Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7094/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (“X4” MMC və Bakı Şəhəri İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “hüquqların qabaqcadan qeydiyyatı barədə arayışın, müqavilələrin ləğv edilməsi və müqavilələr əsasında verilən çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-848/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" MMC-nin Vəkil2 tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, “X4” MMC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin1 saylı Bakı Ərazi İdarəsi və Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı “hüquqların qabaqcadan qeydiyyatı barədə arayışın, müqavilələrin ləğv edilməsi və müqavilələr əsasında verilən çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" MMC-nin vəkili və nümayəndəsi verdiyi vəsatət ilə iddia ərizəsində cavabdehlər sırasından çıxardığı “X4” MMC və Bakı Şəhəri İcra Hakimiyyətini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2023-cü il tarixdə ərizə verərək mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-848/2023 nömrəli, 19 sentyabr 2023- cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 verdiyi apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 2(007)-848/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, qərardaddan verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Bu Məcəllənin 102.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Bu Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Mülki Prosessual Məcəllənin sadalanan maddələrinin mənasından göründüyü kimi qanunvericilikdə məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Əlavə məhkəmə ekspertizası təyin edilməsinə dair vəsatətin təmin edilməməsi barədə qərardaddan şikayət verilməsinin mümkünlüyü mülki prosessual qanunvericilikdə nəzərdə tutulmadığı və bu qərardad işin sonrakı hərəkətinə mane olmadığı üçün ondan şikayət verilə bilməz. Birinci instansiya məhkəməsi isə qanunvericilikdə nəzərdə tutulmamasına baxmayaraq əlavə məhkəmə ekspertizası təyin edilməməsi barədə qərardaddan şikayət vermə müddəti və qaydasının izahını həmin qərardadın nəticə hissəsində göstərmiş, qərardaddan verilmiş şikayəti təmin etməyərək apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 402.2-ci maddəsində məhkəmə ekspertizası təyin edilməsinə dair vəsatətin təmin edilməməsi üzrə məhkəmə qərardadlı, kassasiya şikayəti verilməsi mümkün olan qərardadlara aid edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-848/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət iddiaçıya qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllədə bu kateqoriyadan olan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından, hazırki qərardaddan da kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-848/2023 saylı 19 sentyabr 2023cü il tarixli qərardadından iddiaçı "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət ona geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-7094/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7094/2023
06.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver