmış cərimələrin cavabdeh “xxxx”MMC-nə aid edilməsi və ona dəymiş əldən çıxmış fayda formasında 30.000 manat ziyanın, həmçinin tərəfindən ödənilmiş 180 manat dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı mülkiyyətində olan “DAF FTXF 105 yük” markalı, (köhnə nömrəsi ** ZP ***) dövlət qeydiyyat nişanlı yeni nömrəsi ** EB *** olan və “Krone SDR 27 Yarımqoşqu” markalı, (köhnə nömrəsi ** ZH ***) dövlət qeydiyyat nişanlı yeni nömrəsi ** ZA *** olan nəqliyyat vasitələrinin tranzit yükü boşaldılaraq məhdudiyyətdən azad olunması, iddiaçı İddiaçı dəymiş ziyan kimi əldən çıxmış fayda olaraq 10.500 (on min beş yüz) manat “xxxx” MMC-dən tutularaq, iddiaçı İddiaçı ödənilməsi, iddiaçı İddiaçı tərəfindən dövlət rüsumu kimi 121,50 (yüz iyirmi bir manat, əlli qəpik) manat cavabdeh “xxxx”MMC-dən tutularaq, iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçı İddiaçı aid edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş və şikayətində maddi və prosessual hüquq normalarının pozulmasını, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmamasını, cavabdehin hüquqi şəxs kimi kommersiya fəaliyyəti ilə məşğul olması, tərəflər arasında çox saylı müqavilələrin olması, onlardan bəzilərinin məhkəməyə təqdim olunması, ** nömrəli müqavilə əsasında nəqliyyat vasitəsini öz adına özəlləşdirməsi, nəqliyyat vasitəsinin başqa şəxsə məxsus olması, məhkəmə tərəfindən bütün müqavilələrin araşdırılaraq tərəflər arasında faktiki münasibətlərə düzgün hüquqi qiymətin verilməməsi və s. göstərmişdir. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək orada göstərilənlərə, eləcə də birinci instansiya məhkəməsində iddiaya qarşı verilmiş etiraza uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq təmin olunmamasını xahiş etmiş, eləcə də iddiada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, mülki iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə ## ### 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə ## ######## 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır (Konstitusiya Məhkəməsi Plenumunun «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair» # ####### 2012-ci il, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair» # ##### 2012-ci il, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair» ## #### 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hər bir iddia ərizəsini icraata qəbul edib, ona mahiyyəti üzrə baxarkən ilk növbədə həmin mübahisənin onun səlahiyyətinə aid olub-olmaması məsələsini yoxlamalıdır. İşdə olan sübutlardan, eləcə də Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, iddiaçı fərdi sahibkar kimi, cavabdeh isə hüquqi şəxs kimi dövlət qeydiyyata alınmışlar. Belə ki, iş materiallarında olan * saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş sənədlərdən görünür ki, iddiaçı ##.##.2017-ci il tarixdə 2904322332 saylı VÖEN əsasında fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 2KR, ev 50, mənzil 23 kimi göstərilmişdir. Eyni zamanda, cavabdeh MMC ##.##.2019-ci il tarixdə ********** saylı VÖEN əsasında kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1 kimi göstərilmişdir. Həmçinin tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin xarakterindən aydın olur ki, hazırki mübahisə onlar arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi istiqamətində yaranmışdır (tərəflər bu halı təsdiq edirlər). Belə ki, işin hallarından və tərəflərin izahatlarından görünür ki, əvvəllər tərəflər arasında mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı mülki hüquqi münasibətlər yaranmış, həmin nəqliyyat vasitəsilə cavabdeh hüquqi şəxs məhz sahibkarlıq fəaliyyətini həyata keçirmiş (yüklərin daşınması və s.), lakin müəyyən səbəblərdən mübahisə yaranmış və iddiaçı yuxarıda qeyd edilən tələblərlə məhkəməyə müraciət etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı mübahisənin kommersiya xarakterli olmasını bildirərək, müvafiq yazılı vəsatətlə müraciət etmiş, vəsatət təmin olunmamış, lakin bu barədə qəbul edilmiş ##.##.2025-ci il tarixli qərardaddan görünür ki, o ümumiyyətlə əsaslandırılmamış, sadəcə prosessual normalara istinadla kifayətlənmişdir. Birinci instansiya məhkəməsi iddiaçının fərdi sahibkar kimi qeydə alınmasını ümumiyyətlə nəzərə almamış (qərardadda bu barədə hər hansı qeyd mövcud deyildir), həmçinin mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini dəqiq müəyyən etməmiş (həmçinin mübahisənin adi nəqliyyat vasitəsilə ilə bağlı deyil, məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi istiqamətində istifadə olunan nəqliyyat vasitəsilə bağlı olmasını və s.), nəticədə məhkəmə aidiyyətinin müəyyən edilməsində səhvə yol vermişdir. Halbuki, MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 25-ci və 26-cı maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarının 12 və 13-cü bəndlərində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bununla yanaşı, iddiaçının hazırda fərdi sahibkar kimi öz fəaliyyətini müvəqqəti dayandırması halı da vəziyyəti dəyişdirməməklə, məhkəmə aidiyyətinin pozulmasına əsas verə bilməz. Belə ki, qeyd edilən Qərarın 28-ci bəndinə əsasən, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖENnin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almayaraq, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aid olması məsələsini düzgün həll etmədən işi icraata götürmüş və mahiyyəti üzrə baxmışdır. Halbuki, MPM-in 31-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. İş materiallarından görünür ki, cavabdeh hüquqi şəxsin olduğu ünvan Bakı şəhərinin inzibati ərazisində yerləşir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, işə kommersiya xarakterli mübahisə kimi məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. MPM-in 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə aidiyyəti (prosessual hüquq) qaydalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 26.1, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “nəqliyyat vasitəsinin məhdudiyyətdən azad olunması, cərimənin aid edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7040/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7040/2025
19.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver