Məhkəmə qərarları › İş №2(103)-7092/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7092/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7092/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 manat sığorta ödənişinin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, həmin qətnamə 16 aprel 2021-ci il tarixdə tərəflərə, o cümlədən Dövlət Sığorta Kommersiya Şirkətinə göndərilmiş, 26.04.2021-ci il tarixdə adı çəkilən şirkətə çatdırılmış, onun 31.05.2021-ci il tarixdə dövlət rüsumu ödəməklə Bakı Apellyasiya Məhkəməsinə 08.06.2021-ci il tarixdə ünvanladığı apellyasiya şikayəti həmin tarixdə apellyasiya instansiyasına daxil olmuş, şikayət MPM-nin 133-cü, 362-364-cü maddələrinin tələblərinə əməl olunması məqsədilə birinci instansiya məhkəməsinə göndərilmiş, 14.06.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olan şikayət iş materiallarına əlavə olunaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdehin qətnamədən şikayət vermə müddətinin son günü 27.05.2021-ci il tarixi olmuş, lakin onun şikayəti müddət ötürülməklə apellyasiya instansiyasına ünvanlanmışdır. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar