Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7175/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” ilkin, Cavabdeh İddiaçı İB-yə qarşı “aktların ləğvi və aktlar əsasında tətbiq edilmiş məbləğin hesab kodundan silinməsi tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(008)-127/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1012 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu isitfadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.
2. “Təbii X3nın pozulması haqqında” cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 1440 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1229,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 3336 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 799,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, cəmi 6146,40 manat istehlakçı Cavabdeh ziyan məbləği hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 6372,10 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 6402,10 manat pulun cavabdehdən məcburi qaydada tutularaq Birliyin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birlik tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər tərtib edilmiş müvafiq aktların ləğv edilməsinə, həmin aktlar üzrə olan 6372,10 manat borcun, ümumilikdə isə 6402,10 manat məbləğin hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixli, 1012 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı İBnin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1402AZ**********83 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydalan”nm tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyriqanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X3n pozulması haqqında” aktlar tərtib edilmişdir. Bundan əlavə olaraq cavabdehin əvvəldən 225,70 manat borcu olmuş və karta keçirilmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 6372,10 manat pul (ödeniş etdikdən sonra) məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanda yaşayır. 2008-ci ildə həmin ünvana mexaniki sayğac quraşdırılmış, 2014-cü il tarixdə sayğac dəyişdirilmiş və Birliklə aralarında müqavilə bağlanmışdır. 31 mart 2019-cu il tarixdə sayğaca Birlik tərəfindən baxış keçirilmiş, köhnə qaz sayğacında heç bir qüsur aşkar etməyərək, yenidən həmin sayğacı quraşdırmışlar. xx.xx.2020-ci il tarixdə sayğac yeni sayğacl əvəz edilmiş, aralarında müqavilə bağlanmışdır. Bu müqavilə bağlanarkən xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixə qədər tərtib edilmiş və tərəfindən imzalanmamış aktlar barədə ona heç bir məlumat verilməmişdir. Sayğaca heç bir müdaxilə etməmiş və əlavə xəttə qoşmamışdır. Sayğac küçədə yerləşdiyindən əgər müdaxilə edilmişdirsə də, onun tərəfindən edilməsi aşkarlanmamışdır. Aktlardan məlumatları olmamışdır.
7. Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən hüquq varisi X4 ilə əvəz olunmuşdur.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Adilə Paşayeva) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-127/2023 nömrəli 05 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X2 960 manat məbləğində dəymiş zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 990 manat məbləğində pulun İddiaçı İB-nin xeyrinə tutulması, tutulmuş məbləğin İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin İddiaçı tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni akt tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən qeyd etmişdir ki, tərtib edilmiş aktlarda cavabdehin imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Həmçinin işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyrimümkündür.
10. Məhkəmə hesab etmişdir ki, iddia qismən yalnız ilk tərtib olunmuş xx.xx.2017- ci il tarixli ******* saylı akt üzrə təmin edilməlidir. Eyni zamanda iddiaçının xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə müəyyən etdiyi ziyan məbləği şişirdilmiş və əsassızdır. xx.xx.2017-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ziyanın həcminin hesablanması qaz işlədicilərindən L şəkilli su qızdırıcının maksimal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 20 saat, hesabat müddəti 60 gün qəbul edilməklə aparılmışdır. Lakin maksimal saatlıq qaz sərfinin niyə 6 m3/saat müəyyən olunması tələbnamədə göstərilməmişdir. Maksimal saatlıq qaz sərfi 4 m3/saat qəbul edilməklə aşağıdakı formada hesablanaraq tutulmalıdır. 4x20x60=4800 m3 4800x0,20=960 manat Beləliklə maksimal saatlıq qaz sərfi 4 m3/saat qəbul edildikdə ziyanın həcmi 4800 m3, yəni 960 manat təşkil edir.
11. Həmçinin, iddia ərizəsində qeyd olunan 225,70 manat borc isə abonentin əvvəlki illərdən qalmış borcu kimi qeydə alınıb ki, onun silinməsi üçün əsaslar müəyyən edilmədi.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X3”na, Mülki Prosessual Məcəllənin 14.2, 77.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, istehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ istehlakçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
25. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamədən yalnız iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməyən hissəsini mübahisələndirmişdir. Ona görə də qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
33. İddiaçı 2017-2019-cu illər üzrə tərtib edilmiş cəmi 14 akta əsasən 6146,40 manat yaranmış borc məbləğini və əvvəldən qalmış 225,70 manat debitor borcunu tələb etmişdir.
34. Birinci instansiya məhkəməsi yalnız ilk tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akta münasibətdə iddianı qismən təmin etmişdir.
35. İddiaçının əməkdaşlarının tərtib etdiyi aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni akt tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
36. Birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə qismən razılaşan Kollegiya qeyd edir ki, məhkəmə yalnız ilk akta münasibətdə borcun tutulması qənaətinə gəlməkdə haqlı olsa da, həmin akt əsasında hesablanmış borc məbləğinin azaldılması barədə əsassız nəticəyə gəlmişdir.
37. Həmin akt üzrə borc məbləğinin yenidən hesablanması üçün hər hansı əsas müəyyən edilmədiyindən Kollegiya hesab edir ki, ilk akta münasibətdə iddia tələbi təmin edilməli və xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 1440 manat borc tutulmalıdır.
38. Bundan başqa iddiaçı əvvəlki illərdən qalmış 225,70 manat debitor borcu tələb etmişdir.
39. Tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləsinin şərtlərinə görə cavabdeh qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək vəzifəsini daşıyır.
40. Cavabdeh sərf etdiyi qazın dəyərini ödəməli olduğundan iddiaçı qaz sərfiyyatına görə yaranmış borc məbləğini tələb etməkdə haqlı olmuşdur. Odur ki, yaranmış debitor borcu olan 225,70 manatdan cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-127/2023 nömrəli iş üzrə 05 sentyabr 2023-cü il tarixli qətnaməsi qismən (xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 960 manat məbləğində dəymiş zərərin tutulması və iddia tələbinin 225,70 manat debitor borcuna aid təmin edilməyən hissəsində) ləğv edilsin. Cavabdeh X2 xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında yaranmış 1440 manat dəymiş zərər və qaz sərfiyyatına görə əvvəlki illərdən qalmış 225.70 manat İddiaçı İB-nin xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.