Məhkəmə qərarları › İş №2(103)-7120/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7120/2023

13.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7120/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “alimentin tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5976/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş və tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 doğulmuşdur. Bir ailə kimi yaşadıqları müddət ərzində tərəflərin dəfələrlə ailə daxili mübahisələri olmuşdur. Hazırda tərəflərin münasibəti faktiki olaraq pozulmuşdur. İddiaçı hazırda işləmir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində dövlət qulluqçusu-şöbə müdirinin müavini vəzifəsində çalışır, əmək haqqısı 822,25 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahlarından olan övladının xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat alimentin sabit pul məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2008-ci ildə nikaha daxil olmuş və birgə nikahdan iki övladı dünyaya gəlmişdir. Cavabdehlə münasibətləri əvvəl yaxşı olsa da, sonradan onun laqeyd münasibəti nəticəsində münasibətləri kəskin korlanmışdır. Buna görə də hal-hazırda uşaqların saxlanılması ilə bağlı xərclərdə iştirak etmir və bütün xərcləri iddiaçı qarşılayır. Cavabdehə bununla bağlı müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5976/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim X6) iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixində daxil olmuş, ümumiyyətlə isə tərəflər arasında olan ilkin mediasiya sessiyası isə xx.xx.2022-ci il tarixində keçirilmişdir. Məhkəməyə təqdim edilmiş və iddiaçı tərəfin razılaşdığı sənədlər ilə isə öz təsdiqini tapan hal ondan ibarətdir ki, cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən sonra da, uşaqların təhsil haqqını ödəmiş və ailənin saxlanması üçün müvafiq xərclər çəkmişdir. Buna görə də işin faktiki halları araşdırılan zaman tərəflərin birgə nikahından olan uşaqların təminat səviyyəsində nə iddianın verilməsindən qabaq, nə də iddianın verilməsindən sonra hər hansı dəyişikliyin olduğu müəyyən edilməmişdir. Həmçinin cavabdehin uşaqların saxlanmasından yayındığı və ya iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi uşaqların saxlanması yükünün yalnız onun üstündə olduğu işin faktiki halları ilə öz təsdiqini tapmır. Ümumiyyətlə məhkəmə iş materiallarını və təqdim edilmiş sənədləri, tərəflərin izahatlarını tədqiq edərək, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsinin əsasını və ya iddiaçını belə bir iddianın verilməsinə vadar edən halın nə olduğu məhkəmə prosesi zaman müəyyən edə bilməmişdir. Həmçinin cavabdehin uşaqların saxlanmasından yayındığı və ya iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi uşaqların saxlanması yükünün yalnız onun üstündə olduğu işin faktiki halları ilə öz təsdiqini tapmır. Ümumiyyətlə məhkəmə iş materiallarını və təqdim edilmiş sənədləri, tərəflərin izahatlarını tədqiq edərək, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsinin əsasını və ya iddiaçını belə bir iddianın verilməsinə vadar edən halın nə olduğu məhkəmə prosesi zaman müəyyən edə bilməmişdir. Hazırkı mübahisənin aliment tələbi olmasını və uşaqların saxlanmasının hər iki valideynin öhdəliyi olduğunu göz önünə gətirərək, məhkəmə bildirmişdir ki, işin faktiki halları ilə uşaqların saxlanmasında yalnız iddiaçının iştirak etdiyi, tərəflərin münasibətlərinin pisləşməsindən sonra uşaqların yaşayış təminatında əsaslı dəyişikliyin olması sübuta yetirilmir. Sübutetmə vəzifəsi iddiaçının üzərində olmasına rəğmən bu hal vəzifə layiqincə yerinə yetirilməmişdir. Bundan əlavə aliment münasibətləri davam edən münasibətlər olduğundan işə baxan məhkəmənin bu tələbin rədd edilməsi barədə qətnaməsinin olması iddiaçını gələcəkdə yenidən aliment tələbi ilə məhkəməyə müraciət etməsinə maneə deyildir. Çünki hazırkı məsələyə baxılan zaman işin faktiki halları araşdırılmışdır. Lakin gələcəkdə cavabdeh uşaqların saxlanmasından yayındığı halda iddiaçı bu hüququndan istifadə edərək, məhkəməyə müraciət etməkdə haqlı olacaqdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, 60-cı maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-cı, 75-ci, 112-ci maddələrinə, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8.3-cü bəndinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə, “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.3-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə hər bir halda maddi hüquq normalarına əməl edərək aliment tələbini təmin etməli idi. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh uşaqların təhsil haqqını ödəmiş və ailənin saxlanması üçün müvafiq xərclər çəkmiş, kommunal ödənişləri ödəmişdir. Məhkəmə buna istinad edərək əsassız olaraq hesab etmişdir ki, aliment tələbi təmin edilməməlidir. Bundan başqa, məhkəmə cavabdehin uşaqların saxlanılmasını təmin etməsini sübutlar təqdim etmədən yalnız izahatına əsaslanmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər. İddiaçı izahatına əlavə olaraq bildirmişdir ki, cavabdeh hər ay onun kartına 500 manat ödəniş etdiyini bildirsə də, bu son iki ayı ödəmişdir. Ondan əvvəl o ödəniş etməmişdir. Müəyyən vaxtlarda bazarlıq etsə də, deyilənləri tam formada almamışdır. Eyni zamanda hazırda hər hansı bir ödəniş etmiş olması gələcəkdə də ödəyəcəyini təsdiq etmir. O, qanunla uşaqların saxlanılması üçün müəyən edilmiş yaşayış minimumu həddində alimentin tutulmasını istəyir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini və iddia ərizəsi verilən andan aliment məbləğinin tutularaq ona ödənilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, o, hər ay iddiaçının kartına 500 manat pul köçürür. Xidməti maşını da onlara xidmət edir. Birgə nikah dövründə ipoteka ilə alınmış evin ödənişlərini də o həyata keçirir. Hal-hazırda övladları ilə görüşmək üçün boşanma ərizəsi vermişdir. Ərizədə uşaqların onun himayəsində qalmasını da qeyd etmişdir. Lakin iddiaçı boşanmanı qəbul etmir. Mediasiyaya dəvət olunur, lakin gəlmir. Onun kartına hər ay 500 manat köçürməyi ilə bağlı bankdan çıxarış təqdim edə bilmir hazırda. Belə ki, bank köçürülən kart barədə məlumat verə bilmir. Onsuz da qətnamə ilə aliment məbləği müəyyən edilsə də, onun üçün dəyişən bir şey olmayacaq. İddiaçının bu iddiası onu övladlarının gözündə pis ata kimi qələmə verməkdir. Qarşı tərəfin lehinə qərar çıxarılmasına da qarşı deyildir. Sadəcə olaraq övladlarının gözündə onu pis qələmə verməsinlər. O, övladlarına bağlı olduğu üçün onsuz da onlara pul xərcləyəcək. İddiaçı həmin məbləğdən əlavə özü üçün əlavə pul kəsilməsini istədiyi üçün müraciət edib. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

d) Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilməlidir. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır;

e) Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası təmin edilməlidir.

18. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

19. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən sonra da, uşaqların təhsil haqqını ödəmiş və ailənin saxlanması üçün müvafiq xərclər çəkmiş, yaşadıqları mənzilə dair ipoteka ödənişlərini etmiş, tərəflərin birgə nikahından olan uşaqların təminat səviyyəsində nə iddianın verilməsindən qabaq, nə də iddianın verilməsindən sonra hər hansı dəyişikliyin olduğu müəyyən edilməmiş, həmçinin cavabdehin uşaqların saxlanmasından yayındığı və ya iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi uşaqların saxlanması yükünün yalnız onun üstündə olduğu işin faktiki halları ilə öz təsdiqini tapmamışdır.

20. Məhkəmə kollegiyası isə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, aliment yetkinlik yaşına çatmayan uşağın tələbatlarının ödənilməsi üçün nəzərdə tutulan pul məbləği olmaqla yuxarıda qeyd edilən əsasların mövcudluğu belə yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün nəzərdə tutulan alimentin ödənilməsini istisna etmir. Cavabdeh tərəfin birgə nikahdan olan uşaqların təminatı üçün müvafiq xərclər çəkməsi, onların təhsil haqlarını ödəməsi və s. bu kimi hallar hər ay davamlı uşaqların saxlanılması üçün zəruri olan xərclərin gələcəkdə davam edəcəyini təminatı kimi qəbul edilə bilməz. Bununla yanaşı, cavabdeh hər ay davamlı olaraq 500 manat ödəməsini təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. O cümlədən iddiaçı isə iddianın verilməsindən sonra cavabdeh tərəfindən son iki ayda ona ödənişlər edilməsini bildirmişdir. Cavabdehin ata kimi övladları ilə bağlı onların rifahı üçün maddi baxımdan əlavə xərclər çəkməsi onun aliment öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Qeyd edilən halların olması eyni zamanda məhkəmə tərəfindən aliment tələbinə dair iddianın rədd edilməsi üçün də əsas ola bilməz.

21. Qeyd edilməlidir ki, cavabdehin qeyd etdiyi hallar, yəni hər hansı xərclərin çəkilməsində iştirak və s. onun könüllü olaraq övladları ilə bağlı sərf etdiyi xərclər kimi qəbul edilə bilər. Bu isə özlüyündə edilməsi onun üçün məcburi olan hal deyil. İddiaçının tələbi yalnız qanunla uşaqların saxlanılması üçün alimentin müəyyən edilməsi və cavabdeh tərəfindən ödənilməsidir. Cavabdeh istənilən vaxt öz iradəsi ilə tərəfindən sadalanan məsrəflərin qarşılanmasından imtina edə bilər. Qanunla buna görə də hər hansı bir qadağa yoxdur. Lakin alimentin ödənilməsi ilə bağlı hissədə etirazının əsası iddianın təmin edilməməsinə əsas ola bilməz. İddiaçı tələbində hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat alimentin tutulmasını xahiş edir. Cavabdeh isə bundan artıq məbləğdə pul veridiyini iddia etdiyi halda daha az məbləğdə alimentin müəyyən edilməsinə etiraz edir. Etirazının əsası kimi isə onun uşaqları ilə bağlı başqa xərcləri aliment müəyyən edilsə belə çəkəcəyini, alimentin isə cavabdehin özünə xərcləməsi üçün tələb etdiyini bildirir. Kollegiya hesab edir ki, övladları ilə bağlı könüllü surətdə əlavə xərclər çəkəcəyi halına istinadən aliment tələbinin təmin edilməməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, aliment hazırki durumu deyil, uşaqların saxlanılması ilə bağlı yetkinlik yaşına çatanadək olan dövrü əhatə edir ki, hazırda hər hansı ödənişlərin olması halı təsdiqini tapsa belə, gələcəkdə də ödənilməli olan alimentin müəyyən edilməsi ilə bağlı iddianın təmin edilməməsinə əsas ola bilməz.

22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin aliment tələbinə dair iddianın təmin edilməməsi barədə mövqeyi düzgün olmamaqla iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməklə iddianın verilməsi tarixindən (alimentə dair ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur) hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması tələbi təmin edilməlidir.

23. Cavabdehin neçə aylardı ödəniş etməsi barədə dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, hazırki halda iddiaçı cavabdeh tərəfindən son iki ayda ödəniş olduğunu, cavabdeh isə digər aylarda ödənişlər etdiyini bildirmişdir. Cavabdeh tərəf digər aylarda da ödənişlər etdiyini subuta yetirə biləcək sənədlər əldə edərsə, bu icra qaydasında həllini tapmalı olan məsələ olmaqla müvafiq icra məmuruna təqdim edilməklə həmin müddət üçün aliment ödənişlərinin təmin edilməsi kimi nəzərə alına bilər.

24. Alimentin məbləği ilə bağlı isə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən də hər hansı etiraz olmamaqla yanaşı “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən də həmin il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətlərini, uşaqların mənafeyini, tərəflərin iradə ifadəsini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutulması ədalətli və ağlabatandır.

25. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5976/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 402.1-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5976/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar