Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7170/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili Ramil Məmmədzadənin, Cavabdeh MMC-nin nümayəndəsi İlham Mehtiyevin və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (direktoru) Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh MMC-yə qarşı “avtomobilin alqısatqısına dair müqavilələrin etibarsız hesab edilməsi, avtomobilin geri qaytarılması və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində “X2 LC 200” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair (bundan sonra – avtomobil) beş tələb irəli sürülüb: 1) iddiaçı ilə 1-ci cavabdeh "xxxx" MMC-nin (əvvəlki “X3” MMC) arasında bağlanmış 24.09.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun; 2) 1-ci cavabdeh "xxxx" MMC ilə 2-ci Cavabdeh MMC-nin arasında bağlanmış 24.09.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun; 3) avtomobil iddiaçıya qaytarılsın; 4) avtomobilin köhnəlməsi nəzərə alınaraq müqavilə bağlanan zaman olan dəyər ilə hazırkı dəyərin fərqi 102.000 manat müəyyən edilsin və həmin məbləğ zərərin əvəzi kimi iddiaçıya ödənilsin; 5) alqısatqı müqaviləsinin bağlandığı tarixdən ötən 3 il ərzində iddiaçının ailə üzvlərinin itirilmiş sağlamlığının bərpası üçün tələb olunan 300.000 manat zərərin əvəzi kimi iddiaçıya ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. İddiaçının və 1-ci cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətlərində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Ramil Məmmədzadə və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətlərinin əsaslı olduğunu, Cavabdeh MMC-nin nümayəndəsi İlham Mehtiyev isə apellyasiya şikayətlərinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Hər 2 alqı-satqı müqaviləsi eyni gündə - 24.09.2018-ci tarixdə bağlanıb. 1-ci alqı-satqı müqaviləsinə görə iddiaçı avtomobili 178.000 manata 1-ci cavabdehə satıb (iş v. 161) və həmin tarixdə avtomobilə dair 1-ci cavabdehin adına qeydiyyat şəhadətnaməsi verilib (iş v. 175). 2-ci alqı-satqı müqaviləsinə görə 1-ci cavabdeh avtomobili iddiaçıdan aldıqdan sonra 178.000 manata 2-ci cavabdehə satıb (iş v. 172) və həmin tarixdə avtomobilə dair 2-ci cavabdehin adına qeydiyyat şəhadətnaməsi verilib (iş v. 178). İddiaçı avtomobilə sair müqavilə bağlayarkən onun dövlət qeydiyyat nişanı **-RH-*** olub, avtomobil 1-ci cavabdehin adına qeydə alınarkən ona **-PU-*** dövlət qeydiyyat nişanı verilib, avtomobil 2-ci cavabdehin adına qeydə alınarkən isə ona **-PS-*** dövlət qeydiyyat nişanı verilib. Müəyyən olunur ki, 1-ci alqı-satqı müqaviləsi uydurma əqddir, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanıb. Həmin müqavilənin uydurma olduğu aşağıdakılarla təsdiq olunur 1-ci: 1-ci cavabdeh "xxxx" MMC-nin nümayəndəsi apellyasiya icraatı zamanı izahatında bildirdi ki, 2-ci Cavabdeh MMC-nin həmin avtomobili almağa nağd pulu yox idi. Əgər 2-ci cavabdeh alqı-satqı müqaviləsini fiziki şəxslə (iddiaçı ilə) bağlasayıdı nağd ödəniş etməli idi. Ona görə də avtomobil formal alqı-satqı müqaviləsi ilə 1-ci cavabdehin adına sənədləşdirildi, sonra digər alqı-satqı müqaviləsi ilə 1-ci cavabdehin adından 2-ci cavabdehin adına keçirildi. Bu izahat onu təsdiq edir ki, 1-ci alqı-satqı müqaviləsi görünüş üçün bağlanıb, yəni avtomobil görünüş üçün fiziki şəxsin (iddiaçının) adından hüquqi şəxsin (1-ci cavabdehin) adına keçirilib. Bu ona görə edilib ki, 2-ci cavabdeh nağd ödəniş etmədən avtomobili əldə edə bilsin. 2-ci: Avtomobilə dair eyni gündə 2 alqı-satqı müqaviləsi bağlanıb və 2 şəhadətnamə verilib. Avtomobilin eyni gündə 2 dəfə satılması və 2 dəfə ayrı-ayrı şəxslərin adına sənədləşdirilməsi hüquqi cəhətdən mümkündür, lakin bunun hansı zərurətdən edildiyinə dair ağlabatan izah olmalıdır. Belə izah yoxdur. Bu isə onun təsdiq edir ki, 1-ci müqavilə görünüş üçündür, yəni 1-ci müqavilə ona görə bağlanıb ki, avtomobil fiziki şəxsin (iddiaçının) adından formal olaraq hüquqi şəxsin (1-ci cavabdehin) adına keçirilsin, bununla da 2-ci cavabdeh nağd ödəniş etmədən avtomobili əldə edə bilsin. 3-cü: 1-ci müqavilə üzrə ödəniş olmayıb, yəni müqavilədə avtomobilin qiyməti kimi göstərilən 178.000 manat 1-ci cavabdeh (alıcı) "xxxx" MMC tərəfindən iddiaçıya (satıcıya) ödənilməyib. Bunu müqavilənin hər iki tərəfi təsdiq edir. Bu isə bir daha onu təsdiq edir ki, 1-ci müqavilə görünüş üçün bağlanıb. Həmçinin qeyd olunmalıdır ki, 2-ci müqavilə alıcı Cavabdeh MMC satıcı "xxxx" MMC-yə müqavilədə göstərilən qiyməti (178.000 manatı) ödədiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməyib. Nəzərə alınmalıdır ki, hüquqi şəxslər arasında hesablaşma zamanı pulun məxaric və mədaxil edildiyini təsdiq edən mühasibat sənədləri olmalıdır. 4-cü: 1-ci müqavilə bağlanan zamanı iddiaçı 1-ci cavabdeh "xxxx" MMC-nin işçisi olub. O, həmin MMC-nin satış üzrə meneceridir, hazırda da həmin MMC-də işləyir. 2-ci alqı-satqı müqaviləsinin bağlanmasından sonra avtomobili 2-ci Cavabdeh MMC-yə iddiaçı təqdim edib. 2-ci cavabdehin nümayəndəsi apellyasiya icratı zamanı etiraf etdi ki, 2-ci alqısatqı müqaviləsinin bağlanmasından sonra avtomobili 2-ci cavabdehə iddiaçı təqdim edib. Bu isə bir daha onu təsdiq edir ki, 1-ci müqavilə görünüş üçündür, yəni 1-ci müqavilə ona görə bağlanıb ki, avtomobil fiziki şəxsin (iddiaçının) adından formal olaraq hüquqi şəxsin (1-ci cavabdehin) adına keçirilsin, bununla da 2-ci cavabdeh nağd ödəniş etmədən avtomobili əldə edə bilsin. Beləliklə, yuxarıda göstərilən 4 dəlil onu təsdiq edir ki, 1-ci alqı-satqı müqaviləsi uydurma əqddir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd əhəmiyyətsizdir. Ona görə də 1-ci müqavilə hüquqi nəticə (1-ci cavabdehin mülkiyyət hüququnu) yarada bilməz. 1-ci cavabdehin mülkiyyət hüququ yaranmadığına görə onun 2-ci cavabdehlə bağladığı 2-ci alqı-satqı müqaviləsi də etibarsız sayılır. Çünki 2-ci müqavilə üzrə satıcı (1ci cavabdeh) avtomobilin mülkiyyətçisi hesab olunmur. Avtomobil üzərində sərəncam vermək (yəni alqı-satqı müqaviləsi bağlamaq) hüququ mülkiyyətçiyə aid olan hüquqdur, bu, Mülki Məcəllənin 152.1-ci maddəsində müəyyən olunub. Əgər mülkiyyətçi olmayan şəxs alqı-satqı müqaviləsi bağlayırsa, hesab olunur ki, həmin müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərt pozulmaqla bağlanıb. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Hər 2 alqı-satqı müqaviləsi etibarsız sayıldığına görə Mülki Məcəllənin 337.5-ci maddəsinin göstərişinə uyğun olaraq avtomobil iddiaçıya qaytarılmalıdır. Etibarsız müqavilələr üzrə pul ödənildiyini təsdiq edən sübutlar hazırkı işdə yoxdur. Əgər müqavilə tərəfi olan şəxslər həmin müqavilələr üzrə pul ödəyiblərsə, bunu təsdiq edən sübutları təqdim etməklə pulun qaytarılması üçün ümumi qaydada iddia irəli sürə bilərlər. İddia ərizəsində irəli sürülən digər tələb, yəni avtomobilin köhnəlməsi nəzərə alınaraq müqavilə bağlanan zaman olan dəyər ilə hazırkı dəyəri arasındakı fərqin (102.000 manatın) zərərin əvəzi kimi iddiaçıya ödənilməsi barədə tələb təmin edilə bilməz. Belə ki, iddiaçı alqı-satqı müqaviləsini bağlamağa məcbur edilməyib, onun özü könüllü şəkildə müqavilə bağlayıb, daha sonra onun özü avtomobili könüllü şəkildə 2-ci cavabdehə təhvil verib. Odur ki, iddiaçı köhnəlmə (normal aşınma) ilə bağlı zərərin əvəzinin ödənilməsini tələb edə bilməz. Bu qayda Mülki Məcəllənin 21.3-cü maddəsinin mahiyyətindən irəli gəlir. Əgər avtomobilə qəsdən və ya ehtiyatsızlıqdan mexaniki zədə yetirilibsə və ya normal aşınmaya aid olmayan digər hərəkətlər edilibsə, avtomobil iddiaçıya təhvil verildikdən sonra o, zərərin əvəzinin ödənilməsi üçün ümumi qaydada məhkəməyə iddia verə bilər. İddia ərizəsində irəli sürülən sonuncu tələb, yəni alqı-satqı müqaviləsinin bağlandığı tarixdən ötən 3 il ərzində iddiaçının ailə üzvlərinin itirilmiş sağlamlığının bərpası üçün tələb olunan 300.000 manatın zərərin əvəzi kimi iddiaçıya ödənilməsi barədə tələb təmin oluna bilməz. Belə ki, iddiaçı onun ailə üzvlərinin sağlamlığına zərər vurulduğunu, habelə cavabdehlərin davranışı ilə zərərin arasında səbəbli əlaqə olduğunu təsdiq edən sübut təqdim etməyib. Ona görə də məhkəmə Mülki Məcəllənin 21.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, bu tələb əsassızdır. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətləri qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. 2018-ci il buraxılışlı, universal tipli, qara rəngli, mühərrik nömrəsi B766929, ban nömrəsi JTMHU01J5J5143190 olan “X2 LC 200” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair İddiaçı ilə “X3” MMC-nin (hazırkı "xxxx" MMC) arasında bağlanmış 24.09.2018-ci il tarixli alqı-satqı müqaviləsi və həmin avtomobilə dair “X3” MMC (hazırkı "xxxx" MMC) ilə Cavabdeh MMC arasında bağlanmış 24.09.2018-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab olunsun və bu müqavilələrin əsasında aparılmış mülkiyyət hüququna dair qeydlər ləğv edilsin. Həmin avtomobil üzərində İddiaçı mülkiyyət hüququna dair qeyd bərpa olunsun və avtomobil Cavabdeh MMC-dən alınaraq .İddiaçı qaytarılsın. İddianın qalan hissəsi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manat Cavabdeh MMC-dən alınaraq .İddiaçı verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7170/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7170/2021
13.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver