Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7163/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti cəlb edilməklə, Cavabdeh qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X4 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti cəlb edilməklə, Cavabdeh qarşı “nəvənin nənənin himayəsinə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3331/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti cəlb edilməklə, Cavabdeh qarşı "nəvənin nənənin himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəvəsi xx.xx.2011-ci il təvəllüdlü X1 onun-nənəsi İddiaçı yanında, himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasında Cavabdeh ilə telefon vasitəsilə əlaqə yaradılan zaman sonuncu izahatında bildirmişdir ki, Şəfa Əliverdiyeva ilə nikahlarına xitam veriləndən sonra övladı ilə ünsiyyət saxlaya bilməmişdir. Keçmiş qaynanası barəsində polis bölmələrinə əsassız şikayətlər etmişdir. Övladı ilə görüşməsinə imkan yaradılmamışdır. İddia tələbi ilə razı deyil, övladının nənənin himayəsində verilməsinə etiraz edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Ukraynada bisnes fəaliyyəti ilə məşğul olurdu, hazırda işi ilə əlaqədar X2.
3. Məhkəmə gedişatında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası 26 yanvar 2011-ci il təvəllüdlü X1 nənəsi İddiaçı himayəsinə verilməsinin uşağın mənafeyinə uyğun olub-olmaması məsələsini araşdıraraq, 13 avqust 2024-cü il tarixli, 5-21/2-109/2024 saylı rəy vermiş, həmin rəyə əsasən Komissiya təqdim olunan iş materiallarını, uşağın mənafelərini, fikrini və qüvvədə olan qanunvericiliyi nəzərə alaraq 26 yanvar 2011-ci il təvəllüdlü X1 nənəsi İddiaçı himayəsinə verilməsini məqsədəuyğun hesab etmişdir.
4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 3331/2024 nömrəli qərardadı ilə (hakim A.R. Sultanova-Məmmədova) mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, qanunverciliklə tənzimlənən səlahiyyətlər bölgüsünə əsasən qəyyumluq və himayəçilik təyin edilməsi məsələsində səlahiyyətli orqan - məhz müvafiq qəyyumluq və himayəçilik orqanıdır. İş materiallarından göründüyü kimi, iddiaçı bununla əlaqədar ilk öncə Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, Komissiyanın müraciətə cavab məktubunda bildirilmişdir ki, “...qanunvericilikdə nəzərdə tutulduğu qaydada müvafiq sənədləri (uşağın atasının ona qəyyum təyin olunmasına razılığı) Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına təqdim etdiyiniz təqdirdə müraciətinizə yenidən baxıla bilər.” İddiaçı bunu imtina kimi qiymətləndirib “himayəçi təyin olunması” tələbi ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçının nəzərinə çatdırılmalıdır ki, iddiaçının məhkəməyə müraciət etmək hüququ yalnız inzibati məhkəmə icraatı qaydasında mümkündür.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
6. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və işin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli icmal məktubundada göstərilmişdir ki, şəxsin qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə şəxsin mülki hüquq və vəzifələrinin təmininə xidmət verdiyindən, irəli sürülən tələb ümumi hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 114.1. Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 136.1. Qəyyumluq və himayə bu Məcəllənin 114.1-ci maddəsində qeyd edilən uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Maddə 136.2. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Maddə 136.3. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3331/2024 nömrəli qərardadı ləğv edilməli və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
14. Kollegiya qeyd edir ki, hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
15. İşdən görünür ki, iddiaçının tələbi nəvəsinin onun himayəsinə verilməsi ilə bağlıdır. Kollegiya qeyd edir ki, bu tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailəmülki) hüquq münasibətlərinə aiddir və belə olduğu halda sözügedən tələbə mülki məhkəmə icraatında baxılmalıdır.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3331/2024 nömrəli qərardadı ləğv edilsin, iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: