Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7211/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “xxxxxxx” KB ASC-nin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, “xxxxxxx” KB ASC ilə onun arasında bağlanmış ipoteka müqaviləsinin bağlanılmamış hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2004-cü il tarixli 113 saylı ipoteka müqaviləsinə əsasən bank tərəfindən X2 18 ay müddətinə 20 000 ABŞ dolları məbləğində kredit limiti açılmışdır. İpoteka predmeti kimi İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsi, 40A nömrəli mənzil yüklü edilmişdir. Daha sonra xx.xx.2010-cu il tarixdə xx.xx.2004-cü il tarixli 113 saylı ipoteka müqaviləsinə edilmiş razılığa görə X2 140000 AZN məbləğində 60 ay müddətinə kredit verilmişdir. xx.xx.2013-cü il tarixdə X2 24 ay müddətinə illik 19 faiz olmaqla 79000 USD kredit verilmişdir. xx.xx.2013-cü il tarixdə kredit limiti 1 000 000 AZN müəyyən edilmiş, ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə İddiaçı ilə «xxxxxxx» KB ASC arasında müqavilə bağlanmışdır. xx.xx.2015-ci il 101BKƏ/15 saylı kredit müqaviləsi ilə X2 102000 USD məbləğində 18 ay müddətinə illik 18 faiz hesablanmaq şərtilə kredit verilmişdir. Lakin İddiaçı xx.xx.2015-ci il 101BKƏ/15 saylı kredit müqaviləsi barədə heç bir məlumatı olmayıb, kreditin məbləği, faizi, müddəti və s qəti olaraq məlumatlı olmamışdır. Hesab edir ki, iddiaçı ilə xx.xx.2013-cü il tarixdə bağlanılmış ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında saziş bağlanılmamış hesab olunmalıdır. Belə ki, xx.xx.2015-ci il 101BKƏ/15 saylı kredit müqaviləsi ilə X2 102000 USD məbləğində 18 ay müddətinə illik 18 faiz hesablanmaq şərtilə kredit verilmişdir. Qeyd müqavilə müddəti, məbləğ, illik faiz dərəcəsi və s barədə məlumatlı olmamışdır. Qeyd olunan hal, ipoteka qoyanın vəziyyətinin pisləşməsi və məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Belə olan haldaipoteka müqaviləsi bağlanılmamış hesab olunmalıdır. Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Halbuki, kredit xətti müqaviləsində müqavilənin mühüm şərtləri olan, kredit müqaviləsinin müddəti, kreditin məbləği, illik faiz dərəcəsi barədə məlumatlar təsbit olunmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxx” KB ASC-yə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair iddiasının ərizəsi rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən hallarla əsaslandırılmış və əlavə olaraq bildirilmişdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxxxxx” KB ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(043)-23/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 16mspBKS/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2.579.57 ABŞ dolları, faiz borcu üzrə 94.31 ABŞ dolları, cərimə borcu üzrə 10 ABŞ dolları olmaqla cəmi 2.683,88 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 101BKƏ/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 102.000 ABŞ dolları, faiz borcu üzrə 7.261.27 ABŞ dolları cərimə borcu üzrə 100 ABŞ dolları olmaqla cəmi 109.361,27 ABŞ dolları olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 112.045,15 (yüz on iki min qırx beş ABŞ dolları on beş sent) milli manat ekvivalentində pulun və eləcə də ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat pulun tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, S.Səmədov küçəsində yerləşən 40A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərracda satılmaqla əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 450.000 (dörd yüz əlli min) manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılması qət edilmişdir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. İşin müəyyən olunmuş hallarına əsasən borcalan X1 bank qarşısında olan öhdəliklərinin icrasını təmin edilməsi məqsədilə xx xxx 2004-cü il tarixdə İddiaçı ilə “xxxxxxx” KB ASC arasında ipoteka müqaviləsi bağlanmışdır, sonradan qeyd olunan ipoteka müqaviləsinə xx xxxxxx 2010-cu il tarixdə və daha sonra xx xxxxxxxx 2013-cü il tarixdə ipoteka müqaviləsinə dəyişiliklər edilməsinə dair saziş bağlanmışdır. xx xxxxxxxx 2013-cü il tarixdə ipoteka müqaviləsinə dəyişiliklər edilməsinə dair sazişdən görünür ki, kredit müqaviləsinin limiti artırılaraq ******* (bir milyon) manat müəyyən edilmişdir. Həmçinin həmin sazişdən görünür ki, kreditin verilməsinin son bitmə tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, borcalan X1 bank qarşısında olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xx xxx 2004-cü il tarixdə İddiaçı ilə “xxxxxxx” KB ASC arasında ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsinin 1.4-cü bəndindən görünür ki, öhdəliyin təminatı kimi İddiaçı mülkiyyətində olan ünvan 1 a saylı ünvanda fərdi yaşayış çıxış edir. Bundan əlavə qeyd olunan ipoteka müqaviləsinə sonuncu dəfə xx xxxxxxxx 2013-cü il tarixdə ipoteka müqaviləsinə dəyişiliklər edilmişdir və kredit müqaviləsinin limiti artırılaraq ******* (bir milyon) manat müəyyən edilmişdir. Belə olan halda isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd etdiyi dəlillər əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, xx xxx 2004-cü il tarixdə İddiaçı ilə “xxxxxxx” KB ASC arasında ipoteka müqaviləsi və ona edilmiş dəyişiliklər əsasında borcalan X3 xx.xx.2010-cu il tarixdə 140000 manat, xx.xx.2013-cü il tarixdə 24 ay müddətinə 19 faiz olmaqla 79000 ABŞ dolları, xx.xx.2015-ci ildə isə 18 ay müddətinə, illik 18 faiz hesablanmaqla kredit verilmişdir. xx.xx.2010-cu il tarixdə 140000 manat, xx.xx.2013-cü il tarixdə bağlanmnış kredit müqavilələri üzrə ödəliklər borclu X5 tərəfindən icra edilmiş və öhdəliyə xitam verilmişdir. Hazırda isə iddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə münasibətdə ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsinə dair iddia ilə məhkəmə müraciət etmişdir. Belə olan halda isə, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə münasibətdə ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsinə dair iddiası təmin edilə bilməz. Belə ki, qeyd olunan kredit müqaviləsinin təminatı kimi xx xxxxxxxx 2013-cü il tarixdə ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə saziş təşkil edir. Həmçinin qeyd olunan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə də öhdəliyin icrasının təmini əsası da xx xxxxxxxx 2013-cü il tarixdə ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə saziş təşkil edir. Belə olan halda kollegiya hesab edir ki, qeyd olunan kredit müqaviləsinin bağlanmasını ipoteka qoyan İddiaçı bəyənmiş və öz razılığını ifadə etmişdir. İddiaçı qeyd olunan kredit müqaviləsinə razılıq verməsini həmçinin Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür. Belə ki, həmin mübahisə üzrə İddiaçı nümayəndəsi X6 izahatında kredit müqaviləsinin bağlanmasına razılıq verməməsi dəlili deyil, həmin kredit borcundan xəbərdar olduqlarını, maddi imkansızlığa görə ödəyə bilmədiklərini, lakin gələcəkdə müvafiq borcu qaytaracaqlarını bildirmişdir. Qeyd olunan hallara qiymət verərək kollegiya qeyd edir ki, hazırki iş üzrə apellyatorun kredit müqaviləsinin bağlanmasına razılıq verilməməsi barədə dəlili əsassızdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7211/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7211/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver