Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7051/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xidmət haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(005)- 1344/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh "xxxx" ASC-ə qarşı “xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 24 may 2019-cu il tarixli xidmət müqaviləsinə əsasən əmək haqqı üzrə 2409 manat, bu borcun gecikdirildiyinə görə MPM-in 462-ci maddəsinə əsasən 18600 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 21039 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış 24.05.2019-cu il tarixli xidmət müqaviləsinə və bu müqaviləyə 01.06.2019-cu il tarixli 1 nömrəli əlavəyə əsasən, icraçı kimi o, sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində düşərgə, zavod və istehsal obyektlərində elektrik avadanlıqlarının təmiri üzrə işlərin görülməsi ilə əlaqədar işlərin icrasını və nəzarətini öz üzərinə götürmüş, bu işi icra etmiş, əmək haqqı almışdır. Cəmiyyətin ona hesablanmış və ödəniləcək əmək haqqından avqust 2019-cu il üçün 1761 manat, dekabr 2019-cu il üçün isə 648 manat borcu qalmış və 2020-ci ilin noyabr ayına kimi həmin borcun icra ediləcəyi bildirilsə də, hal-hazıradək ödəniş həyata keçirilməmiş və onun bununla bağlı bütün təşəbbüsləri baş tutmamışdır. Eyni zamanda, aralarındakı müqaviləyə əsasən, hesabat ayının əmək haqqı üzrə ödənişlər növbəti ayın 10-na kimi icra olunmalıdır. Bu hesabla avqust 2019-cu il üzrə ödəməli olan əmək haqqı üzrə 1761 manat borc 420 gün, dekabr 2019-cu il üzrə ödəməli olduğu əmək haqqı üzrə 648 manat borc isə 300 gün gecikdiyinə görə cəmiyyət iddiaçıya cəmi 18600 manat dəbbə pulu ödəməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(005)- 1344/2021 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia rədd olunmuşdır. İddiaçı, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini, iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin tam icra edilməsi barədə heç bir sübut təqdim olunmamasına, əksinə iddiaçı tərəfindən borcun mövcudluğu barədə kifayət qədər dəlillər gətirməsinə baxmayaraq, məhkəmə, sübutlara düzgün hüquqi qiymət verməmiş, yalnız cavabdehin iddianı qəbul etməməsinə əsaslanmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı, apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsindəki izahatına uyğun eyniməzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlə aralarındakı müqavilə münasibətləri 27.12.2019-cu ilədək davam etmişdir. Müqaviləyə əsasən 2400 manat aylıq haqq almalı idi. 2019-cu ildə qismən, bir neçə ay üzrə əmək haqqı, həmçinin 2020-ci ilin may və yanvar aylarında müəyyən pul vəsaitləri ödənilmişdir. 2019-cu ilin may, iyun, iyul aylarının pulu ödənilmiş, avqust ayı ödənilməmiş, sentyabr, oktyabr, noyabr ayları isə ödənilmişdir. Hazırda 2019-cu ilin avqust ayının və dekabr ayının pulunu istəyir. Dekabr ayının pulu ödənilməyən məzuniyyət pulu ilə bağlıdır. Avqust ayında 5 günlük icazə aldığı üçün daha az məbləğ tələb edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış 24 may 2019-cu il tarixli, ASFX18/425 saylı xidmət müqaviləsinə əsasən, icraçı (iddiaçı) sifarişçinin (cavabdeh) Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində yükboşaldan avtomaşının idarəedilməsi və maşınla layihədəki işlərin görülməsi ilə əlaqədar işlərin icrasını və nəzarətini; sifarişçi isə icraçıya 1 ay üçün 1330 manat xidmət haqqı ödəməyi öz üzərinə götürmüşdür. Həmin müqaviləyə 01.06.2019-cu il tarixdə edilmiş 01 nömrəli əlavəyə əsasən isə, icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində düşərgər, zavod və istehsal obyektlərində elektrik avadanlıqlarının təmiri üzrə işlərin görülməsi ilə əlaqədar işlərin icrasını və nəzarətini; sifarişçi isə icraçıya 1 ay üçün 2405 manat xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçının izahatından aydın olur ki, tərəflər arasında müqavilə münasibətləri 27.12.2019-cu il tarixədək davam etmişdir. İşdə olan "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışından görünür ki, iddiaçının kart hesabına 10.01.2020-ci il tarixdə 2383 manat, 31.05.2020-ci il tarixdə isə 2274 manat məbləğində vəsait daxil olmuşdur. İddiaçının ödənilməyən aylar üzrə tələbdə qeyd olunan məbləğlərdə ödənişlərin edilməsi barədə müracətinə cavab olaraq "xxxx" ASC tərəfindən 08.06.2020-ci il tarixli məktubla təhvil-təslim aktlarına əsasən ödənişlərin həyat keçirildiyi qeyd olunmuşdur. Hazırda iddiaçı, cavabdehin aralarında bağlanmış müqaviləyə əsasən 2019-cu ilin avqust və dekabr ayları üzrə razılaşdırılmış xidmət haqqını ödəmədiyini bildirir. Cavabdeh isə, iddiaya etiraz edərək, bildirir ki, müqavilə üzrə öhdəliklərini tam icra etmişdir. İddiaçı sübut təqdim etməsə də, izahatında 2019-cu ildə bir neçə ay üzrə əmək haqqının ödənildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməsinə, əksini iddia edən iddiaçının isə sübutetmə yükünü həyata keçirə bilməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası, tələbin hüquqi əsaslarını nəzərdən keçirib, aşağıdakılara əssən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi qənaət qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin (o cümlədən pul öhdəliyinin) yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. MM-in 752.1-ci və 753.1-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Baxılan işdən görünür ki, tərəflər arasında xdimət göstərilməsi ilə bağlı müqavilə münasibətləri 24.05.2019-cu il tarixdən 27.12.2019-cu il tarixədək davam etmişdir. Bu müddət ərzində may, iyun, iyul, sentyabr, oktyabr, noyabr ayları üzrə öhdəliklərin icra edilməsi mübahisəsiz olmaqla, avqust və dekabr aylarının xidmət haqlarının ödənilməsi mübahisələndirilir. Kollegiya, mülki qanunvericiliyin qeyd edilən normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək, hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etidyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Əksinə, işdə olan bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən müqavilə münasibətlərinin bitdiyi 27.12.2019-cu il tarixdən sonra iddiaçının hesabına ümumilikdə 4657 manat məbləğində ödəniş edilmişdir. Müqavilə münasibətləri dövründə avqust və dekabr ayları istisna olmaqla bütün aylar üzrə ödənişlərin edilməsi mübahisəsiz olduğu halda isə, müqaviləyə xitam verilməsindən sonrakı dövrdə cavabdeh tərəfindən edilmiş ödənişlərin məbləğinin iddiaçının ödənilmədiyini iddia etdiyi iki ay üçün tələb etdiyi məbləğdən (2409 manat) çox olması bu qənaətə gəlməyə imkan verir ki, cavabdeh iddiaçıya qarşı öhdəliyini artıqlaması ilə icra etmişdir. İddiaçı isə, əksini iddia etməsinə baxmayaraq, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, həm xidmət haqqı, həm də ona bağlı olan dəbbə pulu tələbinin təmin olunmaması əsaslı olmuşdur. Kollegiya, həmçinin vurğulayır ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında ödənilməyən xidmət haqqının və məzuniyyət pulunun ödənilməsini tələb etsə də, nəzərə almamışdır ki, cavabdehlə arasındakı münasibətlər əmək deyil, xidmət göstərilməsi ilə bağlı olduğundan onun əmək məzuniyyəti və buna görə müavinət almaq hüququ yaranmamışdır. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “xidmət haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(005)- 1344/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(005)-1344/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7051/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7051/2021
14.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver