Məhkəmə qərarları › İş №2(103)-713/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-713/2025

14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-713/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), X20 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(011)-5200/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı 25 yanvar 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş X7 anasıdır.

2. X13 dəm qazı ilə zəhərlənmədən 03 yanvar 2009-cu ildə ölmüşdür.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2009-cu il tarixli 1(001)- 196/09 saylı hökmü ilə X18 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və X14 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

4. Həmin hökmlə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan X15 təxminən 2006-cı ildə və 2003-cü ilin əvvəllərində müxtəlif ticarət müəssisələrindən əldə etdiyi iki ədəd qızdırıcı qaz sobasını Binəqədi rayon Qaz İstismar İdarəsinin razılığı olmadan özbaşına yaşadığı evin dəhlizində və yataq otağında “Qaz təsərrüfatında təhlükəslizlik qaydaları”na və “Yaşayış evlərində vəictimai binalarda daxili qaz avadanlıqlarına texniki baxış və xidmətin aparılması üzrə təlimat”ın tələblərinə zidd olaraq quraşdırmış və istismar etmiş, Binəqədi rayon Qaz İstismar idarəsinin 9 saylı sahəsinin rəisi X18 və 9 sahənin nəzarətçi çilingəri X14 isə İdayət Balayev tərəfindən yaşayış evində qaz sobalarının özbaşına və təhlükəsizlik texnikası qaydalarına zidd olaraq quraşdırıldığını 2008-ci ilin oktyabr-noyabr aylarında müəyyən etmələrinə baxmayaraq, həmin qaz cihazlarının sökülməsini təmin etməmiş və qaz sobalarından istifadə olunmasının qarşısını almaq üçün vəzifə təlimatlarına uyğun olaraq müvafiq tədbirlər görməmişlər. 03 yanvar 2009-cu il tarixdə sobalarından sızmış dəm qazından zəhərlənmələri nəticəsində həmin ünvanda yaşamış X16, X17, X21 və X22 zəhərlənərək ölmüşlər. Bununla da, Binəqədi rayon Qll-nin 9 saylı sahəsinin nəzarətçi-çilingəri X23 və Binəqədi rayon QÜ-nin 9 saylı sahəsinin sabiq rəisi X32 o Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 100000 manat məbləğində mənəvi zərərin, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının və ödənilmiş 390 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşlarının cinayət əməlləri nəticəsində qızı - X10 itirmişdir. Ailəsinin yaşadığı bu faciəli hadisə həyatlarında həmişəlik dərin yaralar buraxmışdır. Belə ki, qızı hadisədən üç ay öncə yenicə ailə həyatına qədəm qoymuşdu. Gəlin köçdükdən sonra həyat yoldaşı və onun ailəsi ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Xəqani küçəsi, 6 saylı evdə yaşayırdı. 2009-cu il onların üçün dəhşətli başladı. Bu hadisə ilə bir ailənin 4 üzvü, 4 insan, qızı ilə yanaşı onun həyat yoldaşı X21, qayınanası X16, baldızı X17 da qurban getdi. Yanvar ayının 3-də qızının qayınatası işdən qayıdıb, evə daxil olarkən dəm qazı qoxusunu hiss edib və evdəkilərin huşsuz vəziyyətdə olduğunu görüb. 4 ölüm - qızı, həyat yoldaşı, qudası və qızı dəm qazının təsirindən zəhərlənərək həyatlarını itirdilər. Xəbəri eşidən kimi dərhal onlara getmiş və qızının meyiti ilə birlikdə 4 ailə üzvünün də öldüyünü görmüşdür. Keçirdiyi ruhi sarsıntılar, əzablar, iztirablar həyatının ayrılmaz hissəsi olmuş, yaşama sevinci azalımışdır. Hər gün onların yoxluğunun sarsıntısını, iztirabını keçirir. Həyatının ən qaranlıq anlarına aparan faciəni yaşamaqdan daha pis bir şey yoxdur. Yaxınlarını itirmək insanı sarsıdan acizlik, çarəsizlik hissi yaradır. Qızı evliliyindən az sonra, ömrünün 24-cü baharı tamam olmamış həyatını itirib. Evlərindən hələ uşaq səsi gəlməmiş bütöv bir ailə bu əməllərin qurbanı olmuşdur. Onların həyatı bir anda söndü, bu onun üçün təkcə övlad və qohum itkisi deyil, həm də gələcəyə olan arzularının, ümidlərinin, sevginin itməsidir. Yaşadığı iztirabların ölçüsünü heç kəs təsəvvür edə bilməz. Övlad olaraq itirdiyi tək qızı Razilə deyildir, 2020-ci ildə oğul övladını da itirmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Binəqədi rayonu Qaz İstismarı İdarəsinin 9 saylı sahəsinin rəisi X18 və 9 saylı sahənin nəzarətçi çilingəri X2 üzündən qaz sobalarından dəm qazı sızması nəticəsində 03 yanvar 2009-cu il tarixdə qızı da daxil olmaqla 4 ailə üzvü həyatlarını itirmişdir. Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2009cu il tarixli hökmü ilə X18 və X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, hər biri 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildilər. Hökmdə əksini tapmış məhkəmə-tibb ekspertizasının 3 saylı, 12 yanvar 2009-cu il tarixli rəyindən də görünür ki, X7 bədəni üzərində heç bir xəsarət izi aşkar edilməmişdir. Ölümünə səbəb dəm qazı ilə zəhərlənmə olmuşdur. Mərhumun meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı zamanı 47% karboksihemoglobin aşkar edilmişdir. Bu səbəbdən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 100000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq ona ödənilməsi iztirablarının yumşaldılmasına bəlkə səbəb olar. Bunları nəzərə alaraq iddiaçı hesab edir ki, məhkəmə keçirdiyi iztirablarının ömür boyu davam edəcəyini nəzərə alaraq mənəvi zərərin miqdarını tam şəkildə təmin etməlidir ki, hüquqlarının bərpası baxımından ədalətli olsun.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(011)- 5200/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mənəvi zərərə görə 20000 manat, 150 manat hüquqi yardıma görə çəkilmiş xərc və 150 manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı ödəniməsi qət edilmişdir.

8. Qətnamənin əsaslarına görə, hadisənin baş verməsində cavabdeh təşkilatın Binəqədi Rayon Qaz İdarəsinin 9 saylı sahəsinin rəisi X11 və 9 saylı sahəsinin nəzərətçiçilingəri X8 əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onların təqsirli olması, habelə onların əməlləri nəticəsində iddiaçının övladının ölməsi iş materialları ilə öz təsdiqini tapır. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının övladının ölməsində cavabdeh təşkilatın işçilərinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilir. Cinayət qanunu ilə qadağan edilmiş əməllərlə yanaşı mülki hüquq pozuntusu törətmiş X11 və X4 hərəkətlərinə görə cavabdeh təşkilatın məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar isə Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. X11 və X8 cavabdeh təşkilatın işçiləri olması işin mübahisəsiz halıdır. X3 və X8 əmək vəzifələrinin icrası zamanı törətməsi qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçilərinin təqsirindən iddiaçının ailə üzvü ölmüşdür. Şübhəsiz ki, ailə üzvünün itirilməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. cavabdehin işçilərinin təqsirli hərəkətləri ilə iddiaçının ailə üzvünün ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının övladının ölməsini, habelə cavabdehin də maddi imkanlarını da nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 20000 manat pulun tutulmasını mütənasib hesab etmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şikayətin dəlillərinə görə, baş vermiş partlayış hadisəsində Cavabdeh İB-nin Binəqədi rayonu X31 9 saylı Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti ustası vəzifəsində işləyən X12 təqsirli bilinərək, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 24 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi hadisə X1 nəticəsində baş vermişdir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Lakin məhkəmə tərəfindən qeyd edilən hallar nəzərə alınmamış, nəticədə qanuni və əsaslı olmayan qətnamə qəbul etməklə cavabdeh təşkilat “Azəriqaz İB”-nın maddi və əmlak vəziyyəti baxımından durumunun pisləşməsinə səbəb olan yekun məhkəmə aktı qəbul edilmişdir. Xətai Rayon Məhkəməsi zərər vuran şəxsin təqsirinin ehtiyatsızlıqdan baş verməsi kimi işin şəxsin təqsirinin ehtiyyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq hallar olduğu halda bu halı nəzərə almamışdır. Nəticədə Xətai Rayon Məhkəməsi müvafiq mülki iş üzrə bu kimi diqqətəlayiq və konkret halları da nəzərə almadan, hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq etmədən, “Azəriqaz İB”-nin üzərinə 20000 manat kimi yüksək məbləğdə mənəvi zərər əvəzinin iddiaçı tərəfə ödənilməsi öhdəliyinin qoyması düzgün və ədalətli deyildir. Belə ki, iddiaçının ailə üzvlərinin həlak olması olduqca ağır itkidir. Lakin buna baxmayaraq müqayisəli olaraq yanaşılsa, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinə verilən birdəfəlik ödəmə 11000 manat məbləğində müəyyənləşdirilib. Ölüm hallarını müqayisə etdikdə, dövlət mənəvi dərəcə etibarilə ən üstün ölüm sayılan vətənin ərazi bütövlüyü uğrunda hərbiəməliyyatlarda iştirak edərək şəhidlər birinci sırada dayanır və bunun üçün dövlətin ayırdığı sosial yardım 11000 manat məbləğində müəyyənləşdirilmişdir. İddiaçının valideynlərinin itirilməsi faktına görə çəkmiş olduğu mənəvi iztirabların 20000 manat həcmində dəyərləndirməsi vətən uğrunda könüllü olaraq canından keçmiş şəhidlərin ailələri üçün dövlət tərəfindən ayrılmış məvacibdən olduqca çoxdur. Bu baxımdan hazırki iş üzrə qəbul edilmiş qətnamə ədalətli deyil, qəbul edilmiş mənəvi zərərin məbləği də ağlabatan olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq edərək, zərərvuran şəxsin təqsirinin ehtiyyatsızlıqdan baş verməsini, cavabdehin maddi vəziyyətini nəzərə alaraq iddianı qismən təmin etmişdir. "Azəriqaz İB "nm üzərinə qoyulmuş 20000 manat milyardlarla vəsaitə malik olan cavabdeh üçün cüzi məbləğdir. Digər tərəfdən ehtiyatsızlıqdan törəndiyi üçün iddia tələbinin məbləği 100000 manatdır. Qəsdən törədilmiş cinayət nəticəsində olsaydı tələb dəfələrlə yüksək olardı. Cavabdeh özü də etiraf edir ki, iddiaçının ailə üzvlərinin həlak olması olduqca ağır itkidir. Cavabdehin nümayəndəsinin iddiaçının ailə üzvlərinin ölməsini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvləri ilə müqayisə edərək, onlara verilən birdəfəlik ödəmənin 11000 manat məbləğində müəyyənləşdirildiyini, ölüm hallarını müqayisə etdikdə, dövlət mənəvi dərəcə etibarilə ən üstün ölüm sayılan vətənin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak edərək şəhidlər birinci sırada dayanır və bunun üçün dövlətin ayırdığı sosial yardım 11000 manat məbləğində müəyyənləşdirilmişdir. İddiaçının valideynlərinin itirilməsi faktına görə çəkmiş olduğu mənəvi iztirabların 20000 manat həcmində dəyərləndirməsi vətən uğrunda könüllü olaraq canından keçmiş şəhidlərin ailələri üçün dövlət tərəfindən ayrılmış məvacibdən olduqca çoxdur. İddiaçının valideynləri deyil, qızı, onun həyat yoldaşı, bacısı və qudası ölmüşdür. İkincisi vətənin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak edənlərin ailə üzvlərinə ödənilən 11000 manat sığorta haqqıdır. Dövlət tərəfindən ayrılan sosial yardıma gəldikdə qeyd olunması yerinə düşər ki, şəhid ailələrinə mənzil, nəqliyyat vasitəsi, təqaüd və başqa güzəştlər verilir. Bunları hesablayanda hər şəhid ailəsinə 200000 manat yardım edilir və aylıq ödənişləri nəzərə alsaq bu məbləğin son olmadığı görünür. Avropa Məhkəməsi mənəvi zərəri "nigarançılıq, ruhi sarsıntı və iztirab", "həyəcan, acizlik və sarsıntı", "məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik" kimi səciyyələndirmiş, qeyd olunmuşdur ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub- olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 9 noyabr 2000-ci il, Pelipenko Rusiyaya qarşı iş üzrə 16 yanvar 2014-cü il, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 16 yanvar 2014-cü il tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həvatm pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmişdir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar Ali Məhkəmənin Plenumunun qərarında * da ayrı-ayrı halların, o cümlədən yaxın qohumun itirilməsi faktının mövcudluğu mənəvi zərərin vurulması qənaətinə gəlmək üçün əsas hesab edilir. Digər tərəfdən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14 mart 2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Göründüyü kimi istər milli qanunvericiliyimizdə, istər milli məhkəmə təcrübəmizdə, istərsə də avropa məhkəmə təcrübəsində itkinin, azalmanın, hüquq pozuntusunun özü mənəvi zərərin mövcudluğunun sübutu kimi qəbul edilir. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, "İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçilərinin təqsirindən iddiaçının ailə üzvü ölmüşdür. Şübhəsiz ki, ailə üzvünün itirilməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır".

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun;

15. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ... Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. ... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər.”

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı: “Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.”

18. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı: “İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.”

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən – iddia təmin olunan hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün, toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi zərərin məbləği hissəsində dəyişdirilməlidir.

23. Apellyasiya şikayətinin deliktin işçinin səhlənkarlığı nəticəsində törədilməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işçinin törətdiyi deliktə görə işəgötürənin məsuliyyəti qanunla nəzərdə tutulmuş təqsirsiz məsuliyyət halıdır, cinayət məsuliyyətinə cəlb edilmə həmin əmələ görə mülki məsuliyyəti ləğv etmir.

24. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları və s. amillər nəzərə alınmalıdır. Beləliklə, mənəvi zərərin vurulmasına dair iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.

25. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar.

26. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi miqdarın yüksək olmaması da nəzərə alınmalıdır. Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği qəsdən cinayət tbrətmiş şəxsdən tutulan zərərin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimai təhlükəli nəticələrini görmür və ya arzu etmir, amma qəsdən cinayət törədən şəxslər isə əksinə, ictimai təhlükəli nəticəni görür və arzu edir.

27. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı övladının 03 yanvar 2009-cu il tarixdə baş vermiş ölümünə görə mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia ilə 20 may 2024-cü il tarixdə, yəni, 15 ildən sonra məhkəməyə müraciət etmişdir.

29. Göstərilən hallar və baş vermiş cinayət hadisəsində təqsirkarların təqsirinin dərəcəsi, cinayətin ehtiyatsızlıqdan baş verməsi, həmçinin, hadisədən 15 ildən artıq vaxt keçməsi iddiaçıya ana kimi vurulmuş mənəvi zərərə görə məbləğ müəyyən edilərkən nəzərə alınmaqla, mənəvi zərərin məbləğinin əsassız varlanmaya gətirib çıxarması hallarına yol verməmək üçün məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə dəyişdirilməklə ödənilməli olan mənəvi zərərin məbləği azaldılmalı, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi qismində 10000 manat məbləğində pul vəsaiti tutulmalıdır.

30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(011)-5200/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(011)-5200/2024 nömrəli qətnaməsi mənəvi zərərin əvəzi olaraq tutulmalı olan pul vəsaitinin məbləği hissəsində dəyişdirilsin və ödənilməli olan məbləğ 10000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar