Məhkəmə qərarları › İş №2(103)-7155/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7155/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7155/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkil X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı dəymiş zərərə əsasən sığorta ödənişinin həyata keçirilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-189/21 saylı 06.05.2021-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, "xxxx" ASC-dən sığorta ödənişi üzrə 2568 (iki min beş yüz altmış səkkiz) manat 50 (əlli) qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 12.80 %-i, yəni 3 (üç) manat 84 (səksən dörd) qəpiyi iddiaçıya aid edilməsi, qalan 87.20 %-i, yəni 26 (iyirmi altı) manat 16 (on altı) qəpik məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz iyirmi) manat ekspertiza xərcinin 12.80 %-i, yəni 12 (on iki) manat 80 (səksən) qəpiyi iddiaçıdan, digər 87.20 %-i, yəni 87 (səksən yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş zərərə əsasən sığorta ödənişinin həyata keçirilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona dəymiş 5241 manat dəyərində ziyana görə pul, 30 manat iddia ərizə pulu və mənəvi ziyana görə 1500 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus qanunvericiliklə mülkiyyət hüququnu dövlət tərəfindən tanınan və verilən çıxarışla olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 264 A ünvanında yerləşən yanacaq doldurma məntəqəsində 08.02.2020-ci il tarixində gecə saatlarında güclü külək əsdiyindən, həmin yanacaq doldurma məntəqəsinin ofisinin damını, tavanını, qapılarını, pəncərələrin bahalı şüşələrini vurub sındırmışdır. Hətta külək yanacaq doldurma dirəyini də qaynaq yerindən qopardıb yerindən oynatmışdır. Nəticədə ümumilikdə ona 5241 manat məbləğində maddi ziyan dəymişdir. Bununla bağlı mövcud qanunvericiliyə uyğun olaraq mənim "xxxx" ASC sığorta şirkəti ilə icbari sığorta haqqında qanuna əsasən, cavabdehlə müqavilə əsasında 29.12.2019 il tarixdə bir il müddətində sığortalanmışdır. Həmin yanacaq doldurma məntəqəsinin sığorta dəyəri 219217 manat təşkil etmişdir. O, bununla bağlı həmin tarixdə "xxxx" ASC sığorta şirkəti ilə əlaqə saxlamış və hadisə barəsində məlumat vermiş, sonradan "xxxx" ASC əməkdaşları gəlib həmin obyektin foto və video lentə qeyd etmiş və oradan çıxıb getmişlər. Bu hadisədən təqribən 2 ay keçəndən sonra onun ünvanına "xxxx" ASC-dən 11.03.2020 tarixli 0241 saylı imtina məktubu gəlmişdir ki, guya ona məxsus olan yanacaq doldurma məntəqəsinə 1930 manat maddi ziyan dəymiş və azadolma məbləği 2000 manat olduğu üçün ziyan ödənilməyəcdir. Xatırladır ki, həmin yanacaq doldurma məntəqəsinə dəyən ziyanın hesablanması və qiymətləndirilməsi barəsində ona heç bir bildiriş və məktub gəlməmiş, ümumiyyətlə heç bir razılıq da təklif etməmişdir, bununla da "xxxx" ASC qanunsuz və əsassız qərar qəbul etmişdir. Bununla da cavabdeh Azərbaycan Respublikasının İcbari sığortalar haqqında qanunun 3-cü, 4-cü və 16-cı maddələrinin tələbini kobud surətdə pozmuşdur. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdeh "xxxx" ASC-nin səlahiyətli nümayəndəsi tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən, maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmir, hüququn tətbiq edilməsində səhv buraxmış və bu düzgün olmayan qətnamənin qəbul olmasına səbəb olmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə cavabdeh “Xalq Sığorta" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan DƏDRX RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, 264A ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, X1 məxsus Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi 264A ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən 219297 manat məbləğində sığortalanmış və azadolma məbləği 2000 manat məbləğində müəyyən edilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC-nin İddiaçı ünvanladığı 11.03.2020-ci il tarixli məktubun surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı qiymətləndirmə işi aparılmış və əmlaka dəymiş zərər 1930 manat məbləğində müəyyən edilmişdir. Sığortalı əmlaka dəymiş zərər azadolma məbləğindən az olduğundan bu sığorta hadisəsi üçün sığorta ödənişinin verilməsi öhdəliyi yaranmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/3144 nömrəli, 09.04.2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, 264A ünvanında yerləşən yanacaq doldurma məntəqəsinə dəymiş ziyanın orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 4568.50 manat təşkil edir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 08.02.2020-ci il tarixdə baş vermiş güclü külək nəticəsində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, 264A ünvanında yerləşən qeyri-yaşayış binasına zərər dəymişdir. İddiaçı ona məxsus olan qeyri-yaşayış sahəsinə dəymiş zərərin miqdarının 5241 manat olduğunu bildirmiş, cavabdeh isə iddiaçıya məxsus əmlaka 1930 manat məbləğində ziyan dəydiyini, lakin tərəflər arasında bağlanmış Daşınmaz Əmlakın İcbari Sığortası haqqında müqaviləyə əsasən azadolma məbləği 2000 manat məbləğində müəyyən edildiyindən, bu sığorta hadisəsi üçün sığorta ödənişinin verilməsi öhdəliyi yaranmaması səbəbindən imtina etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 15.2-ci maddəsinə görə zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Həmin Qanunun 16.4-cü maddəsinə görə sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini 2568 manat məbləğdə pulun "xxxx" ASC tərəfindən iddiaçıya ödənilməsini, bununla da iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiyaya apellyasiya şikayətinin əsassız, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsinə heç bir hüquqi əsas olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə olan 06 may 2020-ci il tarixli qətnaməsi cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar