Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7044/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə mənəvi zərərin əvəzi olaraq 200.000 (iki yüz min) manatın, maddi zərərin əvəzi olaraq (əldən çıxmış fayda) 7990 manatın, cəmi 207990 manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 7 avqust 2018-ci ildə həbs edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü zərərçəkmiş şəxsin apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilib, iddiaçının barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilib, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Ali Məhkəmənin 06 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçının müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilib, iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2020-ci il tarixli qərarı ləğv edilib və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmü ilə iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilib, iddiaçıya Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilib, iddiaçının barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilib. Ali Məhkəmənin 05 may 2022-ci il tarixli qərarı ilə kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin prezidenti Ceyhun Abbasov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2021-ci il tarixli hökmü kassasiya protestinə və zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. İddiaçı onun barəsində qanunsuz olaraq aparılmış cinayət təqibinə görə həbs edildiyi taxirdən məhkəmə iclasından azad edildiyi tarixədək əsassız olaraq 3 (üç) il 01 (bir) ay 14 (on dörd) gün həbdə saxlanılıb. İstintaq orqanının qanunsuz hərəkətləri nəticəsində həbsdə saxlanılmaqla iddiaçı mənəvi zərərə məruz qalıb, mənəvi sarsıntı çəkib. İddiaçının qanunsuz həbsdə saxlanılmağı onunla yanaşı, valideynləri üçün də narahatlıq yaradıb, onların təcridxana, məhkəmə yollarında qalmasına səbəb olub, eyni zamanda iddiaçıda narahatlıq, məyusluq, əzab əziyyət yaradıb. İddiaçının azadlıq hüququndan məhrum olmağı nəticəsində 3 il 01 ay 14 gün həbsdə qalmağı mənəvi iztirabların ağırlığına, cəmiyyətdə ona qarşı mənfi reaksiyaya səbəb olmağına və bütün bunların iddiaçının psixoloji-mənəvi durumuna təsir edib. İddiaçı hesab edir ki, 3 il 01 ay 14 gün qanunsuz olaraq həbsdə saxlanılmağına görə mənəvi zərərin əvəzi olaraq cavabdeh tərəfindən 200.000 manat kompensasiya ödənilməlidir.
3. Həmçinin iddia ərizəsi və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı həbs edilməzdən əvvəl 01 avqust 2018-ci ilə qədər "xxxx" MMC-nin marketinq şöbəsinin mütəxəssis-brend meneceri vəzifəsində işləyib, işdən azad edildikdən başqa yerdə işləmək istəyib, lakin onun həbs edilməsi işləməsinə mane olub. İddiaçı həbs edildiyi tarixdən məhkəmə iclasından azad edildiyi tarixədək əsassız olaraq 3 (üç) il 01 (bir) ay 14 (on dörd) gün həbsdə saxlanılıb. İddiaçı 07 avqust 2018-ci ildən 21 sentyabr 2021ci ilə qədər həbsdə olub. İddiaçı əmək qabiliyyətli şəxs olub, həbsdə qalması nəticəsində gəlirdən məhrum edilib. Minimum aylıq əmək haqqı 2018-ci ilin yanvarın 1-dən 130 manat, 2019-cu ilin martın 1-dən 180 manat, 2019-cu ilin sentyabrın 1-dən 250 manat, 2022-ci ilin yanvarın 1-dən 300 manat müəyyən edilib (Sərəncamların surəti ərizəyə əlavə edilir). İddiaçının 07 avqust 2018-ci ildə həbs edildiyini, 21 sentyabr 2021-ci ildə həbsdən azad edildiyini nəzərə alaraq onun məhrum edildiyi əmək haqqını minimum aylıq əmək haqqı məbləğindən hesablansa onun məhrum edildiyi əmək haqqı – cəmi 7990 manat təşkil edir. (07 avqust 2018 – 01 mart 2019-a qədər – 7 ay*130 manat =910 manat; 02 mart 2019 – 01 sentyabr 2019-a qədər– 6 ay*180 manat = 1080 manat; 02 sentyabr 2019-cu ildən sonra– 24 ay *250 manat = 6000 manat).
4. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Əfsanə Heydərova) ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 37.500 (otuz yeddi min beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qərara alınmışdır.
5. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişdir.
6. İşə apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
7. İddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, o, istintaq və məhkəmə orqanlarının səhvi ucbatından 3 il 01 ay 14 gün qanunsuz olaraq həbsdə olub. Bu müddət ərzində o, güclü mənəvi iztirab və sarsıntı keçirib, məhkəmənin təyin etdiyi məbləğ bu iztirab və sarsıntıların əvəzini ödəmək üçün yetərli deyil. Kompensasiyanın məbləği şəxsə yetirilən fiziki və mənəvi əzabların xarakteri və həcmindən asılıdır. Kompensasiyanın məbləğini müəyyən edərkən o, ağlabatan və ədalətli olmalıdır. Məhkəmə iddiaçının 03 il 01 ay 14 gün qanunsuz olaraq həbsdə saxlanılmasına görə 37500 manat kompensasiya təyin etməsinin səbəblərini izah etməyib və gəldiyi nəticəni əsaslandırmayıb. Buna görə də iddiaçı hesab edir ki, mənəvi zərərə görə məhkəmə tərəfindən təyin edilmiş kompensasiya ədalətli deyil. İddiaçı həmçinin Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, qanunsuz azadlıqdan məhrum edilməyə görə mənəvi zərərin əvəzi ödənilərkən məhkəmələr vahid təcrübədən çıxış etmirlər, bəzi işlər üzrə daha yüksək kompensasiya təyin edirlər. Məsələn Ali Məhkəmənin Plenumu 23 aprel 2020-ci il tarixli qərarla (İş № 12(102)-2(a)/2020) X1 qanunsuz həbsdə saxlanıldığı 04 fevral 2013-cü il tarixdən 13 avqust 2018-ci il tarixədək 234226 (iki yüz otuz dörd min iki yüz iyirmi altı) manat 10 qəpik kompensasiya təyin edib. Ali Məhkəmənin Plenumu 19 noyabr 2021-ci iltarixli qərarla (iş № 12(102)-2(a)/2021) Z.A.Qurbanlının 01 aprel 2013-cü il tarixdən 30 dekabr 2014-cü il tarixədək əsassız olaraq həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi nəzərə alınaraq, ona mənəvi ziyana görə 28300 manatın ödənilməsinə, R.F.Axundovun 30 mart 2013-cü il tarixdən 17 mart 2016-cı il tarixədək əsassız olaraq həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi nəzərə alınaraq, ona mənəvi ziyana görə 66700 manatın ödənilməsinə qərar verib. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsi 10 iyul 2023-cü il tarixli qətnamə ilə (iş № 2(103)-4058/2023) X2 03 il 10 gün müddətinə qanunsuz həbsdə olmasına görə vurulmuş mənəvi zərərinin əvəzini 66700 manat kompensasiya ilə qiymətləndirib. Göründüyü kimi, istinad edilmiş məhkəmə qərarlarından görünür ki, iddiaçı ilə eyni müddətə qanunsuz olaraq həbsdə olan şəxslərə iddiaçıya münasibətdə mənəvi zərərə görə daha yüksək məbləğdə kompensasiya təyin edilir. Bu da vahid məhkəmə təcrübəsinin olmamasından irəli gəlir və iddiaçı bunu özünə qarşı ayrıseçkilik kimi qiymətləndirir.
8. Bundan başqa, iddiaçı həbs edilməzdən əvvəl 01 avqust 2018-ci ilə qədər "xxxx" MMC-nin marketinq şöbəsinin mütəxəssis-brend meneceri vəzifəsində işləyib, işdən azad edildikdən başqa yerdə işləmək istəyib, lakin onun həbs edilməsi işləməsinə mane olub. İddiaçı həbs edildiyi tarixdən məhkəmə iclasından azad edildiyi tarixədək əsassız olaraq 3 (üç) il 01 (bir) ay 14 (on dörd) gün həbsdə saxlanılıb. İddiaçı 07 avqust 2018-ci ildən 21 sentyabr 2021-ci ilə qədər həbsdə olub. İddiaçı əmək qabiliyyətli şəxs olub, həbsdə qalması nəticəsində gəlirdən məhrum edilib. Rayon məhkəməsi iddianı Maliyyə Nazirliyinin subyektiv cavabdehlik daşımaması əsası ilə təmin etməmişdir. Ona görə də məhkəmə bu hissədə iddianı rədd edib. İddiaçı məhkəmənin bu mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçı qanunsuz olaraq həbs edilməsi səbəbindən işləyə bilməyib və aylıq gəlir əldə etmək hüququndan və işləmək imkanından məhrum edilib. Buna görə də iddiaçının qanunsuz həbsdə saxlanıldığı müddət ərzində ona dəymiş maddi zərərin əvəzi də cavabdeh tərəfindən ona ödənilməlidir. Qeyd edilənlərə əsasən, qətnamənin dəyişdirilməsini və iddia tələblərinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərər vurulması ilə bağlı heç bir qanunsuz hərəkət və hərəkətsizlik edilmədiyi halda dövlət büdcəsindən iddiaçının xeyrinə 37.500 manatın tutulması əsassızdır. İddia ərizəsində iddiaçının hüquqmühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
10. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
12. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 1(101)-63/2020 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 avqust 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir.
13. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1049/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxs "xxxx" MMC-nin prezidenti Ceyhun Abbasov tərəfindən verilmiş apellyasiya şikayəti və Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Orxan Kəngərli tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməsi, məhkum olunmuş şəxs İddiaçı müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 1(101)- 63/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilməsi hökm edilmişdir.
14. Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-724/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında görünür ki, kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMCnin prezidenti Ceyhun Abbasov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2021ci il tarixli, 1(103)-1049/2021 nömrəli hökmü kassasiya protestinə və zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
17. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: -barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; -barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; -Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; -Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; -şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; -cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; -şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; -şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
19. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: -məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; -müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; -ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; -hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; -vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
20. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
21. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
22. Maddə 8. Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir.
23. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
29. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
30. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
35. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
37. Hazırkı halda, cavabdeh apellyaiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, mahiyyət etibarı ilə qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində, iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində, demək ki, tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) Hazırkı halda rayon məhkəməsi iddiaçının qanunsuz həbsdə saxlanması nəticəsində onun tərəfindən mənəvi sarsıntının keçirilməsi ilə bağlı yalnız pozuntunun müəyyən olunmasını mənəvi zərəri tam əvəz etməməsi və məhz buna görə də mənəvi zərərə görə 37.500 manat məbləğində əvəzin ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin onun mənəvi zərərə görə müəyyən edilmiş kompensasiya məbləğinin mənəvi zərərə adekvat olmaması və əsaslandırılmaması barədə dəlili üzrə qeyd edir ki, məhkəmə təcrübəsinə görə qanunsuz həbsdə saxlanılan hər bir ay üçün adətən 1000 manat tutulur. Hazırda mənəvi zərərin əvəzi kimi tutulan 37.500 manat iddiaçının qanunsuz həbsdə saxlandıldığı 3 (üç) il, 1 (bir) ay və 14 (on dörd) gün üçün həmin oturuşmuş məhkəmə təcrübəsinə uyğun olmuşdur.
39. Bundan başqa, Kollegiya iddiaçının apellyasiya şikayətinin analoji işlərdə onunla eyni müdətdə qanunsuz həbsdə saxlama müqabilində daha çox məbləğin tutulması barədə dəlili üzrə qeyd edir ki, hər bir bu qəbildən olan iddia tələbi üzrə mülki işlər öz müəyyən hallarına görə fərdidir, hətta işin halları baxımından təkcə pozuntu faktının tanınması öz-özlüyündə yetərili ola bilər. Hazırkı iş üzrə isə rayon məhkəməsi tərəfindən pozuntunun tanınmasından əlavə həm də mənəvi zərərin əvəzi kimi iddiaçının xeyrinə 37.500 manat məbləğində vəsaitin tutulması bu işin halları üçün ağılabatan olmaqla, işin hallarına uyğun və ədalətli olmuşdur.
40. İddiaçının apellyasiya şikayətinin digər dəlili onunla bağlıdır ki, iddiaçı həbs edilməzdən əvvəl 01 avqust 2018-ci ilə qədər "xxxx" MMC-nin marketinq şöbəsinin mütəxəssis-brend meneceri vəzifəsində işləyib, işdən azad edildikdən sonra başqa yerdə işləmək istəyib, lakin onun həbs edilməsi işləməsinə mane olub. Ona görə də qanunsuz həbsdə saxlanıldığı müddət ərzində hər ay üçün minimum əmək haqqı miqdarında maddi zərər tələb etsə də, məhkəmə bu hissədə iddia tələbini Maliyyə Nazirliyinin subyektiv cavabdehlik daşımaması əsası ilə təmin etməmişdir.
41. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə görə, qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir.
42. Qanunun normasından göründüyü kimi işdən (vəzifədən) azad edilmə və ya kənarlaşdırılma ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi o halda mümükündür ki, şəxs qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən azad edilmiş olsun.
43. Hazırkı halda iddiaçı özü də qeyd edir ki, 01 avqust 2018-ci ilə qədər işləmişdir, 07 avqust 2018-ci ildən 21 sentyabr 2021-ci ilə qədər həbsdə olmuşdur. Göründüyü kimi iddiaçı 07 avqust 2018-ci ildə həbs olunmamışdan qabaq, yəni 01 avqust 2018-ci il tarixdə işdən azad edilmişdir. Belə olan halda məlum olur ki, onun işdən azad edilməsi qanunsuz həbs olunması ilə əlaqədar olmamışdır. Buna görə də iddiaçının apellyasiya şikayəti- işləməməsi ilə əlaqədar vurulmuş maddi ziyanın ödənilməsi hissədə də əsassızdır və təmin edilməməlidir. Düzdür, rayon məhkəməsi iddiaçının bu tələbini “Maliyyə Nazirliyinin subyektiv cavabdehlik daşımaması” əsası ilə rədd etməklə mövqeyini dolğun ifadə edə bilməsə də, lakin mahiyyət etibarı ilə həmin tələbə dair hissədə də düzgün nəticəyə gəlmişdir.
44. Məhkəmə kollegiyası cavabdeh tərəfindən hər hansı delikt törədilmədiyindən məsuliyyətlərinin də olmamasına dair cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin digər dəlili ilə bağlı aşağıdakıları qeyd edir.
45. Müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyanın vurulması təqsirsiz məsuliyyət halıdır. Yəni bu halda dövlətin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına ehtiyac yoxdur. Təqsirlilik şərtindən asılı olmayaraq dövlət vurulmuş zərərin ödənilməsini təmin etməlidir. Daha sonra dövlət, təqsiri olan şəxsə qarşı reqres tələblə çıxış edə bilər. Bu qayda qanunvericilikdə açıq şəkildə öz əksini tapmışdır.
46. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
47. Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009- cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci və 1101.2-ci maddələrinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
49. Həmin Məcəllənin 1114.3-cü maddəsinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır.
50. Göründüyü kimi, cavabdehin, onlar tərəfindən hər hansı delikt törədilmədiyindən məsuliyyətlərinin də olmaması ilə bağlı apellyasiya şikayətinin dəlili açıq-aşkar əsassızdır. Nəticə:
51. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
52. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov