Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7125/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi X7 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1070/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, vürülmuş mənəvi zərərin qarşılığı olaraq 50.000 manat konpensasiyanın onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əvvəllər tanıdığı X8 tərəfindən ardıcıl olaraq iki dəfə zorakılıq yolu ilə təbii və qeyri-təbii olmaqla cinsi əlaqə aktına məruz qalmışdır. Nəticədə də bəkarətinin pozulması, eləcə də qeyri-təbii cinsi əlaqənin yekun nəticəsi olaraq ona həm bioloji, həm də misilsiz mənəvi zərər dəymişdir. Baş vermiş hüquqazidd, mənəviyyatsız əməlin xüsusatlarının araşdırılması istiqamətində Cavabdeh onun tibbi müayinəsi ilə bağlı xx.xx.2017-ci il tarixdə həqiqətə uyğun olmayan saxta rəy qəbul etmişdir. Nəticə etibarı ilə də ona qarşı mənəviyyatsız hüquqazidd əmələ yol verən X8 cinayət təqibindən yaxa qurtarmış və bu gündə bu cəzasızlıq prosesi öz qüvvəsində qalmaqdadır. Lakin, onun dözülməz vəziyyətinə münasibətdə cavabdeh qanunun göstərilən müddəa və prinsipinə laqeyd yanaşaraq ona qarşı baş vermiş hüquqazidd əməlin düzgün hüquqi qiymət almamasına və misilsiz mənəvi zərərə düçar olmağına baiskar olub. Qəbul edilmiş saxta rəyə əsaslanaraq prokurorluq orqanı onu zərərçəkmiş şəxs qismində tanımayıb. Qeyd edilənlərə əsasən cavabdeh vurduğu mənəvi zərərin qarşılığını fiksasiya etməyə borcludur. Bundan əlavə, qeyri-təbii yolla Sərvan onunla zorla cinsi əlaqədə olduğu üçün onun anal cat və bunun nəticəsində infeksiyadan fistul əmələ gəlmişdir. Bununla bağlı Y.V.Çəmənzəminli küçəsində yerləşən “X15”da proktoloq kimi çalışan Turkan Gündüz tərəfindən rəy verilib. Amma ekspertizanın rəylərində göstərilir ki, guya 2-ci və 3-cü yazılan rəylərdə “X14 təsdiq olunmadı”. Ona verilən 1-ci rəydə Rübabə Zeynalova imza çəkməkdən imtina etmişdir. Məhkəmə tibbi ekspertizasında fəaliyyət göstərən Azər həkim Rübabə Zeynalovanın əvəzinə imza çəkmişdir. Bu faktların hamısı araşdırılmalıdır. Bundan əlavə, ginekoloq kimi fəaliyyət göstərən Dəmiryolu Xəstəxanasında çalışan Züleyxa İmanovanın yanına anası ilə getdikdə o, müayinə edilmiş və onda zorlama nəticəsində 3 yerdən çapıq olduğu bildirilmişdir. Sonra prokurorluqda oğlanın tutulmaması üçün yanlış izahat qeyd etmişdir. Onun heç vaxt ginekoloji problemi olmamışdır. Amma Züleyxa həkim onun barəsində yanlış izahatlar vermişdir. Həkim proktoloq Türkan Gündüzdən isə heç bir izahat alınmamışdır. Türkan Gündüzdən izahat alınmalı və yazdığı rəyi təsdiq etməlidir. Göstərilənlərə əsasən Cavabdehndən vurulan mənəvi zərərin qarşılığı olaraq 50,000 manat kompensasiyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1070/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması ilə çıxarılmış, yəni məhkəmə işə baxarkən sübutlara istinad etməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün halları araşdırmamışdır. Həmin qətnaməni qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə təqdim etdiyi yazılı, şəkil və digər sübutlara qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh onun tibbi müayinəsi ilə bağlı xx.xx.2017-ci il tarixdə həqiqətə uyğun olmayan saxta rəy qəbul etmişdir. Nəticə etibarı ilə də ona qarşı mənəviyyatsız hüquqazidd əmələ yol verən X8 cinayət təqibindən yaxa qurtarmış və bu gündə bu cəzasızlıq prosesi öz qüvvəsində qalmaqdadır. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1070/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı apelyasiya şikayətini müdafiə etdiyini bildirərək apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1070/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, o, əvvəllər tanıdığı X8 tərəfindən ardıcıl olaraq iki dəfə zorakılıq yolu ilə təbii və qeyri-təbii olmaqla cinsi əlaqə aktına məruz qalmışdır. Nəticədə də bəkarətinin pozulması, eləcə də qeyritəbii cinsi əlaqənin yekun nəticəsi olaraq ona həm bioloji, həm də misilsiz mənəvi zərər dəymişdir. Baş vermiş hüquqazidd, mənəviyyatsız əməlin xüsusatlarının araşdırılması istiqamətində Cavabdeh onun tibbi müayinəsi ilə bağlı xx.xx.2017-ci il tarixdə həqiqətə uyğun olmayan saxta rəy qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması ilə çıxarılmış, yəni məhkəmə işə baxarkən sübutlara istinad etməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün halları araşdırmamışdır. Məhkəmə təqdim etdiyi yazılı, şəkil və digər sübutlara qiymət vermədən qətnamə qəbul etmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1070/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi X10 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək apelyasiya şikayətinin dəlillərinə və İddiaçı izahatına uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1070/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası İddiaçı və onun nümayəndəsi Güllü Həsənovanın izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin 434 saylı, xx.xx.2017-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmiş, İddiaçı qızlıq pərdəsinin tamlığı pozulmamışdır, qızlıq pərdəsinin anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. İddiaçı onunla qeyri-təbii yolla, arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Tək-tək hallarda qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqə zamanı iz qalmadıqda, məhkəmə-tibbi yolla təyin etmək mümkün deyil. İş materiallarında olan, Sumqayıt şəhər prokurorunun köməkçisi Elşən Məmmədovun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx xxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış 617-c-18 saylı material üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı ərizə və izahatında göstərilən xüsusatlar təsdiq olunmamış, X3 hərəkətlərində Azərbaycan Respublikası CPM-nin 149, 150-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi aşkar edilməmişdir. İş materiallarında olan, Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-32/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Sumqayıt şəhər prokurorunun köməkçisi Elşən Məmmədovun cinayət işi başlanmasının rədd edilməsi haqqında xx xxx 2019-cu il tarixli qərarından İddiaçı tərəfindən verilmiş şikayətin təmin olunmaması və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan, Sumqayıt Apelyasiya Məhkəməsinin 6(105)-41/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Sumqayıt şəhər prokurorluğunun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx xxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-32/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun x xxxxxx 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Plenumun tövsiyəedici qərarını müqayisəli təhlil edərək hesab edir ki, iddiaçı iddia tələbində qeyd edilən maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Ona görə ki, bu xüsusda olan iddiaların təmin edilməsi üçün ilk növbədə o sübut etməlidir ki, həqiqətən də cavabdehin hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, müalicə almış, bunlar cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqə olmuşur. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Mahmudov Rusiyaya qarşı”iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq təmin edilməmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apelyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə qətnamənin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1070/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7125/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7125/2020
29.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver