Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7112/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X11 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, e-2(004)-4148/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə X3 birgə nikahından 22 fevral 2010-cu il tarixdə X8 doğulmuşdur.
2. Cavabdeh X3 anasıdır.
3. Cavabdeh gəliri 393,4 manat məbləğində pensiyadan ibarətdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 fevral 2010-cu il təvəllüdlü X1 üçün onun ata nənəsi Cavabdeh aylıq 246 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının X6 ilə nikahdan 22 fevral 2010-cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. Sonradan onun daimi narkotik vasitə istifadəçisi olması və buna görə ailənin tam onun üzərində qalmasına görə ailəsi məhkəmə qaydasında dağılmışdır. Boşanma zamanı məhkəmə tərəfindən aliment təyin edilsə də lakin bu günə kimi nə cavabdeh nə də onun anası və ya digər yaxın qohumları tərəfindən uşaqla maraqlanılmamışdır, ona baxılmamış və övladının saxlanılması üçün heç bir mənəvi dəstək belə göstərilməmişdir. Hazırda uşağın atası narkotik vasitə istifadə etdiyinə görə saxlanılmışdır və bu barədə hüquqi işlər gedir. İlk gündən də övladının heç bir aliment öhdəliyi icra edilmir və bu indiyədək davam edir. Ailə Məcəlləsində ailənin digər üzvlərinin də alimet öhdəlikləri nəzərdə tutulub. Belə ki, yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.
6. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilənlər yalan və böhtan xarakterli məlumatlardır. O nəvəsini həmişə axtarmış və onunla maraqlanmışdır. Sadəcə olaraq, anası, hazırkı iddiaçı oğlundan ayrılandan sonra, atasıgilə gedib və nəvəsini əlaqə saxlamağa icazə verməyib. Hətta onunla telefonla belə danışmağa imkan verməyib. Onu nəinki nənəsindən, babasından və digər qohumlarla ünsiyyətdə olmağa icazə verməyib. Hətta onunla məktəbinə gedərək əlaqə saxlamaq istəsə də buna imkan verməmişdir. Nəvəsini illərdir həsrət qoymuş və nənə və babanı, digər qohumları onunla görüşməkdən məhrum etmişdir. Bütün bunlara baxmayaraq hələ aliment istəyir. Alimentin tutulmasına dair qanuni əsaslar mövcud deyil. Belə ki, İbrahim onun nəvəsidir və ailə qanunvericiliyində baba və nənələrin yetkinlik yaşına çatmayan nəvələrini saxlamaq vəzifəsi müəyyən edilmişdir. Lakin baba və nənələrin bu vəzifəsinin yaranması üçün üç şərt olmalıdır: 1) yetkinlik yaşına çatmayan nəvələrin yardıma ehtiyacı olmalı; 2) onlar saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməməli; 3) baba və nənənin buna zəruri vəsaiti olmalıdır. Hazırkı iş üzrə bu hallardan heç biri müəyyən edilmədiyindən, sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə iddiaçının yanında qalan uşağa alimentin tutulması nəticəsinə gələ bilməz. Belə ki, yetkinlik yaşına çatmayan nəvəsinin yardıma ehtiyacı yoxdur. Cavabdeh İddiaçı başqa şəxslə ailə qurub və ərinə məxsus evi var və orada onunla birlikdə yaşayırlar. İddiaçı musiqi müəlliməsidir baxçada, yaxşı əmək haqqı alır və bundan başqa uşaq hazırlamaqla əlavə gəlirə malikdir. Əri də bildiyinə görə işləyir. Nəvəsi ən yaxşı məktəbdə təhsil alır, heç bir xəstəliyi yoxdur. Yəni, onun maddi cəhətdən ehtiyacı yoxdur.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, e-2(004)- 4148/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
9. Qətnamənin əsaslarına görə, İddiaçı ilə X3 birgə nikahından 22 fevral 2010-cu il təvəllüdlü X8 doğulmuşdur. İddiaçı tərəflər arasında nikahın pozulduğunu, uşağın saxlanılması üçün X2 aliment tutulduğunu lakin aliment ödənilmədiyini, bu səbəblə Elmir Qəhrəmanovun anası – cavabdehdən aliment tutulmalı olmasını bildirir. Nənə və babanın uşağı saxlamaq vəzifəsi qanunvericilikdə təsbit edilmişdir. Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Maddənin dizpozisiya şərtlərindən də aydın olduğu kimi, nənə və babadan məhkəmə qaydasında aliment tutulması üçün 3 şərt: 1) yetkinlik yaşına çatmayanın yardıma ehtiyacı olması; 2) yetkinlik yaşına çatmayan öz valideynlərindən maddi yardım ala bilməməsi; 3) nənə və ya baba zəruri vəsaitə malik olması – birlikdə mövcud olmalıdır. Hazırkı işin halları baxımından isə bu şərtlərin heç biri iş materialları ilə sübut olunmur. Ümumiyyətlə iddiaçı tərəfindən iddia ərizəsinə heç bir sübut əlavə edilməmiş, məhkəmə gedişatında heç bir sübut təqdim edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 78.1, 78.2, 89-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119, 217.1, 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazin dəlilləri, məhkəmə icraati iştirakçilarinin izahatlari
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə icraatı zamanı iki ədəd sənəd - nənənin aylıq təqaüdü barədə DSMF-dən və İcra Şöbəsindən aliment ödənişləri barədə arayış istənilmişdir. Bu barədə məhkəmə iclası zamanı İddiaçı bildirmişdir ki, həmin arayışlar ona verilməyəcək. Çünki bu barədə müvafiq sorğu olmalıdır. Buna görə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən iddiaçı rəsmi qaydada elektron kabinet vasitəsilə vəsasət verərək, həmin sənədlərin sübutların alınması üçün məhkəmə tərəfindən müvafiq təşkilatlara sorğular verilməsini xahiş etmişdir. Hətta iddiaçı dəfələrlə məhkəməyə elektron ərizə ilə müraciət edərək, vəsatətinin təmin edilməsini və həmin sənədlərin alınmasının məhkəmə tərəfindən təmin edilməsini, bu sənədlər alındıqdan sonra işə baxılmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən onun vəsatətinə münasibət bildirilmədən və aliment kimi zəruri bir məsələyə operativ reaksiya verilmədən iddiaçının və övladının hüquq və mənafeləri pozulmuşdur. Qanun icazə verir ki, uşağın alimenti ata tərəfindən ödənilmirsə, bu öhdəlik nənə-babanın üzərinə düşür. Lakin məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri verilsə də, qətnamə çıxarılan zaman bu zəruri hüquq gözlənilməmişdir. Sübutların toplanmasına gəldikdə isə həmin sənədlər iddiaçıya verilməyəcəyindən bu barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Qarşı tərəfin etirazına əsasən isə bildirilir ki, iddiaçı heç bir zaman nə nənənin, nə babanın, nə də ki, digər qohumların övladı ilə əlaqə saxlamalarına və ya ünsiyyət qurmalarına mane olmamış, əksinə olaraq uşaq bu barədə psixoloji narahatlıq keçirən zaman ona dəstək olmuşdir ki, onunla baba-nənə, ata və əmisinin laqeyd yanaşmasını özünə dərd etməsin. Bu hal özü sübut edir ki, iddiaçı uşaqla ünsiyyətə mane olsa idi, onlar bu barədə həmin iddia ilə çoxdan məhkəmədə mülki iş qaldırmışdılar. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı ailə həyatı qurub, yaxşı əmək haqqı alıra, həyat yoldaşı da işləyir, hətta o, uşaq hazırlaşdırır. Bildirir ki, iddiaçının işləməyinin uşaqla ünsiyyətin alimentin ödənilməsinə aidiyyəti olmadığı kimi, onun da aidiyyəti belə yoxdur. Aldığı əmək haqqı isə yeni dünyaya gəlmiş övladının və özünün tələbatlarını ancaq ödəyir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
15. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi tələb olunduğundan, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
20. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. İşin hallarına birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır, əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Ailə Məcəlləsinin 89-cu maddəsinin dizpozisiya şərtlərindən də aydın olduğu kimi, nənə və babadan məhkəmə qaydasında aliment tutulması üçün üç şərt, yəni yetkinlik yaşına çatmayanın yardıma ehtiyacı olması, yetkinlik yaşına çatmayan öz valideynlərindən maddi yardım ala bilməməsi, nənə və ya baba zəruri vəsaitə malik olması kimi şərtlər birlikdə mövcud olmalıdır. Hazırkı işin halları baxımından isə həmin şərtlərin heç biri iş materialları ilə sübut olunmur. Sübutetmə yükü iddiaçının üzərinə düşsə də, ümumiyyətlə iddiaçı tərəfindən iddia ərizəsinə heç bir sübut əlavə edilməmiş, məhkəmə gedişatında heç bir sübut təqdim edilməmişdir.
22. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
23. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, e-2(004)- 4148/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, e-2(004)- 4148/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.