Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7091/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(006)-1168/2021 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23.10.2000-ci il tarixdən 20.01.2002-ci ilədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. 29.09.2001-02.10.2001-ci ilə qədər hərbi xidməti dövründə vəzifəsini yerinə yetirərkən hərbi travma almış və 91 saylı Hərbi Hissədə müayinə və müalicə olunmuşdur. Hərbi xidmət dövrü aldığı yaralanma (travma) ilə əlaqədar 2017ci il tarixdə ona 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəbli əlaqəsi “Hərbi travmadır, hərbi xidməti vəzifəsini yerinə yetirərkən” ifadəsi ilə göstərilmişdir. Lakin bu günə qədər o, 2-ci qrup əlillər üçün nəzərdə tutulan sığorta ödənişini ala bilməmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmiş, məktubla imtina cavabı verilmişdir. Göstərilənlərə əsasən cavabdehdən onun xeyrinə İİ qrup müharibə əlili kimi 6600 (altı min altı yüz) manat məbləğində icbari sığorta haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(006)-1168/2021 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin alınaraq, İddiaçı ödənilməsi qət olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(006)-1168/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı, heç bir üzrlü səbəb olmadan sığorta ödənişinin verilməsi üçün sığorta hadisəsi tarixindən iyirmi ilə yaxın zaman sonra, yəni 2020-ci ildə müraciət etmişdir. Göründüyü kimi, sığorta hadisəsinin baş verməsi tarixindən artıq iyirmi ilə yaxın müddət keçmiş və sığorta ödənişinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 27-ci maddəsinə uyğun olaraq hərbi qulluqçuların həyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.02.1992-ci il tarixli, 99- 6 və 04.08.1992-ci il tarixli, 426-20 saylı qərarları ilə icbari sığortalanmış və həmin qərarlar 22.06.1998-ci il tarixdən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.06.1998-ci il tarixli 140 saylı qərarı əsasında) qüvvədən düşmüşdür. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Beləliklə, hərbi qulluqçuların icbari sığortasını tənzimləyən bu Qanunun qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hadisələrinə və 10.08.1997-ci il tarixdən əvvəl hərbi xidmətdə olan hərbi qulluqçulara şamil edilə bilməz. Azərbaycan Respublikası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” Haqqında Qanunun 5ci maddəsinin “ç” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirilməsi ilə əlaqədar olaraq xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda sığorta məbləğinin faizlə sığorta ödənişləri verilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci (Mülki qanunvericiliyin zamana görə qüvvəsi) maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericiliyin geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 7.3-cü maddəsinə görə mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulan istisna fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiçının tələbi isə onun hüquqi vəziyyətinin yaxşılaşdırılması və hüquq məsuliyyətinin aradan qaldırılması ilə əlaqədar deyil, sığorta ödənişinə dair maddi tələbdən ibarətdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci bəndinə əsasən, ölən, həlak olan, xəbərsiz itkin düşən, hərbi əməliyyatlarla bağlı itkin düşən, habelə hərbi rütbədən məhrum edilən hərbi qulluqçular “Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Uçotu haqqında Təlimat”la müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır. Dinc dövrdə xəbərsiz itkin düşmüş və hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılması korpus (diviziya) komandirinin, Silahlı Qüvvələr növlərinin komandanlarının, mərkəzi tabelikdə olan bölmələrin və hərbi hissələrin komandirlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, idarə, müstəqil şöbə (xidmət) rəislərinin vəsatəti əsasında hərbi qulluqçunun yoxa çıxması haqqında məlumatın alınmasından 3 ay gec olmayaraq onun xəbərsiz yoxa çıxmasının səbəblərinin və şəraitin təhqiqatının nəticələrinə görə müvafiq icra hakimiyyəti orqanının əmri ilə həyata keçirilir. Həmin Əsasnamənin 3-cii bəndinin ikinci hissəsinə əsasən, həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar.Beləliklə, qanunvericiliyə müvafiq olaraq, Azərbaycan Respublikasının hər bir vətəndaşı hərbi xidmətə çığırılarkən hərbi hissənin siyahısına qeyd olunandan, hərbi hissənin siyahısından çıxarılana kimi, yəni hərbi xidmətdə olduğu dövrdə “Hərbi qulluqçuların dövlət icbari şəxsi k sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icbari sığorta olunurlar.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci (sığorta ödənişinin verilməsindən imtinanın əsasları) maddəsinə görə müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsində olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan hərbi biletin surətindən görünür ki, İddiaçı 23.10.2000-ci il tarixdən 20.01.2002-ci ilədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. Hərbi hissə döyüş bölgəsində yerləşdiyi qeyd edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının surətindən görünür ki, İddiaçı 2-ci qrup əlildir. Əlilliyin səbəbi: hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillikdir. Diaqnoz: Baldır sümüklərinin, aşıq-baldır oynağı daxil olmaqla sınığı, hərbi xidmət zamanı sağ baldır sümüklərinin aşağı 1/3-nin, sol baldır sümüklərinin orta 1/3 yerinidəyişən açıq sınıqları, sağ topuğun çıxığı. Oynağın ankilozu, sağ aşıqbaldır oynağının postravmatik ankilozu. Paraplegiya və tetraplegiya, hər iki aşağı ətrafın paraplegiyası, əzələlərin atrofiyası, dayaq-hərəkət funksiyasının ciddi pozulması, qamış sinirinin baldır səviyyəsində travması, sol incik və sağ qamış sinirlərinin postravmatik nevriti. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 944 №-li, 23.05.2017-ci il tarixli Qərarının surətindən görünür ki, İddiaçı Xocalı RHK tərəfindən 2000-ci ildə hərbi xidmətə çağırılmış, hərbi xidmət keçərkən 29.09.2001-ci ildə aldığı və 29.09.2001-ci 12 10.2001-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: “Sağ baldırın küt travması. Sağ qamış və incik sümüklərinin yerim açıq sınığı. Travmatik şok İİ dərəcə” və 02.10.2001-ci ildən 20.12.2001-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: “Sağ baldır sümüklərinin aşağı 1/3-nin yerinidəyişən açıq sınığı, sağ topuğun yarımçıxığı. Sağ baldır nənnin İlizarov aparatı ilə osteosintezi (12.10.2001)” (Azərbaycan Respublikası SHXÇDX-nin Xocalı rayon bölməsinin 07.02.2017-ci il tarixli 3 nömrəli göndərişi, 31.01.2017-ci il tarixli, 13 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş 02.10.2001-ci il tarixli çıxarış epikrizi, N nömrəli hərbi hissədən verilmiş 20.12.2001-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR”. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 23.09.2020-cİ il tarixli, 07-07- 420 saylı məktubundan görünür ki, cavabdeh iddia müddətinin keçməsini əsas gətirərək müraciətin icrasından imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı oğlu hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.1.8 və 6.1.9-cu maddələrinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləri olaraq müəyyən edilmişdir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2 və 14.2.2-ci maddələrinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi müəyyən edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: -2 qrup əlilliyə görə — 60 faiz; “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur.” “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun birinci maddəsinin üçüncü bəndinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinin birinci hissəsinə əsasən dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Kollegiya hesab edir ki, cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı sığorta ödənişinin ödənilməsindən imtina etməsi qanunsuzdur, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun sığorta hadisələri və ödənişləri haqqında 5-ci maddəsinin “ç” bəndinin birinci abzasına əsasən iddiaçı X1 ümumi sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəstəliyin məhz hərbi xtdmət dövrundə alması və məhz bunun nəticəsində əlililk dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üçün müəyyən edilmiş müddətdir. Həmin normanın məqsədlərinə görə, sığorta hadisəsinin mövcud olması üçün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik/xəsarət nəticəsində əlil olmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Beləliklə, baxılan iş üzrə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəstəliyi hərbi xidmət dövründə aldığı müəyyən olunur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(006)- 1168/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-7091/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7091/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver