Məhkəmə qərarları › İş №2(103)-7195/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7195/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7195/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək mərhum əri X1 vəfatı ilə əlaqədar ödənilməli olan 37648,8 manat məbləğində sığorta ödənişinin Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq ona və qızı X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva, iş № 2(006)-2274/20) iddia təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X2 2014-cü ilin oktyabr ayında prokurorluq orqanlarında işə qəbul olunaraq İmişli rayon prokurorluğunda müstəntiq vəzifəsinə təyin edilmiş, stajorluq müddəti bitdikdən sonra isə həmin prokurorluğun böyük müstəntiqi vəzifəsinə təyin edilmişdir. 2018-ci ilin 04 yanvar tarixindən Baş prokurorun əmrinə əsasən Tovuz rayon prokurorluğuna ezam edimişdir. Tovuz rayon prokurorluğundan 15.02.2018-ci il tarixdə icraatında olan cinayət işləri və materiallarla bağlı Azərbaycan Respublikası Baş prokurorluğuna ezam edilmiş və 18.02.2018-ci il tarixdə ezamiyyətdən iş yerinə qayıdarkən Bakı-Qazax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikası Baş prokurorunun “Prokurorluq işçilərinin xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması hadisələri ilə əlaqədar məsələlərə baxılması Qaydaları” barədə 16.02.2012-ci il tarixli, 10/21 saylı əmrinə əsasən yaradılmış komissiya tərəfindən oğlu Oruc Hümbətzadənin vəfat etməsi xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olan hal kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu Maddi-texniki təminat şöbəsinin verdiyi 10.04.2018-ci il tarixli 171202 saylı arayışdan görünür ki, mərhum X1 beş illik əmək haqqı 71906,24 manat (yetmiş bir min doqquz yüz altı manat, 24 qəp) təşkil edir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Notariat Kontoruna 23.05.2018-ci il tarixdə etdiyi 0702/467 saylı müraciət məktubunda X1 ölümü ilə əlaqədar 58620 (əlli səkkiz min altı yüz iyirmi) manat sığorta ödənişi verilməsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş edilmişdir. Nəticədə 58620 manat sığorta ödənişi Oruc Hümbətzadənin arvadı İddiaçı "xxxx" ASC-nin Q.Qarayevdə yerləşən filialındakı hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Oruc Hümbətzadənin vəfatı ilə əlaqədar əsassız olaraq ödənilməmiş sığorta ödənişinin miqdarı (71.906,24-58620 = 13.286,24) 13.286 manat 24 qəpik təşkil edir. Həmin məbləğ sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq mərhum Oruc Hümbətzadənin ailə üzvlərinə verilməlidir. Göstərilənlərə əsasən X1 vəfatı ilə əlaqədar əsassız olaraq ödənilməmiş 13.286,24 manat sığorta ödənişinin Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq mərhum Oruc Hümbətzadənin ailə üzvlərinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəyişiklik edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək bildirmişir ki, sosial sığorta hadisəsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Lakin sonradan iddiaçı ona ödənilməli olan ümumi sığorta məbləğinin düzgün hesablanmadığı qənaətinə gəlmişdir. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.5-ci maddəsinə əsasən prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Azərbaycan Respublikası Baş Prokurorluğu Maddi-texniki təminat şöbəsinin verdiyi 10.04.2018-ci il tarixli, 17/202 saylı arayışdan görünür ki, mərhum X1 beş illik əmək haqqı 71906,24 manat təşkil edir. (Arayış iş materiallarına əlavə edilmişdir.) Həmin məbləğdən 58620 manat sığorta ödənişi iddiaçının "xxxx" ASC-nin Q.Qarayev ünvanında yerləşən filialındakı hesabına köçürülmüşdür. Qalıq sığorta ödənişinin məbləği 13.286 manat 24 qəpik təşkil edir. Azərbaycan Respublikası Baş Prokurorluğu Maddi-texniki təminat şöbəsinin verdiyi 02.05.2018-ci il tarixli 17/249 saylı arayışdan görünür ki, mərhum X1 aylıq vəzifə maaşı 855 manat, rütbə dərəcəsinə görə isə əlavə 122 manat olmaqla, aylıq əmək haqqısı cəmi 977 manat olmuşdur. (Arayış iş materiallarına əlavə edilmişdir.). İstinad olunan arayışlardan görünür ki, X1 5 illik əmək haqqı hesablanarkən yalnız vəzifə maaşı və rütbə dərəcəsinə görə əlavələr nəzərə alınmışdır. Əslində isə bunlarla yanaşı, həmçinin onun aldığı mükafatlar da nəzərə alınmalı idi. Azərbaycan Respublikası Baş Prokurorluğu Maddi-texniki təminat şöbəsinin verdiyi “Pensiya hesablanması üçün nəzərə alınan əmək haqqı cədvəli”ndən görünür ki, 2014-cü ilin oktyabr ayından 2018-ci ilin fevral ayınadək prokurorluq orqanlarında qulluq keçmiş mərhum X2 2014-cü il istisna olmaqla bütün sonrakı illər ərzində vəzifə maaşı və rütbə dərəcəsinə görə əlavələrdən savayı, həmçinin pul mükafatları qismində fərqli məbləğlərdə müavinətlər və maddi yardımlar almışdır. İndi məlum olmuşdur ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sığorta ödənişi üzrə apardığı hesablamalar zamanı mərhum X1 pul mükafatları qismində aldığı müavinatları və maddi yardımları nəzərə almamışdır. Cavabdehin apardığı riyazi hesablamalarla iddiaçının apardığı hesablamalar arasındakı fərq 24.358 manat təşkil edir. Bu fərqi aradan qaldırmaq üçün isə iddia tələbinin həcmini artırmaqla iddia ərizəsinə dəyişildik edilməlidir. Odur ki, iddiaçının həmin maddədə təsbit edilmiş hüququndan istifadə edərək onun adından iddia tələbinin həcmini 13.286 manat 24 qəpikdən 37.644 (otuz yeddi min altı yüz qırx dörd) manatadək artırır və həmin məbləğdə sığorta ödənişinin cavabdehdən alınaraq qanun üzrə vərəsə kimi iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, mərhum ərinin vəfatı ilə əlaqədar ödənilməli olan 37648,8 manatın cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən tutularaq ona və qızı X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbinə etiraz ərizəsi vermiş və göstərmişdir ki, iddiaçının həyat yoldaşı X2 Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəntiqi olmuş və 18.02.2018-ci il tarixdə ölmüşdür. Bu səbəbdən “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə uyğun olaraq Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən qanun üzrə vərəsə İddiaçı 58.620 (əlli səkkiz min altı yüz iyirmi) manat sığorta məbləği ödənilmişdir. Lakin İddiaçı hesab edir ki, ona sığorta məbləğindən əlavə 37.644 (otuz yeddi min altı yüz qırx dörd) manat ödənilməlidir. Hesab edirlər ki, vətəndaş İddiaçı bu iddia tələbi tam əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir. Azərbaycan Respublikasının Baş Prokurorluğu sığorta haqqını sığortaçıya ödəyərkən yalnız sığorta olunanların vəzifə maaşı, rütbələrə, xidmət illərinə görə əlavələri nəzərə alır və adlı siyahını Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edir. Odur ki, sığorta ödənişinin məbləği hesablanarkən sığorta olunanların vəzifə maaşı, rütbələrə, xidmət illərinə görə əlavələr nəzərə alınır. Prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım sığorta haqqına daxil edilmədiyindən sığorta ödənişinə daxil edilmir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim etdiyi sığorta olunan işçilərinin adlı siyahısına və onların 5 illik əmək haqqı məlumatlarına görə toplam 47.872,04 manat təşkil etmişdir (məktub və siyahı əlavə olunur). İddiaçının məhkəməyə təqdim etdiyi Baş Prokurorluğun 17/202 saylı arayışına əsasən X1 işə qəbul olduğu 2014cü ilin oktyabr ayından, vəfat etdiyi 2018-ci ilin fevral ayınadək əmək haqqı məbləği toplam 53.343,24 manat təşkil etmişdir. Mühasibatlığın riyazi yolla hesablamalarına əsasən iddiaçıya qanuni vərəsə kimi 58.620 manat sığorta məbləği ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun 02.05.2018-ci il tarixli 17/249 saylı arayışına görə mərhum O.Hümbətzadənin aylıq əmək haqqısı 977 manat təşkil etmişdir. 977 manat x (5 il) 60 ay = 58.620 manat. Rəsmi sənədlər əsasında hesablanmış 58.620 manat sığorta məbləği 02.08.2018-ci il tarixdə 3245 saylı ödəniş tapşırığı əsasında iddiaçıya köçürülmüşdür. Bildirirlər ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21-ci maddəsində əmək haqqının hansı hissələrdən ibarət olması aydın göstərilmişdir. Həmin Qanuna əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Sığorta ödənişinin məbləği hesablanarkən vəzifə maaşı, rütbələrə, xidmət illərinə görə əlavələr nəzərə alınmalıdır. Lakin maddi yadım, pul təminatı və bir dəfəlik pul müavinəti əmək haqqı hesab edilmir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Qanunun 21-ci maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Beləliklə məlum olur ki, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım əmək haqqı hesab edilmir. Odur ki, iddiaçının tələb etdiyi əlavə 37.644 manat məbləğin ödənilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsində isə göstərilir ki, qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göstərilənlərə əsasən İddiaçı iddia tələbi əsassız olduğu üçün iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21-ci maddəsində əmək haqqının hansı hissələrdən ibarət olması aydın göstərilmişdir. Həmin Qanuna əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericilikdə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Sığorta ödənişinin məbləği hesablanarkən vəzifə maaşı, rütbələrə, xidmət illərinə görə əlavələr nəzərə alınmalıdır. Lakin maddi yardım, pul təminatı və birdəfəlik pul müavinəti əmək haqqı hesab edilmir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunması ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Qanunun 21-ci maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Beləliklə, hər il məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım əmək haqqı hesab edilmir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 05 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi 37648,8 (otuz yeddi min altı yüz qırx səkkiz) manat məbləğində sığorta pulunun cavabdehdən tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, əmək haqqının tərkibinə cavabdehin istinad etdiyi kimi yalnız aylıq əmək haqqı, rütbə və xidmət illərinə görə əlavələr deyil, bütün ödənişlər, habelə işçini həvəsləndirmək məqsədilə verilən ödəmələr daxildir. 5 illik əmək haqqı məbləğinin 96269,20 manat təşkil etməsi, sığorta şirkəti tərəfindən 58.620 manat məbləğində pulun ödənilməsi, ödənilməmiş 37.649,2 manat məbləğindən iddiaçı tərəfindən ödənilməsi tələb edilən məbləğin 37.648,80 manat təşkil etdiyi nəzərə alınaraq – həmin məbləğdə, yəni 37.648,80 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq X1 qanun üzrə vərəsələri olan İddiaçı və X3 xeyrinə ödənilməlidir. Məhkəmə bu qənaətə gələrkən iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyini mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1, 157.3-cü maddələri, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsi və s. normalarla əsaslandırmışdır. Apellyasiya şikayətinin əsas dəlili iddiaçıya hər il məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın əmək haqqı hesab edilməməsindən ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilini əsassız sayır. Məhkəmə Kollegiyası bir daha qeyd edir ki, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4cü maddəsinə əsasən həmin qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157.3-cü maddəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Yuxarıda sadalanan maddələrin məzmunundan da göründüyü kimi, iddiaçıya hər il məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım əmək haqqı hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 05 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar