Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7089/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(005)-318/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı, Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 170 saylı mənzilin (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) alqı-satqısından əldə edilmiş 50.000 manat pul vəsaitinin 2/3 hissəsinin, yəni 33.333 manat məbləğində pulun Cavabdehndən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı 07 dekabr 2021-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, ünvan 3 ünvanda yerləşən 170 saylı mənzilində (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) qalmış cehiz əşyalarının- dəyəri 2100 manat olan yataq dəstinin, dəyəri, 1100 manat olan mətbəx mebelinin, dəyəri 900 manat olan divan, stol, 6 ədəd stulun, dəyəri 9 manat olan uşaq mebelinin, dəyəri 350 manat olan elektrik peçinin (duxovkanın), dəyəri 450 manat olan 3 ədəd pərdənin, dəyəri 900 manat olan soyuducunun, dəyəri 600 manat paltaryuyanın, dəyəri 600 manat olan paltar şkafının Cavabdeh alınaraq ona verilməsi, olmayan əşyaların dəyərinin ödənilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri İddiaçı adına alınmış “Hunday Elantra” markalı, **-RS-*** dövlət qeydiyyat nömrəli avtomobil üzərində ½ hissədə onun payının, ½ hissədə cavabdeh İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-318/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi qismən, qarşılıqlı iddia ərizəsi tam olaraq təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən tərəflər apelyasiya şikayətləri vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3756/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı və Cavabdeh apelyasiya şikayətləri qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan tərəflər kassasiya şikayətləri vermiş, Azərbayjan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4110/2022 saylı qərardadı ilə İddiaçı və Cavabdeh verdikləri kassasiya şikayətlərinin icraata qəbul olunmasından imtina edilmiş, mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apelyasiya şikayəti vermək üçün ərizə ilə məhkəməyə müraciət edərək, prossesual müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(005)- 318/2022 saylı qərardadı ilə İddiaçı və Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-318/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizələri təmin edilməyərək müddətin bərpasından imtina edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-318/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh verdiyi apellyasiya şikayətləri geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, (apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddətdə verilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə qətnamə elektron kabinetə yerləşdirilmiş, xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir) verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il qərardadı ilə dövlət rüsumunun düzgün ödənilməməsi səbəbindən qeyri-münkün hesab edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, apellyatorun ödəməli olduğu rüsum məbləği 50 manat olmuş, lakin apellyator 15 manat rüsum ödəmişdir. Bundan sonra 35 manat rüsum xx.xx.2022-ci il tarixdə ödənilmiş, eləcə də həmin tarixdə apellyasiya şikayəti və buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi xahiş edilmişdir. Bakı şəhər Nərimanov rayon məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərardadı ilə onun ərizəsi təmin edilməyərək, müddətin bərpasından imtina edilmiş və onun verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Hesab edir ki, məhkəmənin qərardadı tamamilə qanunsuz və əsassızdır. Belə ki, o, apellyasiya şikayətini vaxtında xx.xx.2022-ci il tarixdə vermiş, buraxılmış müddəti ötürməmiş, apellyasiya şikayəti üçün dölət rüsumunu isə birinci instansiya məhkəməsinə ödənilən rüsumun 50 faizi həcmində ödəmiş, lakin apellyasiya məhkəməsinin qənaətinə görə apellyasiya üçün dövlət rüsumu düzgün ödənilmədiyindən, qalan 35 manat rüsumu da ödəmişdir. Ona görə də hesab edir ki, ərizəsi təmin edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(005)-318/2022 saylı qərardadı ləğv edilməklə, Cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməlidir. Belə ki, kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il qərardadı ilə dövlət rüsumunun düzgün ödənilməməsi səbəbindən qeyri-münkün hesab edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, apellyatorun ödəməli olduğu rüsum məbləği 50 manat olmuş, lakin apellyator 15 manat rüsum ödəmişdir. Bundan sonra Cavabdeh tərəfindən 35 manat rüsum xx.xx.2022-ci il tarixdə ödənilmişdir Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququ İnsan Hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsi ilə təsbit olunmuşdur. Həmin Konvensiyanın 6-cı maddəsində deyilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə işinin ədalətli araşdırılması hüququna malikdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X3 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” Qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin Qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Kollegiya şikayətin dəlilləri ilə bağlı eləcə də qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-318/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməmiş, vaxtında yəni 14 mart 2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Sonradan buraxılmış müddət cavabdeh tərəfindən üzürsüz səbəbdən deyil, yaranmış hüquqi mübahisənin həlli məqsədi ilə məhkəmə qərardadlarından verilmiş şikayətlər və onun əsasında məhkəmələrdə mülki işə baxılması səbəbindən ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(005)-318/2022 saylı qərardadı ləğv edilməklə, Cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(005)- 318/2022 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(005)- 318/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilsin. Buraxılmış prosessual müddət bərpa edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7089/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7089/2022
18.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver