Məhkəmə qərarları › İş №2(103)-7090/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7090/2020

08.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7090/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil, İddiaçı2 MMC-nin nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı «icra qeydlərinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-2877/2020 saylı qərardadından iddiaçılar tərəfindən birgə verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC cavabdeh Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı «icra qeydlərinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri 51 nömrəli notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 8İ-3887 reyestr nömrəli və xx xxx 2020-ci il tarixli, 8İ-3979 reyestr nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bununla yanaşı, iddiaçılar iddianın təmin etmə tədbiri barədə ərizə verərək, mübahisələndirilən icra qeydləri (icra sənədləri) üzrə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsində aparılmış icra hərəkətlərinin dayandırılması və işin mahiyyəti üzrə həll edilənədək icra hərəkətlərin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 2877/2020 saylı qərardadı ilə (hakim Gültəkin Əsədova) ərizə təmin olunmamışdır. İddiaçılar həmin qərardaddan birgə şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, icra sənədi üzrə icraatın dayandırılmalı olması, kreditin qaytarılması müddətinin keçməməsi, bu səbəbdən də icra qeydlərinin verilməsinin qanunsuz və əsassız olması, mübahisə predmeti icra qeydlərinin verilməsinin əsasını təşkil edən kredit müqaviləsi üzrə «xxxxxxxxxxxxxxx» ASC tərəfindən məhkəməyə müraciət edilməsi və hazırda qeyd olunan işin Bakı Kommersiya Məhkəməsinin icraatında olması və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin edilməsi xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı tərəf şikayətin dəlillərinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən üçüncü şəxs «xxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi şikayətin dəlillərinə etmiş, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə əlaqədar məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası şikayətə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinin tələbinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər.İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İlkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddianı təmin etmə tədbiri barədə ərizəni rədd edərkən qərardadı əsaslandırmamış, ümumi qaydada iddianı təmin etmə tədbirinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyinin olmamasını qeyd etmişdir. Halbuki, işdən görünür ki, iddianı təmin etmə tədbiri barədə ərizə mübahisələndirilən icra qeydləri üzrə həyata keçirilən icra hərəkətlərinin dayandırılması barədədir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı). Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən yalnız «İcra haqqında» Qanunun 17.1.4-cü maddəsinə əsaslanmışdır. Həmin normaya əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə («İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Göründüyü kimi, istinad olunan norma icra sənədi üzrə icraatın məhz icra məmuru tərəfindən məcburi dayandırılması halını tənzimləyir və iddianın təmin olunması barədə ərizənin əsaslarının MPM-nin 157-158-ci maddələrinə uyğun yoxlanılmasını istisna etmir. Qeyd edilməlidir ki, MPM-nin 158.1-ci maddəsində iddianı təmin etmək üçün tədbirlərin siyahısı göstərilmişdir (məsələn, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək, borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq və s.). Eyni zamanda, MPM-in 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən xx xxxx 2018-ci il tarixli qərarındakı qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında bu nəticəyə gəlmişdir ki, «Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir». Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın təmini barədə ərizəyə baxarkən müvafiq araşdırma aparmamış, qərardadı bu istiqamətdə əsaslandırmamışdır. Yuxarıda qeyd edildiyi kimi, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən,şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş iddianın təmini barədə ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-2877/2020 saylı qərardadı ləğv edilsin,mülki iş iddianın təmini tədbiri barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar