Məhkəmə qərarları › İş №2(103)-7087/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7087/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7087/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1519/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat sığorta məbləğinin ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1519/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 80 faizi miqdarında sığorta ödənişi ödənilir. İddiaçının hərbi xidmətdən tərxis edilən gündən 20 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab oluna bilməz. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi A.Həsənov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 17 iyun 2005-ci il tarixli, 1877 №-li qərarından görünür ki, İddiaçı Tovuz RHK tərəfindən 02.10.2003-cü ildə hərbi xidmətə çağırılmışdır, özünü 2005-ci ilin mart ayının əvvəllərindən xəstə hesab etmiş, xəstəlik soyuqdəymədən sonra qarnında ağrı, üşütmə, bədən hərarətinin artması, köpmə ilə başlamışdır. Hərbi hissə həkiminə müraciət etmiş və N saylı hərbi hissəyə göndərilmişdir. Orada müayinə olunduqdan sonra MHKM-a köçürülmüşdür. MHKH-da müayinələr nəticəsində xəstədə “Soltərəfli döş qəfəsdaxili limfa vəzilərinin vərəmi, infiltrasiya məhələsində. Soltərəfli ekssudativ plevritlə fəsadlaşma, müsariqə limfa vəzilərinin vərəmi, infiltrasiya mərhələsində, assitlə fəsadlaşma, KB (-) mənfi” diaqnozu təyin edilmişdir. 17.03.2005 – 24.03.2005-ci il tarixində N saylı hərbi hissədə, 25.03.2005-ci il tarixindən hal-hazıradək MN MHKH-da müayinə və müalicədədir. Diaqnoz - “Soltərəfli ekssudativ plevritlə fəsadlaşmış soltərəfli döş qəfəsidaxili limfa vəzilərinin vərəmi, sorulma və bərkimə mərhələsində. Assitlə fəsadlaşmış müsariqə limfa vəzilərinin vərəmi, sorulma və bərkimə mərhələsi KB (-) mənfi”. «XƏSTƏLİK HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR». Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 28 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 534316 №-li təkrar müayinəyə dair arayışından görünür ki, İddiaçı 2-ci qrup əlildir. Əlilliyin səbəbi isə hərbi xidmət dövründə alınmış xəstəlikdir. Mülki iş materiallarında olan hərbi biletin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Tovuz rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış, 20.10.2003-cü ildə hərbi hissəyə göndərilmiş və 02.04.2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Dövlət Sığorta Kommersiya Şirkətinin iddiaçıya ünvanladığı 1 dekabr 2020-ci il tarixli 07-07-656 №-li məktubundan görünür ki, İddiaçı İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar Şirkətin elektron informasiya bazasının məlumatına əsasən Tovuz rayon Dövlət Sığorta Filialı tərəfindən ******* (üç milyon üç yüz min) manat yeni manatla 660 (altı yüz altmış) manat sığorta məbləği 11 may 2006-cı il tarixində ödənilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarı ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Analoji işlərlə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyi də əhəmiyyətlidir. Belə ki, Ali Məhkəmə 2(102)-811/2021 saylı, 15.03.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, ... “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin sığorta olunana xidmətdən buraxıldığı gündən üç il müddətində əlillik təyin olunması barədə normanın məqsədlərinə görə sığorta hadisəsinin mövcud olması üçün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik nəticəsində əlil olmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Əgər şəxs hərbi xidmətdən tərxis olunduqdan sonra onun əlil hesab edilməsinə əsas verən fiziki və sosial məhdudiyyətləri arıq yaranıbsa, onun həmin əlilliyi təsdiq edən sənədi gec alması icbari sığortası haqqında qanunvericiliyin məqsədləri baxımından hərbi qulluqçuların sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili odur ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 80 faizi miqdarında sığorta ödənişi ödənilir. İddiaçının hərbi xidmətdən tərxis edilən gündən 20 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab oluna bilməz. Məhkəmə kollegiyası cavabehin apellyasiya şikayətində istinad olunan həmin dəlili barədə qeyd edir ki, həmin qanunda qeyd edilən normanın əsas məqsədi sığorta olunan şəxsin əlilliyinin, həqiqətən də, onun hərbi xidməti zaman alması ilə bağlı olmasını müəyyən etməkdir. Kollegiya bununla bağlı bildirir ki, hazırkı mülki iş materiallarının 10-11-ci səhifələrində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 28 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 534316 №-li təkrar müayinəyə dair arayışından görünür ki, İddiaçı 2-ci qrup əlildir. Əlilliyin səbəbi isə hərbi xidmət dövründə alınmış xəstəlikdir. Bununla da müəyyən olunur ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanununda nəzərdə tutulan üç illik müddət hazırkı işin faktiki halları baxımından əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Bundan başqa, müddətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusilə əhəmiyyətlidir. Belə ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 yanvar 2014-cü il tarixli Qərarında Məhkəmə qeyd etmişdir ki, «... şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur...» Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin müddətlə bağlı yeganə dəlili əsassız olduğundan təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan və hazırkı işin hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə tam haqlı olmuş, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1519/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar