Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7098/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh X4 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-1901/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "İddiaçı" MMC Cavabdeh və üçüncü şəxs X5 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2018-ci il tarixdə İddiaçı MMC-nin direktoru Əliyev Valeh Mövsüm oğlu ilə X6 arasında bağlanmış “Mənzil Tikintisi və Satışına dair” müqavilələrə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binalarının B blokunda 13cü mərtəbədə yerləşən ümumi sahəsi 150,9 kv.m. olan, 3 otaqlı, 84 saylı mənzilin; ümumi sahəsi 110,8 kv.m. olan, 2 otaqlı 82 saylı mənzili; ümumi sahəsi 186,9 kv.m. olan 4 otaqlı 83 saylı mənzilin Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binalarının B blokunda 14-cü mərtəbədə yerləşən ümumi sahəsi 186,9 kv.m. olan 4 otaqlı 90 saylı mənzilin və ümumi sahəsi 150,9 kv.m. olan, 3 otaqlı 91 saylı mənzilin X1 dair müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia tələbində göstərilən müqavilələr tərəflərin əsl iradə ifadəsini özündə ehtiva etməməklə birlikdə, alqı-satqı, yaxud mənzil tikintisi və satışına dair hər hansı bir hüquqi nəticə yaratmaq niyyəti olmadan, tamamilə tərəflər arasındakı əsl münasibətləri pərdələmək məqsədi ilə bağlanılmışdır. Belə ki, İsgəndərov Rahim həmin müqavilələri bağlayarkən İddiaçı MMC-dən hər hansı bir mənzil, yaxud qeyri-yaşayış sahəsi satın almaq məqsədi güdməmiş, eləcə də, onun tərəfindən İddiaçı MMC-nin xəzinəsinə satın almaq istədiyi daşınmaz əmlak qarşılığında heç bir pul məbləği ödənilməmişdir. Həmin müqavilələr forma etibarı ilə alqı-satqı müqaviləsi kimi görünsələr də, tərəflərin alqı-satqı müqavilələrinin mahiyyətindən irəli gəldiyi kimi əşyanı qarşı tərəfin mülkiyyətinə vermək və həmin əşya qarşılığında müəyyənləşdirilmiş pul məbləğini ödəmək niyyətləri olmamışdır. Belə ki, İddiaçı MMC-nin təsisçilərindən biri olan X7 ilə cavabdeh X6 arasında borc münasibətləri mövcuddur. X9 məhz iddiaçılarla arasında olan borc münasibətlərini rəsmiləşdirmək və həmin şəxsə öz borcunu ödəyəcəyinin təminatını göstərmək məqsədi ilə onlarla formal olaraq bu müqavilələri bağlamışdır. X6 həmin müqavilələri yalnız Azad Nağıyevə borc verilmiş pul məbləğinin qaytarılmasını təminat altına almaq üçün imzalamış, borcunu ödədiyi təqdirdə isə həmin müqavilələri ləğv etmək barədə razılaşmışlar. Mübahisələndirilən müqavilələr formal şəkildə bağlanılmış və tərəflərin əsl iradə ifadələrini nümayiş etdirmir Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-1901/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarına əhəmiyyət vermədiyini və tətbiq edilməli maddi hüquq normalarını tətbiq etmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən xx xxxxxxx 2018-ci il tarixli, İddiaçı MMCnin direktoru Əliyev Valeh Mövsüm oğlu ilə X6 arasında bağlanmış “Mənzil Tikintisi və Satışına dair” müqavilələrə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binalarının B blokunda 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 150,9 kv.m. olan, 3 otaqlı, 84 saylı mənzilin; ümumi sahəsi 110,8 kv.m. olan, 2 otaqlı 82 saylı mənzili; ümumi sahəsi 186,9 kv.m. olan 4 otaqlı 83 saylı mənzilin Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binalarının B blokunda 14-cü mərtəbədə yerləşən ümumi sahəsi 186,9 kv.m. olan 4 otaqlı 90 saylı mənzilin və ümumi sahəsi 150,9 kv.m. olan, 3 otaqlı 91 saylı mənzilin X2 və eyni tarixli maliyyə arayışlarında Rahim İsgəndərovun mənzillərə dair borcunun olmadığı qeyd olunmuşdur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hal, yəni xx.xx.2018-ci il tarixli müqavilələrin görünüş üçün bağlandığı sübuta yetirilməmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 340.2-ci maddəsinə görə isə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya zorakılıqdan, yaxud ağır vəziyyətdən istifadə olunmasından və ya başqa əqdi pərdələmək istəyindən bəhs etmək mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının müqavilələrin etibarsızılığına əsas kimi göstərdiyi hallar müqavilələrin digər tərəfinin (cavabdehin) təqsirli (mülki qanunvericiliyin prinsiplərinə zidd olan) hərəkətlərindən qaynaqlanmamışdır və bu səbəblə də kollegiyanın qənaətinə görə həmin tərəfin mənafelərinin xələl görməsinə səbəb ola bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-1901/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7098/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7098/2020
05.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver