Məhkəmə qərarları › İş №2(103)-709/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-709/2022

14.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-709/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı, onun vəkili Vəkil2, cavabdeh-iddiaçı Cavabdeh1, cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “özbaşına tikilinin sökülməsi və zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasına, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “özbaşına tikilinin sökülməsi və zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı apellyasiya şikayətinə və cavabdeh-iddiaçılar Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı və Cavabdeh2 qonşudur. İddiaçı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ədalət Yusifov küçəsi, ev № 39-da yerləşən 4 №-li mənzilin, Cavabdeh2 isə 5 №-li mənzilin mülkiyyətçisidir. Cavabdeh1 və Cavabdeh3 mülkiyyətçi Cavabdeh2 ailə üzvləridir. Tələb və onun həlli: İddiaçı ilk iddia ərizəsində tələb olunub: 1) 4 №-li mənzilin divarının üstündə tikilmiş 3-cü mərtəbə (5 №-li mənzilə aid 3-cü mərtəbə) sökülsün; 2) 5 №-li mənzilin 3-cü mərtəbəsindən 4 №-li mənzilin damına baxan 2 pəncərə bağlansın; 3) 4 №-li mənzilə 5 №-li mənzildən suyun axıdılması nətcəsində vurulmuş maddi zərərin əvəzi kimi 15.000 manat ödənilsin. Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsində tələb olunub: 1) 4 №-li mənzilin mülkiyyətdə olan 18 kv.m yaşayış sahəsindən artıq inşa edilmiş tikililəri (mansard, dam örtüyü) sökülsün və əvvəlki vəziyyət bərpa edilsin; 2) 5 №-li mənzilə su axıdlması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 13.000 manat ödənilsin. Qətnamə ilə qət olunub: 1) ilk iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 973 manat Cavabdeh2 tutularaq İddiaçı ödənilsin, ilk iddianın qalan hissəsi təmin edilməsin; 2) qarşılıqlı iddia qismən təmin edilsin, maddi zərərin əvəzi kimi 1.105 manat İddiaçı tutularaq Cavabdeh2 ödənilsin, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Şikayət və izahatlar: İddiaçı apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia təmin edilsin, qarşılıqlı iddia rədd edilsin. Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd edilsin, qarşılıqlı iddia isə təmin edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı, onun vəkili Vəkil2, cavabdeh-iddiaçı Cavabdeh1, cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 hər biri öz tərəfinin apellyasiya şikaytinin əsaslı olduğunu bildirdilər. Qətnamənin yoxlanılması: Qətnamə ilə iki iddia – ilk və qarşılıqlı iddia həll edildiyinə görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. İlk iddia barədə: İlk iddia 3 tələb var. Həmin tələblər barədə məhkəmə aşağıdakıları qeyd edir: 1-ci tələb: Bu tələb 4 №-li mənzilin divarının üstündə tikilmiş 3-cü mərtəbənin (5 №-li mənzilə aid 3-cü mərtəbənin) sökülməsi barədədir. Tələb əsaslıdır, 4 №-li mənzilin ara (şərikli) divarı üzərində inşa edilmiş, 5 №-li mənzilə aid olan tikili (3-cü mərtəbə) həmin mənzilin mülkiyyətçisi Cavabdeh2 hesabına sökülməlidir. Belə ki, tikinti-texniki ekspertizanın rəyi ilə müəyyən olunub ki, 5 №-li mənzilin 18 metr uzunluğunda yan divarı 4 №-li mənzilllə ara (şərikli) divar üzərində inşa edilib. Məhkəmə qeyd edir ki, rəydə qeyd olunan “18 metr uzunluğunda yan divar” İddiaçı sökülməsinin tələb etdiyi tikilinin (5 №-li mənzilə aid olan 3-cü mərtəbənin) yan divarıdır. Bu divar 4 №-li mənzillə ara (şərikli) divar üzərində inşa edildiyinə görə İddiaçı onun sökülməsini tələb etmək hüququna malikdir. Çünki Mülki Məcəllənin 180.4-cü maddəsində özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malik olan şəxslərdən biri “maraqlı tərəf” kimi qeyd olunub. 18 metr uzunluğunda yan divarın 4 və 5 №-li mənzillərin ara (şərikli) divarı üzərində inşa edilməsi həmin ara (şərikli) divarın sahiblərindən birinin (4 №-li mənzilin mülkiyyətçisi İddiaçı) maraqlı tərəf sayılmasına əsas verir. Tikinti-texniki ekspertizanın rəyində qeyd olunub ki, 18 metr uzunluğunda yan divar 4 №-li mənzilə təhlükə törətmir. Lakin təhlükə törədib-törətmədiyindən asılı olmayaraq, divar sökülməlidir. Bu məsələdə həlledici meyar təhlükə deyil, mülkiyyətçinin iradəsidir. 4 №-li mənzilin ara (şərikli) divarı üzərindəki tikilinin mövcudluğu həmin mənzilin mülkiyyətçisi İddiaçı iradəsinə ziddir. Mülkiyyət anlayışı İddiaçı səlahiyyət verir ki, mülkiyyətində olan mənzilin ara (şərikli) dirvarı üzərində özbaşına tikintinin olmasına etiraz etsin. 18 metr uzunluğunda yan divar özbaşına tikinti obyektidir. Belə ki, həmin divar 5 №-li mənzilin texniki göstəricilərində qeyd olunmayıb. Daşınmaz əmlakın texniki göstəriciləri texniki pasporta əsasən müəyyən olunur. Odur ki, daşınmaz əmlakın hər hansı hissəsinin özbaşına tikinti olub-olmadığı müəyyən edilərkən texniki pasportun məlumatları əsas götürülür. 4 №-li mənzilin texniki pasortu məhkəməyə təqdim edilsə də, 5 №-li mənzilin texniki pasportu təqdim edilməyib. Apellyasiya icraatı zamanı 5 №-li mənzilin texniki pasportunun məhkəməyə təqdim edilməsi mənzilin mülkiyyətçisinə təklif olunmuş, bu məqsədlə məhkəmə baxışı təxirə salınmış, lakin texniki pasport məhkəməyə təqdim edilməmişdir. 5 №-li mənzilin mülkiyyətçisinə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 17.12.2021-ci il tarixli, **********00 nömrəli məktubda qeyd olunub ki, həmin ünvanda qeydiyyatdan keçmiş mənzil söküldüyünə görə texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. İşdə olan məlumatlar məhkəməyə əsas verir ki, 4 №-li mənzilin ara (şərikli) divarı üzərində inşa edilmiş 18 metr uzunluğunda yan divarı (5 №-li mənzilə aid divarı) özbaşına tikinti obyekti saysın. Həmin divar sökülməlidir, bu isə o mənanı verir ki, 5 №-li mənzilə aid 3-cü mərtəbə sökülməlidir, çünki 1 divar olmadan digər 3 divarın mövcud olması mümkün deyil. 2-ci tələb: Bu tələb 5 №-li mənzilin 3-cü mərtəbəsindən 4 №-li mənzilin damına baxan 2 pəncərənin bağlanması barədədir. Tələb təmin oluna bilməz. Belə ki, tikinti-texniki ekspertizanın rəyində qeyd olunub ki, 5 №-li mənzilin 3-cü mərtəbəsində, 4 №-li mənzilin dam örtüyündən 60 sm yuxarıda 3 ədəd pəncərə mövcuddur. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə ilə 3-cü mərtəbənin sökülməsi qət olunub, bu isə o deməkdir ki, pəncərələr də həmin mərtəbə ilə birlikdə söküləcək. Sökülməsi qət olunan pəncərinin həm də bağlanması qət oluna bilməz. 3-cü tələb: Bu tələb 4 №-li mənzilə 5 №-li mənzildən suyun axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 15.000 manat ödənilməsi barədədir. Tələb təmin oluna bilməz. Belə ki, tikinti-texniki ekspertizanın rəyində qeyd olunub ki, 4 №-li mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri 973 manat təşkil edir. Lakin həmin rəydə eyni zamanda qeyd olunub ki, 5 №-li mənzilin damından 4 №-li mənzilə su axmamışdır. 5 №-li mənzilin dam örtüyündən 4 №-li mənzilin dam örtüyünə su axa bilər. 4 №-li mənzilə su axmasına səbəb 4 №-li mənzilin dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması ola bilər. Göründüyü kimi, ekspert qeyd edib ki, 5 №-li mənzilin dam örtüyündən 4 №-li mənzilin dam örtüyünə su axa bilər. Dam örtüyündən digər dam örtüyünə axan su isə atmosfer yağıntılarının nəticəsində əmələ gələn sudur. Dam örtüyü öz təyinatına görə atmosfer yağıntılarının tikiliyə daxil olmasının qarşısını almaq üçündür. Əgər atmosfer yağıntıları nəticəsində əmələ gələn su dam örtüyündən tikiliyə daxil olursa, deməli, tam örtüyünün özündə qüsur var. Ekspert də bunu təsdiq edib. Ekspert rəyində qeyd olunub ki, 4 №-li mənzilə su axmasına səbəb 4 №-li mənzilin özünün dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması ola bilər. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1111.2-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, su axma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələb əsassızıdır. Qarşılıqlı iddia barədə: Qarşılıqlı iddiada 2 tələb var. Həmin tələblər barədə məhkəmə aşağıdakıları qeyd edir: 1-ci tələb: Bu tələb 4 №-li mənzildə 18 kv.m sahədən (mülkiyyətdə olan sahədən) artıq inşa edilmiş tikililərin (mansard, dam örtüyü) sökülməsi və əvvəlki vəziyyətin bərpa edilməsi barədədir. Tələb əsassızdır. Belə ki, tikinti-texniki ekspertizanın rəyində qeyd olunub ki, 4 №-li mənzildə əlavə tikinti işləri aparılıb. Həmin əlavə işlər mənzilin ölçülərinin 4,6x3,8m artırılmasından və mənzilin dam örtüyünün sökülərək və kənar divarlar (parapet) hörülərək çardaq tipli (mansard deyil) olmaqla yenidən quraşdırılmasından ibarətdir. Rəydə daha sonra qeyd olunub ki, aparılmış tikinti işləri tikinti norma və qaydalarınu uyğun yerinə yetirilməyib. Lakin 5 №-li mənzilin mülkiyyətçisi 4 №-li mənzilə aid olan əlavə tikililərin sökülməsini tələb etmək hüququna malik deyil. Çünki tikinti-texniki ekspertizanın rəyində qeyd olunub ki, 4 №-li mənzilə aid olan əlavə tikililər 5 №-li mənzilə təhlükə törətmir və 5 №-li mənzilin mülkiyyətçisinin mülkiyyət hüququnu məhdudlaşdırmır. 4 №-li mənzildəki əlavə tikililərin özbaşına tikinti olması faktı öz-özlüyündə qonşu mənzilin - 5 №-li mənzilin mülkiyyətçisinə həmin tikililərin sökülməsini tələb etmək hüququ vermir. Mülki Məcəllənin 180.4-cü maddəsində özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malik olan şəxslərdən biri “maraqlı tərəf” kimi qeyd olunub. 5 №-li mənzilin mülkiyyətçisinin maraqlı tərəf sayılması üçün əsas yoxdur. 5 №-li mənzilin mülkiyyətçisi qarşılıqlı iddia ərizəsində qeyd edib ki, pəncərələri açdığı zaman 4 №-li mənzilə aid olan, özbaşına tikilmiş dam örtüyü ilə qarşılaşır. Lakin hazırkı qətnamə ilə həmin pəncərələrin yerləşdiyi mərtəbənin (3-cü mərtəbənin) sökülməsi qət olunub. Qarşılıqlı iddia ərizəsində qeyd olunan digər dəlillərə isə ekspert rəyində cavab verilib. Rəydə qeyd olunub ki, 4 №-li mənzilə aid olan əlavə tikililər 5 №-li mənzilin mülkiyyətçisinin mülkiyyət hüququnu məhdudlaşdırmır. Bu isə onu təsdiq edir ki, qarşılıqlı iddia ərizəsində qeyd olunan dəlillər həqiqi deyil. 2-ci tələb: Bu tələb 5 №-li mənzilə su axıdlması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 13.000 manat ödənilməsi barədədir. Tələb əsassızdır. Belə ki, tikinti-texniki ekspertizanın rəyində qeyd olunub ki, 4 №-li mənzilin damından 5 №-li mənzilin yan divarına (12 kv.m sahədə) su sızmışdır. Su sızmasına səbəb 4 №-li mənzilin dam örtüyünün, su navalçasının və əks su novunun düzgün qurşdırılmaması ola bilər. Su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri 1.105 manat təşkil edir. Lakin 5 №-li mənzilin mülkiyyətçisinə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 17.12.2021-ci il tarixli, **********00 nömrəli məktubda qeyd olunub ki, həmin ünvanda qeydiyyatdan keçmiş mənzil söküldüyünə görə texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Göründüyü kimi, qeydiyyatdan keçmiş mənzil (yəni 5 №-li mənzil) sökülüb, ona görə texniki paportun tərtib edilməsindən imtina olunub. Su sızan yan divara (12 kv.m sahəyə) 5 №-li mənzil üzərindəki mülkiyyət hüququnun şamil olunubolunmadığı texniki pasportun məlumatlarına əsasən müəyyən olunur. Texniki pasport olmadığına görə bunu müəyyən etmək mümkün deyil. Odur ki, texniki pasport tərtib edilənə qədər, belə ehtimal mövcuddur ki, həmin divar mülkiyyət hüququnun obyekti olan daşınmaz əşyanın tərkibinə aid deyil. Zərərin əsasında isə hüququn pozulması dayanır. Divar mülkiyyət hüququnun obyekti olan mənzilin tərkibinə aid deyilsə, Mülki Məcəllənin 21, 1096 və 1111.2-ci maddələrinin göstərişlərinə görə 5 №-li mənzilin mülkiyyətçisi mülkiyyət hüququnun pozulmasına əsaslanıb zərərin əvəzini tələb edə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı ilk iddiası qismən təmin olunsun. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ədalət Yusifov küçəsi, ev № 39-da yerləşən 4 №-li mənzilin ara (şərikli) divarı üzərində inşa edilmiş, 5 №-li mənzilə aid olan 3-cü mərtəbə Cavabdeh2 hesabına sökülsün. İlk iddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddiası təmin edilməsin. Ekspertiza xərci olan 50 manatın 20 manatı İddiaçı, 30 manatı isə Cavabdeh2 Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar