Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7132/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların atanın himayəsində saxlanılması” barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehla 06.12.2003-cü il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurduğunu, nikahlarından 03.01.2005-ci il tarixdə Adil, 26.11.2005-ci il tarixdə Fuad adını verdikləri iki uşaqlarının dünyaya gəldiyini, ailə həyatı qurduqları ilk gündən son dövrlərədək normal olan münasibətlərinin Cavabdeh onu başqa qadınla aldatması səbəbilə son vaxtlar pisləşdiyini, 15.05.2020-ci il tarixdə Cavabdeh icarəyə götürdüyü “Ulduzum” qadın salonunda lazeroloq işləyən Səadət Vəkilova adında bir qadınla onu aldatdığını və köçüb onunla birlikdə yaşadığını öyrəndiyini, birgə yaşadıqları 16 il ərzində Cavabdeh gəlirlərinin hər zaman yüksək olduğunu və hər zaman uşaqlarının təminatını yüksək səviyyədə təmin etdiyini, lakin hazırda ümumiyyətlə uşaqları ilə maraqlanmadığını, Cavabdeh adına çoxsaylı daşınmaz əmlakların, 2006-cı ildən 2019-cu ilədək olan müddət ərzində “TOYOTA CAMRY” markalı 90 TH-303 dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomaşınların qeydə alındığını, 2017-ci ilin aprel-dekabr aylarında “ADVENTA CO MMC" ilə bağlanmış alqı-satqı müqavilələri əsasında alınmış ümumi dəyəri 162 000 avro olan 2 ədəd "Saprano ACCORD" lazer epiyasiya və 1 ədəd "Accent Prime"xxxx"Effekt LTD MMC" ilə bağlanmış alqı-satqı müqavilələri əsasında alınmış və "Ulduzum", "Fizurə" gözəllik salonlarında və Nizami AVM-də istifadədə olan ümumi dəyəri 85 850 manat olan 3 ədəd "Honor İce 3D” lazer epilyasiya aparatlarından Cavabdeh xeyli miqdarda gəlir əldə etdiyini bildirmiş, iki uşağın saxlanılması üçün onların əvvəkli yaşayış təminatı əsas götürülməklə hər uşağa görə hər ay 1000 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 03.01.2005-ci il təvəllüdlü X2 və 26.11.2005-ci il təvəllüdlü X3 onun yanında saxlanmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, 03.11.2005-ci il təvəllüdlü X2 və 26.11.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması, alimentin tutulma müddətinin 11 avqust 2020-ci il tarixdən hesablanması, İddiaçı ilə Cavabdeh arasında 06.12.2003-cü il tarixdə Bakı Şəhəri Səadət Sarayında 2884 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, uşaqların İddiaçı yanında saxlanılmaları, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun qismən – alimentin tutulması və nikahın pozulması hissələrində - ləğv olunmasını və aliment tələbinin tam təmin, nikahın pozulması tələbinin rədd edilməsini xahiş edən İddiaçı şikayətini belə əsaslandırmışdır ki, məhkəmə aliment müəyyənləşdirdiyi zaman Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyətlərini, diqqətəlayiq olan digər halları əsas götürməli olduğu halda, Cavabdeh maddi imkanının yüksək olmasını və uşaqların mənafelərini nəzərə almamış, nəticədə uşaqların əvvəlki təminatlarının səviyyəsinə uyğun gəlməyən ədalətsiz qərar qəbul etmiş, ailənin bərpa olunma imkanları araşdırmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddia tələbinin alimentlə bağlı hissəsi, qarşılıqlı iddianın isə nikahın pozulması tələbi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh (qarşılıqlı iddiaçı) ümumiyyətlə mübahisələndirməmiş, ilkin iddiaçı isə yalnız qeyd edilən hissələrlə bağlı apellyasiya şikayəti vermişdir. Başqa sözlə, qətnamənin qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmayaraq qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçı ilə Cavabdeh 06.12.2003-cü il tarixdə ailə qurmuş, nikahları Bakı şəhəri Səadət Sarayında rəsmiləşdirilmiş, birgə nikahlarından 03.01.2005-ci il tarixdə Adil, 26.11.2005-ci il tarixdə Fuad adını verdikləri uşaqları anadan olmuşdur. Birinci instansiya məhkəməsi, barışmaq üçün verdiyi müddətdə də tərəflərin barışmadıqlarını nəzərə almaqla, onların aralarında bağlanmış nikahın pozulmalı olduğu qənaətinə gəlmişdir. Kollegiya İddiaçı apellyasiya şikayətinin “məhkəmənin ailənin bərpası imkanlarını araşdırmadığı” dəlilini əsassız hesab edir. Belə ki, Ailə Məcəlləsinin 19-cu maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20-ci maddəsinə görə, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məcəllənin 21.1-ci maddəsinə görə isə, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Fərhad Çöbanovdan tutulmalı olan alimentin məbləğinə və bununla bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Məcəllənin 22.2-ci maddəsinə görə isə, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Birinci instansiya məhkəməsi Qəyyumluq (himayəçilik) orqanının rəyini, uşaqların ananın yanında saxlanılmaları ilə bağlı tərəflərin mübahisə etmədiklərini, həmçinin uşaqların mənafeyini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, uşaqlar ilkin iddiaçının yanında qalmalı və onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün 175 manat aliment tutulmalıdır. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin uşaqların saxlanılması üçün müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir və iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə dəyişdirilməsinə əsas təşkil etmir. Cavabdeh yüksək qazanc əldə etdiyinin nəzərə alınmadığı barədə apellyasiya şikayətində qeyd olunanlarla əlaqədar kollegiya qeyd edir ki, iddiaçı bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, apellyasiya baxışına da gəlməyərək irəli sürdüyü arqumenti sübuta yetirmək üçün təşəbbüs göstərməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-312/2021 saylı iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7132/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7132/2021
22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver