Məhkəmə qərarları › İş №2(103)-7061/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7061/2020

25.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7061/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” ilk iddiasına, habelə cavabdehin iddiaçıya qarşı “nikahın pozulması tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış nikahdan doğulmuş 2 uşağın – xx.xx.2014-cü il təvəllüdlü Elayın və xx.xx.2015-ci il təvəllüdlü Elcanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə, hər ay, hər uşağa görə alimentin tutulmasını və bu zaman Elay adlı uşağa görə tutulmalı olan alimentin 200 manat, Elcan adlı uşağa görə isə 170 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan 2 övladları var. Nikahdan uşaqların olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuşdur. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. İddiaçı cavabdehdən aliment ödənilməsini xahiş etsə də, cavabdeh bundan yayınır. İlk iddia əsasında Rayon Məhkəməsi tərəfindən hazırki mülki işin icraatı başlanmışdır. Bundan sonra, cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli nikahın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflərin əvvəllər münasibətləri normal olsa da, sonradan bu münasibət pozulmuş və iddiaçı özü könüllü olaraq ata evinə getmiş və uşaqları özü ilə aparmışdır. Nikah formal xarakter daşıyır. Nikahın pozulması barədə cavabdehin fikri qətidir. Qarşılıqlı iddia Rayon Məhkəməsi tərəfindən icraata götürülərək ilk iddia ilə birlikdə baxılmışdır. İddiaçının qarşılıqlı iddiaya münasibəti ondan ibarət olmuşdur ki, o nikahın pozulmasına razıdır. Nikahın pozulmasından sonra uşaqların onun yanında saxlanılmasını xahiş edir. Cavabdehin ilk iddiaya və nikahın pozulmasından sonra uşaqların iddiaçının yanında qalmasına münasibəti ondan ibarət olmuşdur ki, uşaqların iddiaçının yanında qalmasına etiraz etmir. Rayon Məhkəməsi aliment məsələsini həll edərkən nəzərə almalıdır ki, cavabdeh işləmir, cavabdehin valideynləri, ata tərəfdən baba və nənəsi də işləmirlər və cavabdehin himayəsindədirlər, cavabdehin atası İİ qrup əlildir, cavabdeh hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməsini, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli nikahın pozulmasını, nikahın pozulmasından sonra uşaqların iddiaçının (ananın) yanında saxlanılmasını, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdehdən hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsini, ilk iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin alimentin məbləği hissəsində dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi alimentin məbləğini müəyyən edən zaman cavabdehin ailə və maddi vəziyyətini nəzərə almamışdır. Cavabdehin rəsmi iş yeri yoxdur. İcarə əsasında kiçik obyekt işlədir. Valideynləri, yaşlı nənə və babası da onun himayəsindədir. Aylıq gəliri 350 manatdır. Göstərilənlərə əsasən xahiş edir ki, cavabdehdən iki uşağa görə aylıq gəlirinin 1/3 hissəsində aliment tutulsun. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, ilk iddia tələbinin bir qismi təmin edilməsə də, ilk iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnamənin yalnız bir hissəsini, yəni ondan iddiaçının xeyrinə tutulmalı olan alimentin yalnız məbləğini mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını hazırki apellyasiya icraatı çərçivəsində yoxlamır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin nikahın pozulması, nikahın pozulmasından sonra uşaqların iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay alimentin tutulması barədə hissəsi hazırki apellyasiya baxışının predmeti deyil. Hazırki apellyasiya baxışının predmetini yalnız cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləği təşkil edir. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh apellyasiya şikayətində göstərir ki, onun daimi iş yeri yoxdur. O, icarəyə kiçik obyekt işlədir və aylıq gəliri 350 manatdır. Buna görə də aliment iki uşağa görə aylıq qazancının (gəlirinin) 1/3 hissəsi qədər aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində işlədiyini bildirsə də, apellyasiya baxışı zamanı məhkəməyə verdiyi izahatda bildirdi ki, onun rəsmi iş yeri yoxdur, təsadüfi işlə məşğul olur. Bunu nəzərə alan məhkəmə hesab edir ki, aliment cavabdehin əmək haqqısının və başqa gəlirinin müəyyən hissəsi kimi tutula bilməz. Çünki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu nəzərə almaqla, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, cavabdehdən hər uşağa görə iddiaçının xeyrinə hər ay sabit pul məbləğində 170 manat alimentin tutulmasını qət edərkən iş üzrə düzgün nəticəyə gəlmişdir, çünki cavabdehin maliyyə vəziyyətinin ağır olması cavabdehi uşaqlarını saxlamaqdan azad etmir, bu onun, bir valideyn kimi borcudur. Məhkəmə qeyd edir ki, hazırda cavabdehin himayəsində valideyninlərinin və daha qoca nənə və babasının olması onu iddiaçı ilə onun ümumi uşaqlarına münasibətdə öz valideynlik vəzifəsinin icrasından azad edə və uşaqların ehtiyaclarının minimum təmin edilməsi şəraitində böyümək hüququndan məhrum edə bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar