Məhkəmə qərarları › İş №2(103)-7173/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7173/2021

15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7173/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndələri (vəkilləri) Vəkil1 və X4, cavabdeh X15 Ecaterinanın nümayəndəsi (vəkili) Vəkil2, tərcüməçi X5 iştirakları ilə İddiaçı X1rşı “valideynlik hüquqlarının, o cümlədən uşağın təhsili, sağlamlığı və tərbiyəsində maneəsiz iştirak etmək hüququnun təmin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi (vəkili), 08 iyun 2021-ci il tarixli qərardadından isə iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Hasan (Lungu) Nicolai Ecaterinaya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Böyük Britaniya və X8 vətəndaşı olmaqla Moldova Respublikasında daimi yaşamaq hüququnun və daimi yaşayış ünvanının olduğunu, Moldova Respublikasının vətəndaşı olan cavabdehlə vətəndaş nikahından 18.08.2014-cü il tarixdə Malika adını verdiklərinin qızlarının doğulduğunu, qızının həm Moldova Respublikasının, həm də Böyük Britaniya və X8 vətəndaşı olduğunu, X2 02.04.2019-cu il tarixli qətnaməsi ilə Almaree Malikanın (qızının) yaşayış yerinin onun yaşayış yeri olaraq müəyyən edildiyini, həmin qətnamənin Moldova Ali Məhkəməsinin 14.08.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanıldığını, məhkəmə qərarlarının icrası ilə əlaqədar X6 tərəfindən verilmiş icra vərəqəsi əsasında Almaree Malikanın onun birbaşa razılığı olmadan cavabdehin müşaiyəti ilə Moldova Respublikasının ərazisini tərk etməsinin qadağan olunduğunu, buna baxmayaraq cavabdehin məhkəmə qərarının tələbini pozaraq uşağı qanunsuz şəkildə separatçı Dnestryanı Moldova Respublikasının sərhəd-buraxılış məntəqəsindən istifadə etməklə Ukrayna ərazisinə, oradan isə Azərbaycan Respublikası ərazisinə keçirdiyini, cavabdehin hərəkəti nəticəsində uşağın təhsili, sağlamlığı, tərbiyəsi və s. məsələlərdə iştirak imkanından məhrum olduğunu, bu xüsusatın həm də uşağın mənafelərinə təsir etdiyini bildirmiş, buna görə də qızı Almaree Malikanın üzərinə valideynlik hüquqlarının həyata keçirilməsinin, o cümlədən uşağın təhsili, sağlamlığı, tərbiyəsi və digər məsələlərdə maneəsiz iştirak hüququnun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi eyni zamanda ərizə təqdim edərək iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək iddianı təmin etmə tədbiri kimi iddiaçının azyaşlı qızı Almaree Malika ilə həftənin şənbə və bazar günləri hər görüş üçün 8 saat olmaqla maneəsiz və sərbəst şəkildə, ananın iştirakı olmadan ünsiyyətdə olma hüququnun təmin edilməsi barədə qərardad çıxarılmasını istəmiş, məhkəmənin 25.05.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin olunaraq İddiaçı övladı - 18.08.2014-cü il təvəllüdlü Almaree Malika - ilə ünsiyyətdə olmaq üçün hər həftənin bazar günü səhər saat 11:00-dan axşam saat 19:00dək görüş vaxtının müəyyən edilməsi, ünsiyyətin şəxsi görüş formasında həyata keçirilməsi, ərizənin digər hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan X15 Ecaterinanın (cavabdehin) nümayəndəsi (vəkili) Vəkil2 şikayət verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini qərardadın uşağın mənafelərinə zidd olması, məhkəmənin, X3 02 aprel 2019-cu il tarixli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınmasından və icra edilməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.02.2021-ci il tarixli qərarı ilə imtina olunduğunu, həmin qərarla cavabdehin Azərbaycan Respublikasında yaşamadığının və Azərbaycan Respublikasının vətəndaşı olmadığının müəyyən edildiyini nəzərə almadığı, heç bir araşdırma aparmadan qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmənin 08.06.2021-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, 25.05.2021-ci il tarixli qərardadla görülmüş iddianı təmin etmə tədbirinin dəyişdirilməsi, İddiaçı 18.08.2014-cü il təvəllüdlü Almaree Malika ilə ünsiyyətdə olmaq üçün hər həftənin bazar günü səhər saat 11:00-dan günorta saat 13:00-dək ananın (Hasan (Lungu) Nicolai Ecaterinanın) iştirakı ilə görüşmək üçün şəraitin yaradılması, şikayətin digər hissədə rədd edilməsi və rədd edilən hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi (vəkili) şikayət verərək, cavabdehin nümayəndəsinin şikayətinin qismən təmin edilməsi ilə bağlı hissədə onun ləğv olunmasını xahiş etmiş, məhkəmənin 17 iyun 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmayaraq baxılması üçün apellyasiya instansiyasına göndərilməsi qərara alınmışdır. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə, “müvəqqəti ünsiyyət qaydalarının ərizədə göstərilən şəkildə tətbiqinin uşağın psixoloji vəziyyətinə mənfi təsir etmək ehtimalının mövcudluğunu nəzərə alaraq” həmin qərardadı qəbul etsə də, nə həmin ehtimalın nədən ibarət olduğunu təsdiq edən mötəbər sübuta istinad edə bilmiş, nə də cavabdehin nümayəndəsi öz şikayət ərizəsində həmin ehtimalın nədən ibarət olduğunu təsdiq edəcək bir sübutu məhkəməyə təqdim etmişdir. Halbuki qərardaddan da görünür ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, “... o, atadır və qızını çox sevir. Artıq il yarımdır ki, uşağını görmür. Uşağın saxlanılması üçün maddi köməklik göstərir. Hətta bu gün də cavabdehə uşaq üçün pul göndərmişdir. O, uşağı ilə görüşüb, ünsiyyətdə olmaq istəyir. Uşağı anasından qaçırtmaq kimi niyyəti yoxdur. Sadəcə olaraq o da uşağın sağlamlığında, təhsilində iştirak etmək istəyir.” İddiaçı tanınmış iş adamıdır, uşağına olan sevgidən dolayı bütün işlərini yarımçıq qoyaraq, Azərbaycan Respublikasına gəlmiş və uşağı ilə mütəmadi olaraq maneəsiz, sərbəst şəkildə, ananın iştirakı olmadan ünsiyyətdə olmaq, həmçinin uşağın təhsili, sağlamlığı, tərbiyəsi və s. ilə bağlı məsələlərdə maneəsiz iştirak etmək niyyətindədir. İddiaçı artıq il yarım müddətdir ki, uşağını görə bilmir, onun övladı ilə ünsiyyət, uşağın təhsili, sağlamlığı, tərbiyəsi və s. ilə bağlı məsələlərdə maneəsiz iştirak etmək hüququ yalnız onun deyil, həm də uşağın hüquqlarının təmin olunmasına yönəlmişdir. İddiaçının uşağı ilə görüş müddətinin həftədə bir dəfə olmaqla 2 saat müəyyən edilməsi heç bir məntiqə sığmır, çünkü iddiaçı məhz uşağı ilə görüşməkdən ötrü Azərbaycan Respublikasına gəlmişdir, məhz bu məqsədlə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün ev, avtomobil kirayələməsinə və digər məsələlərə xeyli miqdarda xərc çəkir. Bütün bunların müqabilində iddiaçıya azyaşlı doğma uşağı ilə həftədə bir gün yalnız 2 saat ünsiyyətdə olmasını qərara alan məhkəmə qərardadı əsaslı hesab edilə bilməz. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli Qərarının 1 -ci bəndinin ikinci hissəsi ilə məhkəmələrə tövsiyə edilmişdir ki: “...Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin, ....uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir.” Həmin Qərarın 7-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, “Valideynlərdən biri başqa dövlətdə yaşadıqda uşaqların onunla ünsiyyətdə olması hallarına xüsusi diqqət verilməlidir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndinə görə, iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəslənilməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişdir. Məhkəmələrə izah edilsin ki, bu zaman BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası”hin 10-cu maddəsinin 2-ci bəndi rəhbər tutularaq dövlətlərarası siyasi münasibətlər deyil, hər bir dövlətin uşaqların və valideynlərin hüquqlarına hörmət bəsləməsi prinsipi əsas götürülməlidir”. Məhkəmə isə Ali Məhkəmənin istinad edilən qərarındakı hüquqi mövqelərə və tövsiyələrə zidd olaraq, iddiaçı ilə uşağının ünsiyyəti üçün “valideynlik hüquqlarını real və maneəsiz həyata keçirməyə” imkan verməyən, “simvolik və əlverişsiz müddət”, yəni həftənin bir günü 2 saat müəyyən etmişdir. Yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə deyil, həm də Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq Konvensiya ilə birmənalı təsbit edilmiş hüquqların məhdudlaşdırılması həmin qərardadın ləğv edilməsi üçün kifayət qədər əsas olduğuna dəlalət edir. İddiaçının azyaşlı uşağı ilə görüş hüququ maneəsiz və sərbəst şəkildə, ananın iştirakı olmadan həyata keçirilməlidir. Belə ki, cavabdeh, yəni uşağın anası hazırda başqa bir şəxslə nikahdadır. Belə olan halda isə cavabdeh uşağa müxtəlif yollarla psixoloji təsir edə bilər. Ananın iştirakı ilə görüş hüququ həyata keçirilən zaman iddiaçı uşağı ilə sərbəst ünsiyyətdə ola bilməyəcək və bunun nəticəsində uşağın atasına qarşı emosional bağlılığı həddindən artıq azalacaqdır. Bütün bunlar ilk növbədə uşağın mənafeyinə, o cümlədən AR Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən Qərarındakı “valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda səxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəslənilməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişdir” mövqeyinə tamamilə ziddir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndələri (vəkilləri) Vəkil1 və X10 şikayətin dəlillərini müdafiə edərək onun təmin olunmasını; cavabdeh X15 Ecaterinanın nümayəndəsi (vəkili) Vəkil2 isə həmin şikayətin əsassız olduğunu bildirməklə məhkəmənin 25.05.2021-ci il tarixli qərardadından özünün verdiyi şikayətin tam təmin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iddiaçının nümayəndəsinin şikayətinin dəlillərini, eləcə də cavabdehin nümayəndəsinin 25.05.2021-ci il tarixli qərardaddan verdiyi şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmamalı, 25.05.2021-ci il tarixli qərardadın hazırkı apellyasiya baxışının predmeti olan hissəsi, eləcə də buna bağlı olaraq 08.06.2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, hazırkı apellyasiya icraatı həm cavabdehin nümayəndəsinin (vəkilinin) 25.05.2021-ci il tarixli qərardaddan verdiyi şikayət, həm də bu şikayət üzrə məhkəmənin qəbul etdiyi 08.06.2021-ci il tarixli qərardaddan iddiaçının nümayəndəsinin (vəkilinin) verdiyi şikayət əsasında başlanmış, beləliklə də 25.05.2021-ci il tarixli qərardadın 08.06.2021-ci il tarixli qərardadla dəyişdirilən və dəyişdirilmədən saxlanılan hissələri apellyasiya baxışının predmetinə çevrilmişdir. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. İşin müəyyən olunan halına görə, İddiaçı Böyük Britaniya və X8 vətəndaşıdır və onun Moldova Respublikasının vətəndaşı olan cavabdehlə münasibətindən 18.08.2014-cü il təvəllüdlü, Moldova Respublikasının və Böyük Britaniya və X8 vətəndaşı olan Malika adlı qızı dünyaya gəlmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, X3 18.02.2020-ci il tarixli qərarı ilə 18.08.2014-cü il təvəllüdlü Almaree Malikanın yaşayış yeri atasının (iddiaçının) yanı müəyyən olunmuş, həmin qərar Moldova Respublikasının Ali Məhkəməsinin geniş kommersiya və inzibati-mülki kollegiyasının 14.08.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından aydın olur ki, sözügedən qərarların icrası ilə bağlı X7 tərəfindən 02.10.2018-ci il tarixdə icra sənədi verilmiş, Almaree Malikanın anası X15 Ecaterina ilə birlikdə Moldova Respublikasının hüdudlarından kənara çıxması qadağan edilmişdir. İşin hallarından görünür ki, sonradan cavabdeh qızı Almaree Malika ilə Azərbaycan Respublikasına gəlmiş, iddiaçı isə ona qarşı müvafiq iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir”. Kollegiya hesab edir ki, iddiaçının görülməsini istədiyi tədbir, iddia tələbi üzrə qəbul olunacaq qətnamənin icrasını təmin etmək məqsədinə, həmçinin onun icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına xidmət edir və uşağın mənafeyi baxımından məsələyə məhz bu kontekstdə baxılmalıdır. Nəzərə alınmalıdır ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməlidir (“Mustafa və X11rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. Qeyd olunanlara əsasən kollegiya, cavabdehin nümayəndəsinin (vəkilinin) 25.05.2021-ci il tarixli qərardaddan verdiyi şikayət üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə (şikayətin təmin edilməməsi ilə bağlı hissədə) razılaşır və hesab edir ki, uşağın mənafeyi, yaşı, uzun müddət atasından ayrı qalacağı təqdirdə keçirə biləcəyi mənəvi-psixoloji sarsıntı və belə halda iddiaçının iddiası təmin olunsa belə, bu məzmundakı qətnamənin icrası mümkün olmayan akta çevriləcəyi nəzərə alındığında, iddia tələbi üzrə yekun qərar çıxarılanadək iddiaçının öz uşağı ilə ünsiyyətdə olması, onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının və ünsiyyət bağlarının kəsilməsinin qarşısını almağa xidmət edəcəkdir. Uşaqla müvəqqəti ünsiyyət hüququnun həyata keçiriləcəyi müddətə münasibətdə isə kollegiya qeyd edir ki, bu zaman ilk növbədə uşağın mənafeyi, yaşı, o cümlədən valideynlərin hər ikisinin iş və məişət rejimi, münasibətlərindəki gərginlik və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər halları nəzərə alınmaqla ünsiyyət müddəti mümkün qədər elə müəyyənləşdirilməlidir ki, uşaq yanında saxlanılmayan digər valideyn özünün ən əsas hüquqlarından biri olan övladı ilə ünsiyyət imkanından Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında göstərildiyi kimi, “...onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını alacaq qədər minimal həddə” istifadə edə bilsin. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası onu da xüsusi qeyd etməyi vacib hesab edir ki, ümumiyyətlə bu qəbildən olan ərizələr üzrə qərar qəbul olunarkən mövcud və yaxın gələcək üçün həyata keçəcəyi mütləq olan vəziyyət nəzərə alınmalıdır. Yəni, ərizəyə baxan məhkəmə daha çox tərəflərin münasibətlərinin mövcud vəziyyətinə, uşağın yaşı və onun mənafeyi ilə bağlı digər diqqətəlayiq hallara əsaslanmaqla nəticəyə gəlməlidir. Bu mənada kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı ilə müəyyənləşdirilmiş müddət (hər həftənin bazar günü saat 11:00-dan saat 13:00-dək) həmin meyarlara cavab verir və bununla bağlı iddiaçının nümayəndəsinin şikayətində irəli sürdüyü arqumentlər əsaslı deyildir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, tərəflərin mənsub olduqları ölkənin səlahiyyətli məhkəmə orqanının qərarı ilə uşağın yaşayış yeri atasının (iddiaçının) yanında müəyyənləşdirilsə də, həmin qərar hazırkı dövrə qədər Azərbaycan Respublikasında tanınmadığından, görüş müddətinin müəyyənləşdirilməsi zamanı nəzərə alına bilməz. Uşaqla müvəqqəti ünsiyyətin həyata keçirilmə qaydasına münasibətdə kollegiya qeyd edir ki, valideynin öz uşağı ilə ünsiyyət hüququnun həyata keçirilməsinə dair yuxarıda sadalanmış qanunvericilik müddəalarının mənasına görə, bu hüquq müstəsna olaraq uşaqdan ayrı yaşayan valideynin övladı ilə sərbəst ünsiyyətini nəzərdə tutur. Qanunverici həmin hüququn ananın və ya başqa şəxslərin iştirakı ilə konkret bir yerdə və ya konkret şəraitdə həyata keçirilməli olduğuna dair hər hansı müddəa və ya qeyd-şərt müəyyənləşdirməsə də, işin xüsusiyyətləri ünsiyyətin müəyyən məhdudiyyətlərlə həyata keçirilməsini zəruri edə bilər. Bu mənada kollegiya hesab edir ki, cavabdehin nümayəndəsinin (vəkilinin) 25.05.2021-ci il tarixli qərardaddan verdiyi şikayətdə irəli sürdüyü hallar, özü-özlüyündə ünsiyyət hüququnun ananın iştirakı ilə həyata keçirilməsinə əsas yaradan hal kimi qəbul edilə bilməz; bununla yanaşı uşağın yaşı, mübahisənin mahiyyəti, işin halları, xüsusilə tərəflərin hər ikisinin xarici ölkə vətəndaşları olması və münasibətlərindəki gərginlik - uşağın atasına bağlılıq səviyyəsinin hazırkı icraat çərçivəsində müəyyənləşdirilməsinin mümkünsüzlüyü də nəzərə alındığında - cavabdehin (ananın) iddiaçının uşaqla görüş hüququnu həyata keçirəcəyi yerdə olmasının daha doğru olacağı qənaətinə gəlməyə əsas verir. Kollegiya onu da qeyd edir ki, tərəflər iddiaçının uşaqla ünsiyyətinin həyata keçiriləcəyi yeri və görüş qaydasını qarşılıqlı razılıq əsasında müəyyənləşdirməkdə sərbəstdirlər və hazırkı qərardadla gəlinən nəticə bu cür razılaşmaya maneə törətmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayətlər təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3555/2021 saylı iş üzrə 25 may 2021-ci il tarixli qərardadı hazırkı apellyasiya baxışının predmeti olan hissədə, həmçinin 08 iyun 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar