Məhkəmə qərarları › İş №2(103)-7069/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7069/2022

06.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7069/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı2, onun və digər İddiaçı1 nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı «mənzilə köçürülmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair» mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(001)-2471/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 06 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 xx.xx.2016-cı il tarixdə ölmüş qardaşı X8 X11 ilə birgə nikahından olmuş uşaqlarıdır. Cavabdehin anası X13 xx.xx.2016-cı il tarixdə öldükdən sonra ondan miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 42a saylı evin 181 saylı mənzilinin 1/3 hissəsinə iddiaçıların, 1/3 hissəsinə cavabdehin və 1/3 hissəsinə Cavabdeh2 (cavabdehin qardaşı) vərəsəlik qaydasında payı tanınmaqla həmin hissələrdə onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan sonra Cavabdeh2 öz payından cavabdehin xeyrinə imtina etmişdir. Hazırda qeyd edilən mənzilin 1/3 hissəsi iddiaçıların, 2/3 hissəsi isə cavabdehin mülkiyyətindədir. İddiaçılar cavabdehə qarşı iddia qaldıraraq, mübahisəli mənzilin 1/3 hissəsinin mülkiyyətçisi olduqlarını, həmin mənzilin əmiləri Cavabdeh2 kredit öhdəlikləri üçün "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edildiyini, mənzili yüklülükdən azad etmək üçün kredit borcunun onlar tərəfindən götürülmüş digər kredit hesabına ödənildiyini və hazırda işləmək və hər ay 764 manat kredit ödəmək məcburiyyətində olduqlarını, hazırda ana nənələri olan X4 mülkiyyətində olan 41 m2 sahədən ibarət mənzildə yaşadıqlarını, nənələrinin buna dəfələrlə narazılıq etdiyini və mənzili tərk etməyi onlardan tələb etdiyini, mənzildən çıxarıldıqları halda başqa yaşayış yerlərinin olmadığını, səhətlərində də xəstəliklərinin olduğunu, cavabdehin onların mülkiyyətlərində olan mənzilə köçməklərinə narazılıq etdiyini iddia edirlər və paylı mülkiyyətlərində olan mənzilə köçürülmələrini, habelə mənzildən istifadə qaydalarının müəyyən edilməsini xahiş edirlər. Cavabdeh iddianı qəbul etmir. Hazırda mübahisəli mənzildə yaşadığını, uşaqların iddiada göstərildiyi kimi, xəstəliklərdən əziyyət çəkmədiklərini, onların ana nənələri olan X6 ilə hər hansı problemlərinin olmadığını, o cümlədən hazırda yaşadıqları evdən çıxarılmadıqlarını, nənələri X4 mülkiyyətində hazırda bir neçə mənzilin, hətta qeyri-yaşayış sahəsinin olduğunu, uşaqların mübahisəli mənzilə nə köçmək niyyəti, nə də ki, ehtiyacının olduğunu, hazırki iddianın onun mübahisəli mənzildə yaşamasına maneə yaratmaq məqsədi daşıdığını bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən X5 adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Gülüstan» b/y, 2 saylı bağ evi və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır, lakin xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Bundan əlavə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi 15 saylı evin 7 saylı mənzili xx.xx.2002-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2012-ci il tarixdə və Şabran rayonu Daşlı Yataq kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə X4 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 42a saylı evin 181 saylı mənzilinə köçürülmələri və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddiaçılar iddia tələbini belə əsaslandırmışlar ki, valideynləri X17 və X11 04.11,2000-ci il tarixdə qanuni nikaha daxil olublar. Bu nikahdan xx.xx.2001-ci il tarixidə İddiaçı1 və xx.xx.2003-cü il tarixdə İddiaçı2 anadan olmuşdur. xx.xx.2010-cu il tarixində anaları X11 nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 2{006)-222-2010 qətnaməyə əsasən valideynləri arasında xx.xx.2000-ci ildə Nərimanov rayon VVAQ şöbəsində bağlanmış akt kitabında 562 sayla qeyd edilmiş nikahları ləğv edilmişdir. Həmin vaxtdan etibarən ataları Rusiyada yaşamış, onlar yaşayış sahələri olmadığı üçün ana nənələri X4 mənzilinə sığınmağa məcbur qalmışlar. 13 yanvar 2016-cı il tarixində ataları X3 vəfat etmişdir. xx.xx.2016-ci il tarixində ata nənələri X13 vəfat etmışdir. Nənələrinin vəfatından sonra onlar, həmçinin, əmiləri Cavabdeh2 Oktay oğlu və bibiləri Cavabdeh1 Okay qızı 1 saylı Bakı “Asan xidmət’ mərkəzində notariat ofisində miras qalmış əmlaka dair vərəsəlik işi açılmasına müraciət etmişlər. Müraciətləri əsasında xx.xx.2016-cı il tarixində vəfat etmiş X7 miras qalmış əmlaka dair V-189/2016 nömrəli vərəsəlik işi açılmışdır. xx.xx.2018-ci ildə onlara təqdim olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə xx.xx.2016-cı il tarixində ölmüş X9 vərəsələri olan nəvələri İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 42A da yerləşən 181 nömrəli mənzildən ibarət olan miras əmlakdan 1/3 hissədə pay almaları təsdiqlənmişdir. Onlar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və iddiaçılara aid olan 1/3 pay hissəsinə hüquq sahibi olduğunu təsdiqləyən çıxarışı almışlar və hal-hazırda həmin ünvanda qeydiyyatdadırlar. X2 vəfatından öncə, əmiləri Cavabdeh2 Oktay oğlu xx.xx.2015-ci il tarixində "xxxx" ASC-dən nənələrinin mənzilini girov qoyaraq 30000 (otuz min) manat pul krediti götürmüşdür. İddiaçıların vərəsəlik işinin açilmasına müraciət etdikləri vaxtdan etibarən xx.xx.2021-ci il tarixədək əmiləri Cavabdeh2 məqsədyönlü şəkildə "xxxx" ASC-yə kredit ödənişlərini dayandirmış,və ödəniş etməkdən imtina etdiyi üçün "xxxx" ASC həmin mənzilin hərraca çıxarılması və banka olan borcun qaytarılmasi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonuncu məhkəməyə qədər əmiləri Cavabdeh2 onlara borcunu ödəyəcəyini söz verməsinə baxmayaraq sözünü tutmamış və "xxxx" ASCyə olan qalıq borcu artaraq 19000 manata qədər yüksəlmişdir. xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində "xxxx" ASC-nin iddia tələbinə dair məhkəmənin mənzilin hərraca cıxarılması qərarının verilməməsi üçüçn onlar məcbur qalaraq əmiləri Cavabdeh2 banka olan borçunu ödəmələrini təklif etmişlər. Həmin mənzilə bibilsi və əmisi payçı olmaqlarına,və kreditin əmisinə aid olmasına baxmayaraq həmin borcun ödənməsinə hec bir cəhd göstərməmişlər. İddiaçılar analarının bir neçə qohumundan borc alaraq əmiləri Cavabdeh2 "xxxx" ASC-yə olan kredit borcunu, yəni 19000 manatı ödəmişlər. Daha sonra anaları X5 adına 24.11,2021-ci il tarixində "xxxx" ASC-dən kredit alaraq qohumlardan alınan borçu qaytarmışlar və bu günkü günə qədər onlar çətinliklə hər ay bu krediti üzrə 764 manat ödəməyə məcburdurlar. Bildirmək istəyirlər ki, onlar həmişə analarının himayəsində olmuşlar,və nə atalarının vəfatından öncə, nə də atalarının vəfatından sonra bibiləri və əmiləri tərəfindən heç bir maddi və mənəvi dəstək görməmişlər. Hətta bibiləri onların atasının aldığı və saxlanılması üçün nənələrinə verilən qızıl-zinət əşyalarını da nənələrinin vəfatından sonra mənimsəmişdir. Hal-hazırda iddiaçılar tələbədirlər. Təhsil almaqları ilə yanaşı çətin olsa belə işləmək və həmin bank kreditini ödəmək məcburiyyətindədirlər. 15 ilə yaxındır ki, onlar ana nənələrinin mənzilinə sığınmışlar. Mənzilin sahəsi 41 kvadrat metrdən ibarətdir. Nənələri artıq yaşlanıb, səhətində problemlər olduğu üçün sakitliyə və rahatlığa ehtiyacı var. Onların da səhətində problemlər var. Artıq birgə yaşamaqları həm iddiaçılar, həm də onların nənələri üçün dözülməzdir. Nənələri onlara mənzilində qalmaqlarına narazılığını dəfələrlə bildirərək tək yaşamaq istədiyini və onun mənzilini tərk etmələrini istədiyini bildirir. Təəssüf ki, iddiaçıların başqa yaşayacaq yerləri yoxdur. Nənələrinin mənzilindən cixarıldıqda onlar faktiki olaraq küçədə qalmaq təhlükəsi ilə üzləşirlər. Hal-hazırda maddi durumları çətin olduğu üçün onların ayrı mənzil almaqları və kirayə mənzildə yaşamaqları mümkünsüzdür. İddiaçılar pay sahibi və faktiki qeydiyyatda olduğuqları mənzilinə köçmək istəsələr də, bibiləri Cavabdeh1 analarına bu mənzilin onun olduğunu və o da bu mənzili öz qızına verəcəyini və iddiaçılara bu mənzilin verilməyəçəyini bildirmişdir. Bu hərəkətləri ilə cavabdeh onların həmin mənzilə köçmələrinə maneələr yaratmağa çalışır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, sözügedən mənzilin sahəsi rəsmi sənəddə 121,8 kvadrat metrdən, qeyri rəsmi isə 140 kvadrat metrdən ibarətdir və orada bibiləri Cavabdeh1 Oktay qızından başqa hec kim yaşamir. Əmiləri Cavabdeh2 Oktay oğlu özünə məxsus olan başqa mənzilində yaşayır. Yuxarıda göstərilənlərə əsasən, iddiaçıların 1/3 pay hissəsinə hüquq sahibi və qeydiyyatda olduqları mənzildən istifadə edə bilməmələri və məcburiyyət qarşısında onlara məxsus olmayan və qeydiyyatda belə olmadıqları mənzildə yaşamalarının artıq dözülməz olduğunu nəzərə alaraq, iddianın təmin edilməsini xahiş edirlər.

4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(001)-2471/2022 saylı qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia tələbi qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətlərində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 42a saylı evin 181 saylı mənzilinə köçürülmələri qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilməsi və iddiaçıların paylı mülkiyyətdə olan mənzilə köçürülməsinə dair hissədə ləğv edilməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçılar məhkəməyə müraciət etdikləri ərizədə ana nənələri X1 41 kvadrat metrdən ibarət olan mənzilində sığınacaq tapdıqlarını və nənələri onları evdən çıxaracağı halda küçədə qalmaq təhlükəsi ilə üzləşə bildiklərini qeyd etmişlər. Guya nənə evinin sahəsinin az olmasına əsaslanaraq nəvələrini mənzildən çıxarmaq istəyində olmuşdur. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən X4 mülkiyyətində bir neçə yaşayış və qeyri-yaşayış sahəsinin olması faktı təsdiqlənir. Bununla yanaşı, iddiaçılar iddia ərizəsində səhətlərində problemlərin olmasını qeyd ediblər. Lakin buna aid heç bir sübut təqdim etməyiblər. Hazırda mübahisəli evdə yaşasa da, ağır formada şəkər xəstəliyindən əziyyət çəkdiyinə, qayğı və yardıma ehtiyacı olduğuna görə evdə ailə üzvləri və digər qohumları ilə birgə təsərrüfat aparırlar. İddiaçılar İddiaçı1 və İddiaçı2, eləcə də onların anaları X11 ilə aralarında gərgin münasibətlər uzun illərdir davam edir. Dəfələrlə qardaşı X8 ölümü ilə bağlı davaları olmuşdur. Hətta məhkəmə prosesi zamanı sözü gedən şəxslər ona qarşı düşmənçilik nümayiş etdirərək, şər və böhtan xarakterli ifadələr işlətmişlər, nəticədə səhəti pisləşmiş və məhkəmədən çıxandan sonra tibbi yardıma ehtiyacı olmuşdur. Belə olan halda iddiaçıların və onların anası X5 (iddia ərizəsinə əsasən iddiaçılar analarının himayəsindədir) onunla bir mənzildə yaşaması nə dərəcədə doğrudur? Gələcəkdə mübahisəli evdə iddiaçıların ona və ailə üzvlərinə qarşı xoşagəlməz, hətta qanuna zidd hərəkətlərinə görə kim məsuliyyət daşıyacaq? Məhkəmələrin işi tək qərar qəbul etməkdən ibarət olmamalıdır, həm də gələcəkdə həmin qərarın insan və vətəndaşın təhlükəsiz, məhdudiyyətsiz mülkiyyət hüququndan istifadə və sağlam şəraitdə yaşamasına rəvac verməlidir. İddiaçılar ərizədə qeyd etdikləri hallara dair heç bir sübut təqdim etməmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsinin icrası gələcəkdə çətin və mümkün olmayandır, tərəflərin həyat və sağlamlığı üçün real təhlükədir. Hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətlərində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 42 A nömrəli evin 181 saylı mənzilinə köçürülməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və qeyri-obyektivdir. Belə ki, məhkəmə işin nəticəsinə təsir edən mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Sözü gedən mənzilə dair iddiaçıların payı müəyyən olsa da, gələcəkdə onun mülkiyyət hüququ məhdudlaşır və qətnamənin icrası mümkün olmayan işlərin sırasına daxil edilə bilər.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən İddiaçı2, onun və digər İddiaçı1 nümayəndəsi X11 cavabdehin apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdilər.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə teleqram göndərərək, səhhətində yaranan problemlərlə əlaqədar iclasın təxirə salınmasını xahiş etsədə, iclasda iştirak etməməsinin üzürlü səbəblərini təsdiq edən sübutlar təqdim etməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

11. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

12. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

13. Maddə 71. Heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar və sübutlar araşdırılmadan qəbul edilmişdir.

27. Kollegiya qeyd edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət vermiş, iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçılar yetkinlik yaşına çatıblar, onların köçürülmələrini tələb etdikləri daşınmaz əmlak üzərində paylı mülkiyyət hüquqları var, bu hüquq Dövlət tərəfindən tanınmaqla qorunur.

28. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2471/2022 saylı iş üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar