Məhkəmə qərarları › İş №2(103)-7069/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7069/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7069/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nəriman Nəsirovun, cavabdehin nümayəndəsi Fuad Ələkbərovun iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı “sığorta ödənişinin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflərin arasında icbari sığorta münasibəti mövcuddur, iddiaçı sığortalı, cavabdeh isə sığortaçıdır. Sığorta predmeti ofis binasıdır, iddiaçıya məxsusdur, Salyan rayonunun Aşağı Kürkənd kəndində yerləşir. İddiaçının həmin binaya dair əmlak mənafeləri “İcbarı sığortalar haqqında” Qanunda müəyyən edilmiş risklərdən 25.000 manat sığorta məbləği həddində sığortalanıb. Sığorta müqaviləsi xx.xx.2017-ci il tarixdə qüvvəyə minib, xx.xx.2018-ci il tarixədək qüvvədə olub. Sığorta müqaviləsinin qüvvədə olduğu zaman – xx.xx.2018-ci il tarixdə ofis binasında yanğın hadisəsi baş verib. Cavabdeh bu faktı təsdiq edib (iş v. 18, məktub) və dəymiş zərəri 230 manat məbləğində qiymətləndirib (iş v. 19, məktub). Daha sonra cavabeh sığorta ödənişi verməkdən imtina edib, bunu onunla əsaslandırıb ki, yanğın hadisəsi barədə hər hansı məlumat Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunda qeydə alınmayıb (iş v. 20, məktub). Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, sığorta ödənişi kimi 3.300 manat və sığorta ödənişinin qanunvericilikdə müəyyən edilmiş müddətdə verilməsinin gecikdirilməsinə görə xx.xx.2018-ci il tarixdən etibarən hər gecikdirilən gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu cavabdehdən tutlaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, sığorta ödənişi kimi 3.300 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi rədd olunsun. Qətnamədə məhkəmə xərcilərinə dair məsələ də həll edilib. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, iddia rədd olunsun, məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, baş vermiş yanğın hadisəsi barədə hər hansı məlumat Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunda qeydə alınmayıb Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsaslı olduğunu bildirərək apelyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasnda iştirak edən iddiaçı və onun nümayəndəsi bildirdilər ki, apelyasiya şikayəti əsassızdır, yanğın hadisəsi barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna məlumat verməyiblər, çünki yanığın baş verən zaman hadisə yerində olmayıblar, yanğını yaxınlıqda olan başqa insanlar söndürüblər, onlar yanğın barədə onun söndürülməsindən sonra xəbər tutublar. Yanğın barədə arayış almaq üçün FHN-nin müvafiq qurumuna müraciət etsələr də cavab olaraq bildiriblər ki, FHN-nin müvafiq qurumu yanğının söndürülməsində iştirak etmədiyinə görə bu barədə arayış verə bilmir. Yanğın barədə cavabdehə həmin gün məlumat verilib, cavabdehin nümayəndəsi hadisə baş verən yerə gəlib, baxış keçirib, foto və video çəkib. Qətnamənin yoxlanılması: Apelyasiya şikayətində qətnamənin ləğv edilməsi tələb olunsa da şikayətin dəlillərindən görünür ki, qətnamənin yalnız iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirilirb. Ona görə də qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 17.1-ci maddəsində icbari sığorta ödənişinin hansı sənədlər əsasında həyata keçirildiyi müəyyən edilib. 17.1.4-cü maddədə həmin sənədlərdən biri belə göstərilib: “bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış”. Cavabdeh apelyasiya şikayətində həmin maddəyə istinad edərək qətnamənin ləğvini tələb edib. Apelyasiya şikayət əsassıdır. Belə ki, iddiaçının yanğın hadisəsi barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna məlumat verməməsi cavabdehi müvafiq quruma məlumat vermək vəzifəsindən azad etmirdi. Cavabdehin bu vəzifəsi Mülki Məcəllənin 923.2-ci maddəsinin göstərişindən irəli gəlir. Həmin maddəyə görə sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. İddiaçı sığorta hadisəsinin baş verməsi barədə cavabdehi (sığortaçını) məlumatlandırmış, lakin cavabdeh müvafiq quruma məlumat verməmişdir. Bundan başqa, ofis binasının yanğından sonrakı vəziyyətini əks etdirən fotoşəkillər cavabdehdə olmuş, cavabdeh həmin fotolara baxış keçirmişdir. Belə ki, bu faktı cavabdehin özü yazılı şəkildə etiraf edib (iş v. 19, məktub). Lakin sonradan cavabdeh belə görüntülərin onda olmadığını bildirib (iş v. 66, məktub). Göründüyü kimi, cavabdeh yanğın barədə müvafiq quruma məlumat vermək vəzifəsini yerinə yetirməyib, habelə özündə olan fotoları təqdim etməkdən imtina edib, məqsədi isə ondan ibarət oilub ki, sığorta ödənişinin verilməsindən yayınsın. Yanğın hadisəsi barədə səlahiyyətli dövlət orqanının arayışının olmaması sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 935-ci maddəsi və “İcbarı sığortalar haqqında” Qanunun 17-ci maddəsi sığorta ödənişinin verilməsindən imtinanın əsaslarını müəyyən edib, həmin əsasların sırasında səlahiyyətli dövlət orqanının arayışının olmaması nəzərdə tutulmayıb. Ofis binasında yanğın hadisəsinin baş verməsi faktını cavabdeh təsdiq edib (iş v. 18 və 19, məktublar). O cümlədən yanğın nəticəsində dəymiş zərərin məbləğinin 3.300 manat təşkil etməsi iş üzrə icraat zamanı keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə təsdiq olunub. Mülki Məcəllənin 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığorta hadisəsi baş verib, ona görə də sığorta ödənişi verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar