Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7074/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qızının Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı qızı, Cavabdeh iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı “uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4186/2023 nömrəli 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin qeyri-rəsmi nikah münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü X4 doğulmuş, atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 mart 2023-cü il təvəllüdlü övladı X2 onun himayəsində saxlanılması və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləği dəyərində 220 manat alimentin və əlavə olaraq X2 3 yaşı tamam olanadək 100 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə 10 iyul 2022-ci il tarixində el adəti ilə qeyri-rəsmi nikaha daxil olaraq evlənmişlər. Onların birgə münasibətdən 13 mart 2023-cü il tarixində X4 doğulmuşdur. Cavabdehlə ailə qurandan sonra bir müddət mehriban yaşasalar da, sonradan cavabdeh daima onu incitmişdir, ona görə də münasibətləri pozulmuşdur. Cavabdehlə yaşamaq qeyri-mümkün olduğundan 2023-cü ilin iyun ayında cavabdehi tərk edərək azyaşlı uşağı ilə birlikdə valideynlərinin evinə gəlmişdir və hazırda azyaşlı uşağı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Ayrıldığı vaxtdan cavabdeh bir ata kimi uşağı ilə maraqlanmamış və ona heç bir maddi köməklik göstərməmişdir. O özü təkbaşına uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir.
4. İddiaçı tərəfindən təqdim edilmiş “GetContact” tətbiqindən çıxarışdan görünür ki, cavabdeh avtomobillərin alqı-satqısı ilə məşğuldur.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 sentyabr 2023-cü il tarixli 2(004)-4186/2023 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi qismən təmin edilmiş, 13 mart 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası İddiaçı qızının yanında saxlanılması, 13 mart 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı qızına ödənilməsi, Cavabdeh 13 mart 2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manatın tutularaq, İddiaçı qızına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının başlanğıcının 08 avqust 2023-cü il tarixdən hesablanması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsinə əsasən Cavabdeh 13 mart 2023-cü il təvəllüdlü X2 atasıdır. Odur ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması hər iki valideynin vəzifəsidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81 və 100.2, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu, “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” qanununu və Mülki Prosesual Məcəllənin 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manatın tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, heç yerdə işləmir. xx.xx.2020-ci il tarixdən Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata düşmüş, hələlik işlə təmin oluna bilmədiyi üçün günəmuzd fəhlilik edir. Hər günü 10-12 manata düşür. Yeganə oğul övladı olmaqla, valideynlərinin hər ikisi xəstədir, atası - X5 ikinci dərəcəli gözdən əlildir. Daim müalicə və müayinəyə ehtiyacı vardır. Günəmuzd qazancından valideynlərinə də köməklik göstərir. Anası ağır dərəcəli şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Mütəmadi olaraq xəstəxanalarda yatır, onun da daim müalicə və müayinəyə ehtiyacı olduğu üçün maddi cəhətdən sıxıntıları, onun işsizliyi, maddi durumunun sıfıra enməsinə səbəb olur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, o, yalnız uşaq üçün hər ay 150- 200 manat aliment ödəyə bilər, iddiaçının özü üçün aliment ödəməyə isə maddi imkanı yoxdur.
12. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
13. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
15. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 16.Maddə 85.1.1. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Kollegiya qeyd edir ki, cavabdeh apelyasiya şikayətində uşaq üç yaşına çatanadək ondan iddiaçının xeyrinə 50 manat aliment tutulmasını mübuhisələndirməsə də, kollegiyanın iclasında uşaq üç yaşına çatanadək iddiaçının xeyrinə ondan hər hansı məbləğdə aliment tutulması ilə razı olmadığını bildirmişdir. Kollegiya cavabdehin bu məzmunda izahatını qətnamənin həmin hissədə də mübahisələndirilməsi kimi qiymətləndirir.
24. Həmçinin, cavabdeh apelyasiya şikayətində ondan aliment tutulmasını mübahisələndirməsə də, alimentin məbləği ilə razı olmayaraq 100 manat müəyyən olunmasını tələb etmiş, kollegiyanın iclasında isə 150-200 manat aliment ödəməyə razı olduğunu bildirmişdir.
25. Odur ki, qətnamə uşaq üçün tutulan alimentin məbləği və uşaq üç yaşına çatanadək iddiaçının özü üçün aliment tutulması hissələrində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutulması) ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməli, mübahisələndirilən digər hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
27. Aliment hissəsində Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur.
28. Göründüyü kimi uşaqlar üçün 2023-cü il üzrə yaşayış minimumu 220 manat təşkil edir.
29. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
30. Cavabdehin dəlilləri qəbuledilən hesab edilmir. Onun bu dəlilləri azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Uşağını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur.
31. İddiaçı uşağın üç yaşına çatanadək hər ay 100 manat vəsaitin tutulmasını xahiş etmiş, məhkəmə də həmin hissədə Ailə Məcəlləsinin 81-ci maddəsinə əsaslanaraq iddianı qismən təmin edərək, 50 manat tutmuşdur.
32. Kollegiya qeyd edir ki, məhkəmənin bu hissədə qənaəti düzgün olmamışdır. Əvvəla məhkəmənin istinad etdiyi Ailə Məcəlləsinin 81-ci maddəsi valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı ilə bağlı münasibətləri tənzimləyir. İddiaçının hazırki tələbi isə uşağın 3 yaşına çatanadək özü üçün alimentin tutulması olmaqla, həmin tələb Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin dispozisiya şərtləri daxilində yoxlana bilər.
33. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər.
34. Göründüyü kimi qanunvericiliyin qeyd edilən norması nikah pozulduqdan sonra keçmiş arvadın (ərin) aliment almaq hüququnu təsbit etmişdir, baxılan iş üzrə isə tərəflər arasında rəsmi nikah olmamışdır, ona görə də iddiaçının hazırda bu maddəyə istinadən uşağın 3 yaşına çatanadək özü üçün aliment tutulması üçün tələb hüququ yaranmamışdır.
35. Ona görə də həmin hissədə iddiaçının tələbi rədd edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(004)- 4186/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən - Cavabdeh 13 mart 2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 (əlli) manatın tutularaq İddiaçı qızına ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.