Məhkəmə qərarları › İş №2(103)-7213/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7213/2023

13.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7213/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: cərimə, itirilmiş mənfəət və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2, üçüncü şəxsin nümayəndələri Nümayəndə4 və X3 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.1985-ci ildən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə imzalanmış Əmək müqaviləsi bildirişinə əsasən “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qutarması) əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimə, itirilmiş mənfəət və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən köçürmədən yayındırılmış 61473,97 AZN pul vəsaitinin həmin şirkətdən tutularaq DSMF-yə köçürülməsinə; itirilmiş mənfəətə görə 12073 AZN-nin ödənməsinə; maaşların illərlə gecikdirilməsinə görə qanunla nəzərdə tutulmuş cərimənin 362217,6 AZN-nin ona ödənməsinə; mənəvi zərərə görə isə 20000 AZN ödənməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1985-ci ildən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmişdir. Bu illlər ərzində Azərbaycan Respublikasının müxtəlif rayonlarında və Qazaxıstan Respublikasının ən məsul tikintilərində işləmişdir. 2021-ci ilin oktyabr ayında növbəti məzuniyyətdə olarkən onu çağırıb Moldova Respublikasında tikintisi uzun zaman davam edən obyektə göndərmək istəyərkən üzrlü səbəbdən etiraz etmişdir. Onu həmin təşkilatda 36 il işləməyinə baxmayaraq qeyri-qanuni işdən azad etmişlər. Bundan sonra güzəştli şərtlərlə təqaüdə çıxmaq istəyərkən məlum olmuşdur ki, onun işlədiyi illər ərzində aylıq orta əmək haqqı bilərəkdən az göstərilmiş, sosial müdafiə fonduna köçürülən vəsait 2 dəfədən də az olmuşdur. Azərbaycan Beynəlxalq Bankından və Turan Bankdan onun əmək haqqı kartına köçürülən vəsaitləri E-gov.az-da göstərilən aylıq gəlirlərlə müqayisə etdikdə onların kəskin fərqlənməsi bunu sübut edir. 2006-2013-cü illər arasında maaş gəliri kimi portaldan çıxarışda 45376.20 AZN göstərilib DSMF ödənişi isə 11344.12 AZN hesablanmışdır. Lakin həmin dövrdə qeyd edilən kimi maaş almışdır: 2006 - 1000AZN x 12ay = 12000; 2007 - 1000AZN x 12ay = 12000; 2008 - 1000AZN x 12ay = 12000; 2009 - 1000AZN x 12ay = 12000; 2010 - 1000AZN x 12ay = 12000; 2011 - 2000AZN x 12ay = 24000; 2012 - 2000AZN x 12ay = 24000; 2013 - 3000AZN x 12ay = 36000 AZN olmaqla cəmi 144000 AZN maaş almışdır. Ancaq göründüyü kimi portalda göstərilən miqdar 45376.20 AZN-dir. Vergi orqanlarından gizlədilən maaş məbləği 144000 – 45376.20= 98623.8 AZN təşkil edir. Yuxarıdakı nisbətə görə ödənməmiş DSMF borcu 24655.95 AZN olmalıdır. Belə ki, 2014-2021-ci illərdə şirkətin ona maaş gəliri kimi göstərdiyi miqdar – 107510.85 AZN-dir. Buna uyğun olan DSMF- 26128.79 AZN-dir. Lakin Azərbaycan Beynəlxalq Bankından alınmış çıxarışa əsasən maaş gəliri – 249182.01 AZN-dir. "xxxx" ASC MXD-dan alınmış çıxarışa əsasən maaş – 9282.74 AZN olmuşdur. Deməli, 249182.01+ 9282.74 = 258464.75 AZN maaş aldığı halda göstərilən maaş – 107510.85 AZN təşkil edir. Yuxarıdakı nisbət nəzərə alınarsa ödənməmiş DSMF borcu 36818.02 AZN təşkil edəcəkdir. Hər iki dövr nəzərə alınsa 24655.95+36818.02=61473.97 AZN DSMF-yə ödənməmiş borc qalmışdır. 2006-2021-ci illər ərzində aldığı cəmi faktiki maaş miqdarı 144000+258464.75=402464.75 AZN olmuşdur. ABB və Turan Bankdan alınmış çıxarışlara baxılsa açıq görünür ki, əmək haqqı aylarla ləngidilmişdir. Bunları nəzərə alaraq 2006- 2021-ci illər üzrə hesablanmış 402464.75 AZN maaşın hər dəfə 3 ay gecikdirməklə verilməsinə görə ailəsini, evini və s. saxlamaq üçün banklardan kredit götürmüş, faizlə başqalarından borc almışdır. Yəni, bu məsələlərə görə ziyana düşmüş, mənfəət itirmişdir. Təkcə 402464.75 AZN banka yerləşsəydi 402464.75 x 12 faiz = 48295.8 AZN edərdi. 3 ayda isə 12073.95 AZN edir. İtirilmiş mənfəəti simvolik olaraq 12073 AZN hesablayır. Lakin daha böyük məbləğ təşkil edir. Bundan başqa bütün bu hallarda DSMF ödənişlərinin az köçürülməsi və ona düşəcək təqaüdün az olacağına görə illərlə maaşının gecikdirilməsinə görə, işdən qanunsuz azad olmağına görə, yazdığı şikayətlər və müxtəlif dövlət orqanlarının onun işinə görə şirkətə müraciətlərinə cavab verilmədiyinə görə həm də mənəvi ziyana məruz qalmışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli (hakim O.Məmmədli, iş № 2(004)-155/2023) qətnaməsi ilə iddia rədd edilmişdir.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, hazırki mülki işdə iddiaçı iddia tələbinin 2021-ci ilin avqust ayına qədər olan hissəsində iddia müddətini ötürmüşdür. Həmçinin iddia müddətinin ötürülmədiyi iddia tələbinin müvafiq hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, mövcud olan bütün sənədlərlə və sübutlarla İddiaçı cavabdeh "xxxx" ASC-də işlədiyi müddət ərzində ona əmək haqqı kimi ödənilmiş pul vəsaitinin məbləğinin hansı hissəsinin əmək haqqı, hansı hissəsinin isə ezamiyyə xərci olması, bununla da DSMF və vergi tutulmalarının dəqiq müəyyən edilməsi mümkün olmur. İddia tələbi ümumiyyətlə əsaslandırılmamış, iddiaçı tələblərini əsaslandıra bilməmiş və bununla bağlı işə baxan məhkəməyə hər hansı tutarlı sübut təqdim olunmamışdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı, Mülki Məcəllənin 375.2-ci maddəsi, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstutisiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının qərarlarının, Azərbaycan Dövlətinin tərəfdar çıxdığı və ratifikasiya etdiyi Beynəlxalq qanunların, maddi və prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, sübutlara obyektiv hüquqi qiymət verilməmiş, tətbiq edilməli olan hüquq normaları tətbiq edilməmiş, qanunların aliliyi təmin olunmamış və qanunlar düzgün şərh edilməmiş, hakim öz qərarını həqiqətə uyğun olmayan və qanunlara zidd olan mülahizələri ilə əsaslandırılmış, bununla da hakim iddiaçıya münasibətdə qeyri obyektiv və ədalətsiz olmasını açıq-aşkar nümayiş etdirmiş nəticədə də əsassız, qanunsuz və ədalətsiz qərar çıxarmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsi üzrə iddiaçının cavabdeh "xxxx" ASC-də işlədiyi dövrdə (2006-2021) hansı vəzifədə işləməyi, aylıq əmək haqları haqda məlumat, ştat cədvəli, əmək haqqı cədvəlləri, əmək haqqı barədə bank hesabatından çıxarış, tabel uçot vərəqələri, məzuniyyət əmrləri, son haqq hesab barədə məlumat məhkəməyə təqdim edilməmişdir. Bütün bu qanunsuzluqların araşdırılması 1 il davam etdikdə dövlətin vəsaiti, iddiaçının vəsaiti, vaxtı boşuna xərcləndikdən, hakimin dəfələrlə nümayəndəyə xəbərdarlığına, sənədləri təqdim etməsini tələb etməsinə baxmayaraq 1 ildən sonra nümayəndənin məhkəmədə iştirak etmədən iddia müddətinin ötürülməsi haqda yalançı ərizəsinə əsasən iddia ərizəsi rədd edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

12. Üçüncü şəxsin nümayəndələri mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxaraq qeyd etdilər ki, məhkəmə tərəfindən ödənilməmiş sığorta haqqının mövcud olduğu aşkar edilərsə həmin məbləğ Dövlət Sosial Müdafiə Fonduna keçirilməlidir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

13. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

14. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

15. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

16. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

17. Maddə 296.5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

18. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin məzmunundan göründüyü kimi pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

26. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qutarması) əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmiş, mövcud iddia tələbi ilə bağlı məhkəməyə müraciət xx.xx.2022-ci il tarixdə olunmuşdur. Qanunvericiliyin müddəaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı yalnız məhkəməyə müraciət etdiyi tarixdən 1 il əvvələ qədər olan pul məbləğini tələb edə bilər. Yəni, konkret bu halda xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2021-ci il tarixə qədər olan 2 ay 10 gün üçün.

27. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, 2006-cı ildən işdən çıxdığı tarixə qədər 2021-ci ilə qədər olan məbləğləri tələb etmişdir.

28. Beləliklə, kollegiya hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən və hazırkı iş üzrə iddia tələbinin 2021-ci ilin avqust ayının 15-nə qədər olan hissəsində iddia müddəti keçdiyindən birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə rədd etməkdə haqlı olmuşdur.

29. İddia tələbinin iddia müddətinin ötürülmədiyi müvafiq hissəsinə, yəni xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2021-ci il tarixə qədər olan 2 ay 10 gün üçün pul tələbinə gəldikdə isə kollegiya qeyd edir ki, hazırki mülki işdə mövcud olan bütün sənədlərlə və sübutlarla İddiaçı cavabdeh "xxxx" ASC-də işlədiyi həmin müddət ərzində ona əmək haqqı kimi ödənilmiş pul vəsaitinin məbləğinin hansı hissəsinin əmək haqqı, hansı hissəsinin isə ezamiyyə xərci olması, bununla da DSMF və vergi tutulmalarının dəqiq müəyyən edilməsi mümkün olmur. Bu səbəbdən ekspertiza aparılmasından da imtina edilmişdir.

30. İddia tələbinin itirilmiş mənfəətə görə 12073 AZN-nin ödənməsinə və maaşların illərlə gecikdirilməsinə görə qanunla nəzərdə tutulmuş cərimənin 362217,6 AZN-nin ona ödənməsinə hissəsi üzrə kollegiya qeyd edir ki, həmin hissələrdə iddia tələbi ümumiyyətlə əsaslandırılmamış, iddiaçı tələbini həmin hissələrdə əsaslandıra bilməmiş və buna dair məhkəməyə hər hansı tutarlı sübut təqdim olunmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə də əsassız saymaqda haqlı olmuşdur.

31. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir.

32. İşin hallarından da göründüyü kimi, iddiaçı ona mənəvi zərərin vurulmasını göstərən halları təsdiq edən faktları da məhkəməyə təqdim edə bilməmişdir.

33. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. Kollegiya qeyd edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

35. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

36. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

37. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apellyator öz tələbinin və eləcə də apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

39. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

41. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

42. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.

43. Qeyd edilənlərə əsasən Kollegiya iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.

44. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 31 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar