Məhkəmə qərarları › İş №2(103)-7068/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7068/2020

10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7068/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-914/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci il tarixdə anadan olmuş Kərimov Mətin Rövşən oğlunun saxlanılması üçün cavabdehdən hər ay qazancının dörddə bir hissəsi qədər və uşağın doğulduğu gündən ödənilməli olan alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin nikahdan kənar xx.xx.2007-ci il tarixdə Mətin adında uşaqları anadan olmuşdur. Hamiləlik dövründə olarkən cavabdeh iddiaçı ilə yaşamaq istəmədiyini bildirmiş və faktiki olaraq həmin dövrdən münasibətləri kəsilmişdir. Bu səbəbdən iddiaçı uzun müddət uşağın doğum haqqında şəhadətnaməsini ala bilməmiş, yalnız məhkəməyə müraciət ediləndən sonra uşağa doğum haqqında şəhadətnamə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-914/2020 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia qismən təmin olunmuş, xx xxx 2007-ci il tarixdə anadan olmuş Kərimov Mətin Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsində alimentin tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, alimentin hər ay 400 manat sabit pul miqdarında təyin olunmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı cavabdehin hazırda rəsmi nikahda olan həyat yoldaşı X5 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Belə ki, işdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindan görünür ki, iddiaçı X3 Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin olunmuş, cavabdehdən üç yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarında alimentin tutulması qət olunmuşdur (hazırda həmin qətnamə qanuni qüvvəsini almamış, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir). Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, İddiaçı başqa daha iki ailəsinin və onlardan dörd uşağının olması, məhkəmənin həmin uşaqları nəzərə almaması, iddiaçıya hazıradək məhkəmədənkənar qaydada hər ay 400 manat aliment ödəməsi, hazırda rəsmi nikahda olduğu həyat yoldaşı X2 üç uşağının olması, sonuncunun da ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməsi, məhkəmə tərəfindən həmin uşaqlara qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutulması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehin iddiaçı da daxil olmuqla üç həyat yoldaşı olmuş, onlardan ümumilikdə 5 uşağı vardır. Birinci instansiya məhkəməsi alimentin müəyyən edərkən digər uşaqları nəzərə almamışdır. Hesab edir ki, alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidi idi. Cavabdeh iddiaçıya bir uşağının saxlanılması üçün hər ay sabit pul miqdarında 400 manat aliment ödəyir ki, bu da kifayət qədər yüksək məbləğdir. Eyni zamanda, cavabdehlə hazırda rəsmi nikahda olan X5 da alimentlə bağlı məhkəməyə müraciət emiş və Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən üç uşağının saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarında alimentin tutulması qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında baxılmaqdadır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçünçü şəxs X4 rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunmuş hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatlar dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan xx.xx.2009-cu il tarixdə Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 307621 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxx 2007-ci il təvəllüdlü Kərimov Mətin Rövşən oğlunun atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan «xxxx» MMC tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx xxxx 2008-ci l tarixdən «xxxx Services İnternational. LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində sahə üzrə operator V vəzifəsində çalışır və aylıq əmək haqqı 3525,33 manat təşkil edir. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, ailə qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «X6» BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «X6» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «X6 Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. İşin faktiki halları və işdə olan sübutlarla müəyyən edilir ki, tərəflərin xx xxx 2007-ci il təvəllüdlü Kərimov Mətin Rövşən oğlu adlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər ayrı yaşamaqla, uşaq iddiaçının yanında qalır. Cavabdeh isə «xxxx Services İnternational. LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışır və aylıq əmək haqqı 3525,33 manat təşkil edir. AM-in 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulur. Göründüyü kimi, birinci instansiya məhkəməsi alimentin miqdarını AM-in 76.1.2-ci maddəsinə uyğun müəyyən etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası, həmçinin alimentin sabit pul məbləğində tutulması ilə bağlı cavabdehin etirazına münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Həmçinin qeyd edilməlidir ki, «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsin dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı alimentin sabit pul məbləğində deyil, AMnin 76-cı maddəsinə uyğun olaraq 1 uşağa görə cavabdehin qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsində tutulması tələbini irəli sürmüşdür. Göründüyü kimi, cavabdehin qeyd edilən dəlili əsassız olmaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır. Bununla yanaşı, cavabdeh digər nikahlarından da uşaqlarının olmasını, lakin birinci instansiya məhkəməsi tərəfindən bu halın nəzərə alınmamasını göstərmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. İlkin olaraq qeyd edilməlidir ki, cavabdeh digər bir uşaqla bağlı məhkəmə qətnaməsinə əsasən aliment ödəməsinə dair hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindan isə görünür ki, iddiaçı X3 aliment tələbinə dair iddiası təmin olunmuş, cavabdehdən üç yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarında alimentin tutulması qət olunmuşdur. Lakin, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almamış, cavabdeh həmin qətnaməni mübahisələndirmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hazırki vaxtda qətnamə qanuni qüvvəsini almamışdır). Belə olan halda isə, hazırki vaxtda qeyd edilən qətnamənin prediyusial əhəmiyyəti müəyyən olunmur. Həmçinin qeyd edilməlidir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflər buna qanuni əsaslar yarandığı təqdirdə alimentin miqdarının dəyişdirilməsi barədə məhkəməyə müraciət etməyə haqlıdırlar (AM-nin 112.1-ci mad). Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiy halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-914/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)- 914/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar