Məhkəmə qərarları › İş №2(103)-7158/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7158/2021

23.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7158/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-963/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı 24 yanvar 2011-ci il təvəllüdlü X2 üçün ödənilən alimentin miqdarının azaldılması, aliment qazancının 1/6 hissəsi miqdarında tutulmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nizami rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Həmin məhkəmənin qətnaməsi ilə eyni zamanda yetkinlik yaşına çatmayan qızları X7 anasının himayəsində saxlanılmış və onun saxlanması üçün yetkinlik yaşına çatana qədər hər ay qazancının və digər gəlirlərimin ¼ nisbətində alimentin tutulması qət edilmişdir. Həmin vaxtdan etibarən aliment ödənişləri vaxtıvaxtında edilmişdir. Hal-hazırda ailə vəziyyətim dəyişmişdir. O, ikinci dəfə ailə həyatı qurmuş və həmin bu nikahdan 17.03.2020-ci il təvəllüdlü X9 adlı övladı anadan olmuşdur. Artıq himayəsində həm yeni həyat yoldaşı və azyaşlı oğlu var. Eyni zamanda 2032-ci ilədək hər ay 302 manat kredit ödəməlidir. Lakin hazırda vəziyyət kəskin olaraq dəyişmişdir və onun artıq 2 övladı var və hər bir övladının qayğısına qalmalıdır. 2 uşağa görə alimentin məbləği qazancın 1/3 hissəsində qanunvericilik tərəfindən müəyyən edilmişdir. Ailələrin fəqli olduğunu nəzərə alsa, bu zaman qızı X2 üçün tutulan alimentin miqdarı azaldılmalı və aliment qazancının 1/6 hissəsi (1/3/2 = 1/6) kimi müəyyən edilməlidir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nizami rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Həmin məhkəmənin qətnaməsi ilə eyni zamanda yetkinlik yaşına çatmayan qızları X7 anasının himayəsində saxlanılmış və onun saxlanması üçün yetkinlik yaşına çatana qədər hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi nisbətində alimentin tutulması qət edilmişdir. Hal-hazırda ailə vəziyyəti dəyişmişdir. O ikinci dəfə ailə həyatı qurmuş və həmin bu nikahdan 17.03.2020-ci il təvəllüdlü X9 adlı övladı anadan olmuşdur. Artıq himayəsində yeni həyat yoldaşı və azyaşlı oğlu var. Eyni zamanda 2032-ci ilədək hər ay 302 manat kredit ödəməlidir. Buna görə də qızı X2 üçün tutulan alimentin miqdarı azaldılmalı və aliment qazancının 1/6 hissəsi məbləğində müəyyən edilməlidir. Bununla əlaqədar olaraq bildirir ki, iddia tələbi ilə razı deyil. Belə ki, birgə nikahlarından olan övladları Oxford Məktəbində oxuyur, bununla bağlı müqavilə və illik ödənişlər barədə sənədləri məhkəməyə təqdim edir. Həmin sənədlərdən də görünür ki, uşağa görə həm təhsil haqqı ödənilir, həm də ki, nəqliyyat xərcləri. Bu səbəbdən də iddiaçı tərəfindən ödənilən aliment heç uşağın illik təhsil və digər xərclərinin yarısını da qarşılamır. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bundan əlavə məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı bundan əvvəl də eyni əsaslarla ona qarşı Nizami rayon Məhkəməsinə müraciət edərək X1 görə tutulan alimentin miqdarının qazancının 1/6 hissəsi məbləğinə uyğun sabit pul şəkilində hər ay 330 manat müəyyən edilməsini Məhkəmədən xahiş etmişdir. Nizami rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli, 2(007)-2327/2020 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi rədd edilmişdir (X10). Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Odur ki, hazırki iddia tələbi ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq Nizami rayon Məhkəməsinin icraatında olan 2(007)-963/2021 saylı iş üzrə iddia ərizəsini qəbul etməkdən imtina olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-963/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Babək Qasımov). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-963/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırda iddiaçının ailə vəziyyəti dəyişmişdir. İddiaçı ikinci dəfə ailə həyatı qurmuş və həmin bu nikahdan 17.03.2020-ci il təvəüllüdlü X9 adlı övladı anadan olmuşdur. Artıq himayəsində həm yeni həyat yoldaşı və azyaşlı oğlu var, eyni zamanda 2032-ci ilədək hər ay 302 manat kredit ödəməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Sergeyeviç apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 16 aprel 2020-ci il tаriхdə vеrilmiş AZ-İV № 421834 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X917 mart 2020-ci il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 16 aprel 2020- ci il tarixdə 38 № ilə qeyd edilmişdir. Atası İddiaçı оğlu, anası X3r. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 24 oktyabr 2017-ci il tarixdə verilmiş AZ-İ № 277831 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 24 oktyabr 2017-ci il tarixdə 303 № ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə Əliyev soyadı verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2383/2016 saylı 27 aprel 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Əliyeva (İlyina) Yevgeniya Georgiyevna arasında 09 fevral 2010-cu il tarixdə Bakı şəhəri Nizəmi rayon qeydiyyat şöbəsində bağlanmış 90 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 24 yanvar 2011-ci il təvəllüdlü X5 anası Cavabdeh himayəsində qalması, 24 yanvar 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07.04.2016-cı il tarixdən başlayaraq Cavabdeh xeyrinə İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulması qət edilmişdir. "xxxx" MMC-nin 10.08.2020-ci il tarili 04-08-2020 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 01.05.2019 tarixindən indiyədək "xxxx" MMC-nin işçisidir. Hal-hazırda İddiaçı qazma məhlulu operatoru köməkçisi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 2495,88 AZN (iki min dörd yüz doxsan beş manat səksən səkkiz qəpik) təşkil edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2327/2020 saylı 05.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehə Cavabdeh Gerogiyevnaya qarşı “alimentin azaldılması” tələbinəda dair iddiası təmin olunmamışdır. Təhsil Xidmətlərinin Göstərilməsi barədə 09.07.2019-cu il tarixli OXF05711 saylı müqavilədən görünür ki, Bakı-Oksford məktəbi X6 məktəbin şagirdi kimi 2019/2020 tədris ilində 3-cü sinfinə qəbul edir. Təhsil haqqı 9 (doqquz) bərəbər hissələrə bölünməklə həyata keçirilir və 2019/2020 təhsil ilin üçün 4000 (dörd) AZN təşkil edir. Təhsil Xidmətlərinin Göstərilməsi barədə 11.08.2020-ci il tarixli OXF06315 saylı müqavilədən görünür ki, Bakı-Oksford məktəbi X6 məktəbin şagirdi kimi 2020/2021 tədris ilində 4-cü sinfinə qəbul edir. Təhsil haqqı 9 (doqquz) bərəbər hissələrə bölünməklə həyata keçirilir və 2019/2020 təhsil ilin üçün 4000 (dörd) AZN təşkil edir. Bakı-Oksford məktəbinin 10.09.2020-ci il tarixli arayışından görünür ki, 24.01.2011- ci il təvəllüdlü X7 Bakı-Oksford məktəbinin tələbisidir, o, 2019-2020-ci il dərs ilində Abtobus servisi üçün 600 manat ödəniş etmişdir. "xxxx" ASC-nin 08 iyul 2014-cü il tarixli **********33914 saylı kredit müqaviləsinə dair əlavədən görünür ki, Bank tərəfindən İddiaçı illik 6 faizlə 212 ay müddətinə 39315,77 manat kredit verilmişdir Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilmısini zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 175,00 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin dəlilləri qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Əvvəla, iddiaçının göstərdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. İddiaçının göstərdiyi dəlillər, o cümlədən ikinci dəfə ailə qurması, həmin nikahdan övladı olmas, kredit borcunun olması və.s onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi cavabdehin üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi iddiaçıdan tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Üçüncüsü, iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində hər hansı bir dəyişikliyin olmasına dair də məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Ona görə də, bu hallar da iddianın əsaslı olduğunu istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-963/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar