Məhkəmə qərarları › İş №2(103)-715/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-715/2024

31.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-715/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı, eyni zamanda iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-715/2024 (Açar sözlər: müqavilənin ləğvi, qeyri-yaşayış sahəsindən çıxarılma, maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X8 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı “müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair ilk iddia, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və maddi ziyanın tutulması” tələbi ilə bağlı qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 4395/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 31 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və X7 qarşı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanan alqı-satqı müqaviləsinin ləğv olunması, dəymiş 1000 manat məbləğində ziyan və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin avqust ayının 1-dən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla, 23 ünvanında yerləşən obyekti PMD Group MMC tərəfindən icarəyə götürmüşdür. İlkin şifahi razılaşmaya əsasən obyekti əsaslı təmir elətdirmiş, təmirə, reklama və vitrin mebellərə 50.000 manata yaxın vəsait xərcləmişdir. Təmir bərpa işlərini etdiyi vaxtda təmir işlərini PMD Group MMC-nin əməkdaşları şahid olmuş və dəfələrlə təmirlə maraqlanmış və obyektin şəkillərin çəkmişlər. Əgər məhkəmə ehtiyac duyarsa onların da məhkəməyə şahid kimi dəvət olunmasına köməklik edə bilər. 2020-ci ilin noyabr ayında icarəyə götürdüyü obyekti satışa çıxarıldığını və 250.000 manata almaq üçün təklif olundu. İddiaçı imkanı olmadığını bildirərək bəs satılarsa obyektə qoyduğu təmir xərcinin necə olacağını soruşduqda, narahat olma kimə də satılsa sən qalıb işləyəcəksən cavabını almış və bu cavab onu arxayınlaşdırmışdır. Həmin vaxtdan xx.xx.2022-ci il tarixə kimi 3 dəfə obyekt başqa başqa şəxslərə satılmışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh2 yeni obyekt sahibi olduğunu bilərək X13 ilə (Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi) notariusda yeni icarə müqaviləsi bağlamışdılar. İcarə haqqını hər ay vaxtı vaxtında ödəmiş, lakin icarə müqaviləsi bağlamamışdan öncə şifahi olaraq obyektin köhnə sahibi və iddiaçı bildirmişdilər ki, o, obyektin təmirinə 50.000 manata yaxın xərc çəkmiş, bəs yenidən satılarsa obyektə qoyduğu təmir xərcinin necə olacağını soruşduqda, yeni sahibi «biz obyekti satmağa almamışıq, sən qalıb işləyərsən və sən burdan özün könüllu çıxamayandan sonra biz səni çıxartmarıq» deyə onu arxayınlaşdırmışdılar. 2022-ci il təxminən aprel və may ayları ərəfəsində Quliyev Nofəl bildirmişdir ki, pula ehtiyacları var, ona görə də obyekti satmaq istəyirlər, lakin sən təmirə xərc çəkdiyin üçün müştərini özun tap və razılaş, almaq məqamında bizi çağır. xx.xx.2023-cü il tarixdə Quliyev Nofəl iddiaçıdan icarə haqqını almışdır. Sonuncu obyekti alan şəxs Cavabdeh1 xx.xx.2022-ci il tarixində tanımadığı 2 şəxsi göndərərək birinci icarə haqqı tələb eləmiş, iddiaçı onları tanımadığını bildirərək icarə haqqının bir gün əvvəl Nofələ verdiyini bildirmişdir. Sonradan həmin şəxslər iddiaçını hədələyərək obyektin boşaldılmasını tələb etmişdilər. İşgüzar nüfuzuna xələl gəlməmək üçün Nərimanov RPİ-nin 18-PB-yə müraciət etmiş, ilk dəfə obyektin indiki sahibi kimi Cavabdeh1 bölmədə tanımışdır. O, bildirmişdir ki, ona maraqlı deyil iddiaçı kimdir, obyektin sahibindən pulunu verib alıbdır. İddiaçı belə qənaətə gəlmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanan alqı-satqı müqaviləsi əsassızdır və formal olaraq bağlanıb, çünki iddiaçının obyektə qoyduğu təmir xərcini verməmək üçün bu müqaviləni bağlayaraq onu obyektdın çıxartmaq istəmişdilər. Belə qənaətə gəlir ki, alqı satqı müqaviləsi ləğv olunmalıdır və ödədiyi 2 ayın icarə haqqının yarısı, yəni 1000 manat pul geri qaytarılmalıdır. Həmin obyektdən 4 işçi, iddiaçının öhdəsində olan anası, bacısı, həyat yoldaşı və 2 körpə uşağı dolanır, özü vergi ödəyicisidir, dövlətə vergi verir və hal hazırda dövlətə vergi borcu var.

3. Sonradan ilkin iddia üzrə iddiaçı tələbin artırılması barədə ərizə verərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanan alqı-satqı müqaviləsinin ləğv olunması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 50.000 manat obyektin təmirinə görə, 30.000 manat MTT-yə görə, 20.000 manat mənəvi ziyan və 390 manat dövlət rüsumunun, ümumiləkdə 100.390 manat pul vəsaitinin tutularaq ödənilməsini istəmişdir

4. Tələbin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, obeyktin təmirinə, reklamına və vitrin mebellərə 50000 manata yaxın vəsait xərcləmiş, Cavabdeh1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi tərəfindən baxılaraq xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 51.4 kv.m olan qeyri-yaşayış sahəsindən istifadə İddiaçı qadağan edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası MTT(103)-6/2023 №-li xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 şikayəti təmin edilərək müvəqqəti təminat tədbiri ləğv edilmiş, xx.xx.2023-cü il tarixdə qeyri-yaşayış sahəsi istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi qeyri-yaşayış sahəsi bağlı qalmışdır. İcarə müqaviləsi qüvvədə olduğu halda əsassız olaraq obyektin bağlı olmağı iddiaçıya maddi ziyan vurmuşdur. Aylıq 3.000 manatdan çox yəni 8 ay ümumilikdə 24.000 manat və əlavə olaraq içəridə olan malların vaxtı keçdiyi və reklamın sıradan çıxdığı üçün 6.000 manat ziyan dəymişdir. Ümumilikdə 80.000 manat maddi və 20.000 manat mənəvi ziyan dəymişdir.

5. Beləliklə, ilkin iddia üzrə iddia tələbləri aşağıdakılardan ibarət olmuşdur: Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanan alqı-satqı müqaviləsinin ləğv olunması, hər iki cavabdehdən: 50.000 manat təmirə çəkdiyi xərcin, 30.000 manat MTT-yə görə ziyanın, 20.000 manat mənəvi ziyanın tutulması.

6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək cavabdehin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxardılması, həmin qeyriyaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan bir aylıq dövr üçün ödənilməmiş icarə haqqı olan 500 manat və xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək olan 14 aylıq dövr üçün əldə çıxmış fayda olan 14 ay*500 manat=7000 manat olmaqla, cəmi 7500 manat pulun cavabdehdən alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsini almışdır. Həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Sözügedən qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 ilə cavabdeh İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsi olmuşdur. Həmin müqavilənin 3-cü bəndində yazılmışdır ki, icarə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 təqvim ayı qalmış tərəflər həmin müqavilənin pozulmasına dair təklif irəli sürməzlərsə, icarə müddəti bağlanmış müddətə uzadılmış hesab edilir. Müqavilənin 4-cü bəndinə görə, icarə haqqı 500 manat müəyyən olunmuşdur. Həmin müqavilənin 7-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Bu qeyri-yaşayış sahəsini aldıqdan sonra cavabdehə əvvəlcə şifahi məlumat verərək, daha sonra, xx.xx.2022-ci il tarixdə yazılı xəbərdarlıq göndərərək, icarə müqaviləsinin müddətini uzatmaq niyyətində olmadığını bildirmiş, eləcə də, cavabdehdən xx.xx.2022-ci il tarixdə qeyri-yaşayış sahəsini boşaldaraq, təhvil verməsini və icarə haqqı borcunu ödəməsini xahiş etmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixdən cavabdehlə icarə münasibətlərinə xitam verilmişdir. Lakin bu günədək o, mülkiyyətində olan əmlakından çıxmamışdır. Cavabdehin bu qanunsuzluğu sözügedən əmlaka dair mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, ona zərər vurulmasına gətirib çıxarmışdır. Onun qeyri-yaşayış sahəsindən azad mülki dövriyyə şəraitində ən azı icarə müqaviləsində göstərilən icarə haqqı qədər qazanc əldə edə biləcəyi halda, artıq 14 aydır ki, bundan məhrum edilmişdir. Ona görə hesab edir ki, cavabdeh qanunsuz olaraq istifadə etdiyi qeyri-yaşayış sahəsindən çıxardılmalı, həmin sahə boşaldılaraq ona təhvil verilməli və cavabdehin ona vurduğu zərər ondan tutularaq ödənilməlidir.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Eyni zamanda qeyd etmişdir ki, cavabdeh X5 nümayəndəsi (əri) X13 obyekti satmaq niyyətində olduğunu ona demiş və alıcı tapmağı xahiş etmişdir. O da elə bir alıcı axtarmışdır ki, obyektin təmirinə qoyduğu pulu götürə bilsin. X3 obyekti Cavabdeh1 satmış və o, təmirə qoyduğu pulu götürə bilməmişdir.

9. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh X9 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək qeyd etmişdir ki, İddiaçı müqaviləni mübahisələndirməyə subyektiv hüququ mövcud deyil, pul tələbi ilə bağlı isə o, ancaq "xxxx" MMC-yə müraciət edə bilər, hazırki iddianın heç bir hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən ilkin iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4395/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimTahirə Əsədova) ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən İddiaçı çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi, 7500 manat məbləğində pulun İddiaçı alınaraq Cavabdeh1 ödənilməsi, İddiaçı ödədyiyi dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, Mülki Məcəllənin 21.1, 21.2, 139.1, 148.2, 152.1, 152.5, 157.2, 157.5, 324.1, 324.2, 324.4, 421.1, 421.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, MPMnin 14.2, 77.1, 107, 119.1, 164 və 217.4-cü istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin ilkin iddia tələbinə münasibətdə gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçı ilə bağlanmış icarə müqaviləsinin xitam edilib-edilmədiyi məhkəmə tərəfindən araşdırılmamış, məhkəmənin qətnaməsində həmin icarə müqaviləsinə hər hansı münasibət və hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəflər arasında icarə hüququ münasibətlərinin mövcud olmasını görməzdən gələrək düzgün olmayaraq Mülki Məcəllənin 324-cü maddəsinin tələblərinə istinad etmiş, icarə münasibətlərinə aid olan maddi hüququ normalarını, ümumiyyətlə, tətbiq etməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarə müqaviləsinə xitam verilməsi qaydası tərəflər arasında razılaşdırılaraq tərəflərdən hər birinin 30 gün əvvəl yazılı xəbərdarlıq edərək icarəyə xitam vermək hüququnun olması şərtləndirilmişdir. Lakin məhkəmə tərəflər arasında icarə müqaviləsinə xitam verərkən onun xitam verilməsi qaydasında əməl olunub-olunmadığını araşdırmamış ilkin iddianı rədd etmiş, qarşılıqlı iddianı təmin etmişdir. Belə ki, alqı-satqı müqaviləsinin tərəfləri icarə müqaviləsi qüvvədə ola-ola onun xitam verilməsi şərtlərinə əməl etmədiklərinə görə həmin müqaviləyə xitam verilə bilinməzdi. İcarəyə verən tərəfindən icarəçiyə hər hansı bildiriş göndərilməmiş, həmin bildirişin onun tərəfindən alındığını təsdiq edən hər hansı sübut iş materiallarında yoxdur. Belə olan halda alqı-satqı müqaviləsinin predmeti üzərində icarə hüququ olan iddiaçının onu mübahisələndirmək huququ yaranmışdır. və bununla da iddiaçının maraqlarına toxunduğuna görə onun həmin tələbə münasibətdə subyektiv hüququ vardır. Lakin birinci instansiya məhkəməsinin düzgün olmayaraq iddiaçının subyektiv hüququnun olmadığını nəticəsinə gəlmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 50000 manat obyektin təmirinə görə pul tutulması hissəsində də məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməyərək qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, 2016-cı ilin avqust ayının 1-dən Bakı şəhəri Nərimanov rayon Ağa Nemətulla 23 ünvanında yerləşən obyekti PMD Group MMC tərəfindən icarəyə götürmüşdür İlkin şifahi razılaşmaya əsasən obyekti əsaslı təmir elətdirmişəm, təmirə, reklama və vitrin mebellərə 50.000 (əlli min) manata yaxın vəsait xərcləmişdir. Məhkəmə həmin 50000 manatı təsdiq edən sənədlərin mövcudluğunu, həmin təmirin müqavilə şərtlərinə uyğun aparılıb-aparılmadığını araşdırmadan qeyd edir ki, belə bir tələb yalnız "xxxx" MMC-yə qarşı yönələ bilər, digər mülkiyyətçilər – hazırki iş üzrə cavabdehlər – həmin təmir xərcinə görə hər-hansı bir məsuliyyət daşımırlar, belə ki, onlar həmin əmlakı mövcud vəziyyətdə almış və onların vaxtında hər hansı bir təmir işləri aparılmamışdır. Məhkəmə əmlaka "xxxx" MMC-nin mülkiyyətində olan dövrdə xərc çəkildiyini və ondan tələb olunmalı olunduğunu qeyd etsə də tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməmişdir. Mülki Məcəllənin 158-ci maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülki Məcəllənin 680.1-ci maddəsinə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Həmçinin 30000 manat MTT-yə görə, 20000 manat mənəvi ziyan və 390 manat dövlət rüsumunun, ümumiləkdə 100390 manat pul vəsaitinin tutularaq ödənilməsininin rədd edilməsi hissəsində də məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qətnamədə qeyd edilən, “icarə müqaviləsi dövlət qeydiyyatına alınmamışdır və bu əsasdan məhkəmə hesab edir ki, Cavabdeh1 yüklülükdən azad qeyri-yaşayış sahəsini əldə etdiyindən onun İddiaçı qarşısında hər hansı bir öhdəliyi olmamışdır” hissəsi əsassızdır. Çünki icarə müqaviləsi imzalanan andan qüvvəyə minir və yüklülüklə bağlı reyestrə salmaq tələbinin vacibliyi heç bir maddə ilə sübuta yetirilməmişdir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, İcarə haqqında qanunun 13.3-cü maddəsinə əsasən, İcarəyə verən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir. Məhkəmə cavadeh tərəfindən MTT ilə bağlı ərizə əsasında xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi qeyri-yaşayış sahəsinin bağlı qalmasını nəzərə almayıb həmin vaxta icarə haqqı hesablayıb. İşin icraata xx.xx.2023-cü il tarixdə başlanmasına baxmayaraq, cavadehdən iş Nərimanov Rayon Məhkəməsində olanda xx.xx.2023-cü il tarixində şifahi olaraq soruşmuş, Sabunçu Rayon Məhkəməsində icraatın başlanmasından xəbərdar olduğunu bildirmişdir. Buna sübut həmin iclasın video qeydiyyatıdır. Lakin buna baxmayaraq qarşılıqlı iddia xx.xx.2023-cü il tarixində verilib. Məhkəmə tərəfindən qarşılıqlı iddianın həmin tarixdə icraata götürülməsi prosesual pozuntudur. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1- ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

15. Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayəti qəbul etməmiş və onun təmin edilməməsi xahiş etmişdir.

17. İlkin iddia üzrə cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayəti qəbul etməmiş və onun təmin edilməməsi xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13, bənd 1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, əmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

22. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

24. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər.

27. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir;

28. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər;

29. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

30. Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

31. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.

32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

33. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

35. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

39. Maddə 158.1 və 158.1.3. Mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etməklə bağlı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər.

40. Maddə 160.1. Müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir.

41. Maddə 164. İşi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır.

42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

46. Hazırki iş üzrə qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qətnamənin həm ilkin iddiasının təmin olunmaması, həm də qarşılıqlı iddianın təmin olunması hissəsindən şikayət verildiyindən, hazırda apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia üzrə iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qarşılıqlı iddianın təmin edilməsi hissəsində dəyişdirilməli, qarşılıqlı iddia qismən təmin edilməli, qətnamə digər hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.

48. Belə ki, işdə olan materiallar əsasında məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (sonradan – mübahisəli obyekt) "xxxx" MMC-nin mülkiyyətində olmuşdur (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş ******* №-li Çıxarış, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015).

49. İlkin iddia üzrə İddiaçı ilə "xxxx" MMC arasında mübahisəli obyektin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmış, icarə müddəti vaxtından əvvəl xitam verilməyincə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək nəzərdə tutulmuş, müddətin başa çatmasına 1 təqvim ayı qalmış xitam barədə yazılı bildirişin təqdim edilmədiyi təqdirdə icarə müddətinin növbəti eyni müddətə artırılması, aylıq icarə haqqının 800 manat (677,97 manat icarə haqqı + 122,03 manat vergi) olması nəzərdə tutulmuşdur. Müqavilə notarial qaydada təsdiq edilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır.

50. Müqavilənin 4.1 və 4.2-ci bəndlərində obyektin əsaslı tikinti, kosntruktiv təmir işləri və dəyişikliklərin aparılmasına icarəyə verənin yazılı razılığının olmadığı halda yol verilməməsi nəzərdə tutulmuşdur.

51. İddiaçının mövqeyinə görə obyektin təmirinə 50000 manat xərc çəkmişdir.

52. "xxxx" MMC obyekti X2 xeyrinə özəlləşdirmiş, sonuncu isə xx.xx.2021-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi əsasında X1. X12 xx.xx.2021-ci il tarixdə mübahisəli obyektə dair çıxarış almışdır.

53. İlkin iddia üzrə İddiaçı yeni mülkiyyətçi X12 ilə xx.xx.2021-ci il tarixdə mübahisəli obyektə dair icarə müqaviləsi bağlanmış, icarə müddəti xx.xx.2022-ci il tarixədək nəzərdə tutulmuş, müddətin başa çatmasına 1 ay qalmış müqavilənin pozulmasına dair heç bir təklifin irəli sürülmədiyi təqdirdə icarə müddətinin bağlanmış müddətə uzadılması, icarəyə verənin razılığı olmadan təmir işlərinin aparılmasına yol verilməməsi, bir aylıq icarə haqqının 500 manat məbləğində olduğu nəzərdə tutulmuşdur. Həmin icarə müqaiviləsi 50 saylı notairat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır.

54. İş materiallarındakı «Elektron notariat» Avtomatlaşdırılmış İnformasiya sistemində Çıxarışdan görünür ki daha sonra mübahisəli obyektin mülkiyyətçisi dəyişmiş və obyekt digər Cavabdeh1 mülkiyyətinə keçmişdir. Belə ki, X12 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində obyektin alqı-satqısına dair Cavabdeh1 ilə müqavilə bağlamışdır.

55. Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın reyestr nömrəsi **********13-05101-083007, qeydiyyat nömrəsi ********** ilə dövlət qeydiyyatına alınmışdır.

56. İddia ərizəsindən görünür ki, 2022-ci il aprel-may ayları ərəfəsində X5 nümayəndəsi Quliyev Nofəl obyekti satışa çıxartdıqları İddiaçı bildirmiş və almağı ona təklif etmişlər.

57. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə 50 saylı notariat ofisinin xüsusi notariusu X15 (icarə müqaviləsini təsdiq edən notarius) və İddiaçı məktub göndərərək icarə müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsini nəzərə alaraq, müddətin uzatmaq niyyətində olmadığını və kirayəçinin obyekti qaytarmağa məcbur olduğunu bildirmiş, məktub həmin gün «Abbasova» imzalı şəxs tərəfindən qəbul edilmişdir.

58. Bundan sonra İddiaçı həmin obyektdən çıxmamış, Cavabdeh1 cavabdeh İddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsində iddia qaldıraraq, İddiaçı tərəfindən mübahisəli obyektin boşaldılması, 3000 manat icarə haqqının və 2000 manat vurulmuş zərərin tutulmasını xahiş etmiş, sonradan tərəflərin arasında danışıqların getməsi səbəbindən iddiaçının xahişi ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

59. Eyni zamanda Cavabdeh1 müvəqqəti təminat barədə ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli obyektdən istifadə edilməsini İddiaçı qadağan edilməsini xahiş etmişdir.

60. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixlə qəradadından müəyyən olunur ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 MTT-yə dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qəradadı ilə xx.xx.2022-ci tarixli qərardadının ləğv edilməsi, müvəqqəti təminat tədbiri barədə ərizəyə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

61. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilmiş, qeyri-yaşayış sahəsindən istifadə İddiaçı qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli qərardadı ilə İddiaçı müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2022ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

62. Bundan sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, qeyri-yaşayış sahəsindən istifadəsinin qadağan edilməsi barədə müvəqqət təminat tədbirinin ləğv edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023- cü il tarixli qərardad ləğv edilmiş, qeyri-yaşayış sahəsindən İddiaçı istifadəsinin qadağan edilməsi barədə müvəqqət təminat tədbiri ləğv edilmişdir. Müvəqqət təminat tədbirinin ləğv edilməsinin səbəblərindən biri ondan ibarət olmuşdur ki, həmin qadağanın qalması cavabdehlə yanaşı həm də iddiaçının iqtisadi mənafelərinə uyğun deyildir.

63. Hazırda ilk iddia üzrə iddiaçı Baxşiyev X10 Zəkiyə ilə Cavabdeh1 arasında bağlanan alqı-satqı müqaviləsinin ləğv olunması, onların hər ikisindən 50000 manat obyektin təmirinə görə, 30000 manat MTT-yə görə, 20000 manat mənəvi ziyanının tutulmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir.

64. Kollegiya ilk növbədə iddiaçının alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, iddiaçının cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etməyə subyektiv hüququ yoxdur.

65. Belə ki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

66. Mülki qanunvericiliyin müqavilənin ləğvi ilə bağlı münasibətləri tənzimləyən normalarından görünür ki, müqaviləni ləğv etmək hüququ yalnız onu bağlayan tərəflərə münasibətdə nəzərdə tutulmuşdur. İddiaçı isə mübahisələndirdiyi alqı-satqı müqaviləsinin, ümumiyyətlə, iştirakçısı olmamışdır.

67. Bununla yanaşı kollegiya qeyd edir ki, əqdin tərəfi olmayan şəxsin də əqdi mübahisələndirmək hüququ tanına bilər. Bu şərtlə ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; vəzifənin icrasını çətinləşdirə bilər.

68. Hazırki işdə sadalanan hallardan hər hansı birinin baş verdiyi aşkar olunmur. Belə ki, Cavabdeh1 ilə digər cavabdeh X12 azad iradələrinə uyğun alqı-satqı müqavilələri bağlamışlar. Bu alqı-satqı müqaviləsinin bağlanması iddiaçının icarə obyektindən istifadəsi ilə bağlı hüquqlarına hər hansı maneə törətməmişdir. Yəni icarəçidən (iddiaçı) əmlakın boşaldılmasının tələb edilməsi mübahisəli alqı-satqı müqaviləsinin yaratdığı hüquqi nəticə olmamışdır. Cavabdeh1, əmlakın yeni mülkiyyətçisi kimi haqlı olaraq iddiaçı ilə X12 arasında mübahisəli obyektə dair bağlanmış icarə müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar iddiaçıdan əmlakın boşaldılmasını tələb etmişdir. Azərbaycan Respublikası “İcarə haqında” qanununun 13.3-cü maddəsinə görə icarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir.

69. Beləliklə, kollegiya hesab edir ki, cavabdehlər arasında mübahisəli obyektə dair bağlanmış alqı-satqı əqdinin iddiaçının hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə xələl gətirməsi faktları müəyyən edilmədiyindən, bununla da iddiçının həmin müqavilənin ləğvini tələb etməyə subyektiv hüququ yaranmadığından iddia həmin hissədə əsassız olub, təmin edilə bilməz.

70. Kollegiya, iddiaçının 50.000 manat təmirə çəkdiyi xərcin ödənilməsi tələbi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmək istəyir ki, iddiaçının özünün də bildirdiyi kimi təmir üçün 50.000 manat xərci birinci mülkiyyətçi "xxxx" MMC ilə bağladığı icarə müqaviləsi dövründə çəkmişdir. Hərçənd ki, həmin 50.000 manat məbləği təsdiq edən hər hansı sübut iş materiallarında yoxdur və həmin təmirin müqavilə şərtlərinə uyğun aparılıb-aparılmadığı ayrıca araşdırma predmetidir, kollegiya yenə də qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cavabdehlər – həmin təmir xərcinə görə hər-hansı bir məsuliyyət daşımırlar, belə ki, onlar həmin əmlakı mövcud vəziyyətdə almış və onların mülkiyyətçi olduğu zaman hər-hansı bir təmir işləri aparılmamışdır.

71. İlkin iddiaçının digər bir tələbi – cavabdeh tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə verilməsinə görə onun mübahisəli əmlakdan istifadə edə bilməməsi nəticəsində ona dəydiyini hesab etdiyi 30.000 manat zərərlə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

72. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır.

73. Göründüyü kimi, iddia ərizəsi ilə bərabər verilən müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb edilməsi o zaman nəzərdə tutulub ki, iddia ərizəsinə mahiyyəti üzrə baxılmış və məhkəmə qanuni qüvvəsini almış olsun. Bu o demək deyil ki, hər bir halda müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərər tutulmalıdır. Məhkəmə hesab edir ki, mahiyyəti üzrə işi həll edən məhkəmə aktı ilə iddiaçının tələbinin və bunun nəticəsi olaraq müvəqqəti təminat tədbirinin qanunsuz hesab edildiyi halda zərər tutula bilər.

74. Lakin yuxarıda qeyd edildiyi kimi, Cavabdeh1 iddiası üzrə mülki iş Nərmanov Rayon Məhkəməsində baxılmamış saxlanılmışdır. Bundan başqa, məhkəmə hesab edir ki, Cavabdeh1 xahişi əsasında seçilmiş müvəqqəti təminat tədbiri ilə bağlı Cavabdeh1 özünün qanuni mülkiyyətində olan obyektdən qanunsuz istifadənin qadağan edilməsini xahiş etmiş, İddiaçı icarəyə verilmiş əmlakdan istifadəsinin müddəti bitmiş, Cavabdeh1 ilə İddiaçı arasında əmlaka dair icarə müqaviləsi bağlanmamışdır. Həmçinin kollegiya qeyd edir ki, icarə müqaviləsi dövlət qeydiyyatına alınmamışdır və bu əsasdan məhkəmə hesab edir ki, Cavabdeh1 yüklülükdən azad qeyri-yaşayış sahəsini əldə etdiyindən onun İddiaçı qarşısında hər-hansı bir öhdəliyi olmamışdır. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır, 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Göründüyü kimi Cavabdeh1 İddiaçı qarşısında hər-hansı bir öhdəliyinin olmamasına baxmayaraq, o, müqavilənin ləğv edilməsi barədə bir ay qalmış İddiaçı bildiriş göndərmişdir.

75. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, iddia bu hissədə də əsaslı olmadığı üçün təmin edilə bilməz.

76. Beləliklə, ilkin iddia üzrə iddiaçının üç tələbi əsassız olduğundan, kollegiya hesab edir ki, iddia mənəvi zərərin tutulması hissəsində də araşdırılmadan rədd edilməlidir. Çünki digər tələblər yoxlanılarkən iddiaçının mənəvi zərərini əsaslandırdığı hallar araşdırılmış və əsassız olduğu qənaətinə gəlinmişdir.

77. Növbəti olaraq ilkin iddia üzrə iddiaçı öz apelyasiya şikayətində bildirmişdir ki, qarşılıqlı iddia ərizəsi, ümumiyyətlə, birinci instansiya məhkəməsi tərəfindən icraata götürülməməli və ərizəyə mahiyyəti üzrə baxılmamalı idi. Belə ki, işin icraatının xx.xx.2023-cü il tarixdə başlanmasına baxmayaraq qarşılıqlı iddia ərizəsi xx.xx.2023-cü il tarixində verilmişdir. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır.

78. Məhkəmə kollegiyası qeyd edilənlərə münasibətdə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı öz ilkin iddiasını xx.xx.2023-cü il tarixdə versə də, bundan sonra 2 dəfə - xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə iddia həcminin artırılması barədə ərizə təqdim etmiş və hazırki iddiasının böyük qismini təşkil edən tələbləri məhz sonuncu, yəni xx.xx.2023-cü il tarixli ərizəsində qeyd etmişdir. Qarşı tərəf isə həmin iddia həcminin artırılması barədə ərizədən birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında xəbərdar olmuş (iclas protokollarından da bu aydın olur), tərəflərin arasında barışıq əldə edilməsi imkanının mövcud olduğunu bildirmiş, bu barışıq əldə olunmadığından xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.

79. Qeyd olunan faktlardan da göründüyü kimi qarşılıqlı iddia ərizəsi qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəməyə təqdim edilmişdir və buna görə də ərizənin icraata götürülməsi, o cümlədən ona mahiyyəti üzrə baxılması ilə bağlı hər hansı prosessual pozuntu məhkəmə tərəfindən aşkar edilməmişdir.

80. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının qətnamənin qarşılıqlı iddia ərizəsinin təmin olunmasının qanunsuz və əsassız olması ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.

81. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı qeyri-yaşayış sahəsindən çıxardılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan bir aylıq dövr üçün ödənilməmiş icarə haqqı olan 500 manat və xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək olan 14 aylıq dövr üçün əldə çıxmış fayda olan 7000 manat olmaqla, cəmi 7500 manat pulun alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi qət edilmişdir.

82. Kollegiya qeyd edir ki, Cavabdeh1 onunla öncəki mülkiyyətçi X12 arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış alqı-satqısı müqaviləsinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmuşdur və öz mülkiyyəti üzərində müstəqil sərəncam vermək, o cümlədən başqasının qanunsuz sahibliyindən müdafiə olunmaq hüququna malikdir.

83. Bununla yanaşı nəzərə alınmalıdır ki, Cavabdeh1 ilə İddiaçı arasında icarə münasibətləri olmamış, dolayısı ilə iddiaçının tələb etdiyi üzərə Cavabdeh1 icarə müqaviləsinin ləğvi barədə İddiaçı bildiriş göndərilməsi barədə hər hansı öhdəliyi mövcud olmamışdır. Bu da onu deməyə əsas verir ki İddiaçı mübahisəli əmlaka qanunsuz olaraq sahiblik etməyə davam etmişdir. Üstəlik həmin dövr ərzində qarşılıqlı iddia üzrə iddiaçı öz mülkiyyətindən istifadə edə bilməmiş, ondan bəhər götürə bilməmiş və ya digər formada ondan yararlana bilməmişdir və bu hal işin faktiki hallarına baxış zamanı da aydın olur.

84. Qeyd edilənləri nəzərə alaraq və işin bu faktiki hallarını qanunverciliyin mülkiyyət hüququnun müdafiəsinə dair normaları baxımından qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsini boşaldaraq mülkiyyətçi Cavabdeh1 təhvil verməsi hissəsində və dəymiş zərərin hesablanmalı olması ilə bağlı mövqeyi əsaslı olmuşdur.

85. Lakin birinci instansiya məhkəməsi qarşılıqlı iddianı həll edərkən iş üzrə müvəqqəti təminat tədbiri barədə ərizənin olması və dolayısı ilə qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarının müəyyən bir dövr ərzində qanunla qorunması halını nəzərə almamış, həmin dövrü də ona dəymiş zərər kimi hesablamaqla yanlış qənaətə gəlmişdir.

86. Belə ki, iş materiallarından da göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilmiş, qeyri-yaşayış sahəsindən istifadə İddiaçı qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2022ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli qərardadı ilə İddiaçı müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

87. Bundan sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, qeyri-yaşayış sahəsindən istifadəsinin qadağan edilməsi barədə müvəqqət təminat tədbirinin ləğv edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023- cü il tarixli qərardad ləğv edilmiş, qeyri-yaşayış sahəsindən İddiaçı istifadəsinin qadağan edilməsi barədə müvəqqət təminat tədbiri ləğv edilmişdir.

88. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək yekun məhkəmə aktı çıxarılanadək İddiaçı sözügedən qeyri-yaşayış sahəsindən istifadə etməsinin dayandırılmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla onun ərizəsi təmin edilmişdir. Bu da o deməkdir ki, artıq həmin tarixdən etibarən onun hüquqlarının pozulması dayanmışdır və yalnız qarşı tərəfin ərizəsi ilə xx.xx.2023-cü il tarixdə qəbul olunmuş məhkəmə aktına əsasən həmin qadağa götürülmüşdür.

89. Bu da o deməkdir ki, qarşılıqlı iddia üzrə iddiaçı qeyd edilən xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə, yəni təxminən 7 ay boyunca öz çatmağa ümid etdiklərindən məhrum olmamışdır və həmin dövr aralığında götürə biləcəyi hər hansı fayda qarşı tərəfin təqsirli hərəkətləri ucbatından əlindən çıxmamışdır.

90. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi qət edilən 7500 AZN məbləğdən qeyd edilən 7 aylıq müddət ərzində ödənilməsi nəzərdə tutulan məbləğ, yəni 3500 AZN (7 ay * 500 AZN = 3500 AZN) çıxılaraq yekunda 4000 AZN məbləğində əldən çıxmış faydanın qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi qət edilməlidir.

91. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

92. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

93. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

94. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

95. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qarşılıqlı iddianın tam təmin edilməsi hissəsində dəyişdirilməli, qarşılıqlı iddia qismən təmin edilməli, 4000 AZN məbləğində əldən çıxmış fayda qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməli, qətnamə mübahisələndirilən digər hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.

96. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

97. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4395/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində dəyişdirilsin. İddiaçı alınaraq Cavabdeh1 ödənilməli olan məbləğ 4000 (dörd min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən ilkin iddia üzrə iddiaçı, qaşılıqlı iddia üzrə cavabdeh tərəfindən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar