Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7110/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2,iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2577/2021 02.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh İcbari Sığorta Bürosuna qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yarasız vəziyyətə düşmüş əmlakının bərpası üçün təmir işlərinin dəyəri olan müstəqil sığorta şirkətinin əməkdaşlarının da təyin etdiyi cəmi 7447 manat pul, eyni zamanda dövlət rüsumu və müstəqil sığorta şirkəti ilə müqavilə anlaşmasının haqqı 120 manat və buna uzun müddətdə ödənişi etməkdən yayındığı üçün 0.1 faizinin də tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 165 b evinin sahibidir. Fərdi yaşayış evi 0.06 hektar təşkil edib 04.09.2012-ci il Daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli kitabının 68 nömrəli vərəqində qeydiyata alınmışdir. 06.07.2020 il tarixində onun evinin kanalizasiya borusunun deşilməsi nəticəsində evini su basmış və nəticədə evində evin aboyları o cümlədən divarlarda çatlar əmələ gəlmişdir. Əmlakı sığortalı olduğundan vurulan ziyanı təsbit etmək ücün standart sığorta şirkətinin mütəxəsisi və Sumqayıt Şəhər İcra nömayəndəlikləri baxış keçirərək sığorta şirkətinə öz rəylərini yazılı surətdə bildirmişlər. Yararsız vəziyətə düşmüş əmlakının ümumi bərpa təmir işləri aparılması tələb olunur. Lakin standart sığorta şirkətinin mütəxəsisi əmlakına baxış keçirərək ona dəymiş ziyanın 3500 manat təşkil etdiyini bildirmiş və ödənilməsi ücün 30.11.2020-ci ildə baş ofisə yaxınlaşmasını bildirmişlər. Lakin o, buna etiraz edərək sığorta şirkətinində bilgisi nəticəsində müstəqil sığorta mütəxəsisi ilə müqavilə bağlayaraq əmlakını qiymətləndirmiş və bu 7.447,0 manat təşkil etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2577/2021 saylı, 02.06.2021-ci iltarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri,Corat qəsəbəsi, 165b saylı ev iddiaçının xüsusi mülkiyyətindədir və ev "xxxx" Sığorta Şirkətində sığortalanmışdır.06.07.2020-ci il tarixdə sığorta hadisəsi baş vermişdir.Vurulan ziyanı təsbit etmək üçün sığorta şirkətinin miitəxəssivi və şəhər,qəsəbə icra nümayəndəlikləri evə baxış keçirərək öz rəylərini şirkətə yazılı surətdə təqdim etmişlər.Yararsız vəziyyətə düşmüş evin ümumi bərpa təmir işləri aparılması tələb olunur.Lakin "xxxx" Sığorta Şirkətinin mütəxəssisi əmlakıma baxış keçirərək mənə dəymiş ziyanın 3500 manat təşkil etdiyini bildirmiş və ödənilməsi üçün 30.11.2020-ci ildə baş ofisə yaxınlaşmağı bildirmişlər.Lakin buna etiraz edərək sığorta şirkətində bilgisi Nəticəsində müstəqil sığorta mütəxəssisi ilə müqavilə bağlayaraq dəymiş ziyanı qiymətləndirmiş və bu 7447 manat təşkil etmişdir. Cavabdeh "xxxx" Sığorta Şirkətinə qarşı dəymiş ziyanın tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11.12.2020-ci il tarixli 2(006)-6321/2020 saylı Qərardadı onun ləğv prosesində olan «Standart Sığorta Şirkəti»nə qarşı «sığortalı əmlaka dəymiş zərərin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmiş və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır.Bundan sonra Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmişdir.Onun iddia tələbinə İcbari Sığorta Bürosunun cavabdehlik daşıdığı bildirilmişdir.Bu səbəbdən İcbari Sığorta Bürosuna qarşı hazırkı iddia tələbi ilə müraciət etmişdir.Məhkəmə işi araşdırmadan yalnız cavabdehin nümayəndəsinin izahatına əsaslanaraq iddia tələbini təmin etməmişdir. O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən vətən müharibəsinin iştirakçısıdır.Sığortalı evi qəza vəziyyətindədir.Sığorta şirkətləri hər vasitə ilə sığortanı ödəməkdən yayınırlar.Odur ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02.06.2021-ci il tarixli 2- (004)-2577/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmiin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02.06.2021-ci il tarixli 2-(004)-2577/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmiin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02.06.2021-ci il tarixli 2-(004)-2577/2021 saylı qətnaməsi ləğv edilərək iddianın təmiin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan RX ******* saylı Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 165B saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan BB 151581 saylı Daşınmaz Əmlakın İcbari Sığortası haqqında Şəhadətnamədən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 165B saylı fərdi yaşayış evi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta edilmişdir. İş materiallarından görünür ki, 06.07.2020 il tarixində iddiaçının evini su basmış, sığorta hadisəsi baş vermiş və dəymiş ziyan 7.447,0 manat təşkil etmişdir. İş materiallarından görünür ki, ASC "xxxx" Sığorta Şirkəti uzun müddət-2020-ci iln iyul-dekabr aylarında (iflas prosessi başlanana kimi) iddiaçının evinə dəymiş ziyanı qiymətləndirməyərək sığorta ödənişindən imtina edildiyindən iddiaçı hazırkı cavabdeh İcbari Sığorta Bürosuna müraciət etmişdir, lakin sığorta ödənişinin həyata keçirilməsi mümkün hesab edilməmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 2(006)- 6321/2020 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh ləğv prosesində olan “Standart Sığorta Şirkətinə” qarşı “sığortalı əmlaka dəymiş zərərin ödənilməsi tələbi” ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsi geri qaytarılmış və qeyd edilmişdir ki, sığorta şirkətlərinin ləğvi ilə əlaqədar yaranmış praktika və qanunun analogiyasına əsasən müəyyən olunur ki, müflis elan olunmuş banklara münasibətdə olduğu kimi müflis elan edilmiş sığorta şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məhkəmədə baxılır. Beləliklə, 1-ci instansiya məhkəməsi hazırkı mülki iş üzrə iddianı rədd etməklə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh İcbari Sığorta Bürosundan “sığorta ödənişini” tələb etməsinə baxmayaraq, İcbari Sığorta Bürosu həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır və o, hazırkı iş üzrə əsl cavabdeh deyildir. Belə ki, ASC "xxxx" Sığorta Şirkəti ləğv edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 2(006)-6321/2020 saylı qərardadından da görünür ki, müflis elan edilmiş sığorta şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məhkəmədə baxılır. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 27.1. İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır: 32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: 32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə; Beləliklə, müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi Daşınmaz Əmlakın İcbari Sığortası haqqında Şəhadətnaməyə əsasən ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta edilmişdir.Subasma nəticəsində həmin evə zərər dəymiş, yəni sığorta hadisəsi baş vermişdir. ASC "xxxx" Sığorta Şirkəti müflis elan olunmuş, odur ki, iddiaçı sığorta ödənilməsi tələbi ilə İcbari Sığorta Bürosuna qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.1-ci instansiya məhkəməsi hazırkı mülki iş üzrə iddianı rədd etməklə bağlı mövqeyini İddiaçı cavabdeh İcbari Sığorta Bürosundan “sığorta ödənişini” tələb etməsinə baxmayaraq, İcbari Sığorta Bürosu həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımaması və hazırkı iş üzrə əsl cavabdeh olmaması ilə əsaslandırsa da, bu mövqe yuxarıda qeyd edilən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci, 32.1-ci və 32.1.1-ci maddələrinə zidd olmuşdur. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsində nəzərdə tutulduğu kimi, sığortaçı (ASC "xxxx" Sığorta Şirkəti) müvafiq icbari sığorta müqavilələri üzrə əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilməmişdir, odur ki, həmin Qanunun 32.1-ci maddəsinə əsasən iddiaçıya 7.447,0 manat sığorta ödənişi İcbari Sığorta Bürosu tərəfindən verilməlidir. Həmçinin, Kollegiya hesab edir ki, cavabdeh iddiaçının sığorta ödənişini əsassız olaraq ödəməkdən yayındığından hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin (7.447,0 manatın) 0,1 faizi həcmində dəbbə pulu tutulması tələbi də təmin olunmalıdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.-ci maddəsinə əsasən Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2.-ci maddəsinə görə Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Daha sonra Kollegiya nəzərə alır ki, ASC "xxxx" Sığorta Şirkəti uzun müddət-2020-ci iln iyul-dekabr aylarında (iflas prosessi başlanana kimi) iddiaçının evinə dəymiş ziyanı qiymətləndirməyərək sığorta ödənişindən imtina etdiyindən iddiaçının müraciəti əsasında müstəqil sığorta şirkəti tərəfindən aparılmış ziyanın məbləğinin qiymətləndirilməsi xərci 120 manat, eyni zamanda iddia təmin edildiyindən iddiaçının ödədiyi 30(otuz) manat dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02.06.2021-ci il tarixli 2-(004)-2577/2021 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh İcbari Sığorta Bürosundan 7.447,0 (yeddi min dörd yüz qırx yeddi) manat sığorta ödənişi, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin (7.447,0 manatın) 0,1 faizi həcmində dəbbə pulu, qiymətləndirilmə xərci 120 (bir yüz iyirmi) manat, ödənilmiş 30(otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7110/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7110/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver