Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7093/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Cavadov Habil Azad oğlunun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2071/2021 saylı iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı «əlavə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi üzrə əmək funksiyasının 16 iyun 2020-ci il tarixdən 18 noyabr 2020-ci il tarixə qədər icra etdiyinə görə 5.737 manat əlavə əmək haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 21 oktyabr 2004-cü il tarixdən başlayaraq 02 aprel 2018-ci il tarixə qədər cavabdeh "xxxx" ASC-də hüquqi işlər üzrə mütəxəssis assistenti, hüquqi işlər üzrə mütəxəssis, Hüquq Departamentinin baş mütəxəssisi, Hüquq Departamentinin direktor vəzifəsinin icra edicisi, Hüquq Departamentinin direktor müavini – şöbə rəisi, Hüquq Departamentinin Məhkəmə və İcra orqanları ilə iş şöbəsinin rəisi vəzifələrində çalışmışdır. Cavabdeh ASC-də struktur dəyişikliyi edilmiş və o, 02 aprel 2018-ci il tarixdə Məhkəmə və İcra orqanları ilə iş şöbəsinin rəisi vəzifəsindən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə təyin edilmişdir (02.04.2018, əmr № 57k) və əmək haqqı 2.700 manatdan 1.800 manata endirilmişdir. 02.04.2018-ci il tarixdə müvafiq qaydada imzalanmış və təsdiqlənmiş Vəzifə Təlimatına uyğun olaraq vəzifəsinin icrasına başlamışdır. Cavabdeh ASC tərəfindən «vəzifənin həvalə edilməsi və əmək haqqı dəyişikliyi haqqında» 16 iyun 2020-ci il tarixli 56/k saylı əmr verilmişdir və əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82-ci maddəsi rəhbər tutularaq: onun Cavabdeh ASC-nin Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünasına 16 iyun 2020-ci il tarixdən müvəqqəti olaraq Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilmiş və həmin tarixdən ona ştat cədvəli üzrə əmək haqqı həddi çərçivəsində 2.000 manat məbləğində aylıq əmək haqqı müəyyən edilmişdir. Əmrdən göründüyü kimi, ona Hüquq Departamentində boş vəzifə olan Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilmişdir, yəni 16 iyun 2020-ci il tarixdən baş hüquqşünas kimi Vəzifə Təlimatı üzrə icra etdiyi öz işindən əlavə boş vəzifə olan Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin funksiyasını yerinə yetirməyə başlamışdır. Əmrə əsasən ştat cədvəli üzrə həmin tarixdən baş hüquqşünas vəzifəsinə görə ona 2.000 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Bununla yanaşı 16 iyun 2020-ci il tarixdə Cavabdeh ASC ilə arasında 12 iyul 2010-cu il tarixdə bağlanmış 56 saylı əmək müqaviləsinə 10 saylı əlavə imzalanmışdır. 56 saylı əmək müqaviləsinə 10 saylı əlavəyə əsasən: - 16.06.2020-ci il tarixdən müqavilənin 1.2 və 4.1-ci bəndləri aşağıdakı redaksiyada qəbul edilmişdir: 1.2. İşçi Cavabdeh ASC-nin Hüquq Departamentinin Dövlət və hüquq müzafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə işə qəbul edilir. Müvəqqəti olaraq şöbə rəisi vəzifəsinin icrası həvalə edilir. İşçinin əsas iş yeridir. 4.1. İşçiyə hər ay 2.000 manat (bütün vergilər və məcburi ödənişlər daxil olmaqla) məbləğində əmək haqqı ödənilir. Əlavədən də göründüyü kimi, 2.000 manat əmək haqqı baş hüquqşünas vəzifəsinə görə müəyyən edilmişdir. O, Cavabdeh ASC-də qüsursuz 14 illik iş təcrübəsindən sonra 02 aprel 2018-ci il tarixdə Məhkəmə və İcra orqanları ilə iş şöbəsinin rəisi vəzifəsindən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə endirilməsindən ehtiyat edərək, belə qənaətə gəlmişdir ki, boş vəzifə olan Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin funksiyasını yerinə yetirdiyinə görə əlavə əmək haqqı müəyyən edilərək ödəniləcəkdir. Onun 20 ilə yaxın qüsursuz iş təcrübəsi nəzərə alınaraq, ona başqa bir işəgötürən tərəfindən daha yaxşı şərtlərlə daha yüksək vəzifəyə iş təklifi gəlmiş və o, həmin təklifi qəbul edərək, Cavabdeh ASC-yə 18 noyabr 2020-ci il tarixdən işdən çıxması barədə ərizə vermiş və həmin gün onun cavabdehdə son iş günü olmuşdur. 19 noyabr 2020-ci il tarixdə ona son haqq-hesab ödənilmiş və ödəniş məbləğindən görmüşdür ki, ona Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin funksiyasını yerinə yetirdiyinə görə əlavə əmək haqqı ödənilməmişdir. O, 19 noyabr 2020ci il tarixdən hüquqlarının pozulduğunu aşkar etmiş, çünki həmin tarixə qədər bilməzdi ki, ona icra etdiyi boş vəzifəyə görə əlavə əmək haqqı sistem əhəmiyyətli bank tərəfindən ödənilməyəcəkdir. Bununla belə, pozulmuş hüquqlarının bərpası ilə bağlı o, Cavabdeh ASC-yə 01 dekabr 2020-ci il tarixdə müraciət etmişdir. Müraciətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsaslanaraq, 16 iyun 2020-ci il tarixdən 18 noyabr 2020-ci il tarixədək icra etdiyi boş vəzifəyə görə hesablanmalı olan 5.737 manat əlavə əmək haqqının müvafiq qaydada ödənilməsi xahiş olunmuşdur. Cavabdeh ASC əlavə əmək haqqının ödənilməsinə dair müraciətinə cavab olaraq 11 yanvar 2021-ci il tarixli 11/08-65 saylı məktub göndərmiş və həmin məktubunda onun vəzifəyə təyin edilməsi və vəzifə üzrə əmək haqqı məbləğinin müəyyən edilməsi qeyd olunmuşdur. Bildirmək istəyir ki, onun vəzifəsi 02 aprel 2018-ci il tarixdən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası vəzifəsi olmuşdur və əmək haqqı ştat cədvəli üzrə 16 iyun 2020-ci il tarixdən 2.000 manat müəyyən edilmişdir. 16 iyun 2020-ci il tarixli 56/k saylı əmr və eyni tarixdə 12 iyul 2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə edilmiş 10 saylı əlavəyə əsasən o, baş hüquqşünas vəzifəsində qalmaqla boş olan digər vəzifəni – Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin funksiyasını 18 noyabr 2020-ci il tarixədək yerinə yetirmişdir. Onun icra etdiyi boş vəzifə üzrə əmək haqqı məbləği 2.250 manat təşkil etmişdir. Həmin əmək haqqının yarısı 1.125 manat təşkil edir ki, 16 iyul 2020 (1-ci ay), 16 avqust 2020 (2ci ay), 16 sentyabr 2020 (3-cü ay), 16 oktyabr 2020 (4-cü ay), 16 noyabr 2020-ci il (5-ci ay) tarixləri üzrə 1.125 x 5 = 5.625 manat, 17-18 noyabr 2020-ci il tarixləri üzrə (1125 : 20 x 2) hər gün üçün 56,25 manat olmaqla cəmi 112,50 manat, ümumilikdə 5.737 manat əlavə əmək haqqı ödənilməlidir. Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Həmin Məcəllənin 3-cü hissəsinə əsasən boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Hazırkı mübahisədən bəlli olur ki, o, 5 ay 2 gün boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirmişdir. Həmin Məcəllənin 4-cü hissəsinə əsasən əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294-cü maddəsinin 2-ci hissəsində qeyd edilmişdir ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının MPM ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Buna müvafiq olaraq əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməklə xarakterizə olunur. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi üzrə əmək funksiyasının 16 iyun 2020-ci il tarixdən 18 noyabr 2020-ci il tarixə qədər icra etdiyinə görə 7.650 manat əlavə əmək haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizədə iddiaçı əlavə olaraq göstərmişdir ki, Cavabdeh ASC-nin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə təqdim etdiyi Cavabdeh ASC-nin İdarə Heyəti tərəfindən 19.02.2020-ci il tarixdə (protokol № 09, qərar № 1) təsdiq edilmiş Cavabdeh ASC-nin Baş Ofisi üzrə Ştat Cədvəlindən çıxarışdan müəyyən olunmuşdur ki, Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi üzrə əmək haqqı məbləği 3.000 manat müəyyən olunmuşdur. Bununla da icra etdiyi Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi üzrə tələb etdiyi əlavə əmək haqqı məbləğinin həcmi artırılmalıdır. Boş vəzifə üzrə əmək haqqı məbləği 3.000 manat olduğundan, həmin əmək haqqının yarısı 1.500 manat təşkil edir ki, 16 iyul 2020 (1-ci ay), 16 avqust 2020 (2-ci ay), 16 sentyabr 2020 (3-cü ay), 16 oktyabr 2020 (4-cü ay), 16 noyabr 2020-ci il (5-ci ay) tarixləri üzrə 1.500 x 5 = 7.500 manat, 17-18 noyabr 2020-ci il tarixləri üzrə (1500 : 20 x 2) hər gün üçün 75 manat olmaqla cəmi 150 manat, ümumilikdə 7.650 manat əlavə əmək haqqı ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2071/2021 saylı iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Cavadov Habil Azad oğlu apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2071/2021 saylı iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinin 16.06.2020-ci il tarixli 56/k nömrəli «vəzifənin həvalə edilməsi və əmək haqqı dəyişiklikliyi və haqqında» adlanan əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82-ci maddəsi rəhbər tutularaq cəmiyyətin Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası İddiaçı 16.06.2020-ci il tarixdən müvəqqəti olaraq həmin şöbənin rəisi vəzifəsinin icrası həvalə edilmiş və bununla əlaqədar onun aylıq əmək haqqının məbləği 2.000 manat həddində müəyyən edilmişdir. - Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinin 16.06.2020-ci il tarixli 56/k nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış 12.07.2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 10 saylı əlavəyə əsasən 16.06.2020-ci il tarixdən müqavilənin 1.2 və 4.1-ci bəndləri aşağıdakı redaksiyada qəbul edilmişdir: 1.2. İşçi Cavabdeh ASC-nin Hüquq Departamentinin Dövlət və hüquq müzafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə işə qəbul edilir. Müvəqqəti olaraq şöbə rəisi vəzifəsinin icrası həvalə edilir. İşçinin əsas iş yeridir. 4.1. İşçiyə hər ay 2.000 manat (bütün vergilər və məcburi ödənişlər daxil olmaqla) məbləğində əmək haqqı ödənilir. - Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinin 21.07.2020-ci il tarixli 70/k nömrəli «başqa işə keçirilməsi haqqında» adlanan əmrindən görünür ki, cəmiyyətin Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin əmək funksiyasının icrasına dair verilmiş 16.07.2020-ci il tarixli 56/k saylı əmrinin əmək haqqının məbləğini müəyyən edən hissəsi istisna olmaqla, digər hissələri 21.07.2020-ci il tarixdən etibarən qüvvədən düşmüş hesab edilmiş, və İddiaçı 21.07.2020-ci il tarixdən etibarən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası vəzifəsinə keçirilmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə əsasən Cavabdeh ASC-də 5 ay 2 gün boş vəzifə olmuş Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi üzrə əmək funksiyasını yerinə yetirdyi üçün 16 iyun 2020-ci il tarixdən 18 noyabr 2020-ci il tarixə qədər icra etdiyinə görə 7.650 manat əlavə əmək haqqının ona ödənilməli olmasını mübahisələndirir, cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi iddiaçının Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinə müvəqqəti icraedici təyin edilən vaxt müvəqqəti işə çıxmayan işçini əvəz etməməsini, bu vəzifəni müvəqqəti icra etməsini, bu vəzifənin əmək funksiyasının icrasına dair verilmiş 16.07.2020-ci il tarixli 56/k saylı əmr qüvvədən düşdükdən sonra belə iddiaçının əmək haqqını olduğu kimi (2.000 manat məbləğində) saxlamasına, nəhayət iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Müəyyən edilmişdir ki, İddiaçı ilə bağlanmış 12.07.2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 10 saylı əlavəyə əsasən iddiaçı "xxxx" ASC-nin Hüquq Departamentinin Dövlət və hüquq müzafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, aylıq maaşı müəyyən edilmiş, müvəqqəti olaraq şöbə rəisi vəzifəsinin icrası həvalə edilmişdir. Müqaviləyə əsasən işçinin (iddiaçının) əsas iş yeri kimi ASC-nin Hüquq Departamentinin Dövlət və hüquq müzafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsi göstərilmişdir. İş materiallarında olan 16.06.2020-ci il tarixli 56/k saylı əmrdən göründüyü kimi, qeyd edilən əlavə həmin əmrin verilməsinə əsas olmuş və iddiaçı əsas iş yeri olan ASCnin Hüquq Departamentinin Dövlət və hüquq müzafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə təyin edilməklə yanaşı ona şöbə rəisinin vəzifəsinin icrası da müvəqqəti həvalə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61.2-ci maddəsinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Maddi hüquq normasının mənasına görə, əlavə əmək haqqının verilməsi üçün işçi həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirməlidir. Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. İşin faktiki müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinə müvəqqəti icraedici təyin edilən vaxt müvəqqəti işə çıxmayan işçini əvəz etməmişdir. Belə ki, əmr verilən tarix olan 16.06.2020-ci ildə Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi vakant olmuşdur. Bundan əlavə, müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinin 21.07.2020-ci il tarixli 70/k nömrəli əmrinə əsasəncəmiyyətin Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin əmək funksiyasının icrasına dair verilmiş 16.07.2020-ci il tarixli 56/k saylı əmrinin əmək haqqının məbləğini müəyyən edən hissəsi istisna olmaqla, digər hissələri 21.07.2020-ci il tarixdən etibarən qüvvədən düşmüş və bununla da İddiaçı 21.07.2020-ci il tarixdən etibarən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası vəzifəsinə keçirilmiş, başqa sözlə, cavabdeh iddiaçının əmək haqqını olduğu kimi - 2.000 manat həddində saxlamışdır. Göründüyü kimi, iddiaçı 16.06.2020-ci il tarixdən 21.07.2020-ci il tarixə kimi Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin əmək funksiyasını yerinə yetirmiş və 18 noyabr 2020-ci il tarixədək (işdən azad olunana kimi) qüvvədə qalmış 16.07.2020-ci il tarixli 56/k saylı əmrinin əmək haqqının məbləğini müəyyən edən hissəsinə əsasən də baş hüquqşunas vəzifəsində 2.000 manat həddində əmək haqqı almışdır. Məhkəmə iddiaçının “05 aprel 2018-ci il tarixdə Məhkəmə və İcra orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə endirilməsindən ehtiyat edərək, boş vəzifə olan Dövlət və Hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin funksiyasını yerinə yetirdiyinə görə əlavə əmək haqqı ödəniləcəyinə dair qənaətə gəlməsi» ilə bağlı dəlilinə hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, iddiaçı 16.06.2020-ci il tarixdən sonrakı aylar ərzində aldığı əmək haqqında yaranmış fərqlə bağlı hüquqlarının pozulmasını aşkar etdiyi təqdirdə iş münasibətlərində olduğu dövrdə bununla bağlı ASC rəhbərliyinə həmin vaxt müraciət etmək hüquqlarının olmasını bilirdi, lakin nəyə görə bu hüququndan istifadə etməməsinin səbəblərini izah edə bilməmişdir. Məhkəmə bu halın mövcudluğunu, xüsusən də iddiaçının hüquqşünas ixtisasının olmasını nəzərə alaraq haqlı olaraq qeyd etmişdir ki, cavabdehlə əmək münasibətlərində olduğu dövrdə vəzifələrini həyata keçirdiyi iş üzrə 16.06.2020-ci ildən sonra aldığı əmək haqqını mübahisələndirməməsi onun qeyd edilən məbləğlərlə razılaşmasını təsdiq edir və özünun qeyd etdiyi kimi, nədənsə ehtiyat edərək sonradan şöbə rəisi vəzifəsinin funksiyasını yerinə yetirdiyinə görə əlavə əmək haqqı ödəniləcəyinə ümid etməsinə dair izahatları subyektiv mülahizədir. Məhkəmə iddiaçının 21 iyul 2020-ci il tarixli əmrdən rəsmi məlumatı olmaması, 11.01.2021-ci il tarixə qədər 21.07.2020-ci il tarixli 70/k saylı əmrin olmamaqla sonradan əvvəlki tarixə yazılması və bununla da sənədlərdə saxtakarlıq edilməsinə dair dəlili ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, cavabdeh ASC-nin İdarə Heyətinin sədri Orxan Hüseynovun iddiaçının 01.12.2020-ci il tarixli məktubuna 11.01.2021-ci il tarixli 17/08-65 nömrəli cavabdeh məktubunda 16.06.2020-ci il tarixli 56/k nömrəli əmrlə yanaşı, 21.07.2020-ci il tarixli 70/k nömrəli əmrə istinad etməməsi sonuncu qeyd edilən əmrin əvvəlki tarixə hazırlanması və sənədlərdə saxtalaşdırma aparılmasına dəlalət etmir. Belə ki, 21.07.2020-ci il tarixli 70/k saylı əmrin məzmunundan görünür ki, əmrdə iddiaçıdan başqa digər işçinin də (Əhmədova Nərmin Pənah qızı) başqa işə keçirilməsi göstərilmişdir. Bu halın mövcudluğu əsas verir ki, iddiaçı 21.07.2020-ci il tarixdən sonra cavabdehlə əmək münasibətlərini 18.11.2020-ci il tarixə kimi əmək qanunvericiliyinə əsasən davam etdirdiyi halda, həmin tarixli əmr barədə məlumatlı olmamasına dair dəlilləri həm əsassız, həm də inandırıcı deyil. Həmçinin iş materiallarından görünür ki, iddiaçı onunla cavabdeh arasında 12 iyul 2010-cu il tarixdə bağlanmış 56 saylı əmək müqaviləsinə 20.10.2020-ci il tarixdə 11 saylı əlavəni təqdim etməklə sözügedən əmək müqaviləsinə 21.07.2020-ci il tarixli 70/k nömrəli əmr ilə bağlı əlavənin edilməməsi ilə həmin əmrdən məlumatsız olmasını sübut etməyə çalışsa da, bu dəlil də əsassızdır. Belə ki, əvvəla bu əlavəyə əsasən müqavilənin 4.4-ci bəndinin redaksiyasında hazırki mülki işin predmetinə aid olmayan məsələ üzrə dəyişiklik edilmişdir. Bundan da əlavə, bu dəyişikliyə qədər 12.07.2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 21.07.2020- ci il tarixli 70/k nömrəli əmrilə bağlı əlavənin edilməməsi faktı olsa da, bu həmin əmrin qanunsuz və ya saxta olmasına dəlalət etmir. Belə ki, İddiaçı ilə bağlanmış 12.07.2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 10 saylı əlavəyə əsasən onun əsas iş yeri kimi ASC-nin Hüquq Departamentinin Dövlət və hüquq müzafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsi göstərilmişdir. Eyni zamanda müqavilədə onun müvəqqəti olaraq şöbə rəisi vəzifəsinin icrası həvalə edilməsi qeyd edilmişdir. 16.06.2020-ci il tarixli 56/k saylı əmrdən də göründüyü kimi, İddiaçı yalnız şöbə rəisinin vəzifəsinin icrası həvalə edilmişdir. 10 saylı əlavədə iddiaçıya müvəqqəti olaraq şöbə rəisi vəzifəsinin icrası həvalə edilməsi funksiyası adından da göründüyü kimi, müvəqqəti xarakter daşıyır, daimi olmamışdır. Qeyd edilən vəzifənin icrasının müvəqqəti xarakterli olmaqla onun icrasının artıq iddiaçı tərəfindən icra edilməli olmaması isə 21.07.2020-ci il tarixli 70/k nömrəli əmrlə rəsmiləşdirilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinin tələblərinin pozulmasına dair dəlilləri əsassızdır. Məhkəmə həmçinin iddiaçının 21 iyul 2020-ci il tarixli 70/K nömrəli əmr qəbul edildiyi təqdirdə tərəflərin razılığı ilə 12 iyul 2010-cu il tarixli 56 saylı Əmək Müqaviləsinin 1.2-ci bəndindən "Müvəqqəti olaraq şöbə rəisi vəzifəsinin icrası həvalə edilir" müddəasının çıxarılmalı olması, eləcə də, əmək müqaviləsinə əlavə edilməli olmasına dair dəlilinə münasibət də haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61.2- ci maddəsində boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilməsi təsbit edilsə də, işçinin razılığı ilə işlədiyi boş vəzifə üzrə əmək funksiyasının icrasının işəgötürənin təşəbbüsü ilə dayandırıldığı halda işçinin razılığının alınması nəzərdə tutulmamışdır. Beləliklə də, 21 iyul 2020-ci il tarixli 70/K nömrəli əmr qəbul edildiyi üçün yenidən tərəflərin razılığı ilə Əmək Müqaviləsinin 1.2-ci bəndində dəyişiklik edilməsinə də hüquqi əsas olmamışdır. Həmçinin qeyd edilməlidir ki, tərəflərin izahatlarından göründüyü kimi, iddiaçı işdən azad edilərkən də cəmiyyətin Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası kimi azad edilmişdir. Məhkəmə iddiaçının 21.07.2020-ci il tarixli 70/k saylı əmrdə onun verilməsinə dair heç bir əsas göstərilməməsinə dair dəlilinə də münasibətdə haqlı olaraq hesab etmişdir ki, bu halda iddiaçının həmin əmrin qanuniliyini mübahisələndirmək hüququ yaransa da, o bu hüququndan istifadə etməmişdir. Halbuki, məhkəmənin qənaətinə görə iddiaçıya sözügedən əmrin həqiqətən də cavabdehin iddiaya olan etirazından sonra məlumatlı olduğu təqdirdə, o həmin andan əmrin ona aid hissəsinin qanunsuz olmasını mübahisələndirmək hüququndan istifadə edə bilərdi. Lakin iddiaçı bu əmrin tək ona deyil, cavabdeh ASC-nin başqa işçisinə münasibətdə də verilməsinə baxmayaraq onu saxta adlandırsa da, guya ona məlum olan vaxtdan əmrin özünə aid hissəsini mübahisələndirmək hüququndan istifadə etməməsi məhkəmənin yuxarıda gəldiyi qənaətin (əmr barədə məlumatlı olmamasına dair dəlillərin əsassız və inandarıcı olmaması) bir daha düzgün olmasını təsdiq edir Məhkəmə həmçinin düzgün olaraq qeyd etmişdir ki, iddiaçının hazırki tələbində də 21.07.2020-ci il tarixli 70/k saylı əmrin qanuniliyini mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsaslı olmadığı üçün təmin edilə bilməz. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin hazırki mübahisəyə tətbiqi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşin materiallarından görünür ki, iddiaçının tələbinin mahiyyəti pul tələbidir. Belə olan halda, iddiaçının pul tələbi barədə iddiası əsassız olsa da, tərəfindən məhkəməyə müraciət üçün müddət buraxılması halına yol verilmədiyi üçün cavabdehin hazırki mübahisəyə bu müddətin tətbiqinə dair ərizəsi də təmin edilə bliməz. Kollegiya apelyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlara əsasən haqlı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı tərəf qeyd etdiklərini təsdiq edəcək əsaslı sübutu nə birinci instansiya məhkməsində, nə də apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlililləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilə halları yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2071/2021 saylı iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2071/2021 saylı iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7093/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7093/2021
25.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver