Məhkəmə qərarları › İş №2(103)-7063/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7063/2023

18.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7063/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «alimentin azaldılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3303/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(033)-1029/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı birgə nikahından 05 fevral 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli 2(033)-429/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının dörddə bir hissəsi və əlavə olaraq hər ay 46 manat sabit pul məbləğində aliment artırılaraq qazancının dörddə bir hissəsi və əlavə olaraq 80 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir.

2. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna görə, İddiaçı Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində xidmət edir və aylıq əmək haqqısı (vergilər, DSMF və İcbari Tibbi Sığortaya ödənişlər aparıldıqdan sonra) 846.74 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı alimentin azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(033)- 1029/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş İddiaçı qazancının dörddə bir hissəsi və əlavə olaraq hər ay 80 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək (azaldılaraq), İddiaçı yalnız qazancının dörddə bir hissəsi miqdarında alimentin tutularaq, 05 fevral 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh verilməsi (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi, 05 fevral 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(033)-1029/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş İddiaçı qazancının dörddə bir hissəsi və əlavə olaraq hər ay 80 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək (azaldılaraq), yalnız, İddiaçı qazancının dörddə bir hissəsi miqdarında alimentin, 05 fevral 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh ödənilməsini xahiş etməkdir. Azərbaycan Respublikası Mediasiya Şurası Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru mediasiya sessiyasında iştirak edilməməsi səbəbindən 30 iyun 2023-cü il tarixli arayış tərtib etmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3303/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia tələbinin qismən təmin edilərək İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-1029/2019 saylı qətnaməsi ilə tutulan aliment miqdarının azaldılaraq İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının 1/4 hissəsi miqdarında alimentin və əlavə olaraq hər ay 40 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi; azaldılmış aliment miqdarının qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablanması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, iddiaçı X1 aylıq əmək haqqısı müvafiq tutulmalar çıxıldıqdan sonra 846.74 manat təşkil edir. 846.74 manatın ¼ hissəsi 211 manat təşkil edir. Göründüyü kimi, iddiaçının əmək haqqısından tutulan ¼ hissə aliment 2023-cü ildə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumunu tamamlamır. Cari il üzrə yaşayış minimumu alimentin təyin edilməsində mütləq göstərici olmasa da, yuxarıda qeyd edilmiş qanunvericilik normalarının tələbinə əsasən nəzərə alınmalı əsas göstəricilər sırasındadır. Bundan başqa, iddiaçının aylıq əmək haqqından qeyd edilən hissədə aliment çıxıldıqdan sonra aylıq gəlirin böyük hissəsi yenə də, iddiaçının özünə qalır. Yuxarıda istinad edilən hüquq normalarının tələblərinə görə məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment o halda dəyişdirilə (indiki işdə azaldıla) bilər ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Bu halları iddia edən tərəf sübut etməlidir. Hazırkı işdə, iddiaçı 2019-cu ildə məhkəmə qətnaməsi ilə aliment təyin ediləndən sonra maddi vəziyyətində, sabit məbləğdə tutulması qət edilmiş alimentin tamamilə ləğv edilməsinə əsas olacaq dəyişikliyin olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də, alimentin iddiaçının qeyd etdiyi formada azaldılması, yəni sabit məblədə tutulan hissənin tamamilə çıxılması yetkinlik yaşına çatmayanın mənafeləri baxımından yolverilməzdir, ədalətli və ağlabatan deyildir. Bununla belə, iddiaçıdan əmək haqqısının ¼ hissəsindən əlavə sabit məbləğdə tutulması qət edilən alimentin məbləğini nəzərə alaraq, aliment sabit pul məbləği hissəsində qismən, 40 manat həddində azaldıla bilər. Belə ki, aylıq gəlirinin ¼ hissəsi ilə yanaşı əlavə 40 manat sabit pul məbləğində alimentin tutulması iddiaçı üçün həddən artıq maliyyə yükü yaratmır, (aylıq qazancın daha böyük hissəsi yenə iddiaçının özünə qalır) digər tərəfdən alimentin qeyd edilən məbləğdə azaldılmasına cavabdeh də etiraz etmir. Məhkəmə qeyd etmişdir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə aralarında bağlanmış nikah pozulduqdan sonra, yenidən başqa şəxslə nikah bağlamış və həmin nikahdan da 2 azyaşlı uşağı doğulmuşdur. Yəni, iddiaçı 05 fevral 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment ödəməyə borclu olduğu kimi, digər iki uşağını da saxlamağa borcludur. Məhkəmənin yuxarıda qeyd olunan yanaşmasını aşağıda qeyd olunan səbəbdən qanunsuz və əsassız hesab edir: a) İddiaçı həm əmək haqqının əhəmiyyətli dərəcədə artması (maddi vəziyyətinin dəyişməsi), həm də yenidən evlənməsi və həmin nikahdan 2 (iki) uşağının doğulması (ailə vəziyyətinin dəyişməsi) barədə sübutları məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi isə qanunsuz və əsassız olaraq iddiaçının təqdim etdiyi həmin sənədlərə (sübutlara) nəinki münasibət bildirməmiş, hətta qətnaməsində həmin sübutların mövcudluğu barədə ümumiyyətlə heç nə qeyd etməmişdir. b) Məhkəmənin “…. Bundan başqa, iddiaçının aylıq əmək haqqından qeyd edilən hissədə aliment çıxıldıqdan sonra aylıq gəlirin böyük hissəsi yenə də, iddiaçının özünə qalır.” ifadəsi də özü-özündə həqiqəti əks etdirmir. İddiaçı baxmaqla mükəlləf olduğu 1 (bir) arvadı və 2 (iki) yetkinlik yaşına çatmayan uşağı var. Hazırki qətnamə ilə iddiaçıdan tutulmalı olan alimentin miqdarı (211 manat əmək haqqı + 40 manat sabit pul) ümumilikdə 251 manatdır. Göründüyü kimi, məhkəmənin yuxarıda qeyd olunan yanaşması, İddiaçı digər 2 yetkinlik yaşına çatmayan uşağına münasibətdə olduqca ədalətsiz və əsassızdır. Belə ki, məhkəməsinin mövqeyinə görə İddiaçı eyni səviyyədə digər 2 uşağına da baxmaq üçün 502 manat xərcləməlidir. Belə olan halda isə, iddiaçı və arvadına qalan məbləğ 90 manat olacaqdır. İddiaçı hərbiçidir və hazırda xidmətini Laçın rayonunda davam etdirir. İddiaçının əlavə işdə işləyərək qazanc əldə etməsi mümkünsüzdür. Halbuki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəsində məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməməsinin nəzərə alınmasını və onların iştirak olmadan işə baxılıb apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

12. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

13. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd).

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilmədiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədədə alimentin azaldılması ilə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia həmin hissədə haqlı sayılmır.

23. Çünki, iddiaçının göstərdiyi dəlillər onu cavabdeh ilə rəsmi nikah münasibətlərindən olan uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. İddiaçının göstərdiyi dəlillər, o cümlədən ikinci dəfə nikah bağlaması və həmin nikahdan da uşağının olması alimentin mübahisələndirdiyi hissədə də azaldılması üçün birmənalı əsas ola bilməz. Çünki, təyin olunmuş alimentin məbləği uşağın minimum yaşayış tələbatını ödəyə bilmir. Azərbaycan Respublikasında 2023-cü il üçün müəyyən olunmuş bir uşaq üçün yaşayış minimumu 220 manat olmuş, 2024-cü ildə isə 235 manat olacaqdır. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğin iddiaçının istədiyi formada azaldılması uşaqlarla bağlı Beynəlxalq Konvensiyaların tələblərinə də zidd olardı. Ona görə də hansısa maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasından söhbət gedə bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hazırki iş üzrə iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. 24.Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi hazırki iş üzrə cavabdehin üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi iddiaçıdan tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Ona görə də iddiaçının şikayətində göstərdiyi hallar alimentin tələb etdiyi hissədə tam azaldılmasının təmin edilməsi üçün əsas ola bilməzdi.

25. Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(033)-1029/2019 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olarsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. Həqiqətən də iddiaçının ailə vəziyyətində dəyişiklik olmuş, yəni ikinci dəfə nikah bağlamış və bu nikahdan da iki uşağı doğulmuşdur. Ancaq bu dövrdə cavabdehin də maddi vəziyyətində dəyşiklik olmuş, yəni 4 il keçdiyi üçün uşağın artan tələbatını qarşılamaq çətinləşmiş və qayğıları artmış, maddi vəziyyəti isə yaxşılaşmamışdır. Demək ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulan dəyişiklik hər iki tərəfin ailə və maddi vəziyyətinə təsir etmişdir. Buna baxmayaraq, cavabdeh tərəf əlavə müəyyən edilən 80 manat alimentin 40 manatadək azaldılmasına etiraz etməmiş və məhkəmə də bunu təmin etmişdir. Lakin bu nəticə ilə iddiaçı razılaşmır və qalan 40 manatın da ondan tutulmamasına nail olmaq istəyir. Bunun üçün dəlillərini şikayətində göstərib. Lakin apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlilləri ilə razılaşmır. Çünki, ikinci nikahdan doğulmuş uşaqlardan fərqli olaraq, birinci nikahdan olan uşaq tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunmur. Başqa sözlə, birinci nikahdan olan uşaq yalnız anası ilə birgə yaşayır, ikinci nikahdan olan uşaqlar isə hər iki valideyn qayğısı, sevgisi və nəvazişi ilə təmin olunur. Bu cür vəziyyətdə, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq huququndan məhrum olan birinci nikahdan olan uşağın maddi vəziyyətinin də bir qədərdə ağırlaşdıracaq qərarın qəbul edilməsi yolverilməz sayılır.

26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3303/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3303/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar