Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7185/2025 09.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı X4 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3906/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdeh "Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra - "Bakubus” MMC) qarşı cavabdeh "Bakubus” MMC-dən 40000 manat mənəvi ziyana görə kompensasiyanın ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)l96/2023 saylı hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 2 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. X6 təqsirli hərəkətləri nəticəsində əri - X2 ölmüşdür. Əri - X1 ölümünə səbəb olan X6 "Bakubus” MMC-də sürücü vəzifəsində işləməsi işin mübahisəsiz halıdır (istinad olunan məhkəmə hökmünün 3-cü səhifəsinin 2-ci abzasında həm də Cəmiyyətin hüquq sektorunun müdiri Rüstəm Cəfərovun şahid ifadəsi ilə öz təsdiqini tapmışdır). X6 təqsiri nəticəsində əri - X2 həyatdan məhrum olub və buna görə çox dərin mənəvi sarsıntı keçirmişdir. Ölən şəxs əri olmaqla ailənin yeganə dolandıranı idi. Onun ölümü ilə əlaqədar mənəvi sarsıntıları davamlı olaraq bütün ömür boyu həyatını müşayiət edəcək. "BakuBus” MMC-nin səlahiyyətli şəxslərinə mənəvi zərərin ödənilməsi barədə müraciətlər etməsinə baxmayaraq, bununla bağlı hər hansı müsbət cavab ala bilməmiş, hər dəfəsində bildirilmişdir ki, yol-nəqliyyat hadisəsini törədən şəxsə qarşı tələbi olmadığından cəmiyyətdən də hər hansı zərər məbləğini tələb edə bilməz. Lakin cavabdeh təşkilatların məsul işçisinin təqsiri nəticəsində əri - X1 ölməsi işin mübahisəsiz halıdır. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 1(004)-196/2023 saylı hökmü ilə təsdiq olunur və hazırkı mülki işdə preyudisial əhəmiyyət daşıyır. Bir daha qeyd edir ki, mərhum ərinin faciəvi şəkildə ölməsindən bu günədək davam edən stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq ona vurulmuş zərərin əvəzi olaraq 40000 manat məbləğində pulun (mənəvi zərərin) cavabdehdən alınaraq ona ödənilməsi ədalətli olar. Hesab edir ki, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehin hüquqi şəxs olmaqla onun Bakı şəhərində sərnişin daşıma fəaliyyəti ilə məşğul olan və böyük maddi imkanlara malik olmaqla işçisinin əmək funksiyasını icra edərkən işinə məsuliyyətlə yanaşmamaları, zərərin baş verməsinə səbəb olmuş hadisənin ağırlığını, yəni ölüm ilə nəticələnməsini, keçirdiyi mənəvi iztirabların ağır və davamlılığını nəzərə almalıdır. Keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan, ya da unudulan hadisə deyil. Bu hadisənin mənəvi ağrısını ailə üzvləri və o, ömür boyu çəkəcək. İşin hallarına əsasən, cavabdehin hüquqazidd hərəkəti nəticəsində onun mənəvi əzab çəkməsi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində ərinin faciəvi şəkildə ölməsindən çox sarsılmışdır. Əri onun yeganə dayağı, dolanma mənbəyi idi. Bu səbəbdən hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və qanunun tələbi baxımından da buna hüququ var. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. 2.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3906/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətindən vurulmuş mənəvi zərərə görə 20000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 14.2.6, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 82, 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, X11 xx.xx.2022-ci il tarixdə, saat 06:43 radələrində “BMC” avtobus markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən iş üzrə İddiaçı əri X1 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı ittiham elan edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-196/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən X8 təyin edilmiş əsas və əlavə cəzaların qismən toplanılması və ona qəti olaraq 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hökm edilmişdir. İstinad edilən cinayət əməlinin məhz hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 tərəfindən törədilməsi, cinayət əməlinin törədilməsində Valeh Məmişovun təqsirinin müəyyən edilməsi və ona cinayət qanunu ilə nəzərdə tutulmuş cəza təyin edilməsi, törədilmiş cinayət əməli nəticəsində hazırkı iş üzrə İddiaçı həyat yoldaşı Qesabulla Dadayevin həyatdan məhrum olması, yəni törədilmiş cinayət əməli ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması, eləcə də Valeh Məmişovun hazırkı iş üzrə Cavabdeh MMC-də əmək müqaviləsi əsasında sürücü vəzifəsində çalışmış olması işin mübahisə edilməyən hallarıdır. İşin mübahisə edilən halı İddiaçı mərhum əri Qesabulla Dadayevin ölümü ilə nəticələnən ictimai təhlükəli əmələ görə iddiaçının keçirdiyi mənəvi iztirablara görə yaranan zərərin məbləği ilə bağlıdır. Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin qanuniliyinin yoxlanılması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. O da nəzərə alınmalıdır ki, mənəvi zərərin ödənilməsi vəzifəsi heç də həmişə təqsiri müəyyən edilən şəxsə qarşı deyil, bəzi hallarda təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, müvafiq hüquqazidd əməlin nəticələrinə görə mülki hüquqi məsuliyyət daşıyan şəxslərin üzərinə də qoyula bilər (işəgötürənin işçinin vurduğu zərərə görə mülki hüquqi məsuliyyəti). İstər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşin faktiki hallarından görünür ki, zərərvuran şəxs Valeh Məmişov Cavabdeh MMC-də sürücü vəzifəsində çalışmaqla, ona təhkim olunmuş “BMC” avtobus markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuş, yəni iddiaçının mərhum həyat yoldaşının ölümü ilə nəticələnən müvafiq cinayət əməlinin törədilməsi zamanı Valeh Məmişov öz əmək (qulluq, mənsəb) vəzifələrini icra etmiş və cinayət əməli törətməklə iddiaçının ərinin ölümünə səbəb olmuşdur. Müvafiq hüquqazidd əməl nəticəsində işçi tərəfindən vurulan zərərin işəgötürənin, yəni hazırkı iş üzrə cavabdehin fəaliyyət dairəsinə aid olması da işin mübahisə edilməyən bir digər halıdır. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Bununla belə, Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Baxılan iş üzrə Valeh Məmişovun əmək müqaviləsi əsasında Cavabdeh MMC-nin sərnişin daşıma fəaliyyətinin tərkib hissəsini həyata keçirməsi, yəni əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərə uyğun fəaliyyət göstərməsi, bu fəaliyyət üzərində cavabdehin bilavasitə hakimiyyətə və nəzarətə malik olması şübhəsizdir. Eləcə də baş vermiş hüquq pozuntusunun məhz görülən işlə funksional əlaqədə olması, yəni hüquqazidd əməllə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu öz təsbitini tapmışdır. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Sosial-hüquqi aspektdən mənəvi zərər dedikdə, insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi başa düşülür və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Baxılan iş üzrə həyatdan məhrum olan Qesabulla Dadayevin hazırkı iş üzrə İddiaçıyla 9 ildən artıq müddətə rəsmi nikahda olmaları, ailə münasibətləri çərçivəsində ər-arvad kimi yaşamaqla birgə təsərrüfat aparmaları, eyni zamanda, sədaqət, vicdan və məhəbbət kimi təməl prinsiplərin daşıyıcıları olmaları, həmçinin iddiaçının mərhum ərinin faciəvi şəkildə ölümünün onun psixikasında buraxdığı neqativ təsirlər, həmin təsirlərin onun gündəlik həyat şəraitinə təcəssümü, eləcə də keçirilən digər mənəvi iztirablar təyin edilən mənəvi təzminatın məbləğində əhəmiyyətli şəkildə nəzərə alınmalıdır. Həmçinin o da nəzərə alınmalıdır ki, Valeh Məmişovun törətdiyi cinayət əməli bir ailənin faciəsi üçün zəmin yaratmaqla, ər-arvadın könüllü ittifaqının dağılmasına, bu ittifaqa daxil olarkən həmin şəxslərin arzu etdikləri nəticələrin baş verməməsinə, bir sözlə, kənar təsirlər nəticəsində bu nəticələrdən məhrum olmalarına gətirib çıxarmışdır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, törədilmiş cinayət əməli cavabdehin bilavasitə fəaliyyət sferasına aid olan işlərin yerinə yetirilməsi ilə əlaqədar işçisi – Valeh Məmişov tərəfindən təqsirli olaraq törədildiyindən, bu əməl nəticəsində iddiaçının əri həyatdan məhrum olduğundan, Cavabdeh MMC işçisinin vurduğu zərərə görə mülki hüquqi məsuliyyət daşıdığından, iddiaçının şəxsi qeyri-əmlak hüquqlarının pozulması halı cavabdeh tərəfindən ədalətli kompensasiya məbləği ödənilməklə aradan qaldırılmalıdır. Şübhəsizdir ki, istənilən yol-nəqliyyat hadisəsi zamanı həm hadisəni törədən, həm də hadisə nəticəsində zərərə məruz qalan şəxs(lər)in yüksək həyəcan və gərginlik keçirməsi, bu gərginliyin fiziki və mənəvi iztirablarla müşayiət olunması danılmazdır. Çünki yol-nəqliyyat hadisələri əksərən bilavasitə şəxs(lər)in həyatdan məhrum edilməsi və ya sağlamlığın müxtəlif formalarda pozulması ilə nəticələnir. Hazırkı iş üzrə iddiaçının mənəvi sarsıntı keçirməsi, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun şüurunda mənfi psixi reaksiyaların davamlılığı, eləcə də onun sağlamlığının pozulması müəyyən edildiyindən cavabdeh tərəfindən mənəvi zərərin əvəzi kimi 20000 manat mütənasib kompensasiya məbləği iddiaçının xeyrinə ödənilməlidir. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - xx.xx.2013-cü il tarixli, AZ-İ seriyalı, 844779 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, X2 və X10 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 435 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Dadayeva soyadı verilmişdir; - xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı, 13316 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X2 xx.xx.2022-ci il tarixdə "Baş beynin diffuz travması” səbəbindən Bakı şəhərində ölmüşdür; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)- 196/2023 nömrəli hökmündən görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən X8 təyin edilmiş əsas və əlavə cəzaların qismən toplanılması və ona qəti olaraq 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hökm edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 4.İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-3906/2025 saylı qətnaməsinin əsassız və qanunsuz olduğundan ləğv edilməsi, iddia tələbinin tam şəkildə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməli olması qənaətinə gələrkən istinad olunun KM-nın Qərarının təsviri hissəsində qeyd edilən “mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır” ifadəsinə səthi yanaşaraq iddianı qismən təmin etməklə haqlı olmamışdır. Çünki, həmin qohumluq bağlarının möhkəmliyi, ölmüş şəxsin bir ata olmaqla ailənin yeganə dolandıranı, oğlunun onun itkisindən etibarən ciddi sarsıntılar keçirməklə artıq atasını faciəvi şəkildə itirməsi amilini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməli olması qənaətinə gələrək həmçinin nəzərə almamışdır ki, “hüquqi şəxs vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir”. Həmçinin,nəzərə alınmalı idi ki, hüquqi şəxs olaraq cavabdehin kifayət qədər maddi dövriyyəsi iddianın tam şəkildə təmin olumasına rəvac verə bilir. Bu onu deməyə əsas verir ki, həm də kifayət qədər maddi dövriyyəsi olan işəgötürən işçisinin vurduğu ziyana görə tam şəkildə məsuliyyət daşımalıdır. Sübutların qiymətləndirilməsinin məhkəmə qətnaməsində ifadəsini tapması mülki prosessual qanunvericiliyin tələblərindən biridir. Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsi tələbedir ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri göstərilməlidir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi həmin tələblərə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində hansı faktiki halların məhkəmədə araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və ya qətnamədə qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, iddia tələbinə dair edilmiş sübutların dəlillərinə münasibət bildirilib hüquqi qiymət verilmədiyindən; eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından – MPM-in 217.1-217.3-cü maddələrinin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etmiş,həmçinin sədrlik edənin suallarına cavab olaraq zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışmasının iddiaçının hüquqi şəxsə qarşı hazırkı iddia tələbi ilə müraciət etməsinə heç bir maneə törətmədiyini, cinayət işi gedən zaman hazırkı işi üzrə iddiaçının yaşlı olması, hüquqlarını bilməməsi səbəbindən mülki iddia vermədiyini, digər tərəfdən bu qəbilədən olan işlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmənin üzərinə məbləğ təyin edilərkən Hüquqi şəxsin maddi durumunun da araşdırılması vəzifəsinin qoyulduğunu, hazırkı işdə də cavabdehin kifayət qədər yüksək gəlir dövriyyəsinin olduğunu, iddiaçının həm yeganə ailə dolandıran şəxsi , həm də həyat yoldaşını, sirdaşını itirdiyini, bu gün də davam edən mənəvi sarsıntılar keçirdiyini, iddiaçıya zərərin ödənilməsi nəticəsində sonuncunun şikayətinin olmadığını və cinayət işi üzrə mülki iddianın olmadığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 6.Cavabdehin nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin vəsatətə məhkəmə iclasının təxirə salınması üçün əsas olacaq hər hansı sübut əlavə edilmədiyindən vəsatət təmin edilməmişdir. 7.Məlumatlandırlması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasında iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 8.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.1099.1 .Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 10.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən, lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 11.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 12.Beləliklə, yuxarıda qeyd edilənlər nəzərə alınaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının formal mülahizə daşıyan apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələblərinə riyaət edilmişdir. İddiaçının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, ona daha çox mənəvi zərərin dəyməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmiş, məhkəmə kollegiyasının iclasında verilən suallara dair nümayəndə tərəfindən aydınlıq gətirilməmişdir. Qeyd edilməlidir ki, birinici instansiya məhkəməsində tədqiq edilən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-196/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli hökmü (iş səhifə-16,18, hökm vərəq- 10-11,12) ilə zərərçəkmişin hüquq varisinə (hazırki iş üzrə iddiaçıya) zərərin ödənilməsi nəticəsində sonuncunun şikayətinin olmadığını və cinayət işi üzrə mülki iddianın olmadığı müəyyən edilir. Belə olan mülki prosessual şəraitdə, yəni apellyasiya baxışının (cavabdehin və ya üçüncü şəxsin şikayətlərinin olmadığı) hədlərində iddiaçının sübuta yetirilməyən dəlilləri əsasında apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. 13.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3906/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ( iki ) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7185/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7185/2025
09.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver